Erməni azğınlığı

 

Ermənistan parlamentində erməni riyakarlığının ifşası beynəlxalq qalmaqalla nəticələndi

 

 

 

Son illər Azərbaycanın sürətli yüksəlişi, beynəlxalq birlikdəki yerinin möhkəmlənməsi, dünyanın enerji təhlükəsizliyinin təmin olunmasında strateji tərəfdaşa çevrilməsi, bölgənin lider dövləti statusuna yiyələnməsi nəticəsində uğurla reallaşdırdığı hücumçu diplomatiya dünya çapında Ermənistanın ifşasına yol açıb. Dünya birliyinin Ermənistanı işğalçı kimi qəbul etməsi ildən-ilə daha geniş miqyas alır. Ayrı-ayrı dövlətlər və beynəlxalq təşkilatlar Ermənistanı işğalçı ölkə kimi tanımaqla yanaşı, işğalın nəticələrinin aradan qaldırılmasını da əsas tələblərdən biri kimi irəli sürməyə başlayıb.

Artıq 2012-ci ildə MeksikaPakistan senatları, Kolumbiya parlamenti, bu il isə BosniyaHerseqovina parlamenti Xocalı soyqırımını rəsmən tanımışdır. Xocalıda dinc azərbaycanlılara qarşı törədilmiş cinayəti pisləyən qətnamələr qəbul edilən bu ölkələrin parlamentləri baş vermiş faciəni soyqırımı adlandırıblar. Bununla yanaşı, 2010-cu ildən etibarən ABŞ-ın Massaçusets, Texas, Nyu-Cersi ştatı, Corciya, Men, Nyu-Meksiko, Arkanzas, Missisipi, Oklahoma, TennesiPensilvaniya ştatları Xocalı soyqırımını rəsmən tanıyaraq qətliam kimi qəbul ediblər. Bu il həmçinin Çexiya Parlamentinin Deputatlar Palatasının Xarici əlaqələr komitəsi də Xocalı soyqırımını tanıyan qətnamə qəbul edib. Ən nəhayət, bu günlərdə Peru parlamenti bu istiqamətdə addım atıb. Belə ki, Latın Amerikasının bu ölkəsinin deputatları Xocalı soyqırımı ilə bağlı məsələni müzakirə edərək qərar veriblər. Qərarda deyilir ki, 1992-ci ilin ferval ayının 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində azərbaycanlılara qarşı dəhşətli qətliam baş verib.

Bütün bunlar göstərir ki, Azərbaycanın hücumçu diplomatiyası nəticəsində artıq dünyadakı erməni mifi dağılmağa başlayır. Baş verənlər barədə əsl həqiqətləri öyrənən ölkələrin parlamentlərinin qəbul etdiyi bu qərarlar son illər dünya erməniliyinə və yalançı erməni təbliğatına güclü zərbə vurub. Uğurla davam edən bu tendensiya qondarma erməni soyqırımının 100 illiyinə hazırlaşan ermənilərin bu istiqamətdəki çirkin niyyətlərini, uydurma soyqırımının daha çox ölkədə tanıdılması planlarını da alt-üst edib.

Bu günlər erməni riyakarlığına daha bir beynəlxalq zərbə vuruldu! Zərbənin elə Ermənistanın özündə vurulması isə onun effektivliyini, dünya ictimaiyyəti tərəfindən daha yaxından izlənilməsini və ermənilərin növbəti dəfə beynəlxalq səviyyədə ifşasını təmin etdi. Söhbət Moldova parlamentinin ombudsmanı xanım Aureliya Qriqoriunun iyulun 4-də Ermənistan Konstitusiya Məhkəməsi tərəfindən təşkil olunanbu ölkənin parlamentində keçirilən beynəlxalq konfransda etdiyi çıxışdan gedir. "Dondurulmuş münaqişə zonalarında insan hüquqlarına əməl olunması" mövzusunda məruzə ilə çıxış edən Aureliya Qriqoriu Azərbaycan torpaqlarının işğalı ilə bağlı əsl reallığı bir daha dünya ictimaiyyətinə bəyan etdi. Belə ki, Dağlıq Qarabağ münaqişəsindən danışan Aureliya Qriqoriu Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini zəbt etdiyini, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti apardığını, Xocalıda ermənilərin soyqırımı törətməsinin artıq beynəlxalq səviyyədə etiraf edilmiş fakt olduğunu bildirdi: "Xocalıda baş verən soyqırımını ermənilər törədib və bu, beynəlxalq səviyyədə qəbul edilmiş faktdır. Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib və azərbaycanlılara münasibətdə soyqırımı həyata keçirib". Moldovalı ombudsman BMT-nin Dağlıq Qarabağla bağlı dörd qətnaməsini də xatırladaraq Ermənistan və Dağlıq Qarabağda azərbaycanlıların hüquqlarının pozulduğunu cəsarətlə səsləndirdi və onun bu çıxışı beynəlxalq tədbirin bir çox iştirakçıları tərəfindən alqışla qarşılandı.

