AMEA-da gənc alimlərin elmi nailiyyətləri və problemləri
müzakirə olunmuşdur
İyulun 10-da Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Gənc Alimlər Şurasının ümumi yığıncağı keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, AMEA-nın elmi müəssisələrinin direktorları, gənc alimlər şuralarının sədrləri, KİV nümayəndələri iştirak etmişlər.
AMEA-nın Gənclərin İntellektual İnkişaf Mərkəzinin (GİİM) direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru İlqar Orucov akademiyanın gənc alimlərinin 5 illik fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat məruzəsi ilə çıxış etmişdir. Gənc alimlərin uğur və nailiyyətləri barədə məlumatlar dinlənilmiş, problemlər diqqətə çatdırılmışdır.
Gənc alimlərə göstərilən dövlət qayğısından danışan İ.Orucov Prezident İlham Əliyevin gənclərin inkişafına yönəlmiş fərman və sərəncamlarının əhəmiyyətini vurğulayaraq bildirmişdir ki, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının qəbul olunması, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması və Gənclər üçün Prezident Mükafatının təsis edilməsi dövlətimizin başçısının müasir gəncliyə və gənc alimlərə diqqətinin parlaq nümunəsidir.
Vurğulanmışdır ki, ümummilli lider Heydər Əliyevin müdrik siyasətini uğurla, yeni məzmun və formada davam etdirən Prezident İlham Əliyevin yürütdüyü siyasətin əsasında həyatın bütün sahələrində aparılan islahatların elmə və elmi biliklərə söykənməsi, gənclərin potensialının səfərbər edilməsi, rəqabətədavamlı kadr potensialının formalaşdırılması, təbii resursların insan resursları ilə əvəzlənməsi dayanır. Ölkəmizdə həyata keçirilən elm və gənclər siyasəti elmlə məşğul olan gənclərin daha səmərəli fəaliyyət göstərmələrinə münbit şərait yaradılmasına yönəlmişdir. Getdikcə genişlənən bu imkanlar fonunda elmi gəncliyin də üzərinə böyük məsuliyyət və vəzifələr düşür. AMEA-da gənclərlə iş mühüm prioritetlərdən biri kimi daim akademiya rəhbərliyinin diqqət mərkəzindədir və bu iş əsasən GİİM tərəfindən həyata keçirilir.
Mərkəzin rəhbəri demişdir ki, gənc alimlər respublikamızda və xarici ölkələrdə keçirilən mötəbər beynəlxalq konfrans, seminar və layihələrdə fəal iştirak edir, yüksək impakt faktorlu jurnallarda elmi məqalələr dərc etdirirlər.
İ.Orucov gənc alimlərin sosial problemlərindən də söz açmış, "Elm haqqında" qanunun qəbul olunmasının, Elm Gününün təsis edilməsinin əhəmiyyətini vurğulamışdır.
Daha sonra AMEA-nın müxtəlif institutlarında fəaliyyət göstərən gənc alimlər şuralarının sədrləri ölkəmizdə və təmsil etdikləri qurumlarda gənclərin inkişafı istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətindən, akademiyada elmin bütün istiqamətləri üzrə çalışan gənclərin son beş ildə qazandıqları uğurlardan, onlar üçün yaradılmış geniş imkanlardan söz açmışlar.
Natiqlər akademiyanın gənc alimlərinin 5 illik fəaliyyətinin yekunları ilə bağlı hesabat məruzəsini yığıncağın qərar layihəsinə daxil olunmasını təklif etmişlər.
Tədbirdə AMEA-nın prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin müavini, akademik Akif Əlizadə çıxış edərək bildirmişdir ki, ölkəmizdə modernləşmə istiqamətində həyata keçirilən ardıcıl siyasət özünün yeni intellektual səviyyəsinə çatmışdır. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında intellektual sərvətin qorunması işində gəncliyin üzərinə böyük vəzifələr qoyulur. Bu vəzifələrin həyata keçirilməsi gənclərin innovativ fəallığının yüksəldilməsini tələb edir.
