Uğurlu siyasət modeli

 

Prezident İlham Əliyevin "İlin dövlət başçısı" seçilməsi Azərbaycanda bütün sahələrdə əldə olunan nailiyyətlərə verilən yüksək qiymətdir

 

 

Prezident İlham Əliyev ötən 10 ilə yaxın müddətdə qəbul etdiyi fundamental qərarlarla, imzaladığı sərəncamlarla daim xalqın mənafeyindən çıxış etdiyini, habelə verdiyi vədlərin sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini, reallığa adekvat olduğunu göstərmiş, onun ictimai rəydə alternativsiz rəhbər kimi qəbul edilməsini şərtləndirmişdir. Bu gün Azərbaycanın dayanıqlı və sabit inkişafı üçün proqressiv proqramkonsepsiyalar həyata keçirilir, ölkəmizin intibahının təminatına çevrilmiş sosial-iqtisadi inkişaf strategiyası uğurlu nəticələr verir.

Ötən 10 il ərzindəki gördüyü işlər dövlət başçısının verdiyi bütün vədlərin əməli fəaliyyətə söykəndiyini bir daha təsdiqlədi. İlk növbədə bəlli oldu ki, cənab İlham Əliyev hökumətin qarşısında hansı əsas problemlərin, vəzifələrin durduğunu aydın təsəvvür edir və onların həlli üçün konkret planlara, proqramlara, yüksək qabiliyyətli komandaya malikdir. "Əsl siyasət konkret, real görməkdən ibarətdir" şüarını irəli sürmüş Azərbaycan Prezidenti bu siyasəti hər bir ölkə vətəndaşının həyatında gerçəkliyə çevirmək üçün ciddi siyasi iradə, qətiyyət və əzmkarlıq nümayiş etdirdi.

Siyasi iradə və qətiyyət, məqsədyönlülük, mütərəqqi islahatlara meyillilik, öz siyasətini reallaşdırarkən hər bir fərdin, qrupun, ümumilikdə toplumun maraqlarını nəzərə almaq qabiliyyəti Prezident İlham Əliyevin siyasi lider obrazını şərtləndirən mühüm keyfiyyətlər sırasında xüsusi vurğulana bilər. 2008-ci il oktyabrın 24-də keçirilmiş andiçmə mərasimində "Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da vətənimizin uğurlu inkişafı üçün, Azərbaycanın çiçəklənməsi üçün mən əlimdən gələni əsirgəməyəcəyəm, Azərbaycan xalqına bundan sonra da xidmət edəcəyəm" deyən dövlət başçısı İlham Əliyev xalq qarşısında verdiyi bütün vədlərə sadiqdir.

Ölkə həyatının bütün sahələrində əldə olunan uğurlar beynəlxalq təşkilatların hesabatlarında, nüfuzlu sosioloji mərkəzlər tərəfindən vaxtaşırı keçirilən rəy sorğularında, eləcə də jurnallarda təqdir olunur və respublikamızın davamlı inkişaf yolunda olduğu xüsusi vurğulanır. Prezident İlham Əliyevin ölkəmizin davamlı inkişafı sahəsində həyata keçirdiyi tədbirlərlə bağlı vaxtaşırı nüfuzlu jurnallarda geniş məqalələr dərc olunur.

Bir müddət əvvəl Böyük Britaniyanın məşhur "The Times" qəzetində və saytında Azərbaycan Prezidenti İlham Əliyevin adı 2012-ci ildə dünyada diqqəti ən çox cəlb edən və nüfuz sahibi sayılan 100 nəfərin siyahısına daxil edilmişdi. "The Times" qəzeti yazmışdı ki, Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində Azərbaycan dünyada ən sürətlə inkişaf edən ölkələr sırasında yer alıb. Məqalədə həmçinin göstərilmişdi ki, Bakıda ticarət mərkəzlərinin və beşulduzlu hotellərin sayı artır. Bu isə onu "Xəzər sahilində Dubay" adlandırmağa əsas verir. Qəzetin reytinqinə siyasətçilərdən Azərbaycan Prezidenti ilə yanaşı, ABŞ Prezidenti Barak Obama, AFR Kansleri Angela Merkel, Böyük Britaniyanın Baş naziri Devid Kemeron, İsrailin Baş naziri Binyamin Netanyahu daxil edilmişdi.

