Azərbaycanda ali konstitusiya ədalət mühakiməsi orqanının fəaliyyətə başlamasından 15 il keçir

 

"Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi səmərəli hüquqi təsisat kimi formalaşmış, dövlət hakimiyyəti sistemində özünəməxsus yer tutmuşdur. Konstitusiya Məhkəməsi insan hüquqlarına dair müasir ideyaların, xüsusilə də İnsan hüquqları üzrə Avropa Konvensiyasında təsbit olunmuş prinsiplərin milli hüquqa tətbiqində, ölkəmizin Avropa hüquq məkanına inteqrasiyasında əhəmiyyətli rol oynayır, qəbul etdiyi qərarlarla hüquq sisteminin inkişafına və hüquq mədəniyyətinin artırılmasına təsir göstərir, bütövlükdə dövlətin hüquqi əsaslarının gücləndirilməsində fəal iştirak edir".

 

 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Konstitusiya Məhkəməsinin 10 illik yubileyi münasibətilə təbrik məktubundan

 

 XX yüzilliyin sonlarında beynəlxalq aləmdə baş vermiş genişmiqyaslı sosial-siyasi dəyişikliklər yeni dünya nizamının ortaya çıxmasını şərtləndirməklə yanaşı, bir sıra dövlətlərin, o cümlədən Azərbaycanın öz müstəqilliyini elan etməsinə səbəb oldu. 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktının qəbul edilməsi ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyi və suverenliyi beynəlxalq aləmə bəyan edildi və həmin gün çoxəsrlik dövlətçilik tariximizə dövlət müstəqilliyinin bərpası günü kimi daxil oldu.

 

Dövlət müstəqilliyinin bərpa edilməsindən sonra Azərbaycanın hərbi təcavüz, iqtisadi tənəzzül, siyasi qeyri-sabitlik kimi milli təhlükəsizliyi təhdid edən ciddi problemlərlə qarşılaşması, xalqın mənafelərini əks etdirən siyasi iradənin olmaması ölkəmiz qarşısında duran mühüm vəzifələrin reallaşdırılmasını qeyri-mümkün etmişdi. Müstəqil Azərbaycan dövlətinin mövcudluğu üçün taleyüklü bir dönəmdə möhkəm siyasi iradə nümayiş etdirərək ölkənin milli maraqlarını təmin edə biləcək tarixi şəxsiyyətə olan ehtiyac xalqımızın təkidli tələbi ilə müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı ilə nəticələndi. Ümummilli lider müdrik siyasəti ilə Azərbaycanın bütövlüyünü təhdid edən hədələri aradan qaldırmağa, ölkəni anarxiyadan xilas edərək siyasi sabitliyi təmin etməyə, xalqımızı müstəqil Azərbaycan və azərbaycançılıq ideyası ətrafında birləşdirməyə müvəffəq oldu. Nəticədə ölkə həyatının bütün sahələrini əhatə edən, hüquqi dövlət quruculuğuna istiqamətlənmiş genişmiqyaslı islahatların başlanmasına imkan verən zəruri mühit formalaşdırıldı.

 

Başlanmış islahatlar fonunda ən mühüm hadisələrdən biri 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə müstəqil Azərbaycan dövlətinin yeni Konstitusiyasının qəbul edilməsi oldu. Ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi, gərgin əməyi və səylərinin nəticəsi olan bu ümummilli əhəmiyyətli sənədin qəbulu dövlətçiliyimizin inkişafı tarixində yeni səhifə açdı. Əsas Qanun cəmiyyətin və dövlətin inkişafının strateji məqsəd və vəzifələrini müəyyənləşdirdi, hüquqi xarakterlə yanaşı, siyasi aspektə də malik olmaqla, siyasi proses və münasibətlərə tənzimləyici təsir göstərən akt rolunu oynadı.

 

Konstitusiyada müasir sivil vətəndaş cəmiyyətinin inkişaf istiqamətlərini müəyyənləşdirən, hüquqi dövlət quruculuğuna imkan verən mütərəqqi ideya və dəyərlər geniş şəkildə öz əksini tapmışdır. Əsas Qanunda dövlət hakimiyyətinin yeganə mənbəyi kimi Azərbaycan xalqının tanınması, ölkənin bütövlüyünün qorunması, hakimiyyətlərin bölünməsi prinsipinə ciddi riayət olunması, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsinin Azərbaycan dövlətinin ali məqsədi olması, Azərbaycan dövlətinin xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalması təsbit edilmişdir.