AMEA-nın prezidenti Azərbaycan elminin inkişafında və dünya elminə inteqrasiyasında gənc alimlərin rolundan, akademiyada onlar üçün yaradılmış şəraitdən, gənc alimlərin sosial problemlərinin aradan qaldırılması istiqamətində görülən və görüləcək işlərdən danışmışdır.
Gənc alimlərlə yaşlı nəsil arasında münasibətləri dərinləşdirməyin vacibliyini qeyd edən A.Əlizadə demişdir ki, gənclər beynəlxalq elmi əməkdaşlığı genişləndirmək və dünya elminə inteqrasiya etmək üçün informasiya-kommunikasiya texnologiyaları sahəsindəki biliklərini artırmaq, eləcə də xarici dilləri daha mükəmməl öyrənmək qayğısına qalmalıdırlar. Onlar dünyanın qabaqcıl elmi mərkəzlərinə ezamiyyəyə göndərilməli, dünyanın qabaqcıl biliklərini Azərbaycana gətirməlidirlər. Gənc və perspektivli alimlər akademiyada idarəetməyə daha fəal cəlb olunmalıdır.
Akademik
A.Əlizadə respublikanın bütün gənc alimlərini qarşıdakı prezident
seçkilərində dövlət başçısı
İlham Əliyevin namizədliyini dəstəkləməyə
çağıraraq demişdir: "Biz əminik ki, Azərbaycan
dövlətini və cəmiyyətini intellektin və mənəvi
dəyərlərin işığında gələcəyə
apara biləcək ən layiqli sima İlham Əliyevdir".
Daha
sonra A.Əlizadə gənc alimlərə elmi fəaliyyətlərini
genişləndirməyi, bütün sahələrdə fəal
olmağı, intellektlərini, innovativ təfəkkürlərini,
dövlətçilik şüurunu və mənəvi keyfiyyətlərini
daim xalqın və dövlətin inkişafına yönəltməyi
tövsiyə etmişdir.
Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər
şöbəsinin müdiri, professor Əli Həsənov
görüşə yekun vuraraq bildirmişdir ki, Azərbaycan
gəncliyinin inkişafı ilə bağlı dövlət
siyasətinin təməlində ümummilli lider Heydər Əliyevin
gənclər siyasəti, ölkənin gəncliyinə
münasibəti dayanır. Hələ sovet hakimiyyəti illərində
- 1969-cu ildə ulu öndərin respublikaya rəhbərlik etməyə
başladığı dövrdən etibarən gənclərimizin
xaricdə təhsili sahəsində, sözün əsl mənasında,
dirçəliş başlamışdır. Qətiyyətlə
demək olar ki, Azərbaycan gəncliyinin keçmiş
SSRİ-nin qabaqcıl ali təhsil müəssisələrində
təhsil alaraq yüksək ixtisaslı milli kadrlar kimi
yetişməsi ulu öndər
Heydər Əliyevin böyük xidmətlərindən
biridir. 1970-ci ildə respublikadan
kənarda təhsil almağa göndərilən gənclərin
sayı cəmi 70 nəfər idisə, 70-ci illərin sonunda
900 nəfərə, 80-ci illərin əvvəllərində
isə ildə 1000-1400 nəfərə çatırdı. Həmin
dövrdə, ümumilikdə, 15 mindən çox gənc
sovetlər birliyinin 175 nüfuzlu ali məktəbində 250-dək
ixtisasa yiyələndikdən sonra Vətənə
qayıdaraq ölkəmizin iqtisadi, mədəni və elmi
potensialının gücləndirilməsinə layiqli töhfələrini
vermişlər.
