«İnqilab ssenariləri»nin
sonu milli tənəzzüldür
Cənubi
Qafqazın güclü dövlətinə çevrilən,
regionda əsas söz sahibi kimi çıxış edən
Azərbaycanın son illərdə əldə etdiyi davamlı
uğurlarını həzm edə bilməyən müəyyən
bədxah qüvvələrin hədəfi dəyişməz olaraq
qalır: nəyin bahasına olursa-olsun Azərbaycan hakimiyyətinin
həyata keçirdiyi iqtisadi, siyasi və hüquqi
islahatların, demokratik inkişaf proseslərinin üzərinə
kölgə salmaq, ölkənin beynəlxalq imicinə zərbə
vurmaq.
Səbəb
kifayət qədər sadədir: Azərbaycanın iqtisadi və
siyasi baxımdan güclənməsi, regionda
inkişafını məhz daxili imkanları hesabına təmin
edən yeganə ölkəyə çevrilməsi,
Avropanın enerji təhlükəsizliyində mühüm rol
oynaması müəyyən dövlətləri və təşkilatları,
xüsusən də ermənipərəst dairələri ciddi
narahat edir.
Son illər
erməni lobbisinin təsiri altında olan bir sıra
qeyri-hökumət təşkilatlarının ardınca Avropa
İttifaqının da Azərbaycan əleyhinə qərəzli
kampaniyalarda iştirakı buna
şübhə yeri qoymur. Bu fakt, eyni zamanda, antiazərbaycan
şəbəkənin, o cümlədən ermənipərəst
dairələrin ölkəmizin əleyhinə yenidən fəallaşdığını
göstərir. Xatırladaq ki, 2012-ci ilin may ayında -
"Eurovizion 2012" ərəfəsində təşkilatın
Azərbaycanla bağlı qəbul etdiyi "İnsan
hüquqları, demokratiya və hüququn aliliyinin
pozulmasına dair" qətnamə bunun əyani təzahürü
idi. Sənəddə respublikamızda söz və mətbuat
azadlıqlarının həyata keçirilməsi sahəsində
ciddi problemlərin mövcudluğu iddia edilirdi. Qətnamənin
Avropa Parlamentinin 754 deputatından cəmi 56-nın
iştirakı ilə qəbul edilməsi, səsvermə
zamanı cəmi 49 nəfərinin lehinə səs verməsi
onun qərəzli və absurd olduğuna heç bir
şübhə yeri qoymurdu. Avropa Parlamentinin təxirəsalınmaz
prosedurları çərçivəsində, təxminən
30 dəqiqə davam edən dinləmələr nəticəsində
tələm-tələsik qəbul edilmiş qətnamədə
çoxsaylı yanlışlıqların,
yoxlanılmamış müddəaların əksini
tapması onun qərəzli olduğunu sübuta yetirdi.
Məqsəd
kifayət qədər aydın idi - erməni lobbisinin təsiri
altında olan bəzi deputatlar Avropada çox məşhur
olan musiqi yarışması ərəfəsində Azərbaycanın
nüfuzuna xələl gətirmək, ona təzyiq göstərmək
niyyəti güdürdülər. Qətnamə ilə
qondarma siyasi məhbus məsələsinin gündəmə gətirilməsi
də məhz Azərbaycana təzyiq göstərmək istəyindən
irəli gəlirdi. Halbuki Azərbaycan bu cür siyahıların
müəyyən qərəzli qurumlar tərəfindən
hazırlandığını və hüquqi-siyasi
baxımdan tam əsassız olduğunu dəfələrlə
bəyan etmiş, konkret sübutlarla təsdiqləmişdir.
Yaradılmış ekspertlər qrupu Avropa Şurası tərəfindən
"siyasi məhbus" olduğu iddia edilən məhkumların
cinayət işlərini araşdıraraq onların "siyasi
məhbus" kimi tanınmasının heç bir hüquqi əsasının
olmadığı barədə birmənalı nəticəyə
gəlmişdi. Hətta "siyasi məhbus" kimi qələmə
verilənlərin arasında insan oğurluğu və terror,
dövlət çevrilişi cəhdləri və digər
cinayət əməlləri törətmiş insanların da
mövcudluğu məlum olmuşdur. Təbii ki, heç bir
milli və beynəlxalq-hüquqi əsas olmadan
ayrı-seçkiliyə yol verilərək 47 üzv dövlətdən
yalnız Azərbaycanda "siyasi məhbus problemi" ilə
bağlı xüsusi məruzəçinin təyin edilməsi
qərəzdən, ayrı-seçkilikdən, "ikili
standartlar"ın əyani nümayişindən başqa bir
şey deyildi.
