Əbədi məğlublar
Dağıdıcı müxalifət və onun seçkidən seçkiyə təqdim etməyə çalışdığı müxtəlif birliklər tarix boyu uğursuzluğa düçar olub. Bunun başlıca səbəbi həmin müxalifətin təqdim etmək istədiyi siyasi platformaya Azərbaycan ictimaiyyətində sosial sifarişin olmamasıdır. Digər tərəfdən müxalifətin yaratdığı qurumlar əsasən xarici sifarişlərə xidmət edən, biri digərinin onsuz da məhdud sosial bazasını ələ keçirmək üçün qurulan təşkilatlardır. Xaricdən maliyyələşən, istiqamətlənən, antiazərbaycançı şəbəkəyə xidmət edən müxalifət və onun birlikləri isə iflasa məhkumdur.
Dağıdıcı müxalifətin "birlik oyunu", demək olar ki, ənənəvi hal alıb. Bir müddət əvvəl "İctimai Palata" adlı qurum yaratmışdılar. Hətta bu qondarma qurumun yol xəritəsini də hazırlamış, vəzifə bölgüsü aparmışdılar. Müsavat və AXCP rəhbərləri, o cümlədən dağıdıcı müxalifətin ayrı-ayrı simaları "İctimai Palata"nın gələcəyinə pafoslu təriflər yağdırmaqdan çəkinmirdilər. Hər yerdə "İctimai Palata"nın seçkilər zamanı dağıdıcı müxalifətin əsas platforması olacağını bəyan edirdilər. Nəhayət, bu qurumun da dağıdıcı müxalifətin əvvəlki birliklərinin aqibətini yaşayacağı barədə deyilənlər özünü doğrultdu. Siyasətdən bixəbər olan kinossenarist Rüstəm İbrahimbəyova sığınmaqla bu müxalifətçilər, həm də "İctimai Palata"nı tarixin arxivinə göndərməyə qərar verdilər.
Son yığıncaqlarında isə 30 ildir Azərbaycanda yaşamayan, xalqın ağır günündə onun xeyrinə fəaliyyət göstərməyən İbrahimbəyovu bu il keçiriləcək prezident seçkilərində özünün "vahid namizəd"i elan ediblər. Üstəlik, "memorandum" deyilən pafoslu bir cızmaqara da çap etdiriblər. Orada bir neçə məsuliyyətsiz fikirlə qeyd ediblər ki, xalqın, millətin etibar edib səs verdiyi Milli Məclis buraxılsın, müvəqqəti keçid dövrü elan edilsin. Xalqın içində heç bir hörməti olmayanların xalqın adından belə məsuliyyətsiz bəyanatı, hesab edirəm xəstə təxəyyülün məhsuludur! Artıq bu məsuliyyətsiz fikrə Yeni Azərbaycan Partiyasının icra katibliyi tərəfindən fikir bildirilib və qeyd olunub ki, xalqın, millətin adından hansısa bir qondarma qurumun danışmağa, bəyanat verməyə haqqı yoxdur! Çox demirəm, Bakı şəhərindən 10 kilometr kənara çıxın, görək adından danışmaq istədiyiniz millət sizi tanıyırmı?
Qarşıdan isə növbəti prezident seçkiləri gəlir. Bu seçkidə Azərbaycan xalqının mütləq əksəriyyətinin bir seçimi var. Bu, Azərbaycan dövlətinin qurucusu və yaradıcısı Heydər Əliyev siyasi platformasının layiqli davamçısı, xalqını firavanlığa, xoşbəxt gələcəyə hələ bundan sonra da uzun illər boyu aparacaq şəxsiyyət, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevdir! Azərbaycanın nüfuzlu ictimai təşkilatları prezident seçkilərində Heydər Əliyev siyasətinin davamına səs verəcəklərini, cənab İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini bəyan ediblər. YAP-ın iyunun 7-də keçirilən qurultayında da Prezident İlham Əliyevin namizədliyinin irəli sürülməsi cəmiyyətin bütün təbəqələrinin ürəyindən xəbər verdi.