 

Konstitusiyanın dövlət və hüquq sistemimizə gətirdiyi mühüm yeniliklərdən biri müstəqil məhkəmə hakimiyyətinin yaradılması olmuşdur. Konstitusiyada təsbit edilmiş hakimiyyətlər bölgüsü prinsipinə müvafiq olaraq məhkəmə hakimiyyəti orqanları həm də keyfiyyətcə yeni funksiyalar əldə etmiş, məhkəmə hakimiyyətinin özü isə demokratik quruluşun təməli hesab olunan hakimiyyətlər bölgüsü prinsipini reallaşdıran "tarazlaşdırma və çəkindirmə" sisteminin zəruri tərkib hissəsinə çevrilmişdir.

 

Konstitusiyanın gətirdiyi əhəmiyyətli yeniliklərdən biri də həmin dövrə qədər dövlətçilik tariximiz üçün səciyyəvi olmayan institutun - konstitusiya nəzarəti orqanının yaradılması olmuşdur.

 

Qeyd edilməlidir ki, "konstitusiya nəzarəti" konstitusiyaların mövcudluğu ilə əlaqədar olub, konstitusiya ilə təsbit edilmiş norma və prinsiplərin qorunması, hakimiyyətin müxtəlif orqanlarının müəyyənləşdirilmiş səlahiyyət balansının təmini, habelə insan və vətəndaşların konstitusiya hüquq və azadlıqlarının müdafiəsi məqsədi daşıyır. Başqa sözlə desək, konstitusiya nəzarətinin əsas missiyası konstitusiyanın aliliyinin təmin edilməsi və konstitusiya ilə təsbit olunmuş insan hüquq və azadlıqlarının müdafiəsidir.

 

Tarixən uzun inkişaf yolu keçərək müasir dövrdə demokratik, hüquqi dövlət quruculuğunun ayrılmaz atributlarından birinə çevrilmiş konstitusiya ədalət mühakiməsi bütövlükdə cəmiyyətə və onun inkişafı prosesinə keyfiyyət baxımından əhəmiyyətli təsir göstərir, bu və ya digər dövlətin ərazisində ictimai münasibətlərin bütün subyektlərinin fəaliyyətində konstitusiyanın aliliyinin, habelə birbaşa qüvvəsinin təmin edilməsinə xidmət edir. Artıq bəşəriyyət konstitusiya ədalət mühakiməsini hakimiyyət sisteminin demokratikləşdirilməsinin, insan hüquq və azadlıqlarının müdafiəsinin və hüququn aliliyinin təmin olunmasının əvəzedilməz mexanizmlərindən biri kimi qəbul edir.

 

Hüquqi dövlətdə konstitusiya ədalət mühakiməsi funksiyalarının həyata keçirilməsi konstitusiya nəzarəti orqanlarının konstitusiyaqanunlarla nəzərdə tutulmuş səlahiyyətlərinin reallaşdırılması yolu ilə mümkündür. Konstitusiya nəzarəti orqanının fəaliyyəti vasitəsilə hüququn aliliyini təmin etmək, qanunvericilik sistemində olan kolliziyaları aradan qaldırmaq, dövlət orqanları arasında səlahiyyətlər bölgüsü ilə bağlı mübahisələri istisnasız olaraq hüquqi vasitələrlə həll etmək, pozulmuş hüquq və azadlıqları bərpa etmək imkanı yaranır, hüququn tətbiqi təcrübəsində ahəngdar, məntiqi inkişaf təmin olunur.

 

Bu baxımdan Azərbaycan Respublikasının Konstitusiyası qəbul olunarkən hüquqi dövlət quruculuğunun müasir meyillərindən çıxış edilərək ölkəmizdə konstitusiya ədalət mühakiməsi orqanının təsis edilməsinin nəzərdə tutulması, bu təsisatın dövlət hakimiyyəti sistemində yerinin və rolunun müəyyənləşdirilməsi olduqca mütərəqqi və əhəmiyyətli hadisə idi.