Prezident
Administrasiyasının şöbə müdiri demişdir ki,
1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən
hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev
Azərbaycan gəncliyi məsələsini dövlət siyasəti
səviyyəsinə qaldırmışdır. Ulu öndərin
fərmanı ilə 1994-cü ildə yaradılmış Gənclər
və İdman Nazirliyi də məhz gəncliklə
bağlı olan mühüm dövlət qurumudur. Azərbaycan
gənclərinin problemlərini müəyyənləşdirmək,
bu problemlərin həlli yollarını araşdırmaq və
dövlətin, cəmiyyətin səylərini buna istiqamətləndirmək
nazirliyin fəaliyyətinin əsasını təşkil
etmişdir.
Bildirilmişdir
ki, 1994-cü ildən ömrünün sonunadək ulu öndərin
fəaliyyətinin çox böyük bir hissəsini Azərbaycan
gəncliyi, ordu quruculuğu, dövlətimizin və millətimizin
gələcəyinin təmin olunması təşkil
etmişdir. Ona görə də bu gün Prezident İlham Əliyev üçün təməli
düzgün qoyulmuş, ölkənin avanqard qüvvəsi
olan gəncliyi idarə etmək, onların problemlərini həll
etmək olduqca asan və rahatdır.
Gənc alimlərin sosial problemlərindən danışan professor Əli Həsənov demişdir ki, bu məsələ dövlət rəhbərliyinin diqqət mərkəzindədir və onların aradan qaldırılması istiqamətində lazımi tədbirlər görüləcəkdir. Bu ilin əvvəlində Nazirlər Kabinetinin geniş iclasında Prezident İlham Əliyev ipoteka vəsaitlərindən istifadənin yeni konsepsiyasını irəli sürmüşdür. Həmin konsepsiya gənc alimlərin, eləcə də gənc nəslin ipoteka kreditlərindən ən güzəştli şərtlərlə, ən asan yollarla istifadə edə bilməsini nəzərdə tutur. Həmçinin ipotekanın alınması üçün prosedur qaydaları sadələşdirilməlidir. Dövlət başçısının həmin iclasda verdiyi tövsiyə və tapşırıqlar hazırda həm bank sektorunda, həm İqtisadi İnkişaf Nazirliyində, həm də elmin və gənclərin inkişafı ilə bağlı dövlət proqramlarında nəzərə alınır.
Gənclərin inkişafı istiqamətində həyata keçirilən dövlət proqramlarının əhəmiyyətindən danışan Prezident Administrasiyasının rəsmisi əminliklə vurğulamışdır ki, dövlətin Azərbaycan gəncliyinə qayğısı, intellektual gəncliyin inkişafı siyasəti gələcəkdə də uğurla davam etdiriləcəkdir.
Qeyd olunmuşdur ki, hər bir fəaliyyətin meyarı onun ictimai əhəmiyyəti ilə ölçülür. Bu baxımdan gənc alimlər Azərbaycan cəmiyyətinin ən şüurlu, intellektual hissəsini təşkil edir. Onlar Azərbaycanın gənclər siyasətinin önündə getməli, bu siyasəti müəyyən edən strukturların tərkibində gənc alimlərin fəaliyyəti nəzərə çarpmalıdır. Ona nail olmaq lazımdır ki, dövlət siyasətini müəyyən edən nazirliklərin ictimai şurasında intellektual gəncliyin nümayəndələri təmsil olunsunlar.
Ə.Həsənov çıxışına davam edərək demişdir ki, akademiyanın gəncləri bu gün, sözün əsl mənasında, cəmiyyətdə fəallıq nümayiş etdirməlidirlər. Dövlət başçısı AMEA-da çalışan gənclərdən məhz bunu gözləyir. O cəmiyyətlərin gələcəyi daha etibarlı olur ki, orada hazırkı nəsil özündən sonrakı nəslin daha qabiliyyətli və bacarıqlı yetişməsi üçün səy göstərir və buna nail olur.