Bununla yanaşı, "Caspian" İnformasiya Mərkəzinin təşəbbüsü ilə Böyük Britaniyanın nüfuzlu "Populus Limited" şirkətinin Azərbaycanda 1000 respondent arasında keçirdiyi rəy sorğusunun nəticələri də maraq doğurmuşdu. Respondentlərin 95 faizi Azərbaycan Prezidenti İlham Əliyevə etimad göstərdiyini, 96 faizi isə onun siyasətini bəyəndiyini vurğulamışdı. Qurumun rəhbəri qeyd etmişdi ki, indiyədək Qərb ölkələrində keçirilən rəy sorğularında dövlət başçısına bu dərəcədə etimad göstərilməsi faktı qeydə alınmamışdır. Respondentlərin böyük əksəriyyəti Azərbaycanda nəqliyyat infrastrukturunun, səhiyyənin, təhsilin və digər sahələrin inkişaf etdiyini bildirmişdir. Müstəqil şəkildə aparılmış sorğunun nəticələrinə əsasən, ümumilikdə respondentlər Azərbaycanın təhlükəsiz, uğurla inkişaf edən, güclü bir ölkə olduğu qənaətinə gəlmişlər. 

Böyük Britaniyanın nüfuzlu "The Business Year" jurnalı isə bu yaxınlarda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi dünyada "İlin adamı" elan etmişdi. Ölkə başçısı "İlin adamı" mükafatına son beş ildə Azərbaycanın dinamik inkişafına, dünyanın geosiyasi məkanında fəal iştirakına, BMT-nin Təhlükəsizlik Şurasının üzvü kimi qlobal arenada sülh və təhlükəsizliyin təmin olunmasına, "Azərspace" ilk telekommunikasiya peykinin orbitə buraxılması ilə Azərbaycanda, bölgədə və dünyada internetin, informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişafına verdiyi önəmli töhfələrə, habelə Azərbaycanın mühüm beynəlxalq ictimai, siyasi, iqtisadi, humanitar forumların, konfransların, idman yarışlarının keçirildiyi mərkəzə çevrilməsindəki xidmətlərinə görə layiq görülmüşdü.

2012-ci ilin sonunda Azərbaycan üzrə "Avropa Qonşuluğu Barometri" çərçivəsində keçirilən sorğunun nəticələri də böyük qürur hissi doğurmuşdu. Qeyd edək ki, sorğu Avropa Qonşuluq Siyasəti ölkələrində ictimai rəyin öyrənilməsi üzrə Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən layihə çərçivəsində 2012-ci ilin noyabr-dekabr aylarında 1000 respondent arasında keçirilmişdi. Rəyi soruşulanların 65 faizi öz həyatlarından razı olduqlarını bildirmişdilər. Həyatından məmnunluq səviyyəsi gənclər və təhsil alan respondentlər arasında daha yüksək olmuşdur. Rəyi soruşulanların böyük əksəriyyəti öz hökumətinə (92 faiz) və parlamentə (68 faiz) inandığını ifadə etmişdir.

Prezident İlham Əliyev bu yaxınlarda Türkiyənin nüfuzlu "Ekovitrin" jurnalı tərəfindən keçirilmiş rəy sorğusunun nəticəsinə görə türk dövlətləri, Orta Asiya və Cənubi Qafqazda "10 ilin dövlət adamı" seçildi. Qeyd edək ki, "Ekovitrin" jurnalı tərəfindən keçirilən rəy sorğusunda 270 min 992 respondent iştirak etmişdi. Jurnalda cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti vəzifəsində səmərəli fəaliyyəti, qazandığı uğurlar barədə ətraflı məlumat verilmişdi. Qeyd edilmişdi ki, son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf etmiş və dünyanın nüfuzlu ölkələrindən birinə çevrilmişdir. Nəşrdə dövlət başçısının daxilixarici siyasətinin uğurlu nəticələri də geniş əks etdirilmişdi.  

