Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ciddi irəliləyişlər var

 

"Transparency International" təşkilatının "2013-cü il Qlobal Korrupsiya Barometri" adlı hesabatı Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ciddi irəliləyişlərin olduğunu bir daha təsdiq etmişdir. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə şöbəsinin müdiri Fuad Ələsgərov AzərTAc-a müsahibəsində həmin hesabatı şərh etmişkorrupsiyaya qarşı mübarizədə qazanılan nailiyyətləri şərtləndirən amillərdən danışmışdır. Həmin müsahibəni təqdim edirik.

- "Transparency International" təşkilatı "2013-cü il Qlobal Korrupsiya Barometri" hesabatını açıqlamışdır. Azərbaycanla bağlı nəticəyə münasibətiniz necədir?

- Hesabat Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ciddi irəliləyişlərin olduğunu bir daha təsdiq etdi. Bununla bağlı hesabatdan iki statistik rəqəmi diqqətinizə çatdırmaq istərdim. Azərbaycanda respondentlərin 68 faizi hesab edir ki, dövlət tərəfindən həyata keçirilən korrupsiyaya qarşı mübarizə tədbirləri səmərəlidir. Bu, dünya ölkələri üzrə müəyyən edilmiş 22 faizlik göstəricidən 3 dəfə yüksəkdir.

 

İkinci nümunə isə dünyada korrupsiyanın səviyyəsi ilə bağlı olan göstəricidir. Belə ki, dünya üzrə respondentlərin 50 faizindən çoxu hesab edir ki, korrupsiyanın səviyyəsi son iki ildə artmışdır. Azərbaycanda isə respondentlərin 73 faizi bu fikirdədir ki, ölkədə korrupsiyanın səviyyəsi artmamışdır. Əlbəttə, belə müsbət nəticələr və rəylər bizim üçün gözlənilən idi. Çünki bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iradəsi və tapşırığı ilə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən kompleks və davamlı siyasətin real nəticəsidir. Hesabata əsasən demək olar ki, ölkəmizdə bütün sahələrdə korrupsiyanın səviyyəsi azalmışdır.

Qlobal Korrupsiya Barometri dünyanın 107 ölkəsindən olan respondentlər arasında keçirilmiş ictimai rəy sorğusunun nəticəsidir. Hesabatın hansısa subyektiv mövqeyə əsaslanmaması, korrupsiya ilə bağlı qlobal mənzərəni təsvir etməsi nəticələrin qərəzsizliyini və obyektivliliyi təmin edir. Ona görə də hesabat bəzi beynəlxalq təşkilatlar tərəfindən siyasi mülahizələrə, subyektiv rəylərə əsaslanaraq hazırlanmış digər rəylərdən fərqli olaraq daha real vəziyyəti göstərir. Təbii ki, ölkəmizdə mütəmadi həyata keçirilən, bir-birini tamamlayan antikorrupsiya tədbirləri öz nəticəsini göstərməli idi. Həmin tədbirlər ictimai rəydə dərhal əks-səda doğurmasa da, beynəlxalq təşkilatlar bunu gec qeyd etsə də, hər bir halda həqiqət özünü göstərir və müsbət nəticələri qaçılmaz edir. Ən əsası isə, insanlar müsbət dəyişiklikləri öz gündəlik həyatlarında hiss edirlər.

- Hesabatda qeyd edilən irəliləyişlər, Sizcə, nə ilə bağlıdır?

- Korrupsiyaya qarşı mübarizədə əldə edilən nailiyyətlər, artıq qeyd etdiyim kimi, ilk növbədə Azərbaycan Respublikası Prezidentinin siyasi iradəsi və dövlət orqanları qarşısında qoyduğu konkret vəzifələrlə bağlıdır. Hesabat 2012-ci və qismən də 2013-cü ili əhatə edir. Düşünürəm ki, rəy sorğusu bu gün aparılsa idi, biz daha yüksək nəticələrin şahidi olardıq. Çünki cənab Prezidentin korrupsiyaya qarşı mübarizədə daim dinamikliyi təmin etməsi və müxtəlif sahələrdə sistemli, institusional islahatlar həyata keçirməsi vəziyyətin davamlı olaraq yaxşılaşmasını təmin edir.