 

1998-ci il iyulun 14-də Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Konstitusiya Məhkəməsinin 7 hakiminin təyin edilməsi ilə və iyul ayının 18-də ulu öndər, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Konstitusiya Məhkəməsinin müstəqilliyini və hakimlərinin hüquqi statusunu təmin etmək məqsədilə imzaladığı fərmanla Konstitusiya Məhkəməsi rəsmən fəaliyyətə başlamışdır. Xüsusi vurğulanmalıdır ki, ölkəmizdə konstitusionalizm ideyalarının inkişafı, konstitusiya nəzarəti orqanının real fəaliyyətə başlaması, onun müstəqilliyinin təmin edilməsi, hakimlərinin sosial təminatının və müdafiəsinin gücləndirilməsi məhz xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə birbaşa bağlıdır.

 

Ali konstitusiya ədalət mühakiməsi orqanı olan Konstitusiya Məhkəməsinin əsas məqsədi Azərbaycan Respublikası Konstitusiyasının aliliyini təmin etmək, hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etməkdir. Bunu nəzərə alaraq əminliklə qeyd etmək olar ki, konstitusiya ədalət mühakiməsi qanunun aliliyinin təmin edilməsinin, insan hüquqlarının və əsas azadlıqların müdafiəsinin mühüm mexanizmlərindən biri qismində çıxış edir.

 

Konstitusiya Məhkəməsinin fəaliyyət göstərdiyi illərə nəzər saldıqda, onu müəyyən mərhələlərə bölmək olar. İlk illər daha çox Konstitusiya Məhkəməsinin fəaliyyətinin təşəkkül dövrü və bütövlükdə cəmiyyətimiz tərəfindən onun konstitusiya ədalət mühakiməsi orqanı kimi dövlət və ictimai həyatdakı rolununyerinin qəbul edilməsi ilə bağlı olmuşdur. Qeyd edildiyi kimi, bu orqan cəmiyyət üçün tamamilə yeni təsisat olduğundan ictimaiyyət arasında onun statusu və fəaliyyət istiqamətləri barədə geniş təsəvvürün formalaşması müəyyən zaman tələb edirdi.

 

Konstitusiya nəzarətinin səmərəli həyata keçirilməsi həm də bu institutun özünün təkamülünü nəzərdə tutur. Digər tərəfdən, Azərbaycanda həyata keçirilən genişmiqyaslı demokratikləşmə prosesləri, insan hüquq və azadlıqlarının müdafiəsinin hüquqi mexanizmlərinin daha da təkmilləşdirilməsi ölkəmizin Avropa ailəsinə yaxından inteqrasiyası ilə paralel getmişdir. Bu sadalananlarAvropa Şurasına daxil olarkən Azərbaycanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi ölkəmizdə konstitusiya islahatlarının həyata keçirilməsini zəruri edirdi.

 

Məhz bu zərurətdən irəli gələrək ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 2002-ci il avqustun 24-də keçirilmiş referendumla konstitusiyanın mətninə bir sıra dəyişikliklər edilmiş, o cümlədən Konstitusiya Məhkəməsinə müraciət etmək hüququna malik subyektlərin dairəsi genişlənmiş, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman), məhkəmələr və vətəndaşlar Konstitusiya Məhkəməsinə müraciət hüququ əldə etmişlər.

 

Qeyd edilməlidir ki, konstitusiya islahatlarından əvvəl Konstitusiya Məhkəməsi öz əsas səlahiyyətlərini yalnız Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sorğuları əsasında həyata keçirirdi. Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ olan subyektlərin dairəsinin belə məhdud olması təcrübədə müəyyən problemlərin yaranmasına, xüsusilə də vətəndaşların öz konstitusiya hüquqlarını müdafiə etmək üçün bu hüquq müdafiə vasitəsindən səmərəli istifadə edə bilməməsinə səbəb olurdu.

 

Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ olan subyektlərin dairəsinin genişləndirilməsi nəticəsində hər kəs onun hüquq və azadlıqlarını pozan qanunvericilikicra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarından, bələdiyyə və məhkəmə aktlarından pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi məqsədi ilə şikayət vermək, insan hüquqları üzrə müvəkkil (ombudsman) insan hüquq və azadlıqlarını pozan qanunvericilikicra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə və məhkəmə aktlarından sorğu vermək, məhkəmələr isə insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı konstitusiyanın və qanunların şərhi ilə əlaqədar müraciət hüququ əldə etmişlər.

