«Neft Daşları»nda yeni Qaz Turbinli İstilik Elektrik Stansiyası istifadəyə verilmişdir

 

İyulun 10-da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri "Neft Daşları"nda olmuşlar.

AzərTAc xəbər verir ki, ARDNŞ-in prezidenti və şirkətin digər rəhbər şəxsləri əvvəlcə "Neft Daşları"nda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzmüşlər.

Sonra ARDNŞ-in prezidenti burada inşa edilmiş yeni Qaz Turbinli İstilik Elektrik Stansiyasının istismara verilməsi mərasimində iştirak etmişdir.

Stansiyanı işə salan ARDNŞ-in prezidentinə məlumat verilmişdir ki, "Neft Daşları" və "28 May" neft və qazçıxarma idarələrinin elektrik enerjisi ilə təminatı 1986-cı ildə istifadəyə verilmiş Qaz Turbinli Elektrik İstilik Stansiyası vasitəsilə həyata keçirilirdi. Stansiya fiziki və mənəvi cəhətdən köhnəldiyindən, bəzi avadanlıqların sıradan çıxması, bununla da yanacaq sərfi, habelə hasil olunan enerjinin maya dəyəri artdığından yeni stansiyanın tikilməsinə ehtiyac yaranmışdı. Bütün bunlar nəzərə alınaraq 2009-cu ildə ARDNŞ-in "Neftqazelmitədqiqatlayihə" İnstitutu və "Kompra Enerji" şirkəti tərəfindən hər birinin gücü 7,5 MVA olan 6 qaz turbinli generatordan ibarət elektrik stansiyasının layihəsi hazırlanmışdır.

Qaz Turbinli İstilik Elektrik Stansiyası həmin layihə əsasında "Neft Daşları"nda quraşdırılmış 60x100 metr ölçülü platformanın üzərində ARDNŞ-in "Neftqaztikinti" Tresti tərəfindən tikilmişdir. Yeni stansiya elektrik enerjisi hasil etməklə yanaşı, kommunal məişət obyektlərinin istilik enerjisinə olan tələbatını da təmin edir.

Qeyd olunmuşdur ki, "SOLAR" şirkətinin istehsalı olan 6 "TAURAS-70" qaz turbin generatoru istismar etibarlılığı baxımından yüksək tələblərə cavab verir. Turbinlərdən 4-ü yalnız yanacaq qazı, digər 2 turbin isə həm qaz, həm də dizel yanacağı ilə işləyə bilir. Bütün turbinlər tələbatdan asılı olaraq eyni vaxtda dayanmadan işləyə biləcək şəkildə layihələndirilmişdir. Stansiyanın materialları dəniz şəraitində istismar tələbləri üçün qoyulan beynəlxalq standartlara cavab verir. Stansiyanın istismarının minimum layihə müddəti 200 min saatya 25 il təşkil edir.

ARDNŞ-in prezidenti obyektin vaxtında və yüksək keyfiyyətlə istismara buraxılması münasibətilə mərasim iştirakçılarını təbrik etmişdir. Şirkət rəhbəri son illər "Neft Daşları"nın sosial-iqtisadi inkişafı istiqamətində görülən tədbirlərin təqdirəlayiq olduğunu bildirmiş, istismara verilən stansiyanın bu baxımdan əhəmiyyətini vurğulamışdır.

Sonra ARDNŞ-in prezidenti və şirkətin digər rəhbər şəxsləri GeofizikaGeologiya İdarəsinin "Neft Daşları" mədən geofizika ekspedisiyası üçün yeni inşa edilən meydançainzibati binanın açılış mərasimində iştirak etmişlər. Mərasimdə bildirilmişdir ki, indiyədək "Neft Daşları", "Palçıq Pilpiləsi", "Günəşli" və "Çilov adası" yataqlarındakı quyularda geofiziki tədqiqat işlərini yerinə yetirən ekspedisiya 1985 və 1983 nömrəli meydançalarda yerləşmişdir. Ötən müddət ərzində meydançaların və estakadanın bəzi hissələri, eləcə də ekspedisiyaya gedən yollar yararsız vəziyyətə düşmüş, metal sütunlar korroziyaya məruz qalmışdır. Bütün bunlar nəzərə alınaraq yeni meydançanın və ekspedisiyanın bazasının tikintisinə qərar verilmişdir. 2010-cu ildən "Neftqazelmitədqiqatlayihə"

İnstitutunun layihəsi əsasında "Neftqaztikinti" Tresti tərəfindən yeni özülün, 2012-ci ilin noyabr ayından isə ekspedisiya üçün bazanın tikintisinə başlanılmışdır. Özüldə işçilərinin işləməsi və mədən-geofiziki cihazların təmiri üçün ümumi sahəsi 1800 kvadratmetr olan ikimərtəbəli inzibati bina inşa olunmuşdur. Binada quyu cihazlarının təmiri sexi, rəhbər və mühəndis texniki işçilərin otaqları, arxiv-fond, emal otaqları yerləşir. Ərazidə həmçinin nəqliyyat və xüsusi texnika, quyu cihazlarının təmiri sexləri, mexaniklərin otağı, emalatxana, radioaktiv və partlayıcı maddələrin saxlanılması anbarları tikilmişdir.

ARDNŞ-in prezidenti obyektin vaxtında və yüksək keyfiyyətlə istifadəyə verilməsinin əhəmiyyətini vurğulamış, geofiziklərə uğurlar arzulamışdır.

Tədbir çərçivəsində şirkətin neft-qaz hasilatı göstəriciləri müzakirə olunmuş, müvafiq idarə və müəssisə rəhbərlərinə konkret tapşırıqlar verilmişdir.

 

Azərbaycan.-2013.- 11 iyul.- S.5.