Bolqarıstanda «İdarəetmə və
optimallaşdırmanın sənaye tətbiqləri» IV Beynəlxalq
konfransı keçirilir
İyulun 10-da Bolqarıstanın Borovets şəhərində "İdarəetmə
və optimallaşdırmanın sənaye tətbiqləri"
(COIA 2013) IV Beynəlxalq konfransı öz
işinə başlamışdır.
Beynəlxalq konfrans Azərbaycanın
rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasov, Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev, Türkiyənin
Bilkənt Universitetinin
professoru Hitay Özbay, Bolqarıstanın
Memarlıq, İnşaat
və Geodeziya Universitetindən
Mixail Konstantinov,
Sofiya Texniki Universitetindən Petko Petkov tərəfindən təşkil olunmuşdur.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AzərTAc-a bildirmişlər ki, tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasını, Bakı Dövlət Universitetini, Azərbaycan Dövlət Neft Akademiyasını və digər elm və təhsil qurumlarını təmsil edən 11 azərbaycanlı alim iştirak edir.
İyulun 12-dək davam edəcək konfransda elmi-nəzəri nəticələrin sənaye və iqtisadiyyatda tətbiqi məsələləri geniş müzakirə olunacaqdır.
İlk dəfə 2005-ci
ildə Bakıda keçirilmiş bu tədbir müvafiq sahənin
mütəxəssisləri arasında böyük
elmi nüfuza malikdir.
Azərbaycan.-2013.- 11 iyul.- S.5.