Bir
neçə ay sonra - 2012-ci ilin sentyabr ayında Avropa
Parlamentinin növbəti ədalətsiz qərarı ilə
üzləşdik. Təşkilat ruhi həyəcan vəziyyətində
cinayət törədən, Macarıstanda ədalətsiz
olaraq ömürlük həbs cəzasına məhkum edilən
Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun beynəlxalq
konvensiyalar çərçivəsində respublikamıza
ekstradisiya olunmasına və əfvinə kəskin reaksiya
verdi. Absurd görünən bu idi ki, həmin qərar da Avropa
Parlamentinin 754 üzvündən cəmi 76-nın
iştirakı, onlardan da 58-nin lehinə səs verməsi ilə
"qəbul edilmişdi". Demokratiyanın çoxluğun
azlıq üzərində hakimiyyətini
tanıdığını nəzərə aldıqda, Avropa
Parlamentindəki çox kiçik bir qrupun Avropa Parlamenti kimi
mötəbər bir qurumun adından qətnamə qəbul
etməsini heç cür əsaslandırmaq olmur. Bu bir yana,
Ramil Səfərovun da doğulub boya-başa
çatdığı Azərbaycan torpaqlarının 20 ildən
artıq bir müddətdə işğal altında
olması, qaçqın və məcburi köçkünlərin
hüquqlarının pozulması ermənipərəst
parlamentariləri qətiyyən narahat etmir. Əksinə,
Avropa Parlamentinin bir qrup deputatının Azərbaycanın
razılığı olmadan işğal altındakı
Dağlıq Qarabağa səfər etməsi təşkilatda "ikili
standartlar" və ədalətsiz yanaşmanın
mövcudluğunu bir daha təsdiqləyir.
Erməni
lobbisinin təsiri altına düşən Avropa
İttifaqının parlamentariləri 2013-cü il iyunun 12-də
Azərbaycanla bağlı növbəti ədalətsiz qərar
qəbul etdilər. Obyektivlikdən uzaq olan bu qərarda da
İsmayıllı iğtişaşlarının
iştirakçısı və təşkilatçılarının
həbsinə etiraz bildirilib, onların qeyd-şərtsiz
azadlığa buraxılması tələb olunub. Məlum
hadisələrlə bağlı istintaqın hələ
başa çatmadığı, məhkəmə
baxışının olmadığı bir vaxtda Avropa
Parlamentinin belə bir qərar verməsi beynəlxalq hüquq
normalarına aşkar hörmətsizlik və Azərbaycanın
daxili işlərinə kobud müdaxilə cəhdi kimi dəyərləndirilə
bilər. Üstəlik, qətnamədə
iğtişaşların təşkilinə görə məsuliyyətə
cəlb olunmuş şəxslərdən birinin - İlqar Məmmədovun
guya "Azərbaycanda prezidentliyə real namizəd" kimi təqdim
edilməsi də qərarın məhz siyasi motivli mahiyyətinə
şübhə yeri qoymur.
Ümumiyyətlə, son illər
özünü zorla cəmiyyətə "ciddi siyasi
fiqur" kimi sırımağa çalışan İlqar Məmmədovun,
əslində, uğursuzluq zolağında çapalayan
populist və qeyri-ciddi şəxs olduğunu xüsusi vurğulamağa ehtiyac
yoxdur. Bu şəxs hələ 15 il əvvəl AMİP sədrinin
müavini təyin olunsa da, siyasət arenasında
özünü doğrulda bilmədi və
çıxış yolunu qeyri-hökumət təşkilatı
yaradaraq müəyyən xarici təşkilatlara öz xidmətlərini
təklif etməkdə gördü. Çox keçmədi
ki, Avropa Şurası və Avropa İttifaqına "donos
ötürən" antimilli qeyri-hökumət təşkilatları
rəhbərləri sırasında İlqar Məmmədovun
da adı hallanmağa
başladı. "Gənc liderlər" adı altında əslində
bəzi gənclərin beynini zəhərləyən,
onları hazırkı iqtidara qarşı qoymağa
çalışan bu adam Avropa Şurasından və digər
beynəlxalq qurumlardan qrantlar almağa başladı.
