Dövlətin inkişafına və xalqın firavan gələcəyinə xidmət nümunəsi

 

Prezident İlham Əliyevin "İlin dövlət başçısı" elan edilməsi dünyanın tərəqqipərvər insanlarının seçimidir

 

 

Dünya şöhrətli siyasətçi, təcrübəli dövlət xadimi Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin uğurlu inkişafında uzaqgörənliklə: "Mən ona özüm qədər inanıram" ifadəsi Prezident İlham Əliyevin daxili və xarici siyasətində uğurlu reallığa çevrilməkdədir. Son on ildə Azərbaycanın iqtisadi və siyasi cəhətdən daha da inkişaf etməsi, güclü dövlətə çevrilməsi xarici ölkə başçıları tərəfindən də etiraf edilir. Uzaq ölkələrdə belə, Azərbaycanın bugünkü sürətli inkişafı və Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə uğurların qazanılması yüksək dəyərləndirilir.

Bu günlər ölkəmizi dolaşan növbəti xoş  xəbər hamının sevincinə səbəb oldu. Dünyanın 40 ölkəsinin 50-dən artıq universitetini təmsil edən 170-dən çox gənc arasında canlı şəkildə və 10 minə yaxın tələbə arasında "online" ilə keçirilən sorğuya əsasən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  İƏT coğrafiyasında "İlin dövlət başçısı" seçilmişdir.

Beynəlxalq  aləmin aparıcı kütləvi-informasiya vasitələrinin yaydığı məlumatlarda bildirilir ki, bu barədə qərar iyulun 6-da DƏ-İKGF və Malayziya Beynəlxalq İslam Universitetinin (MBİS) təşkilatçılığı ilə Kuala Lumpur şəhərində keçirilən 3-cü Beynəlxalq İslam Əməkdaşlıq Təşkilatı Modelinin Sammitinin bağlanış mərasimində elan edilmişdir.

Prezident İlham Əliyev "İlin dövlət başçısı"  seçilərkən Azərbaycan Prezidentinin rəhbərliyi altında əldə olunmuş nailiyyətlər, o cümlədən Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi və bu mövqedən İƏT ölkələrinin maraqlarının müdafiəsi, Fələstin dövlətinə yardım üzrə İslam Maliyyə Təhlükəsizliyi Şəbəkəsinin təsis və Qüds şəhərinin inkişafına  yardım üzrə donor konfranslarına 2013-cü ilin iyununda Bakının ev sahibliyinin etməsi, bütövlükdə Azərbaycanın İƏT-in İslam həmrəyliyi istiqamətində fəaliyyətinə dəstəyi, habelə Cənubi Qafqazın ilk məscidi və İslam sivilizasiyasının incisi sayılan Şamaxı məscidinin bərpası təşəbbüsləri nəzərə alınmışdır.

Beynəlxalq İslam Əməkdaşlıq Təşkilatının təntənəli mərasimində qeyd olunduğu kimi, çox fərəhli haldır ki, son illər Azərbaycan bir sıra beynəlxalq tədbirlərin keçirilməsində ev sahibi kimi çıxış edir. Bu, həm də Azərbaycanın iqtisadi inkişafının, ölkədə hökm sürən sabitliyindemokratik mühitin göstəricisidir. İslam dəyərlərini yaşatmaqinkişaf etdirmək Azərbaycanda da genişliyi ilə müşahidə olunur. "İlin dövlət başçısı" nominasiyasında iştirak etmiş və İqtisadi Əməkdaşlıq Təşkilatının 57 üzv ölkəsi sırasından seçilmiş dövlət başçılarının namizədlikləri İslam irsinə göstərilən qayğı, bu quruma üzv olan ölkələr arasında həmrəyliyin möhkəmləndirilməsi, həmin ölkələrin sosial-iqtisadi inkişafı və beynəlxalq mövqelərinin gücləndirilməsi sahəsində fəaliyyətləri kimi parametrlər üzrə qiymətləndirilmişdir. Qürurlusevindirici haldır ki, dünyanın 50 universitetini təmsil edən gənclər arasında keçirilən səsvermədə Azərbaycan Prezidenti İlham Əliyev məhz bu nominasiyanın qalibi olmuşdur.

