Xalq yazıçısı, nasir və ədəbiyyatşünas Gülhüseyn Hüseynoğlu
son mənzilə yola
salınmışdır
İyulun 10-da müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, xalq yazıçısı, nasir və ədəbiyyatşünas, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Gülhüseyn Hüseynoğlu (Gülhüseyn Hüseyn oğlu Abdullayev) son mənzilə yola salınmışdır.
AzərTAc xəbər verir ki, vida mərasimində dövlət və hökumət rəsmiləri, elm və ictimaiyyət nümayəndələri, tanınmış mədəniyyət xadimləri iştirak etmişlər.
Mərhumun cənazəsi Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında qoyulmuşdu.
Salonda həzin
matəm musiqisi səslənirdi.
Sənətkarın tabutu önünə Azərbaycan Respublikasının
Prezidenti adından əklil qoyulmuşdur.
Cənazənin ətrafına hökumət
təşkilatları və
müxtəlif kollektivlər
adından əklillər
və çiçəklər
düzülmüşdü.
Gülhüseyn Hüseynoğlunun həmkarları,
dostları, tanışları,
tanınmış mədəniyyət
və incəsənət
xadimləri, mərhumun
yaradıcılığının pərəstişkarları axın-axın
Rəşid Behbudov adına Azərbaycan
Dövlət Mahnı
Teatrının binasına
gəlir, görkəmli
ədibə və gözəl insana son borclarını verirdilər.
Vida mərasimində çıxış
edən mədəniyyət
və turizm nazirinin birinci müavini Vaqif Əliyev mərhum yazıçının Azərbaycan
ədəbiyyatının inkişafı
istiqamətində yorulmaz
fəaliyyətindən, yaratdığı
əsərlərdən, insani
keyfiyyətlərindən geniş
söz açmışdır.
Bildirmişdir ki, Gülhüseyn
Hüseynoğlu, sözün
həqiqi mənasında,
gözəl insan, dəyişməz mövqeyə
malik vətəndaş,
ustad yazıçı,
zəhmətkeş alim
olmuşdur. Keçən əsrin 40-cı illərindən
ədəbi yaradıcılığa
başlamış Gülhüseyn
Hüseynoğlunun ömrünün
mənasını məğrurluq,
təvazökarlıq, zəhmətkeşlik
kəlmələri daha
dolğun ifadə edir. Vaxtilə Azərbaycanın müstəqillik arzusunu dilinə gətirdiyinə
görə sovet sistemi tərəfindən
zindana atılan yazıçı ömrü
boyu qürurundan enməmiş, təmənnasız,
gözü-könlü tox
yaşamışdır.
Antisovet
"İldırım" təşkilatını yaradan,
məhkəmənin hökmü
ilə 25 il azadlıqdan məhrum edilən Gülhüseyn Hüseynoğlu elmi fəaliyyətinin, demək
olar ki, əsas hissəsini məhz sovet sisteminin qurbanı olmuş nakam şair Mikayıl Müşfiqin yaradıcılığına
həsr etmişdir. O,
bir müəllim kimi yeni nəslin
ağıllı, vicdanlı
və zəhmətsevər
ruhda böyüməsi
üçün böyük
əmək sərf etmişdir. Alim təqribən 60 ilə yaxın bir müddətdə Bakı Dövlət Universitetində çalışmış,
elmlər doktoru olmuş, professor dərəcəsinə
yüksəlmişdir. Ədəbi fəaliyyətində olduqca
yığcam, lakonik, lakin dərin məzmunlu əsərlər
yaratmışdır. Onun cəmiyyət tərəfindən
sevilməsinin bəlkə
də ən başlıca cəhətlərindən
birincisi yazıçının
Vətənə, xalqa,
dövlətə hədsiz
bağlılığıdır. Qədirbilən xalqımız və
dövlətimiz hələ
50-ci illərdən başlayaraq
imperiya tərəfindən
cəzalanmış yazıçıya
rəğbətini gizlətməmiş,
onun ədəbi yaradıcılığı, elmi-pedaqoji
fəaliyyəti daim qiymətləndirilmişdir. Gülhüseyn Hüseynoğlunun layiqli əsərləri, şəxsiyyəti daim xalqımızın yaddaşında
yaşayacaqdır.
Azərbaycan Yazıçılar Birliyinin
sədri, xalq yazıçısı Anar
Gülhüseyn Hüseynoğlunun
vəfatının yalnız
ədəbiyyatımız deyil,
mənəviyyatımız üçün də böyük itki olduğunu demişdir. Bildirmişdir ki, Gülhüseyn Hüseynoğlu çox istedadlı yazıçı
olmaqla bərabər,
nadir mənəviyyata malik
bir insan olmuşdur. O, gəncliyində
Vətənin azadlığı,
Azərbaycan dilinin bərqərar olması uğrunda ciddi mübarizəyə qoşulmuş
və onun "cəzasını" çəkmişdir.
Gülhüseyn Hüseynoğlu müəllim
adının yüksək
daşıyıcısı olmuş, bu adın təmizliyini, saflığını ömrü
boyu saxlamışdır.