Siyasətdəki
uğursuzluğuna, qeyri-ciddiliyinə baxmayaraq, bu şəxs
Milli Məclisə seçilmək xəyalına da
düşdü. 2010-cu ildə 9 saylı Binəqədi
seçki dairəsindən (mən həmin dairədən
Milli Məclisə deputat seçilmişəm) namizədliyini
irəli sürən İlqar Məmmədovun çox cüzi
səs yığması da onun siyasətdə ciddi insan kimi qəbul
olunmadığını göstərdi. Bu məğlubiyyətdən
sonra daha da aqressivləşən İlqar Məmmədov
iqtidar əleyhinə müxtəlif sərsəm bəyanatları
ilə gündəmdə qalmağa çalışdı.
Onun Milli Məclis barədə qeyri-etik, əxlaq və tərbiyədən
uzaq fikirlər səsləndirməsi İ.Məmmədovun
siyasətdə naşı və
populist adam olduğunu, burnunun ucundan uzağı görmədiyini
göstərirdi. Həmin vaxt Milli Məclis üzvlərinin
sadəcə humanizmi onun məhkəmə məsuliyyətinə
cəlb olunmasının qarşısını aldı.
Aşkar görünürdü ki, bu adam parlament əleyhinə
söylədiyi təhqiramiz, qeyri-ciddi fikirlərlə cəmiyyətdə
kimlərinsə diqqətini cəlb etməyə, özü
barədə "radikal siyasətçi" obrazı
yaratmağa çalışır. Bir qədər sonra -
İsmayıllı hadisələri zamanı onun tələm-tələsik
bu rayona getməsi, müəyyən insanları açıq
iğtişaşlara təhrik etməsi də məqsədli
bir planın təzahürü kimi diqqəti çəkirdi.
Belə təəssürat yaranırdı ki, özü
haqqında "iqtidarın düşməni"
obrazını yaratmağa, xaricdəki ağalarının
daha çox rəğbətini qazanmağa, daha çox qrant
almağa çalışan İ.Məmmədov hətta həbsə
düşməyi də mümkün variant sayır. Məsuliyyətə
cəlb olunandan dərhal sonra onun müəyyən Avropa
qurumlarından dəstək istəməsinin, özü
haqqında qondarma siyasi məhbus imici yaratmağa
çalışmasının pərdəarxası məqamları
üzə çıxmağa başladı. Məlum oldu ki,
avantürist və uğursuz "siyasətçi-QHT-çi"
bu dəfə də prezident olmaq xülyasına
düşüb. Avropa Parlamentinin 2013-cü il 13 iyun tarixli qətnaməsi
ilə əlaqədar Milli Məclisin qəbul etdiyi bəyanatda
deyilir: "Avropa Parlamenti kimi nüfuzlu bir beynəlxalq təşkilatın
yoxlanılıb dəqiqləşdirilməmiş məlumatlara
əsaslanaraq bütün Azərbaycan hakimiyyətini
qınayan, xüsusi məsələləri həddindən
artıq sərbəst, daha doğrusu, birtərəfli şəkildə
dəyərləndirərək ümumi inkişaf meyli kimi qələmə
verən, ölkəmizdə demokratik quruculuq sahəsində həyata
keçirilən işlərə kölgə salan qərəzli
bir sənəd qəbul etməsi dərin təəssüf
doğurur. Müəyyən etmək çətin deyildir ki,
qətnamədə adları hallandırılan şəxslər
konkret cinayət əməllərini töbrətdiklərinə
əsaslı şübhələr olduğuna görə həbs
edilmişlər, aparılan istintaqın uzadılması
işdə yeni halların üzə çıxması ilə
bağlı olmuşdur. Hər halda bu məsələlər
məhkəmənin səlahiyyətinə daxildir və
onların azad edilməsi, yaxud cinayət məsuliyyətinə
cəlb edilməsi məhkəmə baxışının nəticəsindən
asılı olacaqdır. İstintaq altında olan bir şəxsin
təcili şəkildə və qeyd-şərtsiz azad
olunmasının tələb edilməsinin qanunun aliliyinə
hörmət prinsipi ilə bir araya sığmadığı
hər kəsə aydın olmalıdır.
Ölkədə
keçiriləcək prezident seçkilərində namizəd
olan hər hansı şəxsin həbsi ilə bağlı
iddialara gəlincə, Azərbaycanda prezident seçkiləri
hələ təyin edilməmişdir və heç bir namizəd
rəsmi qeydiyyatdan keçməmişdir. Hər hansı
siyasi qurumun qarşıdakı prezident seçkiləri ilə
bağlı qərar və mülahizələri heç kəsə
konkret cinayət əməllərinə görə məhkəmə
təqibindən immunitet hüququ vermir".