 

Konstitusiya Məhkəməsinin səlahiyyətlərinin genişlənməsi ilə nəticələnmiş konstitusiya islahatları müasir dövrdə dünyada gedən konstitusiya nəzarətinin inkişaf meyillərinə uyğun aparılmış, məhkəmənin fəaliyyətinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına səbəb olmuş, Konstitusiya Məhkəməsinin timsalında hüquqların müdafiəsi üçün əhəmiyyətli vasitənin əldə edilməsi baxımından əlverişli zəmin yaratmışdır.

 

Konstitusiya islahatlarının ardınca Avropa Şurasının ekspert və mütəxəssislərinin iştirakı ilə hazırlanaraq qəbul edilmiş və 2004-cü il yanvarın 8-dən qüvvəyə minmiş "Konstitusiya Məhkəməsi haqqında" yeni qanunda digər müddəalarla yanaşı, yeni subyektlər tərəfindən Konstitusiya Məhkəməsinə müraciət edilməsi və həmin müraciətlərə baxılması prosedurları da müəyyənləşdirilmişdir.

 

Bu gün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi geniş səlahiyyətlər dairəsinə malik müasir konstitusiya nəzarəti orqanıdır. Qeyd olunan nəzarətin yurisdiksiyasına normativ-hüquqi aktların geniş spektri daxildir. Bu da bütün qanunvericilik sisteminə konstitusiya nəzarətinin həyata keçirilməsi, konstitusiya və qanunların normalarının şərhi vasitəsilə hüququn inkişafı və hüquqtətbiqetmə təcrübəsinin istiqamətləndirilməsi baxımından olduqca əhəmiyyətli funksiyaların həyata keçirilməsi deməkdir.

 

Konstitusiya Məhkəməsinin əsas səlahiyyətləri Konstitusiyanın 130-cu maddəsində əksini tapmışdır. Konstitusiya Məhkəməsinin əsas səlahiyyətlərindən biri normativ-hüquqi aktların, bələdiyyə aktlarının konstitusiyayahüquqi qüvvəsinə görə daha üstün olan aktlara uyğunluğunun, Ali Məhkəmənin qərarlarının konstitusiyayaqanunlara uyğunluğunun, Azərbaycan Respublikasının qüvvəyə minməmiş dövlətlərarası müqavilələrinin konstitusiyaya, Azərbaycan Respublikasının hökumətlərarası müqavilələrinin konstitusiyayaqanunlara uyğunluğunun yoxlanılmasıdır.

 

Bu səlahiyyəti vasitəsilə Konstitusiya Məhkəməsi konstitusiyanın və qanunların aliliyini təmin etmiş olur. Belə ki, Konstitusiya Məhkəməsi yoxlanılan normanın və ya onun hər hansı bir hissəsinin konstitusiyaya, yaxud özündən üstün hüquqi qüvvəyə malik akta uyğun olmadığını müəyyənləşdirdikdə onu qüvvədən düşmüş elan edir. Bununla da həmin normativ-hüquqi aktın müvafiq müddəası öz hüquqi qüvvəsini itirir və Azərbaycan Respublikasının ərazisində tətbiq edilə bilməz. Burada mühüm məqam ondan ibarətdir ki, yoxlanılan norma Konstitusiya Məhkəməsi tərəfindən məqsədəmüvafiqlik nöqteyi-nəzərindən deyil, konstitusiyanın hərfinə və ruhuna, onun prinsiplərinə uyğunluq baxımından qiymətləndirilir və konstitusiya ilə uyğunsuzluq təşkil etdiyinə görə qüvvədən salınmış normalar qanunvericilik sistemindən kənarlaşdırılmış olur. Bununla da bəzi konstitusiya hüququ alimlərinin haqlı olaraq qeyd etdiyi kimi, Konstitusiya Məhkəməsi faktiki olaraq "mənfi qanunverici" funksiyasını həyata keçirmiş olur.

 

Konstitusiya Məhkəməsinin mühüm səlahiyyətlərindən biri də Konstitusiyanın və qanunların şərhidir. Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sorğusuümumi məhkəmələrin müraciəti əsasında Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına şərh verir.

