Qəbələdə Gənclər Fondunun növbəti qrant
müsabiqəsinin təqdimat mərasimi keçirilmişdir
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu bu il iyunun 27-də növbəti qrant müsabiqəsi elan etmişdir.
Bununla əlaqədar olaraq bir sıra şəhər və rayonlarda gənclər üçün müsabiqə şərtləri və müraciət qaydaları barədə təqdimatlar keçirilir.
AzərTAc xəbər verir ki, Qəbələ Rayon Mədəniyyət Mərkəzinin konfrans zalında Qəbələ və İsmayıllı rayonlarının nümayəndələrinin iştirakı ilə qrant müsabiqəsinin təqdimatı olmuşdur.
Tədbirdə fəal gənclər və bu rayonlarda fəaliyyət göstərən gənclər təşkilatlarının nümayəndələri iştirak etmişlər.
İştirakçılara sorğu anketləri, fondun təsis etdiyi geyim formaları, bloknot, qələm və yaddaş kartları paylanılmışdır.
Qəbələ Rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun şöbə müdiri Vüqar Seyidbəyov bildirmişlər ki, növbəti qrant müsabiqəsi də gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş fəaliyyətlərin stimullaşdırılmasını təmin edərək Azərbaycan gəncliyinin inkişafını daha da intensivləşdirəcəkdir. Fondun elan etdiyi qrant müsabiqəsi gənclərin, gənclər təşkilatlarının elmi-tətbiqi, sosial əhəmiyyətli və idarəetmə sahəsindəki innovativ ideyalarını dəstəkləyəcək, dövlətin və cəmiyyətin inkişafında gənc nəslin təşəbbüskarlığını və iştirakını artıracaqdır.
V.Seyidbəyov diqqətə çatdırmışdır ki, gənclər arasında keçirilmiş sorğu vasitəsilə biz gənclərin fonddan gözləntilərini və onları maraqlandıran sahələri öyrəndik. Sorğunun nəticələrinə əsasən, həmçinin növbəti qrant müsabiqəsinin istiqamətlərini, yeni prioritet sahələrini müəyyən etdik.
Məlumat verilmişdir ki, sosial sorğunun nəticələrinə əsasən, gənclər və idman sahəsində gənclərin təşəbbüslərinə, əlil gənclərlə bağlı görülən işlərə, xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələrin ideyalarına və təkliflərinə, region gənclərinin inkişafının təmin edilməsi üçün bölgələrdəki gənclər təşkilatları ilə birbaşa əməkdaşlığın gücləndirilməsinə xüsusi diqqət ayrılacaqdır.
Tədbirin
sonunda gəncləri maraqlandıran suallara ətraflı cavab
verilmişdir.
Azərbaycan.-2013.- 10 iyul.- S.5.