Ermənistan
və digər region ölkələrində insan hüquq və
azadlıqları ilə bağlı daha ciddi, fundamental problemlərin
mövcud olduğu bir zamanda Avropa Parlamentinin Azərbaycanı
və Gəzi parkı hadisələri ilə bağlı
qardaş Türkiyəni hədəf götürməsi bu
qurumda antitürk və antimüsəlman meyillərin daha da
gücləndiyini göstərir. Yeri gəlmişkən, hələ
2008-ci ildə Ermənistanda keçirilmiş prezident
seçkilərində insan hüquqlarının kobud şəkildə
pozulması, prezidentliyə namizədin ev dustağına
çevrilməsi və insan hüquqlarının pozulması
ilə bağlı digər faktlar Avropa parlamentarilərini nədənsə
narahat etməmişdi. Hətta işğalçı ölkədə
keçirilmiş son prezident seçkilərində prezidentliyə
namizədlərdən birinin güllələnməsi
faktı da sükutla qarşılanmışdı.
Şübhəsiz,
insan hüquqlarının təminatı və demokratikləşmə
proseslərinin sonu və son imkanları yoxdur. Bu gün Qərb
ölkələrinin əksəriyyətində insan hüquq
və azadlıqlarının təminatı ilə
bağlı ciddi problemlərin mövcudluğu, insanların
sosial hüquqlarının, habelə sərbəst
toplaşmaq hüququnun kobud şəkildə pozulması
Avropa parlamentarilərinə yaxşı məlumdur. Onlar nədənsə
bu gün Almaniya, Yunanıstan, İspaniya, Fransa, İsveç
və digər ölkələrdə sosial hüquqları
uğrunda dinc mübarizə aparan insanların mitinq və
yürüşlərinin zorakılıqla
dağıdılması, müsəlmanlara qarşı
ayrı-seçkiliyin, dözümsüzlüyün hökm
sürməsi, islamofobiya, dini və etnik
dözümsüzlük hallarını nədənsə
"görmürlər".
Azərbaycanla
bağlı ən adi məsələnin belə
şişirdilməsinin, qərəzli şəkildə təqdim
olunmasının arxasında müəyyən geopolitik niyyətlərin
dayandığı heç kimə sirr deyil. Əslində, bu
proseslərin müəyyən ölkələrdə işə
salınmasına cəhdin məlum ssenarilərin tərkib hissəsi
olduğunu da diqqətdən qaçırmaq olmaz. Faktiki olaraq
məhz indiki mərhələdə Azərbaycanın və
Türkiyənin hədəf seçilməsi hər iki
strateji müttəfiq ölkənin regionda əsas güc
sahibi kimi çıxış etməsi, habelə
respublikamızın Avropanın enerji təhlükəsizliyində
mühüm rol oynaması ilə şərtlənir. Azərbaycan
Prezidentinin Brüsselə səfəri və Trans-anadolu qaz kəməri
ilə bağlı strateji qərarın qəbulu ərəfəsində
Avropa Parlamentinin İsmayıllı və Gəzi parkı
hadisələri ilə bağlı kəskin bəyanatlar verməsinin
arxasında müəyyən pərdəarxası niyyətlərin
olduğu çoxlarına məlumdur. Hətta Türkiyə
ilə bağlı qətnamə qəbul olunarkən Avropa
parlamentarilərinin bir qisminin "Ərdoğan, istefa!"
şüarları səsləndirməsi fonunda son proseslərin
arxasında hansı maraqların dayandığını təxmin
etmək o qədər də çətin deyil! Bu,
açıq-aşkar Türkiyənin daxili işlərinə
müdaxilə cəhdi idi. Lakin Türkiyə iqtidarı
xalqın dəstəyi ilə bu ölkənin daxili işlərinə
qarışmaq istəyən qüvvələri yerində
oturda bildi. Əlbəttə, mümkündür ki, Türkiyədə
müəyyən azlıq AKP-nin hakimiyyətdən getməsini
istəsin və demokratik bir ölkə üçün bu,
tamamilə təbiidir. Fəqət demokratiya azlığın
çoxluq üzərində hakimiyyəti deyil və bunu Ərdoğan
da çıxışlarında açıq bəyan
etmişdir. Qanuna tabe olmayan, hakimiyyəti xalqın iradəsi əleyhinə
zorakı yolla devirməyə çalışan
azlığın qanuni güc tətbiqi yolu ilə qanuna tabe
etdirilməsi isə hüquqi baxımdan yolveriləndir.