 

Bu səlahiyyət məhkəməyə buya digər normanın məzmununu aydınlaşdırmaqla onun real konstitusiya-hüquqi predmetini hüquqtətbiqedicilərin nəzərinə çatdırmağa və həmin normanın məhz bu mənaya uyğun dəqiq və eyni cür tətbiqi təcrübəsini formalaşdırmağa imkan verir. Mühüm məqam ondan ibarətdir ki, Konstitusiya Məhkəməsinin verdiyi rəsmi şərhlə hüquq norması müasir dəyərlər baxımından dolğunlaşdırılaraq daha təkmil forma alır və həmin normanın hər hansı digər qeyri-konstitusion formada tətbiqi mümkünsüz olur. Beləliklə də normanın tətbiqi qaydası dəqiqləşdirilməklə onun məhdudlaşdırıcı və ya genişləndirici formada olan qeyri-konstitusion tətbiqi təcrübəsi dəyişdirilmiş olur. Bu isə geniş mənada hüququn tətbiqi təcrübəsinin konstitusiya hüququna müvafiq inkişaf etdirilməsi məqsədinə xidmət göstərir.

 

Qeyd edilməlidir ki, son illərdə məhkəmələrdən Konstitusiya Məhkəməsinə daxil olan müraciətlərin sayı xeyli artmışdır. Həmin müraciətlərdə digər məhkəmələr, hüquq-mühafizə orqanları və cəmiyyət üçün mühüm problemlərin aradan qaldırılmasına kömək edən ayrı-ayrı hüquq sahələri üzrə əhəmiyyətli məsələlərə toxunulur. Bu, onu göstərir ki, ümumi məhkəmələrin hakimləri dövlətin adından qərar qəbul edilməsinin məsuliyyətini dərindən dərk edirlər və bir çox hallarda baxılan üzrə icraatı dayandırmaqla Konstitusiya Məhkəməsinə müraciət edərək konstitusion prinsiplərə əsaslanan yüksək konstitusiya nəzarəti orqanının mövqeyini əldə etməyə çalışırlar. Bu isə son nəticədə məhkəmələrdə ədalətli qərarın çıxarılması üçün təminat kimi çıxış edir. Bu günədək məhkəmələrin müraciətləri əsasında Konstitusiya Məhkəməsinin Plenumu 49 qərar və 9 qərardad qəbul etmişdir.

 

Ümumiyyətlə, Konstitusiya Məhkəməsinin fəaliyyəti müddətində qəbul edilmiş qərarlar sırasında konstitusiya və qanunların şərhinə dair çıxarılmış qərarlar xüsusi çəkiyə malikdir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilmiş 247 qərardan 103-ü qanunların, 2-si isə konstitusiyanın müxtəlif müddəalarının şərh edilməsinə dair olmuşdur.

 

Konstitusiya Məhkəməsinin əsas səlahiyyətlərindən biriqanunvericilik, icra və məhkəmə hakimiyyətləri arasında səlahiyyətlər bölgüsü ilə bağlı mübahisələri həll etməkdir. Konstitusiyanın 130-cu maddəsində nəzərdə tutulan səlahiyyətləri ilə yanaşı, Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərinin nəticələrinin düzgünlüyünü qanunla müəyyən olunmuş qaydada yoxlayır və təsdiq edir, Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları haqqında məlumatı rəsmən elan edir, konstitusiyanın mətninə təklif edilən dəyişikliklərə dair əvvəlcədən rəy verir, habelə konstitusiyada nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirir.

 

Artıq qeyd edildiyi kimi, fəaliyyətə başladığı ilk illərdə Konstitusiya Məhkəməsinə birbaşa fərdi şikayətlərin verilməsi nəzərdə tutulmurdu. 2002-ci il konstitusiya islahatlarından və "Konstitusiya Məhkəməsi haqqında" yeni qanunun 2004-cü ilin yanvarından qüvvəyə minməsindən sonra Konstitusiya Məhkəməsində fərdi şikayətlər institutu fəaliyyətə başladı. Konstitusiya Məhkəməsinə daxil olan şikayətlərin əksəriyyəti məhkəmə aktlarındandır. Məhkəmə aktlarından verilən şikayətlər əsasən mülki, mənzil, ailə, əmək və s. münasibətlərdən irəli gələn mübahisələrlə əlaqədardır. Bunlara misal olaraq yaşayış sahəsindən istifadə, əmlak payının verilməməsi, sahibkarlıq fəaliyyəti, müqavilələrin etibarsızlığı və ya ləğv olunması, torpaq sahələrinin ayrılması və istifadə edilməsi, işə bərpa, məhkum etmə barədə məhkəmə aktlarından verilən şikayətləri göstərmək olar.