Cənab İlham Əliyev çıxışlarında hər zaman bildirib ki, hər hansı ölkənin inkişafı heç də təbii sərvətlərin zənginliyi ilə deyil, demokratikləşmə proseslərindən, qanunun aliliyinin qorunmasından, vətəndaş cəmiyyəti təsisatlarının inkişafından asılıdır. 2003-2012-ci illərdə qəbul etdiyi fundamental qərarlar cənab İlham Əliyevin xalqın mənafeyindən çıxış etdiyini göstərmişdir.

Bu günlərdə isə Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu (DƏİKGF) İstanbulda dünyanın 40 ölkəsindən 50-dən artıq universitetini təmsil edən 170-dən çox gənc və 10 minə yaxın tələbə arasında onlayn sorğu keçirib. Sorğuya əsasən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İƏT coğrafiyasında "İlin dövlət başçısı" seçilib. Bu barədə qərar iyulun 6-da DƏİKGF və Malayziya Beynəlxalq İslam Universitetinin (MBİS) təşkilatçılığı ilə Kuala Lumpur şəhərində keçirilən 3-cü Beynəlxalq İslam Əməkdaşlıq Təşkilatı Modeli Sammitinin bağlanış mərasimində elan edilib.

"İlin dövlət başçısı" nominasiyasında iştirak etmiş və İƏT-in 57 üzv ölkəsi sırasından seçilmiş dövlət başçılarının namizədlikləri islam irsinə göstərilən qayğı, İƏT ölkələri arasında həmrəyliyin möhkəmləndirilməsi, təşkilata üzv ölkələrin sosial-iqtisadi inkişafı və beynəlxalq mövqelərinin gücləndirilməsi sahəsində fəaliyyətləri kimi meyarlar üzrə qiymətləndirilib. Dövlət başçısı bu nominasiyanın qalibi olub.

Prezident İlham Əliyev "İlin dövlət başçısı" seçilərkən Azərbaycan Prezidentinin rəhbərliyi altında əldə olunmuş nailiyyətlər, o cümlədən Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi və bu mövqedən İƏT ölkələrinin maraqlarının müdafiəsi, Fələstin Dövlətinə Yardım üzrə İslam Maliyyə Təhlükəsizliyi Şəbəkəsinin təsis konfransı və Qüds şəhərinin inkişafına yardım üzrə donor konfransına 2013-cü ilin iyununda Bakıda ev sahibliyinin edilməsi, bütövlükdə Azərbaycanın İƏT-in islam həmrəyliyi istiqamətində fəaliyyətinə dəstəyi, həmçinin Cənubi Qafqazın ilk məscidi və islam sivilizasiyasının incisi sayılan Şamaxı məscidinin bərpası təşəbbüsləri nəzərə alınıb.

Əlbəttə ki, Prezident İlham Əliyevin milli mədəniyyətin, mənəvi dəyərlərin qorunması, inkişaf etdirilərək gənc nəsillərə çatdırılması ilə bağlı siyasəti çağdaş dövrün reallıqları ilə şərtlənir. Dövlət başçısı total mədəniyyətin mütərəqqi cəhətlərinin mənimsənilməsi tərəfdarı kimi çıxış etməklə yanaşı, xalqın özünəməxsusluğunu şərtləndirən millidini dəyərlərin qorunmasını da vacib məsələ kimi önə çəkir. Ölkə başçısı son 10 ildə tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin qorunmasına, xüsusən də dini ziyarətgahların əsaslı təmiri və yenidənqurulmasına xüsusi diqqət ayırmışdır. Azərbaycan Prezidentinin tarixi-memarlıq abidələrinin, məscidlərin, ziyarətgahların, müqəddəs dini sitayişinanc yerlərinin təmiri, bərpası ilə bağlı xüsusi sərəncamlar imzalaması və bu işi şəxsi nəzarətinə götürməsi deyilənləri bir daha təsdiqləyir. Ötən müddətdə Bibiheybət, Təzəpir, Nardaran, Mir Möhsün ağa və digər məscid və ziyarətgahlar əsaslı təmir olunmuş, onların təchizatına lazımi diqqət ayrılmışdır. Əjdərbəy məscidində əsaslı təmir və yenidənqurmanın aparılması, Şamaxı Cümə məscidində böyük təmir-tikinti işlərinin başa çatdırılması deyilənlərə əyani misaldır.