Müstəqil Azərbaycan dövlətinin qurucusu və yaradıcısı məhz ulu öndər Heydər Əliyevdir! Heydər Əliyev siyasəti Azərbaycanın özü qədər əbədidir, daimidir! Bu siyasəti isə Azərbaycanda İlham Əliyev həyata keçirməkdədir. Bu gün məhz Prezident, Ali Baş Komandan İlham Əliyevin ağıllı, cəsarətli, müstəqil və qətiyyətli siyasətinin nəticəsidir ki, dünya xəritəsində bir zərrə qədər görünən Azərbaycan dünyanın özü qədər böyüyüb. Bax, budur Azərbaycana, onun xalqına, millətinə layiqli xidmət! Elə buna görə də xalq öz Prezidentini sonsuz məhəbbətlə sevir, qürur duyur və daim onun yanındadır. Prezidentimiz də öz xalqını, Azərbaycan dövlətini hədsiz sevir. Bu gün Prezidentimiz öz sinəsini fəxrimiz olan Azərbaycan dövləti üçün sipər edib, onu istər xarici, istərsə də daxili təhlükələrdən qoruyur.
Nəinki cənab Prezidentin, bütünlükdə onun ailə üzvləri, ömür-gün yoldaşı, ölkəmizin birinci xanımı, mərhəmət, xeyirxahlıq ünvanı olan Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın, Azərbaycan gəncliyinin fəxri olan Leyla Əliyevanın Azərbaycan üçün etdikləri misli-bərabəri görünməmiş bir miqyasdadır. Bu fəaliyyətin nəticəsidir ki, 50 milyonluq dünya azərbaycanlıları Azərbaycanı özlərinin vətəni sayır və fəxr edirlər. Azərbaycan həqiqətlərinin təbliği, ölkəmizin haqq səsi, xalqımızın başına gətirilən müsibətlərin dünya ictimaiyyətinə çatdırılması və bunun nəticəsində Azərbaycan həqiqətlərinin qəbul edilməsində Heydər Əliyev Fondunun səyi günbəgün öz nəticəsini verir. Fond tərəfindən dünyada müasir və milli-mənəvi dəyərlərə malik Azərbaycanın təbliği istiqamətində möhtəşəm işlər görülür. Zəngin və qədim tariximiz, milli və çox yüksək mənəvi dəyərlərimiz, musiqimiz, incəsənətimiz məhz Mehriban Əliyevanın gecəli-gündüzlü yorulmadan çalışmasının nəticəsində artıq dünya mədəni irsi cərgəsində özünün layiqli yerini tutub.
Partiyamızın iyunun 7-də keçirilmiş qurultayında bir sıra təşkilati məsələlərə də baxıldı. Bunlardan biri Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın Yeni Azərbaycan Partiyasının sədr müavini seçilməsi idi. Bu, hər bir YAP üzvünün təqdir etdiyi, böyük razılıqla qarşıladığı bir seçim oldu. Çünki Azərbaycanı bütün dünyaya tanıdan fəaliyyəti, mədəniyyətimizin inkişafı və təbliği istiqamətində gördüyü işlərlə, xeyriyyəçiliyi ilə Azərbaycan cəmiyyətinin böyük etimadını qazanan Mehriban xanım Əliyevanın YAP sədrinin müavini seçilməsi partiyamızın işinə gözəl töhfələr verəcək.
Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyevanın dövlətimiz və cəmiyyətimiz üçün gördüyü işləri hər birimiz görür və qürur duyuruq. Onun təşəbbüsü ilə 2008-ci ildə başladılan "Xocalıya ədalət" kampaniyası çərçivəsində dünyanın 50-yə yaxın ölkəsində Xocalı soyqırımının tanıdılması üçün tədbirlər silsiləsi həyata keçirilmişdir. Leyla Əliyevanın diaspor quruculuğundakı fəaliyyəti, təşəbbüsu ilə həyata keçirilən layihələr, xeyriyyəçilik tədbirləri cəmiyyətimizdə böyük razılıqla qarşılanır.
