Yetər ki, bu torpağı sevəsən

 

Onunla həmsöhbət olmaq, düşüncələrini paylaşmaq adamda mənəvi rahatlıq yaradır, könlü xoş duyğularla dolur. Nurlu çöhrəsi, işıqlı fikirləri, ayaq basdığımız bu müqəddəs torpağa, saysız-hesabsız şeirlərin, nəğmələrin tərənnüm ünvanı olan bərəkətli Muğan düzünə sonsuz məhəbbəti onun xarakterinin diqqətçəkən cizgiləridir. Keşməkeşli həyat yolu keçib. Müxtəlif rəhbər vəzifələrdə çalışıb, müstəqillik dövründə bir çağırış Milli Məclisə deputat seçilib. Harada olubsa, hansı vəzifədə çalışıbsa, xarakterini dəyişməyib, həqiqətin üzünə düz baxmağı bacarıb. Söhbət bu gün Muğan bölgəsində kifayət qədər yaxşı tanınan, böyük nüfuz sahibi olan Mirhəmid Həmidovdan gedir.

Biz onunla görüşəndə Sabirabadda taxıl biçininin qızğın çağı idi. Mirhəmid Həmidovun rəhbərlik etdiyi "Tərəqqi" kəndli-fermer təsərrüfatının üzvləri qabaqcıllıq ənənəsini yenə də qoruyub saxlayırdılar. Son hektarlarında biçin aparılan taxıl sahələrinin orta məhsuldarlığı 50 sentnerə yaxın idi. 1996-cı ildən fəaliyyətə başlayan fermer təsərrüfatı müəllifi ulu öndər Heydər Əliyevin olduğu aqrar islahatların müqayisəyəgəlməz üstünlüklərinin parlaq nümunəsidir. Fermer təsərrüfatına məxsus torpaq sahəsindən elmi surətdə əsaslandırılmış qaydalarla istifadə olunur. Təsərrüfatın əsas fəaliyyət istiqaməti toxumçuluqdur. Arpabuğda sortlarının seleksiyası ilə məşğul olan "Tərəqqi" kəndli-fermer təsərrüfatı təkcə keçən il bölgənin torpaq istifadəçilərinə 190 ton yüksək reproduksiyalı buğda toxumu satmışdır.

Kombayn bol məhsullu zəmidə ağır-ağır irəliləyir. Mirhəmidlə kombaynın arxasınca yanaşı addımlayırıq. Şirin söhbət etsə də, kövşəndə gözləri sanki nəyisə axtarır. Yerə düşmüş sünbülləri əlinə götürüb dəstələyəndə  bu "axtarış"ın mənası aydınlaşır. Elə söhbəti də bu məqamdan salır:

- Bir sünbülün qədrini bilmirsənsə, bolluq haqqında düşünmə. Bu cür yanaşma kollektivin üzvlərinə həm də bir əməli nümunədir. Əgər təsərrüfatın rəhbəri ağsaqqal çağında əyilib yerdən sünbül yığırsa, kollektivin sıravi üzvü bir dənin belə itkiyə getməsinə biganə qala bilməz. Bu il 117 hektar sahədə taxıl yetişdirmişik. Dövlətimizin taxıl istehsalçılarına xüsusi qayğı və diqqət göstərməsi bizi bu sahəyə daha möhkəm tellərlə bağlayır. Təsəvvür edin, hər hektar taxıl əkini üçün dövlət 80 manat subsidiya verir. Toxumluq taxıl istehsalının hər kiloqramına görə də əlavə maddi yardım edilir. Bol məhsul istehsalında, təbii ki, maraqlıyıq. Çox məhsul istehsal etmək daha çox qazanc, firavan dolanışıq deməkdir. Eyni zamanda yaxşı başa düşürük ki, dövlətimiz ərzaq bolluğu yaratmaqda maraqlıdır. Respublika Prezidenti İlham Əliyev ölkədə ərzaq təhlükəsizliyini təmin etməyi prioritet vəzifə kimi qarşıya qoyub. Bu məqsədlə qəbul edilən dövlət proqramı məhz reallıqdan doğan aydın məntiqin nəticəsidir. Bütün varlığımla torpağa bağlıyam. Siyasi mövqeyim də ortadadır. Yeni Azərbaycan Partiyasının fəal üzvlərindənəm. Biz sabirabadlılar dövlətin etibarlı əllərdə olmasından çox məmnunuq. Sabirabadın sosial-iqtisadi inkişafına Prezident İlham Əliyevin xüsusi qayğı və diqqət göstərməsini camaatımız böyük minnətdarlıq hissi ilə qarşılayır. Bu ilin payızında keçiriləçək seçkilərlə bağlı biz artıq qərarımızı vermişik. Sabirabadlıların mütləq əksəriyyəti Heydər Əliyev siyasi kursuna, artıq dünyanın müdrik siyasətçi kimi qəbul etdiyi İlham Əliyevə səs verəcəkdir.