Azərbaycanın sosial-iqtisadi, elmi-texniki və mədəni inkişaf yolunda sanballı uğurlar qazanması dünyanın aparıcı dövlət başçıları və görkəmli siyasətçiləri, politoloqları tərəfindən də yüksək dəyərləndirilir. Ölkəmizin həlledici beynəlxalq məsələlərdə fəal rolu hamı tərəfindən qəbul və etiraf olunur. Təsadüfi deyil ki, cari ilin əvvəllərində Türkiyədə, eləcə də Asiya regionunda geniş yayılan "Ekovitrin" jurnalı Türkiyədə və xaricdə yaşayan 9 minə yaxın oxucunun iştirakı ilə iqtisadiyyat, biznes, sənaye, ixracat, maliyyə, investisiya, siyasət və yerli idarəçilik sahələrində "İlin adamları"nı seçərkən sorğunun nəticələrinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi "Avrasiyada ilin siyasət adamı" elan etmişdir. Dini telorantlığa nümünə göstərilən  ölkəmiz barədə ətraflı məlumat verən jurnalda bildirilirdi ki, son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf etmiş və dünyanın nüfuzlu ölkələrindən birinə çevrilmişdir. Prezident İlham Əliyev əsası Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın yeni neft strategiyasını uğurla davam etdirmişdir. Məhz İlham Əliyevin prezidentliyi zamanı enerji resurslarının ixracının şaxələndirilməsində mühüm yer tutan Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz əsas ixrac boru kəmərlərinin tikintisi başa çatdırılmış, Azərbaycan nefti və qazı dünya bazarına çıxarılmış və ölkənin büdcəsinə milyardlarla dollar vəsait daxil olmağa başlamışdır

Bu bir həqiqətdir ki, dünyanın nüfuzlu qurumları və tanınan nəşrlərinin sorğularında dəfələrlə "İlin adamı", "İlin dövlət başçısı" kimi dəyərli nominasiyalarda qalib gələn cənab İlham Əliyev Azərbaycanın sosial-iqtisadi inkişafını öz siyasətinin başlıca istiqaməti kimi müəyyənləşdirmiş, qarşıya qoyulan məqsədlərə çatmaq üçün onun rəhbərliyi ilə çoxsaylı dövlət proqramları, layihələr reallaşdırılmışdır. Azərbaycan iqtisadiyyatı şaxələndirilmiş, qeyri-enerji sektorunun sürətli inkişafı təmin edilmişdir. Son illər ölkənin sənaye, turizm, idman, bank fəaliyyəti, ticarət və digər sahələrində ciddi irəliləyiş müşahidə olunmaqdadır. Hazırda Azərbaycan Dövlət Neft Fondunda 30 milyard dollardan artıq vəsait toplanmışdır. Ölkənin strateji valyuta ehtiyatları isə 46 milyard dollara çatmışdır. 9 milyondan çox əhalisi olan Azərbaycan dünyanın 50 inkişaf etmiş iqtisadiyyatı sırasına daxil olmuşdur.

Bu gün Azərbaycan nəinki öz enerji təhlükəsizliyini təmin etmiş, hətta Avropanın etibarlı enerji təchizatçısına çevrilmişdir. Bir vaxtlar ulu öndər Heydər Əliyevin qətiyyəti və uzaqgörənliyi sayəsində reallaşan Bakı-Tbilisi-Ceyhan neft kəməri sonralar ölkəmizin iqtisadi inkişafında və siyasi mövqeyinin müəyyənləşməsində hansı rolu oynamışdısa, "Şahdəniz-2" qazının Avropaya çatdırılmasında TAP layihəsinə üstünlük verilməsi ondan da az olmayan iqtisadi-siyasi əhəmiyyət daşıyır. Bu addımın atılması isə sözsüz ki, birbaşa Prezident İlham Əliyevin adı ilə bağlıdır. Dövlət başçısının adı həm də artıq inşası son mərhələdə olan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin əsas təşəbbüskarları sırasında çəkilir. Əgər nəzərə alsaq ki, sözügedən hər iki layihənin gerçəkləşməsinə mane olmaq istəyən güclər var idi, onda Azərbaycan Prezidentinin ölkənin milliiqtisadi maraqlarına xidmət edən qətiyyət və səriştəsi bir daha aydın görünər.

Azərbaycan həqiqətlərinin, istər İslami, istər sosial-iqtisadi, istər mədəni-ictimai həyatda dünya səviyyəsində diqqət mərkəzində olmasında Prezident İlham Əliyevin müdrik idarəetmə sistemi başlıca rol oynayır. Məhz bu müdrikliyin nəticəsidir  ki, "Qalp İnternational" təşkilatının ənənəvi olaraq keçirdiyi "Qlobal sevinc və kədər barometri" sorğusunun iyun ayında yayılan növbəti nəticəsinə görə, Azərbaycan dünyanın ən xoşbəxt 10 ölkəsindən biri hesab edilmişdir.

Dünyəvi dövlətçiliyin inkişafına və xalqının firavan gələcəyinə xidmət nümunəsi olan Azərbaycan reallıqlarını obyektiv qiymətləndirən  dövlət başçılarının, xüsusilə islam ölkələrinin və siyasətçilərinin mütləq əksəriyyətinin fikrincə, Prezident İlham Əliyev İslam aləmində "İlin dövlət başçısı" nominasiyasına və onun başçılıq etdiyi Azərbaycan dünyanın ən xoşbəxt ölkələrindən biri olmağa layiqdir. Bütün bunlar həm də ölkənin siyasi həyatının taleyüklü mərhələsində - payızda keçiriləcək prezident seçkiləri ərəfəsində xalqın növbəti dəfə doğru seçim etməsi üçün konkret və real səbəblərdir.

 

 

 

Rəhman SALMANLI

 

Azərbaycan.-2013.- 11 iyul.- S.1.