Ulu öndərin əsasını qoyduğu azərbaycançılıq ideologiyası milli həyatın ahəngdarlığının, konfessiyaların dinc yanaşı yaşamasının, ölkədə yaşayan bütün etnosların qardaşcasına qarşılıqlı əlaqəsi və təsirinin çoxəsrlik ənənəsi, onların ümumi taleyi və gələcək müstəqil Azərbaycanın bütövlüyü, inkişafı və firavanlığı uğrunda birgə mübarizəsinin ümumi tarixi təcrübəsidir. Əhalisinin tərkibi etnik, dini və məzhəb baxımından zəngin olan Azərbaycanda indiyədək dini zəmində heç bir qarşıdurma baş verməmişdir. Ölkədə rəsmi şəkildə 525 islam, 34 qeyri-islam təmayüllü dini icma, eyni zamanda 11 kilsə, 6 sinaqoq fəaliyyət göstərir.

Azərbaycan Prezidentinin cəmiyyətin mühüm təbəqəsi olan dindarlarla mütəmadi görüşləri, onların dini-mənəvi ehtiyaclarına həssaslıqla yanaşması, dini bayram və mərasimlərdə şəxsən iştirak etməsi xalq arasında böyük razılıq və minnətdarlıqla qarşılanır, cəmiyyətdə etnik-dini dözümlülüyün təbliğində və təşviqində mühüm stimul rolu oynayır. Dövlətin bu sahəyə diqqət və qayğısı Azərbaycandakı bütün mövcud milli-etnik qrupları, dini-mənəvi təşkilatları əhatə edir. Bu gün Azərbaycanda dünya dinləri ənənəvi olaraq qarşılıqlı etimad və əmin-amanlıq şəraitində fəaliyyət göstərir, yüzlərlə islamqeyri-islam dini icması öz etiqadını azad və sərbəst şəkildə icra edir. Prezident İlham Əliyev bildirib: "Hər bir vətəndaş dinindən, dilindən, milliyyətindən asılı olmayaraq Azərbaycanın qiymətli, dəyərli vətəndaşdır. Bizi bəzi başqa ölkələrdən fərqləndirən məhz budur. Heç vaxt heç bir yerdə ayrı-seçkiliyə yol verilməyəcək və verilmir. Bunun qarantı mənəm - Azərbaycan Prezidenti! Heç vaxt Azərbaycanda milli zəmində qarşıdurma olmayıbdır və olmayacaqdır. Əksinə, bizim təcrübəmiz dünya ictimaiyyəti tərəfindən öyrənilir. Necə ola bilər ki, müxtəlif dillərdə danışan, müxtəlif dinlərin nümayəndələri bir ailə kimi problemsiz yaşayırlar?! Biz öz həyatımızla və siyasətimizlə sübut edirik ki, bu, mümkündür. Bəzi hallarda bəzi Avropa ölkələrində belə ifadələr, fikirlər səslənir ki, multikulturalizm iflasa uğrayıb. Yəni ki, müxtəlif millətlərə mənsub olan xalqlar bir yerdə yaşaya bilmirlər. Gəlsinlər Azərbaycana baxsınlar, - bu, mümkündür! Özü də yaxşı yaşamaq mümkündür. Məhz buna görə Azərbaycanda müxtəlif beynəlxalq tədbirlər keçirilir. Dinlərarası, mədəniyyətlərarası, millətlərarası dialoqun gücləndirilməsinə yönəlmiş tədbirlər keçirilir. Biz istəyirik ki, dünya ictimaiyyəti də bizim təcrübəmizi bilsinharada lazımdır öyrənsin, tətbiq etsin. Bu baxımdan da Azərbaycan dünyada seçilən ölkələrdəndir".     