Bir arzum var idi
ki, Gülhüseyn Hüseynoğlu Sibirdə
başına gələnləri
qələmə alsın.
O, bəzi fraqmentləri
yazmışdı. Təəssüf ki, ömür vəfa etmədi. Yazıçı sovet sistemində
çox əziyyətlər
çəkməsinə baxmayaraq,
həmişə təvazökar
olmuşdur.
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir
üzvü, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdullayev
Gülhüseyn Hüseynoğlunun
tələbəsi olduğunu
demiş, müəlliminin
Azərbaycan ədəbiyyatının
təəssübünü çəkən bir insan olduğunu vurğulamışdır. Diqqətə çatdırmışdır ki,
Gülhüseyn Hüseynoğlunun
universitetin dəhlizindəki
son dərəcə nəcib
obrazı auditoriyanın
içində parlayan
şimşəyə dönmüş,
müəllim tələbələrinin
içində nəfəs
almış, şeir söyləmiş, bütün
hissini-həyəcanını auditoriya ilə bölüşmüşdür. Gülhüseyn Hüseynoğlu Azərbaycan
ədəbiyyatında əvəzsiz
yeri olan bir sənətkardır.
Bakı
Dövlət Universitetinin
(BDU) rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov
demişdir ki, Gülhüseyn Hüseynoğlu
Azərbaycan elmi, ədəbi-fikri, ziyalılığı
tarixində çox uzun illər yaşayacaqdır. BDU-nun tarixində onun adı qızıl hərflərlə yazılmışdır.
O, uzun illər yaşayacaq, yubileyləri keçiriləcək, onun
haqqında kitablar yazılacaq, adına
təqaüd veriləcək
və beləliklə,
əbədiləşəcəkdir. Həyatının 60 ilini BDU ilə
bağlayan Gülhüseyn
Hüseynoğlu heç
vaxt vəzifə axtarmamışdır. Həmişə qəlbində yanan milli təəssübkeşlik
işığını insanlara
paylamağa çalışmışdır. Millət yolunda əzab-əziyyət
çəkmiş, yaşamış,
çalışmışdır.
Xalq şairi
Nəriman Həsənzadə
mərhumun gözəl
insani keyfiyyətlərindən,
mübarizliyindən danışmış,
onunla bağlı xatirələrini bölüşmüşdür. Bildirmişdir ki, istedadlı yazıçı, nümunəvi
müəllim olan Gülhüseyn Hüseynoğlu
gözəl insan, vətəndaş ömrü
yaşamışdır.
Milli Məclisin deputatı,
AMEA-nın müxbir üzvü, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin
direktoru Rafael Hüseynov
demişdir ki, bir millətin, ölkənin var olduğu müddətdə
qazana biləcəyi ən böyük sərvət onun istiqlalı, dövlət müstəqilliyidir. Kimin bu istiqlalda və müstəqillikdə payı
varsa, millətin yaddaşında həmişəlik
qalır və daim minnətdarlıq duyğuları ilə xatırlanır. Ədəbi
irsi ilə yanaşı, Gülhüseyn
Hüseynoğlunun Azərbaycan
istiqlalındakı zəhmətləri,
taleyi bahasına bu istiqlalın gəlişi yolundakı çəkdiyi əməklər
heç zaman unudulmamalı, həmişə
bizi ona minnətdar etməlidir.
Rafael Hüseynov diqqətə
çatdırmışdır ki, belə insanlar
imperiyanı yıxmağa,
Azərbaycanı müstəqil
etməyə çalışmışlar. Gülhüseyn
Hüseynoğlu bir sufi kimi
pak, təmiz insan olmuş, bütün ömrü boyu adamlara xeyirxahlıq
etməyə çalışmışdır.
Mənsur şeiri bir
janr olaraq Azərbaycan ədəbiyyatında
bərqərar edən
Gülhüseyn Hüseynoğlu
olmuşdur. Onun mənsur
şeirləri çoxdur.
Əlbəttə ki, onların
işində şah əsəri olan "Mücrü" çox dillərə tərcümə
olunmuş, haqqında
film də çəkilmişdir.
İnsanın ən qiymətli
əşyalarını, sənədlərini
saxladığı mücrünün
açılmaq keyfiyyəti
vardır. Gülhüseyn Hüseynoğlunun mücrüsü
də hər zaman açılacaq və insanlar ona baxanda istiqlalımız,
müstəqilliyimiz, bu
yolda həyatını
fəda etmiş insan, onun əsərləri
və pak varlığı haqqında
düşünəcəklər.
Gülhüseyn Hüseynoğlu Azərbaycan
mənəviyyatının böyük yaddaşında
bir örnək kimi həmişə yaşayacaqdır.
Görkəmli ədibin oğlu Toğrul Abdullayev mərhumun ailəsi adından yazıçının
xatirəsinə göstərilən
hörmət və ehtirama görə dərin minnətdarlığını
bildirmişdir.
Sonra görkəmli
ədibin cənazəsi
son mənzilə yola salınmışdır.
Mərhum İkinci Fəxri xiyabanda torpağa tapşırılmışdır.
Allah rəhmət
eləsin!
Azərbaycan.-2013.- 11 iyul.- S.10.