Başqa sözlə, qanunsuz mitinqlərin
dağıdılmasını təkcə Türkiyədə
deyil, ABŞ-da, Fransada, Almaniyada, İngiltərədə və digər ölkələrdə
də tez-tez görürük.
Bütün
bunlar bir daha təsdiqləyir ki, Qərbdə imperializm siyasətindən
hələ də əl çəkə bilməyən
ölkələr "insan hüquqları",
"demokratiya" kimi məsələlərdən konyunktur
maraqlarını gerçəkləşdirmək
üçün istifadə edirlər. Əslində, baş
verənləri bəzi Qərb dövlətlərinin Yaxın
Şərq ölkələrindəki siyasi hadisələrə
kobud müdaxiləsi fonunda da qiymətləndirmək
mümkündür. Rusiya və bəzi Qərb ölkələrinin
regiona nəzarət uğrunda mübarizəsinin nəticəsi
kimi meydana çıxmış "ərəb
baharları"nın zorakı inqilab dalğalarını
kimlərsə xaç yürüşlərinin XXI əsrdəki
yeni təzahürü, kimlərsə üçüncü
dünya müharibəsinin işartıları, kimlərsə
də fövqəldövlətlərin yeni ekspansiya siyasəti
olaraq dəyərləndirir. Mahiyyətindən asılı
olmayaraq yaşananlar xalqların daha böyük səfalətlərə,
fəlakətlərə sürüklənməsindən
başqa heç nəyə xidmət etmədi. Misirdə
inqilabla hakimiyyətə gəlmiş M.Mursinin cəmi bir il
sonra devrilməsi, bu ölkənin növbəti xaos və
anarxiya, vətəndaş müharibəsinə yuvarlanması
deyilənlərin əyani sübutudur. Təkcə Misirin
deyil, bu gün inqilabın baş verdiyi digər ərəb
ölkələrinin də səfalət, yoxsulluq, xaos içində olması ssenarisi
Qərbdə yazılmış "ərəb
baharları"nın əsl mahiyyətini göstərir.
Faktiki olaraq "ərəb baharı"nın baş verdiyi
ölkələr sonu görünməyən böyük bir
fəlakətə sürüklənib. Bu inqilabları
xalqların "xoşbəxtliyi", "nicatı" kimi
qələmə vermək istəyənlərin təbliğatı
isə puça çıxıb. Çünki
inqilabların baş verdiyi ölkələrdə vəziyyət
əvvəlkindən daha da pisdir. Nəhayət, baş verənlər
bir daha sübut edir ki, əslində, demokratiya bayrağı
altında müəyyən ölkələrin öz geosiyasi
maraqlarını gerçəkləşdirmək niyyətləri
dünyada imperializmin yeni dalğasına çevrilib.
Konkret
olaraq Türkiyədə "Gəzi parkı hadisələri"nin
də xarici təsir altında alovlandığını təsdiqləyən
faktlar kifayət qədərdir və bunu Baş nazir Rəcəb
Tayyib Ərdoğan da açıq dedi. O, müəyyən
dövlətlərin Türkiyə dövlətçiliyini
sarsıtmaq üçün açıq səylər
göstərdiyini, lakin onların bu niyyətinin faydasız
olacağını bəyan etdi. Şübhəsiz, Türkiyənin
son illər regionda iqtisadi və hərbi baxımdan kifayət
qədər güclənməsi, aparıcı ölkələrdən
birinə çevrilməsi, Yaxın Şərqdəki proseslərə
geniş təsir imkanları qazanması Qərbdə müəyyən
dairələri ciddi narahat edir. Onlar məhz Türkiyəni
sarsıtmaq, onun imicinə xələl gətirmək, ərəb
ölkələrində həyata keçirdikləri inqilab
ssenarisini reallaşdırmaq istəsələr də,
çirkin niyyətlərinə nail ola bilmədilər.
Türkiyədə inqilab və zorakılıq yolu ilə
hakimiyyət dəyişikliyi etmək istəyən məkrli
qüvvələrin niyyəti puça çıxdı.
