«Rainbow town 79.2 FM Tokyo» radiosunda Azərbaycanın
iqtisadi potensialından və investisiya imkanlarından bəhs
edən bir saatlıq veriliş yayımlanmışdır
Yaponiyanın "Rainbow town 79.2 FM Tokyo" radiosunda Azərbaycana həsr edilmiş növbəti veriliş səsləndirilmiş, verilişin videogörüntüləri radionun veb-səhifəsində nümayiş etdirilmişdir. Veriliş tanınmış ekspert Kazuyasu İşidanın bu günlərdə çapdan çıxmış "Yapon iş adamları üçün xaricdə investisiya imkanları" adlı kitabında "Açılmamış sərvət dağı - Azərbaycan" sərlövhəli geniş məqaləyə həsr olunmuşdur.
Bir saat davam edən verilişin aparıcıları Soişi İçi və xanım Oonişi Ran söhbətə 21 il bundan əvvəl müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası, onun coğrafi mövqeyi, güclü iqtisadi potensialı barədə məlumatla başlamışlar. Studiyaya dəvət olunmuş Kazuyasu İşida 2012-ci ilin oktyabrında Azərbaycana səfər edərək ölkəmizin investisiya imkanlarını araşdırdığı barədə yapon dinləyicilərə məlumat vermişdir. Məqaləsinə "Bakı böyük zirvələr fəth etmişdir" sözləri ilə başladığını bildirən K.İşida Azərbaycanın bir sıra böyük, beynəlxalq səviyyəli layihələrə imza atdığını və hazırda dünyanın ən hündür televiziya qülləsini inşa etmək iddiasında olduğunu bildirmişdir.
Azərbaycanın coğrafi mövqeyi haqqında məlumat verən ekspert onun şimaldan Rusiya, cənubdan İran ilə həmsərhəd olduğundan, Xəzər dənizinin Azərbaycan sektorundakı zəngin neft və qaz yataqlarından söhbət açmışdır. Bundan əlavə, müəllif Qafqaz dağlarının gözəlliyindən və Azərbaycanın kənd təsərrüfatına yararlı torpaqlarından da bəhs etmiş, ölkəmizin yüksək səviyyədə inkişaf etmiş mədən sənayesinə malik olduğunu diqqətə çatdırmışdır.
Müəllif daha sonra 9,3 milyon nəfər əhalisi olan Azərbaycanda yaşayan çoxsaylı milli azlıqların dillərinin və mədəniyyətinin qorunmasına xüsusi diqqət yetirildiyindən danışmışdır. Dağlıq Qarabağ münaqişəsinə toxunan ekspert bu ərazilərin tarixən Azərbaycana məxsus olduğunu və Ermənistan tərəfindən işğal edildiyini vurğulamışdır.
Verilişdə Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri barədə yapon dinləyicilərə geniş məlumat verilmiş və bildirilmişdir ki, əvvəllər Azərbaycan neft ixracını əsasən Rusiya ərazisindən həyata keçirirdi və bu marşrut faktiki olaraq Rusiyanın nəzarəti altında idi. BTC neft kəmərinin işə salınması nəticəsində Azərbaycan neftinin Gürcüstan vasitəsi ilə Türkiyəyə, oradan isə Avropa bazarlarına çıxarılmasına şərait yaranmışdır. Hazırda Qazaxıstan da BTC-dən bəhrələnir və bu neft kəməri Avropa üçün vacib enerji dəhlizidir.
Layihənin ərsəyə gəlməsində ümummilli lider Heydər Əliyevin rolundan danışan K.İşida demişdir ki, neftin ixracından əldə edilən gəlirlər Azərbaycanın tərəqqisinə yönəlmişdir. Azərbaycanda ÜDM həcmi 2009 ildə 9,3 faiz artmış, 2010-cu ildə ödəniş balansı müsbət 15 trilyon dollar təşkil etmişdir. K.İşidanın fikrincə, bu göstərici 185 ölkə arasında 18-ci yeri tutan Azərbaycanın sürətlə inkişaf etdiyini təsdiqləyən mühüm faktdır.
Azərbaycanı Birləşmiş Ərəb Əmirlikləri, Bakını isə Dubay ilə müqayisə edən ekspert burada icra edilən nəhəng layihələrdən - "Khazar İslands", "Baku White City", Heydər Əliyev adına hava limanının yeni terminalının tikintisindən, Heydər Əliyev Mərkəzindən, Bakı bulvarının genişləndirilməsi və Bakı Metropoliteninin yeni xətlərinin çəkilməsi işlərindən söz açmışdır.
Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində də böyük layihələrin həyata keçirildiyini vurğulayan K.İşida burada yapon şirkətləri ilə əməkdaşlığa böyük maraq olduğunu qeyd etmişdir.
Veriliş
boyunca Azərbaycanın tanınmış caz ustası Sevda Ələkbərzadənin
ifasında mahnılar səsləndirilmişdir.
Vüqar
AĞAYEV,
AzərTAc-ın
xüsusi müxbiri
Tokio
Azərbaycan.-2013.- 9 iyul.- S.6.