1995-ci ildə Azərbaycanda ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyada hər bir ölkə vətəndaşının vicdan azadlığı birmənalı təsbit edildi. Konstitusiyanın qəbulundan sonra ölkədə dini-mənəvi münasibətləri tənzimləyən milli qanunvericiliyin təkmilləşdirilməsi müxtəlif dini icmaların qanunla müəyyənləşmiş qaydada fəaliyyətinə geniş imkanlar açmış, bu sahədə dövlət tənzimlənməsinin həyata keçirilməsi məqsədilə Dini İşlər üzrə Dövlət Komitəsi yaradılmışdır. Dünyəvi və demokratik dövlət modelini qəbul etməsinə baxmayaraq, respublikamızda insanların dini inanclarının, habelə vicdan azadlığının əleyhinə heç bir addım atılmamışdır. Ölkəmizdə yaşayan bütün xalqların nümayəndələri dinimilli mənsubiyyətindən asılı olmayaraq özlərini tamhüquqlu vətəndaşlar kimi hiss edirlər. Azərbaycan çoxmillətli ölkə olaraq burada yaşayan bütün xalqların nümayəndələri üçün bərabər şərait yaradıb. Ölkəmizin bütün bölgələrində, o cümlədən milli azlıqların yaşadıqları regionlarda da sürətli inkişaf gedir, sosialiqtisadi problemlər uğurla həll olunur.

Xalqlararası və mədəniyyətlərarası dialoqu inkişaf etdirmək, ona dəstək vermək, bütün insanların gələcəyi naminə mədəniyyətlərin və dinlərin qarşılıqlı dialoquna nail olmaq bu gün də dövlət siyasətinin mühüm tərkib hissəsidir. Ölkə başçıbu qənaətdədir ki, müasir dünyada qloballaşma proseslərinin nəticəsi kimi ortaya çıxan sivilizasiyalararası toqquşma və ziddiyyətlər hər bir xalqın dini dəyərlərinin qorunması məsələsini çağdaş zamanın aktual məsələlərindən birinə çevirmişdir.

Azərbaycanın dini-etnik sivilizasiyaların qovuşduğu məkan kimi tanınmasında ictimai statusla fəaliyyət göstərən Heydər Əliyev Fondu da yaxından iştirak edir. 2008-ci ildə Bakıda Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü, UNESCO-nunISESCO-nun dəstəyi ilə keçirilən "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda Beynəlxalq Bakı Forumu da sivilizasiyalararası dialoq, fərqli mədəniyyətlər arasında ortaq təmas nöqtələrinin tapılması, ümumbəşəri konsolidasiya prosesində konkret fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından vacib əhəmiyyət kəsb etmişdir.

Son illər fondun səyləri ilə Azərbaycanla İslam Əməkdaşlıq Təşkilatı ölkələri arasında humanitar və mədəni sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. İƏT-in 2009-cu ildə Bakını "İslam mədəniyyətinin paytaxtı" elan etməsi də humanitar sahədə ikitərəfli əməkdaşlığın yüksək səviyyədə qurulduğunu göstərir. Respublikamızın müsəlman dövləti kimi islam dəyərlərinə hörmətlə yanaşması, eyni zamanda tarixi ənənələrini qoruyub saxlaması bu əməkdaşlıq üçün ciddi zəmin yaradır.

Son illərdə dövlət funksional imkanlarını işə salaraq xalqın dini dəyərlərinin və mədəniyyətinin qorunması istiqamətində ardıcıl addımlar atır. Xalqın tarixi yaddaşının, dini və milli-mənəvi irsinin mühafizəsinə xidmət edən irimiqyaslı fəaliyyətin həyata keçirilməsi, milli ruhlu nəslin yetişdirilməsi, zəngin daxili aləmə malik azərbaycanlı obrazının bütün dünyada tanıdılması üçün zəruri olan qüvvə və potensialın səfərbər olunması cənab İlham Əliyevin dövlət başçısı kimi daim diqqət mərkəzində saxladığı məsələlərdir.

 

 

 

Elnur HACALIYEV,

Azərbaycan.-2013.- 10 iyul.- S.1.