Ukraynalı hüquqşünas
alimlər Heydər Əliyev Mərkəzində olmuşlar
Azərbaycanda səfərdə olan ukraynalı hüquqşünas alimlərin nümayəndə heyəti iyulun 9-da Heydər Əliyev Mərkəzində olmuşdur.
AzərTAc xəbər verir ki, qonaqlara Mərkəzin fəaliyyəti barədə məlumat verilərək bildirilmişdir ki, Heydər Əliyev Mərkəzinin binası dünya memarlığının şedevrlərindən biri sayılır. Tanınmış arxitektor Zəha Hədidin layihəsi əsasında inşa edilmiş bina Bakının müasir rəmzlərindən birinə çevrilmişdir. Bildirilmişdir ki, Mərkəzin fəaliyyəti azərbaycançılıq ideologiyasının, dövlətçilik fəlsəfəsinin və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi irsinin dərindən öyrənilməsinə yönəldilmişdir. Mərkəz Azərbaycan dili, tarixi və mədəniyyətinin, milli-mədəni dəyərlərimizin dünyada təbliğinə, elm və təhsilin inkişafına və dəstəklənməsinə xidmət edən layihələr də həyata keçirir.
Qonaqlara məlumat vermişlər ki, təməli 2007-ci ildə qoyulmuş Mərkəz 2012-ci il mayın 10-da - ulu öndərin doğum günündə açılmışdır. Rəsmi qəbulların, müxtəlif beynəlxalq tədbirlərin keçirilməsi üçün burada hər cür şərait yaradılmışdır.
Ukraynalı qonaqlar "Azərbaycanın inciləri" sərgisi ilə tanış olmuşlar. Sərgidə ölkəmizin zəngin təbii sərvətlərini, çoxəsrlik tarixini və mədəni irsini əks etdirən nadir eksponatlar nümayiş etdirilir. Sərgidə qədim musiqi alətləri, milli geyimlər, müxtəlif dinlərin müqəddəs kitabları da təqdim olunmuşdur.
"Mini-Azərbaycan" sərgi salonu ilə tanışlıq zamanı bildirilmişdir ki, bu layihə Bakı şəhərinin və regionların tarix və memarlıq abidələrinin təbliği nöqteyi-nəzərindən böyük əhəmiyyət daşıyır. Qonaqlara hər bir bina, onun memarlıq üslubu barədə maraqlı məlumatlar verilir.
Kiyev Milli Dilçilik Universitetinin Hüquq kafedrasının müdiri Aleksandr Merejko AzərTAc-a müsahibəsində demişdir ki, Azərbaycanın özü kimi, Heydər Əliyev Mərkəzi də unudulmaz təəssürat doğurur. O demişdir: "Burada hər şey qeyri-adi, orijinal və maraqlıdır. Zənnimcə, Azərbaycan yeni əsrin ölkəsidir və bunu Heydər Əliyev Mərkəzi də təsdiq edir. Mərkəzin binasının özü, onun hər bir detalı insana böyük estetik zövq verir. Mən indiyədək buna bənzər heç nə görməmişəm. Heydər Əliyevin ölkənizin həyatında oynadığı rol, onun xatirəsinə bəslədiyiniz həssas münasibət məni valeh etdi. O, taleyüklü vaxtda Azərbaycana başçılıq etdi, möhtəşəm və güclü bir dövlət yaratdı. Düşünürəm ki, bu gün burada bizi heyran edən şey Heydər Əliyevin səylərinin bəhrəsidir".
Qeyd
edək ki, hüquqşünas alimlərin səfərinin təşkilatçılarından
biri, hüquq elmləri
doktoru, Ukrayna Milli Aviasiya
Universitetinin Beynəlxalq hüquq kafedrasının professoru
Arif Quliyevdir. AzərTAc-a
müsahibəsində Ukrayna alimlərinin
Azərbaycana səfərinin
tanışlıq xarakteri
daşıdığını bildirən A.Quliyev
demişdir: "Əminəm ki, belə səfərlər Azərbaycan
gerçəkliklərinin xarici ölkələrdə
yayılmasına xidmət edir".
Azərbaycan.-2013.- 10 iyul.- S.5.