Prezident Administrasiyasının rəsmisi demişdir ki, bugünkü gənclik daha rəqabətədavamlıdır, müxtəlif xarici dilləri, yeni texnologiyaları və innovativ yenilikləri daha yaxşı mənimsəmişdir. Ona görə də potensiallarını, bilik və bacarıqlarını göstərə bilmək üçün gənc alimlərə geniş meydan verilməlidir. Prezident İlham Əliyevin yürütdüyü gənclər siyasətinin mahiyyəti həm də ondan ibarətdir ki, biz rəqabətədavamlı gənclər yetişdirək, onların imkan və potensialından dövlətimizin, millətimizin inkişafı üçün istifadə edək. Bu, ümummilli lider Heydər Əliyevin də arzusu idi. Ulu öndər bu istəyini hələ 1999-cu ilin martında Azərbaycan gənclərinin ikinci forumunda ifadə etmişdir.
Qeyd olunmuşdur ki, bu gün neftdən gələn kapital və ölkənin digər gəlirlərinin böyük hissəsi insan potensialının yetişməsinə, o cümlədən dünyanın ən qabaqcıl elm və texnologiyalarının mənimsənilməsinə və tətbiqinə yönəlmişdir. Dövlət proqramları çərçivəsində yüzlərlə gənc hazırda dünyanın nüfuzlu ali məktəblərində təhsil alır. Bununla yanaşı, həmin proqramlar çərçivəsində dünya elminin müxtəlif sahələrindəki yeniliklər, xarici ölkələrdən qabaqcıl texnologiyalar gətirilərək respublikada tətbiq olunur.
AMEA-nın cəmiyyətdə mövqeyindən danışan Ə.Həsənov demişdir: Akademiya bütün dövrlərdə xalqın beyin mərkəzi, idarəçilik, düşüncə mərkəzi olmuşdur. Təəssüf ki, vaxtilə bu elm məbədindən çıxan insanlar akademiyanı ləğv etmək istəyirdilər. Yalnız ulu öndərin əzmi və iradəsi sayəsində AMEA qorunub saxlanmış, yenidən qurulmuş və fəaliyyətini genişləndirmişdir. Bu gün biz Azərbaycanın gələcəyini aydın görürük. Prezident İlham Əliyevin siyasəti, sözün həqiqi mənasında, milli əhvali-ruhiyyə, milli tələbat və milli maraqlar üzərində qurulmuşdur. Bu gün dövlətimizin başçısı seçki kampaniyası aparmır, çünki o, seçkilərin sabahını deyil, nəsillərin sabahını düşünür. Ona Azərbaycan gəncliyinin sabahı, xoş gələcəyi hər şeydən daha çox lazımdır.
Natiq vurğulamışdır ki, bugünkü yığıncaqda gənc alimlər tərəfindən növbəti prezident seçkilərində İlham Əliyevin namizədliyinin dəstəklənməsi cəmiyyətə verilən çox ciddi bir mesajdir. Əgər Azərbaycan gəncliyinin elitası və avanqardı növbəti dövrdə də Prezident İlham Əliyevi bu vəzifədə görmək istəyirsə, deməli, dövlətimizin başçısının yürütdüyü siyasət doğru siyasətdir, bu siyasət xalqa söykənmişdir və onun ehtiyaclarının həllinə istiqamətlənmişdir.
Prezident Administrasiyasının rəsmisi doğru seçim etdiklərinə görə akademiyanın gənclərinə təşəkkürünü bildirmiş, onlara böyük uğurlar arzulamışdır.
Sonda bu il keçiriləcək prezident seçkilərində Prezident İlham Əliyevin namizədliyinin yekdilliklə dəstəklənməsi ilə bağlı AMEA-nın gənc alimləri adından bəyanat qəbul olunmuşdur.
Gənclərin İntellektual İnkişaf Mərkəzinin beşillik hesabatı qənaətbəxş hesab edilmişdir.
Bununla
da, AMEA-nın gənc alimlərin ümumi
yığıncağı öz işini başa çatdırmışdır.
AzərTAc
Azərbaycan.-2013.- 11 iyul.- S.3.