Türkiyə
ilə paralel şəkildə bu ölkənin regiondakı əsas
strateji müttəfiqi olan Azərbaycana qarşı
hücumların da müəyyən geosiyasi proseslərlə
bağlı olduğu danılmaz reallıqdır. Avropa
Parlamentinin məlum qətnaməsinin Azərbaycan Prezidenti
İlham Əliyevin Brüsselə səfəri ərəfəsində
qəbulunu da təsadüfi saymaq olmaz. Aşkar görünür
ki, Avropada müəyyən ölkələr, o cümlədən
təşkilatlar Azərbaycanın regionda durmadan artan
nüfuzundan narahatdırlar. Məsələ
burasındadır ki, qarşıya qoyduğu bütün hədəflərə
uğurla yetişən respublikamız özünəməxsus
milli inkişaf modeli ilə müasir dünyanın yeni iqtisadi
fenomeninə çevrilmək əzmi nümayiş etdirir. Son
10 ildə ölkəyə uğurla rəhbərlik edən
Prezident İlham Əliyev praqmatik və rasional
düşüncəli lider kimi davamlı siyasi sabitliyə, təhlükəsizliyə,
vətəndaş sülhünə, habelə güvənli
xarici siyasətə nail olmaq üçün ilk növbədə
iqtisadiyyatın sürətli inkişafını təmin
edib. İqtisadi sahədə əldə olunan uğurlar
ölkədə vətəndaşlarla iqtidarın mənəvi
birliyini gücləndirməklə yanaşı, həm də
ölkəmizin xarici siyasət sahəsində inamlı, qətiyyətli
mövqeyini təmin edir.
Azərbaycan
daim beynəlxalq hüquqi norma və prinsiplərindən
çıxış edir və heç bir dövlətin
daxili işlərinə qarışmır. Eyni zamanda bu faktla
hər bir vətənpərvər azərbaycanlı fəxr
edə bilər ki, respublikamız milli maraqları ilə
bağlı məsələlərdə heç bir dövlətə,
hətta ən yaxın müttəfiqlərinə də
güzəştə getmək niyyətində
olmadığını dəfələrlə sübuta
yetirib. Bu prinsipial və qətiyyətli yanaşma ölkənin
daxili işlərinə kobud şəkildə nüfuz etməyə,
bu yolla iqtisadi-siyasi maraqlarını gerçəkləşdirməyə
çalışan bəzi dövlətlərə, beynəlxalq
qurumlara, transmilli korporasiyalara münasibətdə
özünü daha kəskin şəkildə göstərib.
Ölkə rəhbərliyi bu gün də iqtisadi və siyasi
islahatları hansısa dövlətin və ya beynəlxalq
qurumun diktəsi altında deyil, elmi prinsiplərlə
reallaşdırdığı mükəmməl strategiya əsasında
aparır.
Azərbaycanın
bölgənin faktiki güc mərkəzinə çevrilməsi
ilə heç cür barışa bilməyən bədnam
qüvvələr isə narahatlıqlarını ən
müxtəlif formada izhar etdirir, ölkəmizə
qarşı "təzyiq rıçaqları" tapmağa
çalışırlar. Hələ də sadəlövhcəsinə
ümid edirlər ki, hansısa süni problemlər uydurmaqla
ölkə rəhbərliyinə təsir imkanları qazana bilərlər.
Azərbaycanda
mütləq əksəriyyətin etimadını qazanan,
sürətli sosial-iqtisadi inkişafı təmin edən,
ictimai-siyasi sabitliyi qoruyub saxlayan, qlobal enerji layihələrinin
gerçək təminatçısına çevrilən,
ölkənin beynəlxalq arenada nüfuz və mövqelərini
möhkəmləndirən güclü hakimiyyətin
mövcudluğu antiazərbaycançı şəbəkəyə
qətiyyən sərfəli deyil. Regionda maraqlarını
gerçəkləşdirmək istəyən müəyyən
dairələr Azərbaycanda zəif və marionet qüvvənin
hakimiyyətdə olmasını daha çox istəyirlər.
Çünki xalqın dəstəyini almayan hakimiyyət
üçün milli maraq məfhumu da olmur. Son 20 ildə
xalqın dəstəyindən məhrum olmuş aqressiv
müxalifət partiyaları hakimiyyət maraqları naminə
həmin qüvvələrə öz xidmətlərini təklif
edirlər.
İnkişaf
etmiş demokratik ölkələrdə müxalifət
hakimiyyət uğrunda sivil, konstitusion və intellektual
mübarizə aparmaqla hakimiyyətə alternativ siyasətin
daşıyıcısı olmasını iddia edən
qüvvə olduğu halda eyni meyarı Azərbaycandakı
müəyyən siyasi qüvvələrə şamil etmək
mümkün deyil. "Xalqa nə qədər pisdirsə, bizə
bir o qədər yaxşıdır" prinsipinə
üstünlük verməklə yalnız bu halda siyasi
maraqlarını gerçəkləşdirmək imkanı
qazanacaqlarını düşünən bu radikal qüvvələr
ölkədə siyasi sabitliyin pozulmasında maraqlı tərəf
olduqlarını indiyədək dəfələrlə
sübuta yetiriblər. 2003-cü ilin prezident, 2005-ci ilin
parlament seçkilərindən əvvəl və sonra baş
verən proseslər bunu bir daha təsdiqləyir.