Bu günlərdə möhtəşəm bir hadisə - Azərbaycan Ordusunun 95 illiyinə həsr olunmuş hərbi parad hər bir azərbaycanlının qəlbində sonsuz fəxarət yaratdı, sevincdən gözlərimiz doldu. Çünki biz həmin gün Azərbaycanın gücünü, qüdrətini, silahlı qüvvələrimizin nəyə qadir olduğunu gördük. Düzdür, bundan əvvəl keçirilən iki hərbi paradda nümayiş etdirilmiş silah və texnika, o cümlədən ayrı-ayrı qoşun növlərinin timsalında ordu quruculuğunun ən son nailiyyətləri, xüsusən modernləşmə istiqamətində görülən işlər məlum idi. Son hərbi parad isə bütövlükdə Azərbaycan Silahlı Qüvvələrinin nəyə qadir olması ilə bağlı indiyə qədər deyilənlərə əyanilik gətirdi.
Möhtəşəm parad Azərbaycan Silahlı Qüvvələrinin güc və qüdrətinin nümayişi ilə yanaşı, həm də xalqımızın ümummilli lideri Heydər Əliyevin ideyalarına sədaqət və ehtiramının təntənəsi və gözəl nümunəsi idi. Çünki Azərbaycan Silahlı Qüvvələrinin qüdrətlənməsi və işğal olunmuş ərazilərimizi istənilən an azad etməyə qadir mükəmməl bir orduya çevrilməsi yönündə Prezident İlham Əliyev tərəfindən göstərilən yüksək əzmkarlıq Heydər Əliyev ideyalarının davam etdirilməsi deməkdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 10 ildə ölkə iqtisadiyyatının 3 dəfə artması, Azərbaycanın dünyada yüksək iqtisadi inkişaf göstəriciləri nümayiş etdirməsi, ölkəmizin birmənalı şəkildə bölgənin lider dövlətinə çevrilməsi, 1 milyondan çox yeni iş yerlərinin açılması ilə ölkədə məşğulluğun mənzərəsinin kökündən dəyişdirilməsi, abadlıq-quruculuq işlərinin və müasir infrastruktur layihələrinın Azərbaycanın simasını büsbütün yeniləşdirməsi və müasirləşdirməsi, bütün regionlarının sürətli inkişafına təkan verən yeni konsepsiya əsasında tarazlı inkişafın təmin edilməsi, çadır şəhərciklərinin bütünlüklə ləğv edilməsi, Azərbaycanın artan iqtisadi gücünün hərbi-siyasi və diplomatik gücə çevrilməsi sayəsində Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında Azərbaycanın mövqelərinin həlledici dərəcədə güclənməsi və Prezident İlham Əliyevin regional və beynəlxalq proseslərə fəal təsir göstərən lider kimi birmənalı şəkildə etiraf olunması ona olan dərin inamı daha da möhkəmləndirib.
Biz bütün uğurlarımıza ciddi və düşünülmüş siyasət nəticəsində cəmi 20 ildə nail olmuşuq. Ancaq gəlin 20 il bundan əvvələ qədərki tarixi də unutmayaq. 20 il bundan əvvəl elə bugünkü antimilli "Şura" üzvlərinin naşı rəhbərliyi, hakimiyyət hərisliyi və səriştəsizliyi nəticəsində Azərbaycan dünya xəritəsindən silinmək təhlükəsində idi. Bəlkə indi elə hesab edirlər ki, xalq bunları unudub? Heç nə unudulmayıb və buna görə də dağıdıcı müxalifət 20 ildir miskin durumdadır! Xalqın etimadını birdəfəlik itiriblər! Bunu bildikləri və xalq içində nüfuz və hörmətlərinin olmadığını gördükləri üçün özlərinə qiyabiçi, milli ruhdan uzaq, siyasi diletant bir namizəd müəyyənləşdiriblər.
