«Şahdağ»
Qış-Yay Turizm Kompleksi
və Andorranın
«PGI Management» şirkəti arasında saziş imzalanmışdır
İyulun 9-da Azərbaycanın "Şahdağ" Qış-Yay Turizm Kompleksi və Andorranın "PGI Management" şirkəti arasında saziş imzalanmışdır.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, sənədi "Şahdağ" Qış-Yay Turizm Kompleksinin direktoru Emin Həşimov və "PGI Management"in prezidenti Con Viladomat imzalamışlar.
Sazişə əsasən, "Şahdağ" Qış-Yay Turizm Kompleksinin ərazisindəki "Zirvə", "Gaya Residence" və "Shahdag Hotel&SPA" mehmanxanalarının idarəçiliyi 3 il müddətinə "PGI Management" şirkətinə verilmişdir.
1955-ci
ildən fəaliyyət göstərən "PGI
Management" şirkəti Andorranın ən böyük
turizm operatoru və turizm kurortlarının sahibidir. Şirkət
ildə 5 milyon turistə xidmət göstərir.
Portuqaliya, İspaniya,
Rusiya və digər ölkələrdə
mehmanxana biznesinə malikdir.
"PGI Management" şirkəti 2012-ci ilin noyabrından 2013-cü ilin martında qış mövsümü başa çatanadək "Şahdağ" Qış-Yay Turizm Kompleksində texniki xidmətlərə rəhbərliyi həyata keçirmişdir. Ötən mövsüm Andorra şirkəti əməkdaşlarının süni qaryağdırma sistemlərinin, kanat yollarının idarəsi, dağ-xilasetmə xidməti və yerli mütəxəssislərin hazırlanması sahəsində yüksək peşəkarlıq səviyyəsini sübut etmişdir. Bununla bağlı "PGI Management" şirkətinin kompleksdə fəaliyyətinin genişləndirilməsi barədə qərar qəbul olunmuşdur.
Azərbaycan.-2013.- 10 iyul.- S.2.