Belə ki, Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi Açıq Hökumətin təşviq edilməsi və korrupsiyaya qarşı mübarizə üzrə Milli Fəaliyyət planlarının icrası ölkəmizdə dövlət orqanlarının şəffaflıq, açıq hökumət prinsipləri əsasında idarə edilməsini və korrupsiyanı istisna edən idarəçilik mühitinin yaradılmasını təmin edir. Bu tədbirlərə elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi və elektron hökumətin inkişaf etdirilməsi tədbirləri də daxildir.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan "ASAN xidmət" mərkəzləri vətəndaşlara qısa müddət ərzində vahid məkandan keyfiyyətli, rahat, heç bir korrupsiyaya digər neqativ hallar olmadan dövlət xidmətlərini göstərir. "ASAN xidmət" mərkəzləri fəaliyyətə başladığı gündən ona 230 minə yaxın vətəndaş müraciət etmişdir. Müraciətlərin 98 faizi təmin olunmuşdur.

Təbii ki, əgər vətəndaş dövlət xidmətlərinin əldə edilməsində heç bir neqativ halla rastlaşmırsa, heç bir yerə getmədən eyni vaxtda bir neçə dövlət qurumuna çıxış imkanı əldə edirsə, o, bunu müsbət qiymətləndirəcək və dövlət tərəfindən yaradılan belə imkanı öz rəyində bildirəcəkdir. Qeyd etməliyəm ki, "ASAN xidmət"  özünü müsbət təcrübə kimi doğrultmuş və cənab Prezidentin vurğuladığı kimi Azərbaycanın brendinə çevrilmişdir.

Eyni zamanda, korrupsiyaya qarşı mübarizə sahəsində cinayət təqibini gücləndirmək məqsədi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlər də həyata keçirilmişdir. İdarənin "161" qaynar xəttinin fəaliyyəti tam təşkil edilmiş və vətəndaşların müraciətlərinə baxılması, cavablandırılması işi təkmilləşdirilmişdir. Daxili işlər orqanlarında həyata keçirilmiş islahatlar, xüsusilə yol patrul xidmətinin fəaliyyətində şəffaflığın artırılması, "təhlükəsiz şəhər" sisteminin qurulması da öz müsbət təsirini göstərmişdir. Ümumilikdə qeyd olunanlar dövlət idarəçiliyinin müxtəlif sahələrinə aiddir, çünki şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə tədbirləri ölkəmizdə sahə xarakteri daşımır və biz müvafiq irəliləyişləri daim müşahidə edirik.

Hesab edirəm ki, həyata keçirilən maarifləndirmə tədbirləri və  vətəndaş cəmiyyəti üzvləri ilə əməkdaşlıq da nəticələrə öz müsbət təsirini göstərmişdir.

- Hesabatda həmçinin vətəndaşların əksər hissəsinin korrupsiyaya qarşı mübarizə prosesində aktiv iştirak etmək niyyəti göstərilir. Sizin bu fikrə münasibətiniz necədir?

- Korrupsiyaya qarşı mübarizənin səmərəli olması üçün cəmiyyətin bütün üzvlərinin, özəl sektorun, kütləvi informasiya vasitələrinin, qeyri-hökumət təşkilatlarının, o cümlədən vətəndaşların fəal iştirakı çox mühümdür. Bu baxımdan müsbət haldır ki, sorğuda iştirak edən şəxslərin 81 faizi həmin prosesin aktiv iştirakçısı olmaq niyyətini bildirmişdir. Hesab edirəm ki, vətəndaş təşəbbüslərinin dəstəklənməsi və ümumən vətəndaş cəmiyyəti üzvləri ilə səmərəli əməkdaşlıq davam etdirilməlidir.

 

Azərbaycan.-2013.- 10 iyul.- S.2.