Çox təəssüf ki, bu insanlar yenə də öz ampluasındadır. Heç olmasa, tarixdəki səhvlərinizdən ibrət götürün! Siz yenə də naşı, heç bir siyasi təşkilatçılıq təcrübəsi olmayan bir adamı namizəd seçərək xam xəyallara düşürsünüz! Axı, bu dövləti idarə etmək, dünyada baş verən siyasi və iqtisadi proseslərə peşəkarcasına reaksiya vermək, baş çıxarmaq üçün ağıl, zəka, qətiyyət və cəsarət lazımdır. Çox təəssüf ki, o da sizdə yoxdur. Məsələn, bunu R.İbrahimbəyovun sonuncu müsahibələrində də görmək olar. Dövlətin idarə olunmasının nə demək olduğunu bilməyən, peşəsi ssenarist, kinorejissor olan Rüstəm İbrahimbəyovu irəli vermisiniz. Bu insan da indi aydın görür ki, sən demə, bu siyasət çox çətin məsələ imiş...
Rüstəm İbrahimbəyovun öz müsahibəsindən sitat:
"Mən sizə dəfələrlə demişəm. Seçki çox mürəkkəb
və çətin bir məsələdir.
Buna ciddi
hazırlaşmaq lazımdır". Seçkiyə üç ay qalıb.
R.İbrahimbəyov indi ayılıb ki, sən demə, seçki
çətin məsələ imiş!
R.İbrahimbəyov kino sənətinə
yaxın birisi olduğu
üçün "Bəyin
oğurlanması" filmindəki komik bir səhnəni onun
yadına salmaq istəyirəm. Kolxoz sədri rejissorun
şikayəti ilə kənddə toy səhnəsinin
çəkilişində kömək göstərməyən
camaata üzünü
tutub deyir: "Ay camaat,
bu kino ki,
var, həm çətindir, həm də
qəliz". İndi Rüstəm
İbrahimbəyov qalıb həmin vəziyyətdə. Bu qiyabiçi namizədə
deyirlər, "oyna", o
da deyir ki, "necə oynayım, səs ordan gəlir, musiqi burda çalınır". Dostları da deyir ki,
"Ə, nə fərqi
var, burdan eşit, ordan da oyna!"
Bu "Milli Şura"
oyunu həm də AXCP və Müsavatın növbəti
siyasi şousudur. Məsələ ondadır ki, İ.Qəmbər və Ə.Kərimli qarşıdan
gələn prezident seçkilərində öz
uğursuzluqlarını dərk
edirlər. Həm
də aydın başa düşürlər
ki, bu uğursuzluq
onları siyasi səhnədən tamamilə
siləcək! Məhz bu
amil dağıdıcı
müxalifətin ənənəvi
platformasından uzaqlaşmasının
əsas səbəblərindən
biridir. Ona görə, əslində,
R.İbrahimbəyovu qabağa
veriblər ki, seçkidəki məğlubiyyətin
günahını onun
üzərinə yıxsınlar.
Özünü həmişə
"ssenarist" kimi qələmə verən R.İbrahimbəyov
isə bu dəfə özünün
AXCP və Müsavatın
ssenarisində rol aldığını, yəqin
ki, nə vaxtsa başa düşəcək.
Siz hazırlaşmaqda olun... Azərbaycan xalqı isə öz seçimini artıq edib! Ölkə ictimaiyyəti təmsilçiləri
prezident seçkilərində Heydər Əliyev siyasətinin
davamına səs verəcəklərini, cənab İlham Əliyevin
namizədliyini dəstəkləyəcəklərini bəyan
ediblər. Bu seçkidə xalqımız cənab İlham Əliyevin
ətrafında sıx birləşməklə Heydər Əliyev
ideyalarının və siyasətinin davamına səs verəcək.
Çünki Heydər Əliyev siyasətinin yaşaması və
onun ən layiqli davamçısı olan cənab İlham Əliyev
tərəfindən davam etdirilməsi bütün Azərbaycan
xalqının istək və arzusudur!
İlham MƏMMƏDOV,
Milli Məclisin deputatı
Azərbaycan.-2013.- 11 iyul.- S.8.