AzərTAc-ın Uşaq Bilik Portalı fəaliyyətə başlamışdır

 

Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) Uşaq Bilik Portalı (portal.azertag.com) fəaliyyətə başlamışdır. Hələlik Azərbaycan və rus dillərində təqdim olunan portalın yaradılmasında məqsəd dövlət uşaq siyasətinin həyata keçirilməsi istiqamətində görülən işləri təbliğ etmək, uşaqların dünyagörüşünün, bilik və bacarıqlarının inkişafına dəstək olmaq, onları mədəni və elmi nailiyyətlər, tarixi hadisələr və görkəmli şəxsiyyətlər barədə məlumatlandırmaq, balacalara vətənpərvərlik və ümumbəşəri hissləri aşılamaq, estetik zövqünü formalaşdırmaqdır.

Agentliyin bu elektron resursunda informasiyalar "Azərbaycan", "Xəbərlər", "Bizi əhatə edən dünya", "Bu maraqlıdır", "Bilirsinizmi...", "Nənənin sandıqçası", "Foto" və "Video" bölmələrində yerləşdirilmişdir.

Portalın "Azərbaycan" bölməsində uşaqlar xalqımızın ümummilli lideri Heydər Əliyev, Prezident İlham Əliyev, dövlət rəmzlərimiz, bayramlarunudulmaz tarixlər barədə informasiya əldə edə bilərlər. Bölmənin "Odlar yurdu" rubrikasında ölkəmizin coğrafi mövqeyi, ərazisi, əhalisi, şəhər və rayonları, o cümlədən görməli yerləri haqqında məlumatlar verilmişdir.

"Tarix və şəxsiyyətlər" rubrikasında Azərbaycan tarixi, görkəmli şəxsiyyətlər, önəmli hadisələr, milli qəhrəmanlar və ölkəmizdə yaşayan müxtəlif etnik qruplar haqqında informasiyalar yerləşdirilmişdir.

"Mədəni irsimiz" rubrikasında balacalar Azərbaycanın zəngin mədəniyyəti və incəsənəti, məşhur yazıçılarımız, şairlərimiz, rəssamlarımız və musiqiçilərimiz barədə məlumat əldə edə bilərlər.

"Azərbaycan" bölməsinin xüsusi bir rubrikası isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuşdur. Bu bölmədə Qarabağın tarixi, münaqişənin səbəbləri və acı nəticələri, işğal altındakı rayonlar haqqında statistik məlumatlar toplanmışdır.

"Xəbərlər" bölməsində uşaqlarla bağlı müxtəlif tədbirlərdən, uşaq aləmindəki yeniliklərdən söhbət açılacaqdır.

Portalda digər maraqlı bölmə "Bizi əhatə edən dünya"dır. Burada təbiət, heyvanlar və bitkilər aləmi, həmçinin insanlarkosmosla bağlı maraqlı məlumatlar yerləşdirilmişdir.

"Bu maraqlıdır" bölməsində dünya tarixinin müxtəlif hadisələri, maraqlı kəşflər və digər qeyri-adi faktlarla tanış olmaq mümkündür.

Görkəmli alimlər, yazıçılar, musiqiçilər, aktyorlar, rejissorlar, idmançılar, siyasi xadimlər, tarixi şəxsiyyətlər, müxtəlif mədəniyyətlər və sivilizasiyalar barədə isə balacalar "Bilirsinizmi..." bölməsində məlumat əldə edə bilərlər.

Uşaqlar "Nənənin sandıqçası" bölməsində nağıllar, atalar sözləri, hekayələr, tapmacalar və aforizmlərlə, folklor oyunlarının qaydaları ilə tanış olacaqlar. Gələcəkdə portalda maraqlı video audio materiallar, cizgi filmləri yerləşdiriləcəkdir.

Portalın daha da maraqlı olması populyarlaşması üçün müxtəlif viktorinalar, foto, rəsm inşa müsabiqələri təşkil olunacaqdır.

"Bizə yazın" bölməsində yerləşdirilən anketləri doldurmaqla uşaqlar redaksiyaya məktub yaza, fotolarını göndərə bilərlər.

Uşaqlar saytda yerləşdirilən qısa məzmunlu məqalələrdən Azərbaycanın, o cümlədən dünya xalqlarının tarixi mədəniyyətindən, elm texnika sahələrində baş verən ən son yeniliklərdən xəbər tutacaqlar.

 "Gənc jurnalistin məktəbi" adlı xüsusi bölmədə azyaşlı oxucular jurnalistika sənəti haqqında məlumat əldə edə, informasiyaların hazırlanması prosesində iştirak edə bilərlər. Bu bölmədə uşaqlar jurnalistikanın "Fakt", "Obyektivlik", "Problem", "Materialın keyfiyyəti", "Hadisə", "Meyl", "Rəy", "Şərh" və s. kimi əsas anlayışları ilə tanış olmaq imkanı əldə edəcəklər. Burada uşaqlar həmçinin jurnalistikanın informasiya janrları, redaktorun vəzifələri, məktəbliləri maraqlandıran kütləvi informasiya vasitələrinin fəaliyyəti haqqında məlumatla tanış olmaq imkanı qazanacaqlar.

 

Azərbaycan.-2013.- 9 iyul.- S.11.