Mirhəmidlə təsərrüfat işlərindən, əkin-biçindən başlayan söhbət siyasətə qədər gəlib çıxdı. Bu onun göstəricisidir ki, Azərbaycan kəndlisi öz fəaliyyətində şüurludur, nə üçün və nəyin uğrunda çalışdığının fərqindədir. Bu isə inkişafın təkcə məhsul bolluğu ilə məhdudlaşmadığının, təfəkkürdə, siyasi dünyagörüşdə daha böyük irəliləyiş olduğunun göstəricisidir.

"Tərəqqi"nin əsas fəaliyyət istiqaməti taxılçılıq olsa da, təşəbbüskarlıq, işə yaradıcı münasibət digər təsərrüfat sahələrində də böyük uğurlar qazanmağı gerçəkliyə çevirir. Fermer təsərrüfatında keyfiyyətli yonca toxumu da istehsal olunur. Keçən il təsərrüfatda 4,5 ton yonca toxumu istehsal ediblər. Bu il isə həmin göstəricini 10 tona çatdırmaq əzmindədirlər. Buna görə də toxumluq yonca əkinlərinin  sahəsi xeyli genişləndirilmişdir. Adi halda yonca qönçələmə fazasında biçilirsə, toxum götürmək üçün bu proses xeyli ləngidilir, sahə başdan-başa çiçəkləyir. Yonca çiçəyi isə bal arısı üçün çox qiymətli yemdir. Elmi yanaşma bu məsələdə də yeniçox sərfəli qazanc imkanları yaradır. Biz "Tərəqqi" fermer təsərrüfatının sahələrində 150-yə yaxın yeşikdə səliqə ilə düzülmüş arı ailələrini görəndə əsl təsərrüfatçı bacarığının  nəyə qadir olduğunu bir daha təsdiqlədik. Gördüklərimiz yenilikçi, yaradıcı bir əmək kollektivi haqqındakı təəssüratlarımızı daha da zənginləşdirdi. Yaşıl budaqlarını ulduza bənzəyən qırmızı çiçəklər bəzəyən səliqəli nar bağını, balıqlar oynaşan gölü seyr etdikcə sanki adamın yorğunluğu çıxır, əsəbləri dincəlir. Gerçək istirahət məkanına bənzəyən bağ da, göl də yaxşı qazanc mənbəyidir. Nar bağı cavandır, yeni bara düşüb. Keçən il 18 ton nübar məhsul istehsal ediblər. Narın sərfəli bazarı da var. Keçənilki məhsulu uzağa yox, elə Sabirabaddakı şirə zavoduna satıblar.

Balıqçılıq da gəlirli sahədir. Hər il orta hesabla 5-6 ton balıq istehsal olunur. Alıcısı da başının üstündədir. Xüsusi müştərilər gəlib elə gölün  kənarındaca təzə balıq almağa artıq vərdiş ediblər.

İnsan əməyi hər şeyə qadirdir. Yetər ki, qədəm qoyub üzərində gəzdiyin  bu torpağı Mirhəmid kimi candan-könüldən sevəsən. Ürəyində bu sevgi varsa, xarüqələr yaratmaq çətin olmur.

 

 

 

Lazım QULİYEV,

Azərbaycan $g 2013.- 10 iyul.- S.5.