Ağstafa rayonunun sosial-iqtisadi inkişafının
sürətləndirilməsinə
dair əlavə tədbirlər haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın uğurla həyata keçirilməsi nəticəsində Ağstafa rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli və infrastruktur layihələrinin yerinə yetirilməsi sahəsində bir sıra mühüm işlər görülmüş, o cümlədən təhsil, səhiyyə, mədəniyyət və sosial yönümlü digər obyektlər tikilərək istifadəyə verilmiş, parklar salınmış, genişmiqyaslı yenidənqurma və abadlıq-quruculuq işləri həyata keçirilmişdir.
Ağstafa şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Ağstafa rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Ağstafa Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın
1-ci hissəsində nəzərdə tutulan məbləğdə
maliyyələşməni müəyyən olunmuş qaydada
təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
9 iyul 2013-cü il
Azərbaycan.-2013.- 10 iyul.- S.1.