Tarixdə ilk dəfə idi ki, Ermənistan parlamentində bu ölkə Azərbaycan torpaqlarının işğalında və soyqırımı törətməkdə ittiham edilirdi. Moldovalı ombudsman əsl həqiqəti söyləyərək dünya ictimaiyyətinin diqqətini bir daha bu ağır faktlara yönəltdi. İrəvanda keçirilən beynəlxalq konfransda Ermənistanın işğalçılıq siyasətinin ifşası erməniləri çıxılmaz vəziyyətdə qoydu. Aureliya Qriqoriunun fikirləri qarşısında söz tapa bilməyən erməni hakimiyyət təmsilçiləri çıxış yolunu özlərinin ənənəvi terrorçu mahiyyətlərini ortaya qoymaqda gördülər. Belə ki, Ermənistanın rəsmi dairələri bütün beynəlxalq hüquqdiplomatik normalara zidd olaraq Aureliya Qriqoriunın bu ölkənin parlamentindəki çıxışından sonra ona qarşı sərt təzyiqlər göstərməyə başlayıb. Hətta cəsarətli, obyektiv çıxışına və Ermənistanı elə İrəvanda ifşa etdiyinə görə moldovalı ombdusmanı ölümlə hədələyib, təhqir ediblər. Bu azmış kimi, Ermənistanın rəsmi dairələri onun ölkədən çıxmasını da əngəlləyiblər. Moldovanın Ermənistanda səfirliyi olmadığından digər ölkələrin diplomatik nümayəndələri işə qarışıblar və çətinliklə də olsa Aureliya Qriqoriu vətəninə qayıda bilib.

"Moldova ombudsmanı Aureliya Qriqoriu Ermənistan parlamentində çıxışından sonra İrəvanda təhdidlərə məruz qalıb, o yerə çatıb ki, o hoteli tərk etməyə belə qorxur". Bu açıqlamanı elə həmin gün Aureliya Qriqoriunun həyat yoldaşı Dmitri Qriqoriu vermişdi. Onun sözlərinə görə, xanımı parlamentdə çıxış etdikdən sonra sosial şəbəkələrdə onun ünvanına çoxsaylı təhqirlər yağdırılır. "Aureliya bu gecə təyyarə ilə Moldovaya qayıtmalı idi. Lakin Moldova ombudsmanını nümayəndə heyətini aeroporta aparan avtomobilə mindirməyiblər. Bu xidməti göstərməkdən imtina ediblər! Digər nümayəndə heyətləri gedib, o isə hoteldə qalıb! Dünən gecə ombudsmana qarantiya verilmişdi ki, o, aeroporta aparılacaq və təhlükəsizliyi təmin olunacaq. Lakin gecə maşına götürməyiblər və o, hoteldə qalıb. Onun hoteldə qeydiyyat müddəti saat yarım sonra başa çatır" - deyə Dmitri bildirmişdi.

Ermənistanın müvafiq qurumları tərəfindən Aureliya Qriqoriunun hərəkət etmək azadlığının məhdudlaşdırılması, onun öz ölkəsinə qayıtmasına maneçilik törədilməsi beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır. Göründüyü kimi, Ermənistan hakimiyyəti bütün qanun və konvensiyaları tapdalayaraq onu hoteldə girov saxlayıb. Belə ki, moldovalı ombudsmana İrəvanda qaldığı hoteldən çıxmaq üçün vaxt verilib. Əslində isə, məqsəd Aureliya Qriqoriunun getməsinə maneçilik törətmək olub. Çünki hoteldən çıxacağı təqdirdə onun küçədə öldürülə biləcəyi təhlükəsi yaranıb! Moldova ombudsmanının qaldığı hotelin ətrafına yığışan millətçi əhval-ruhiyyəli şəxslər onu ölümlə hədələyiblər. Eyni məzmunlu hədələr və təhqirlər onun elektron poçtunasosial şəbəkədəki səhifəsinə də gəlib. "Qreq Qre" təxəllüslü bir erməni istifadəçi Aureliya Qriqoriunun "Facebook" sosial şəbəkəsindəki səhifəsində yazıb: "...Erməni xalqı qarşısında günahkarsınız... biz XXX təşkilatı olaraq xəbərdarlıq edirik... Əgər həyatınız sizin üçün qiymətlidirsə, özünüzü və başqalarını aldatmaqdan əl çəkin". Bununla da Aureliya Qriqoriu faktiki olaraq girov götürülüb. Hətta o, Moldovadakı yaxınları ilə əlaqə saxlayaraq öldürülmək təhlükəsi ilə üz-üzə qalması barədə narahatlığını onlarla da bölüşüb.