Həmin
qüvvələr hər dəfə seçkilərdə
düçar olduqları uğursuzluqların səbəblərini
araşdırmaq, obyektiv nəticələr çıxarmaq əvəzinə
bir qayda olaraq seçkilərdən sonra
dağıdıcılıq mövqeyi tutublar. Onların
üzləşdiyi məğlubiyyətin səbəbləri
isə kifayət qədər aydındır: Azərbaycan vətəndaşları
1992-1993-cü illərdə ölkənin üzləşdiyi
böyük sarsıntı və faciələri hələ də
unutmayıb! Yalnız 1993-cü ilin iyununda ulu öndər Heydər
Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə
gəlməsindən sonra dövlətçilik institutunun əsl
siması özünə qayıtdı. 1992-1993-cü illərdə
respublikanın üzləşdiyi vəziyyəti taleyində
yaşayan, böyük mənəvi-psixoloji sarsıntılar
keçirən Azərbaycan vətəndaşları bir də
o illərə qayıtmaq istəmir. Həm də
bugünkü reallıq tamam başqadır: indi kimisə populist
vədlərlə aldatmaq qeyri-mümkündür - Azərbaycan
vətəndaşı kifayət qədər sayıqdır və
siyasi hadisələrdən baş çıxarmaq
imkanındadır. Bu səbəbdən 90-cı illərin əvvəllərində
olduğu kimi onu aldatmaq və
yaxud populist vədlərlə ələ almaq qətiyyən
mümkün deyil!
İndiyə
qədər keçirilmiş seçkilər onu deməyə
əsas verir ki, mövcud hakimiyyətin siyasətini kəskin tənqid
edən, qazanılan böyük uğurlara kölgə
salmağa çalışan ifrat radikallar nəyi bu iqtidardan
daha yaxşı edəcəkləri ilə bağlı
heç bir platforma ortaya qoymayıblar. Dünyanın
inkişaf etmiş ölkələrində seçki
debatları, təşviqat-təbliğat mərhələsi
daha çox rəqib düşərgələrin iqtisadi
proqramları ətrafında apardıqları mübahisələrlə
yadda qalır. İqtidarın uzun illər ərzində həyata
keçirdiyi iqtisadi inkişaf proqramlarına, uğurlu
inkişaf strategiyasına qarşı heç bir sanballı sənəd
ortaya qoymayan aqressiv müxalifət təmsilçiləri ənənəvi
olaraq populist şüarlar irəli sürməklə
inkarçılıq mövqeyi tutmaqla kifayətləndilər.
Bu reallıq Azərbaycanın aqressiv müxalifətinin sivil və
konstruktiv mübarizə imkanlarının
olmadığını bir daha təsdiqləyir.
Azərbaycana
qarşı qərəzli mövqe tutan, onun güclü,
qüdrətli dövlətə çevrilməsi ilə
barışmayan müəyyən xarici qüvvələr isə
məhz "sapı özümüzdən olan
baltalar"ın xidmətlərindən yararlanmağa
çalışırlar. Lakin Qərbin "inqilab ssenariləri"nin
bu məkanda reallaşdırılmasının
qeyri-mümkünlüyü dəfələrlə öz təsdiqini
tapıb. 2008-ci ilin prezident
seçkiləri Azərbaycan cəmiyyətində ifrat radikalizmə,
dağıdıcılığa, inqilabi meyillərə meydan
olmadığını, aqressiv müxalifətin xalq tərəfindən
dəstəklənmədiyini, əksinə, Heydər Əliyev
siyasi kursundan irəli gələn sabitlik, rifah və demokratik
inkişafın prioritet mahiyyət kəsb etdiyini üzə
çıxardı. Son parlament seçkilərində də
bu kursun varisliyinin təmin olunması Azərbaycan cəmiyyətinin
dinc quruculuğa, işıqlı gələcəyə səs
verdiyini, xalqın hakimiyyət uğrunda mübarizədə
antikonstitusion vasitələri qəbul etmədiyini birmənalı
şəkildə nümayiş etdirdi.
