«Waşinqton Times» qəzetində Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevin məqaləsi dərc edilmişdir

 

Amerikanın nüfuzlu "Waşinqton Times" qəzetinin 9 iyul tarixli nömrəsində Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevin "Böyük qaz kəməri yarışının qalibləri çoxdur" sərlövhəli məqaləsi dərc edilmişdir.

N.Ağayev yazır: "Bəzən enerji ehtiyatlarının tapılması nisbətən asan, onların son istehlakçılara çatdırılması isə Heraklın beşinci igidliyinə bərabər ola bilər".

Avropa üçün qaz təchizatının şaxələndirilməsinin təmin edilməsi Heraklın bu igidliyi ilə müqayisə edilə bilər. Azərbaycanın "Şahdəniz" qaz kondensatı çıxarılan yatağının işlənməsini idarə edən konsorsium iyun ayının axırlarında elan etmişdir ki, enerji ehtiyatlarının Azərbaycandan Avropaya nəql edilməsi marşrutu kimi Transadriatik qaz kəməri seçilmişdir.

Diplomat qeyd edir ki, Transadriatik qaz kəməri Transanadolu qaz kəməri ilə birləşdiriləcəkdir. Bu kəmər vasitəsilə ilk mərhələdə ildə 10 milyard kubmetr Azərbaycan qazı Yunanıstan və Albaniya ərazisindən keçməklə Adriatik dənizinin dibi ilə İtaliyaya nəql ediləcək, ildə daha 6 milyard kubmetr qaz isə Türkiyəyə ixrac olunacaqdır. Qaz nəqlinin 2019-cu ildə başlanacağı gözlənilir.

Baş konsul yazır ki, Transadriatik qaz kəməri marşrutunun seçilməsi elan edilməklə "dünya səviyyəli sənaye şirkətlərinin rəhbərləri, geostrateqlər və siyasətçilər arasında "böyük qaz kəməri yarışmasına", yəni enerji sərvətlərinin Azərbaycandan Avropaya nəql edilməsi üçün ən yaxşı marşrut mövzusunda müzakirələrə son qoyulmuşdur".

Təklif edilən marşrutların seçimi məsələsində qətiyyətsizlik göstərən Avropa Komissiyası heç bir layihəyə üstünlük verə bilmirdi. Avropaya isə qəti nəticə lazım idi, çünki son onillikdə qitənin qaz təchizatında çatışmazlıqlar avropalılar üçün böyük bir problemə çevrilmişdi. Əvvəlcə 2006-cı, sonra isə 2009-cu ilin qış fəslində Rusiya ilə Ukrayna arasında qazın qiyməti barədə fikir ayrılıqları ucbatından qitənin qazla təchizatı pozulmuşdu. Buna görə də marşrutun seçilməsi haqqında qərar elan ediləndə Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu bu hadisəni "Avropanın ümumi uğuru" və "Avropa İttifaqının enerji təhlükəsizliyinin möhkəmlənməsində mühüm mərhələ" adlandırmışdı.

Transadriatik qaz kəməri layihəsi Mərkəzi Avropaya qaz kəməri çəkilməsini nəzərdə tutan "Nabukko-Qərb" layihəsinə qalib gəlmişdir. "Nabukko-Qərb" kəmərinin layihəsi bir neçə il ərzində planlaşdırılmışdı, lakin Azərbaycan və konsorsiumun digər tərəfdaşları qlobal enerji ehtiyatları bazarında, o cümlədən maliyyə-iqtisadi böhran, qaz hasilatı metodlarında inqilabi yeniliklər, mayeləşdirilmiş təbii qaz nəqlinin artırılması kimi yeni reallıqlar nəzərə alınmaqla düzgünkommersiya baxımından məqbul seçim etməli idilər. Azərbaycanın energetika və sənaye naziri Natiq Əliyev bildirmişdir ki, tərəfdaşlar üçün əsas amil kommersiya amilidir, Transadriatik qaz kəməri isə mövcud layihələrin ən qısa və qənaətcil variantıdır.

Azərbaycanlı diplomat bu layihənin əhəmiyyəti mövzusuna toxunaraq qeyd edir ki, Transadriatik qaz kəməri enerji sabitliyini təmin edəcəkdir. Bu kəmər təkcə Yunanıstana və İtaliyaya deyil, Avropanın qalan hissəsinə, o cümlədən "enerji aclığı" ilə üzləşmiş Balkan ölkələrinə qaz nəqlinin etibarlı mənbəyi olacaqdır. Təbii qazın iri istehlakçısı olan Türkiyə də qazanacaqdır. Bundan əlavə, Yunanıstan hökumətinin hesablamalarına görə, bu ölkə üçün təxminən 2 milyard dollar mənfəət, 12 min yeriAlbaniyada tikinti sahəsində 3 min yeri şəklində əlavə üstünlüklər də gözlənilir.

N.Ağayev yazır: "Türkiyə və Avropa üçün mənfəət həm də Amerika üçün mənfəət deməkdir. Birləşmiş Ştatlar Avropaya və Türkiyəyə enerji ehtiyatları nəqlinin şaxələndirilməsinin tərəfdarı kimi çıxış edir. ABŞ bu məsələni strateji prioritet hesab edərək Azərbaycanın Brüsseldə və Ankarada öz müttəfiqləri qarşısında götürdüyü öhdəliyi alqışlayır".

Diplomat məqalənin sonunda qeyd edir ki, son 20 ildə müstəqil enerji siyasəti yeridən Azərbaycan bu gün Qərbə neft və qaz satışında etibarlı tərəfdaş olduğunu sübut etmişdir. N.Ağayev yazır ki, nəhəng "Şahdəniz" qaz yatağı qlobal enerji təhlükəsizliyinin və beynəlxalq tərəfdaşlarla əməkdaşlığın möhkəmlənməsinin qarantı olacaqdır.

 

 

Yusif BABANLI,

 

AzərTAc

 

Vaşinqton

 

Azərbaycan.-2013.- 11 iyul.- S.6.