Oğuz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası nəticəsində Oğuz rayonunun sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər baş vermiş, mühüm infrastruktur layihələri yerinə yetirilmiş, müasir tələblərə cavab verən mərkəzi rayon xəstəxanası, Olimpiya İdman Kompleksi və digər sosialyönümlü obyektlər inşa olunmuş, yeni yollar çəkilmiş, genişmiqyaslı  abadlıq-quruculuq işləri həyata keçirilmişdir.

Oğuz şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Oğuz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Oğuz Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 1,0 (bir) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 10 iyul 2013-cü il

 

Azərbaycan.-2013.- 11 iyul.- S.1.