Son illərdə bəzi ərəb dövlətlərində baş qaldıran "xalq üsyanları"nın guya Azərbaycanda da təkrarlanacağı ilə bağlı cəfəng bəyanatlar səsləndirən aqressiv müxalifətin siyasi bleflərlə, aldadıcı vədlərlə ictimai rəyə təsir etmək cəhdləri həmişəki kimi uğursuzluqla nəticələnir. Xalq üsyanı o ölkələrdə baş verir ki, orada xalqla iqtidar arasında uçurum, qarşılıqlı etimadsızlıq mövcud olsun, sosial-iqtisadi, siyasi vəziyyət ildən-ilə pisləşsin, insanların gələcəyə olan ümidləri tamamilə itsin, "Aşağılar əvvəlki kimi yaşamaq istəmir, yuxarılar köhnə qayda ilə idarə edə bilmirlər" formulu inqilabi şərait yaratsın. Bu mənada məlum ərəb ölkələrindəki vəziyyəti Azərbaycanla eyniləşdirmək tamamilə qüsurlu və ziyanlıdır. Azərbaycanda vəziyyət tamamilə fərqlidir: ölkə ildən-ilə inkişaf edir, müasirləşir, bütün sahələrdə yeniləşmə baş verir. Neft gəlirləri ölkənin və xalqın rifahına yönəldilir, böyük infrastruktur layihələri həyata keçirilir, sahibkarlığın inkişafına qayğı göstərilir.
Bu gün Azərbaycanda siyasi və hüquqi azadlıqların təmini istiqamətində ardıcıl, sistemli addımlar atılır. Bir çox Şərq ölkələrindən fərqli olaraq, Azərbaycanda iqtisadi inkişaf və demokratikləşmə prosesləri bir-birini tamamlayır. İnsanların konstitusion hüquq və azadlıqlarının təminatı ilə bağlı heç bir problem yoxdur. Əlbəttə, keçid dövrünü uğurla başa vuran ölkəmizin qarşıda həll etməli olacağı problemləri də var və bunu ölkə iqtidarı da açıq etiraf edir. Cəmiyyəti qayğılandıran problemlər də tədricən həllini tapır, ölkə başçısının siyasi iradəsi ilə korrupsiya, rüşvətxorluq, inhisarçılıq meyillərinə qarşı mübarizə gücləndirilir. Bürokrat məmurlara qarşı daha prinsipial və sərt mövqe tutulur, sahibkarlığa mane olan süni əngəllər aradan qaldırılır.
Ən əsası, Azərbaycan xalqı inqilab mərhələsini çoxdan yaşayıb - 1993-cü ilin iyununda cəmiyyətin siyasi iradəsilə AXC-Müsavat hakimiyyəti tarixin arxivinə göndərilib. Sonrakı 20 ili isə mədəni-iqtisadi inqilab mərhələsi kimi səciyyələndirmək lazımdır. Azərbaycan xalqı bu 20 ildə ölkəmizin necə böyük sürətlə inkişaf etdiyinin, hansı uğurlara imza atdığının fərqindədir. "Məxməri", "narıncı", "qızılgül" və s. adlarla MDB ölkələrində baş vermiş "inqilablar"ın nəticələri də xalqımıza yaxşı məlumdur. Həmin ölkələrin iqtisadi, siyasi, hüquqi baxımdan Azərbaycanla müqayisədə çox geridə qaldığını da sübut etməyə ehtiyac yoxdur. Respublikamız isə məhz mədəni-iqtisadi inqilabla 2020-ci ilədək inkişaf etmiş ölkələr sırasına yüksəlməyi qarşısına məqsəd qoyub.
Azərbaycan xalqı bu gün anarxiya, xaos, gərginlik deyil, sabitlik, tərəqqi və inkişafın tərəfində olduğu üçün mövcud siyasi kursu dəstəkləyir. Çünki bu siyasətin ən azı son beş ildə ölkəmizə, həyatımıza hansı böyük uğurlar gətirdiyini, nə kimi yeniliklərə yol açdığını hamı yaxşı bilir. Həyata keçirilən iqtisadi-siyasi islahatlar fonunda vətənini, xalqını sevən hər bir azərbaycanlı gələcəyə böyük ümidlə baxır. Hamı əmindir ki, möhtərəm Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanı dünyanın ən inkişaf etmiş ölkələri sırasına yüksəldəcək, qarşıya qoyulmuş bütün vəzifələr uğurlu həllini tapacaqdır.
Rafael CƏBRAYILOV,
Milli Məclisin deputatı
Azərbaycan.-2013.- 11 iyul.- S.6.