 

Bu günədək Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən fərdi şikayətlər əsasında 85 qərar qəbul edilmişdir. Həmin qərarlarda vətəndaşların hüquq və azadlıqlarının məhkəmə müdafiəsi, o cümlədən məhkəməyə müraciət, mülkiyyət hüquqlarının müdafiəsi, əmək, mənzil, sosial-təminat hüququs. mühüm məsələlərə dair hüquqtətbiqetmə baxımından əhəmiyyətli hüquqi mövqelər formalaşdırılmışdır.

 

Məhkəmə aktlarının konstitusiyayaqanunlara uyğunluğunun yoxlanılması üzrə Konstitusiya Məhkəməsinin fəaliyyətindən danışarkən bir məqamı xüsusi qeyd etmək lazımdır ki, bu səlahiyyət Konstitusiya Məhkəməsini heç bir halda növbəti məhkəmə instansiyasına çevirmir. Belə ki, Konstitusiya Məhkəməsi fərdi şikayətlər əsasında məhkəmə aktlarının qanuniliyini yoxlayarkən müstəsna hüquq müdafiə vasitəsi kimi çıxış edir, işlərə mahiyyəti üzrə baxmır. Burada Konstitusiya Məhkəməsinin vəzifəsi konstitusiyanın aliliyini təmin etmək və pozulmuş insan hüquq və azadlıqlarının bərpasına yol açmaqdır.

 

Ümumiyyətlə, Əsas Qanunla nəzərdə tutulmuş səlahiyyətlərini həyata keçirərkən Konstitusiya Məhkəməsi hakimiyyətin digər qolları ilə qarşılıqlı fəaliyyət göstərir, qəbul etdiyi qərarları ilə milli hüquq sisteminin formalaşmasına, qanunvericiliyin inkişafına öz töhfəsini verir, onu konstitusiya ideyaları ilə zənginləşdirir. Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərarlarda konstitusiyanın əsasları, onun aliliyibirbaşa qüvvəsi, respublikamızın tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəaları, habelə insan hüquqlarının və azadlıqlarının prioriteti prinsipi nəzərə alınmaqla mühüm hüquqi mövqelər formalaşdırılmışdır. Ötən illər ərzində Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən ümumilikdə 247 qərar və 56 qərardad qəbul edilmiş, bu qərarların böyük bir hissəsi birbaşaya dolayısı ilə məhz insan hüquq və azadlıqlarının həyata keçirilməsi ilə bağlı olmuşdur.

 

Bu gün konstitusiya nəzarəti orqanları qarşısında duran mühüm vəzifələrdən birikonstitusiya ədalət mühakiməsinin müasir meyillərinin davamlı olaraq izlənilməsidir. Konstitusiya Məhkəməsi də konstitusiya ədalət mühakiməsinin müasir meyillərini davamlı olaraq izləyir və fəaliyyətində tətbiq edir. Məhkəməmiz beynəlxalq təcrübəyə böyük diqqət yetirməklə öz qərarlarında beynəlxalq hüquq aktlarının, eləcə də "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın müddəalarına, habelə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna istinadlar edir. Bu, ilk növbədə qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsi kimi müvafiq beynəlxalq müqavilələrin tətbiqinin zəruriliyindən irəli gəlir. Digər tərəfdən isə, bu, daha keyfiyyətli qərarların qəbul edilməsinə, həmçinin məhkəmənin mövqeyinin zənginləşdirilməsinə və düzgün əsaslandırılmasına xidmət edir.

 

Konstitusiya Məhkəməsi zamanın tələbindən çıxış edərək fəaliyyətə başladığı ilk illərdən beynəlxalq əlaqələrin genişləndirilməsinə xüsusi əhəmiyyət verir, xarici ölkələrin konstitusiya nəzarəti orqanları ilə, habelə Avropa Şurası, ATƏT, Amerika Hüquqşünaslar Assosiasiyası, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti və başqa beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.