Ermənistan hakimiyyət orqanları bütün beynəlxalq qaydalara zidd olaraq onun İrəvanda mətbuat konfransı keçirərək Ermənistandan üzr istəməsini tələb ediblər. Ancaq bütün bu təzyiqlərə və Ermənistanın dövlət səviyyəsində terror hədələrinə baxmayaraq, Aureliya Qriqoriu üzr istəməyib və işə qarışan xarici ölkə səfirliklərinin birinin köməyi ilə vətəninə qayıdıb. Beləliklə, Ermənistan bu qadının qətiyyəti və şərəfi qarşısında geri çəkilib.

Aureliya Qriqoriu "Facebook" sosial şəbəkəsində öz səhifəsində bu məsələ ilə bağlı şərhində bunları yazıb: "Mənim çıxışım həm Gürcüstan ərazisində, həm Azərbaycan ərazisində - Dağlıq Qarabağda, həm də Moldovanın sol sahil ərazisində dondurulmuş münaqişələrə aid idi... Mən həm Ermənistan ərazisində, həm də Dağlıq Qarabağda azərbaycanlı əhaliyə münasibətdə insan hüquqlarının pozulması ilə əlaqədar məlum faktları sadaladım... Çıxışımın əsas məqsədi münaqişələri yalnız dinc yolla tənzimləməyə, istər hərbi əməliyyatlar zamanı, istərsə də dondurulmuş münaqişə ərazilərində insan hüquqlarının və azadlıqlarının pozulmasına yol verməməyə çağırış idi... Tam məsuliyyətlə bəyan edirəm ki, mən hüquq müdafiəçisiyəm və Ermənistan parlamentinin yüksək tribunasından çıxış edərkən mənim yeganə məqsədim ictimaiyyətin diqqətini dondurulmuş münaqişə ərazilərində insan hüquqlarının pozulması probleminə cəlb etmək, insan hüquqlarının pozulmasına yol verməməyə və bütün problemlərin dinc yolla həllinə çağırmaq idi".

Moldova ombudsmanının bu şərhi və İrəvandakı çıxışı dünya birliyinin Ermənistanın işğalçı siyasəti ilə barışa bilmədiyinin və artıq bu siyasətə etirazının göstəricisidir. Bu addım haqq və ədalətin ifadəsi, 20 ildən artıq öz yurd-yuvasından qaçqın düşmüş 1 milyondan çox Azərbaycan vətəndaşının pozulmuş hüququnun bərpa edilməsinə yönəlmiş obyektiv münasibətdir. Bu çıxış, eyni zamanda insan haqları üzrə ixtisaslaşan bir çox beynəlxalq təşkilatlar üçün əsl nümunədir. Lakin Moldova parlamentinin ombudsmanı Aureliya Qriqoriunun Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, eləcə də Xocalı soyqırımının törədilməsində ermənilərin məsuliyyət daşıdığı barədə Ermənistan parlamentində səsləndirdiyi çıxışına görə təhdid olunması beynəlxalq hüquq normalarına zidd olmaqla bərabər, insani dəyərlərə sığışmayan davranışlardır. İnsan hüquqlarının müdafiəsi ilə məşğul olan şəxsin, xüsusilə də xarici ölkənin rəsmi nümayəndəsinin beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş tarixi faktları, həqiqəti səsləndirdiyinə görə Ermənistanda təzyiqlərə məruz qalması və hüquqlarının məhdudlaşdırılması bu ölkənin hüquqi, demokratik dövlət olmadığını növbəti dəfə sübut etdi! Bir daha göstərdi ki, Ermənistan heç bir beynəlxalq hüquq tanımadığı kimi, beynəlxalq təşkilatlara da hörmət etmir və toxunulmazlıq hüququ olan qonağa qarşı da istənilən antihumanist münasibət göstərməyə hazırdır.

Ən əsası, Aureliya Qriqoriunun İrəvanda ölümlə hədələnməsi, təhlükəsizliyinə təminat verilməməsi ermənilərin azğınlığını, Ermənistan dövlətinin və onun hökumətinin üzünü, terrorçu mahiyyətini yenidən nümayiş etdirdi. Bir daha təsdiq olundu ki, Ermənistan hakimiyyəti terrorçulardan ibarət olduğu üçün onlar o qadına hər an təcavüz edə, hətta böhtanla həbs də edə bilərdilər! Çünki bu hakimiyyətin təmsilçiləri tarixdə çox belə hadisələr törədiblər və növbəti dəfə belə cinayətə əl atmaq onlar üçün problem deyildi.

Ermənistan parlamentində erməni riyakarlığının ifşası beynəlxalq qalmaqalla nəticələndi. Moldovanın Xarici İşlər Nazirliyi Ermənistana etiraz notası hazırlayır. Aureliya Qriqoriunun cəsarəti isə az qala onun həyatı bahasına başa gələcəkdi, ancaq o, həqiqəti hər şeydən üstün tutdubir mətinlik nümunəsi göstərdi. Beynəlxalq təşkilatlar, hüquq müdafiəçiləri özlərində cəsarət taparaq bundan nümunə götürməli, əsl həqiqətləri söyləməyi bacarmalıdırlar.

 

 

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.-2013.- 9 iyul.- S.7.