 

Konstitusiya Məhkəməsi Türkiyə, Rusiya, Almaniya, Fransa, Belçika, Çexiya, Slovakiya, Macarıstan, Sloveniya, Norveç, İspaniya, Ukrayna, Gürcüstan, Moldova, Litva, Latviya, Polşa, İspaniya, İndoneziya və digər ölkələrin konstitusiya nəzarəti orqanları ilə sıx ikitərəfli əməkdaşlıq qurmuş, qarşılıqlı səfərlər təşkil edilmişdir. Həyata keçirilən beynəlxalq əməkdaşlığın davamı olaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir sıra dövlətlərin, o cümlədən Türkiyə, Belarus, Moldova, Bolqarıstan və İndoneziya respublikalarının konstitusiya məhkəmələri ilə qarşılıqlı əməkdaşlıq haqqında memorandumlar imzalamışdır. Bu müqavilələr məhkəməmiz ilə qeyd edilən dövlətlərin konstitusiya nəzarəti orqanları arasında əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişafı, konstitusiya məhkəmələri arasında hüquqi sahədə əlaqələrin daha da möhkəmləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsi üçün geniş imkanlar yaradır.

 

On beş il əvvəl konstitusiya nəzarəti orqanı kimi Konstitusiya Məhkəməsi Azərbaycanın hüquq sistemi və ictimaiyyəti üçün tamamilə yeni bir institut idi. Bu gün isə məhkəməmiz konstitusiyanın aliliyinin təmin edilməsi, insan hüquqlarının və azadlıqlarının müdafiəsi sahəsində səmərəli fəaliyyəti ilə ali dövlət orqanları sırasında öz layiqli yerini tutmuşdur. Hələ 2003-cü ildə Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasının 5 illiyi münasibətilə göndərdiyi təbrik məktubunda xalqımızın ümummilli lideri Heydər Əliyev demişdir: "Konstitusiya Məhkəməsinin simasında milli dövlətçiliyimizi, insan və vətəndaş hüquq və azadlıqlarını müdafiə edən mötəbər təsisata malikik".

 

Ötən 15 ilə nəzər saldıqda aydın görünür ki, Konstitusiya Məhkəməsi Azərbaycanda hüquqi, dünyəvi dövlət quruculuğu prosesində fəal iştirak etmiş, demokratiyanın və hüquq mədəniyyətinin inkişafına, konstitusionalizm ideyalarının həyata keçirilməsinə töhfələr vermişdir. Hər kəsin Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına hörmət və ehtiramının, ədalət, azadlıq və humanizm kimi prinsiplərin möhkəmləndirilməsinə istiqamətlənmiş fəaliyyəti ilə məhkəməmiz ictimaiyyətin etimadını qazanmağa müvəffəq olmuşdur.

 

Bu gün Azərbaycan dinamik inkişaf edən, dünya birliyində özünə layiqli yer tutan, regionun müstəqil siyasət yürüdən lider dövlətidir. Ümummilli lider Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə xalqımız tarixi nailiyyətlərə imza atır, Azərbaycan öz inkişafının keyfiyyətcə yeni, daha yüksək mərhələsinə qədəm qoyur. Davamlı və dinamik inkişaf, demokratik nailiyyətlərin əldə olunmasına yönəlmiş məqsədyönlü fəaliyyət demokratik-hüquqi islahatların da davam etdirilməsini zərurətə çevirir.

 

Digər tərəfdən, XXI əsrdə ictimai inkişafın daim yeniləşən meyilləri bütövlükdə hüquq sisteminin daha da təkmilləşdirilməsini şərtləndirir, insan və vətəndaş hüquqlarının və əsas azadlıqların tam təmin olunması və vətəndaşların üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün zəruri şəraitin yaradılmasına cavabdeh olan dövlət strukturlarına qarşı əlavə tələblər irəli sürürbununla da cəmiyyətdə konstitusiya nəzarətinin rolunu və əhəmiyyətini daha da artırır.

 

Əminik ki, Konstitusiya Məhkəməsi Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu prosesində bundan sonra da fəal iştirak edəcək, konstitusiyanın aliliyinin təmin olunması, insan hüquqlarının və azadlıqlarının daha səmərəli müdafiəsi işinə töhfələrini verməkdə davam edəcəkdir.

 

 Fərhad Abdullayev,

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri

 

Azərbaycan.-2013.- 11 iyul.- S.4.