Zəka səltənətinin ilk carçısı
Çoxəsrlik Azərbaycan ədəbi irsini toplayıb, elmi prinsip və ardıcıllıqla öyrənərək "Azərbaycan ədəbiyyatı" əsərini yazması Firidun bəy Köçərlinin ən böyük xidməti sayılır. Bu əsəri ilə Firidun bəy müasir Azərbaycan ədəbiyyatı tarixçiliyi elminin əsasını qoymuş və beləliklə də gələcək tədqiqatçılar üçün geniş bir yol açmışdır. O, Azərbaycan ədəbiyyatşünaslığı tarixində ilk dəfə olaraq ədib və şairlərimizin böyük əksəriyyətini əhatə edən ədəbiyyat tarixini yazmışdır.
Görkəmli maarifpərvər və ədəbiyyatşünas alimin bu kitabı ötən əsrin 70-ci illərində kiril əlifbası ilə çap edilərək oxuculara çatdırılmışdır. Bu unudulmaz zəka sahibinin 150 illiyinin keçirilməsi ilə əlaqədar Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncamda unudulmaz ədəbiyyatşünas alimin, görkəmli təndiqçinin əsərlərinin latın qrafikası ilə çapı da nəzərdə tutulmuşdur. Filologiya elmləri doktoru, professor Şamil Vəliyevin redaktorluğu və ön söz müəllifliyi ilə Firidun bəy Köçərlinin əsərləri bu günlərdə işıq üzü görmüşdür. Azərbaycan ədəbiyyyatı tarixini sistemli bir halda öyrənmək istəyənlər öncə Firidun bəy Köçərlinin adıçəkilən əsərinə müraciət etməlidirlər. Yeni nəşrə yazılmış ön sözdə oxuyuruq: "F.Köçərli Azərbaycan ədəbiyyatına dair zəngin material toplamışdı. O, daima ədəbiyyatımızın gələcəyini düşünmüş və tez-tez dövri mətbuatda Azərbaycan ədəbiyyatı tarixi haqqında çıxışlar etmişdir... Bu alimin 40 ilə yaxın ictimai və pedaqoji fəaliyyəti Azərbaycan ədəbiyyatşünasları tərəfindən geniş şəkildə öyrənilmişdir. Və bu iş hazırda da davam etdirilir. Heç şübhəsiz ki, onun ədəbi elmi və publisistik irsi müstəqilliyin yaratdığı imkanları hesabına daha dərindən və küll halında öynəniləcək, gələcək nəsillərin intellektual mülkiyyətinə çevriləcəkdir. Çünki o, Azərbaycanda yaradılacaq zəka səltənətinin ilk carçılarından olub".
Kitab üç bölmədən ibarətdir. "Seçilmiş əsərlər" bölümündə İrəvandan gələn məktub əsasında Firidun bəy Köçərli Azərbaycan komediyalarını şəhr edib. Maraqlıdır ki, o, Mirzə Fətəli Axundzadənin komediyalarını "Zaqafqaziya müsəlmanlarının 40 və 50-ci illərdəki həyatını əks etdirən bir reflektora" bənzədib. "Azərbaycan ədəbiyyatı" adlı tədqiqatında isə Şuşa ədəbi mühitindən - Molla Pənah Vaqif, Aşıq Pəri, Qasım bəy Zakirdən danışılıb. Ardıcıllıqla davam edən bu tədqiqatda yenə də Mirzə Fətəli Axundzadənin ədəbiyyatdakı xidmətlərinə toxunulub, "Əkinçi" qəzetinin Azərbaycan mətbuatındakı səmərəli yeri araşdırılıb, şamaxılı Seyid Əzimin yaradıcılığı, Nəcəf bəy Vəzirovun, Nəriman Nərimanovun və başqalarının əsərlərindən söz açılıb. "Molla Nəsrəddin" jurnalı ilə bağlı Firidun bəy Köçərlinin 1906-cı ildə verdiyi şəhri də diqqət çəkir: "Jurnal hər şeydən çox müsəlmanlar arasındakı mövhumata, cəhalətə və fanatizmə gülür. Çünki bunlar müsəlmanların həyatında böyük bir maneəyə çevrilib və onların geri qalmağına səbəb olubdur... Ümumiyyətlə, "Molla Nəsrəddin" çox yaxşı təsir bağışlayır və öz çətin vəzifəsini hələlik müvəffəqiyyətlə yerinə yetirir. Yəni azərbaycanlıların vaxtı keçmiş, köhnəlmiş görüşlərini, anlayış və adətləri islah etməyə və özlərini oyadıb yeni nəcib və ciddi fəaliyyətə sövq etməyə çalışıb. Biz Cəlil Məmmədquluzadəyə səmimi qəlbdən müvəffəqiyyətlər arzu edirik və ümidvarıq ki, müsəlman cəmiyyəti bu faydalı və yeganə jurnalın nəşrinə kömək göstərəcəkdir".
Ötən əsrin əvvəllərində realist bədii nəsirdə, dramaturgiyada, satirik publisistikada Cəlil Məmmədquluzadə, yeni şeir aləmində Mirzə Ələkbər Sabir, milli musiqinin inkişafında Üzeyir Hacıbəyli hansı zirvədə dayanırsa, gördüyü mühüm işlər sayəsində ədəbiyyatşünaslıq elmində də Firidun bəy Köçərli həmin ucalıqda qərar tutub. 57 baharlı ömrünün 40 ilini millətinin maariflənməsinə, mədəni tərəqqisinə həsr edən Firidun bəy Köçərli estetik fikir tarixində də şərəfli yerlərdən birinin sahibidir. Çoxcəhətli yaradıcılığa malik olan Firidun bəy Köçərli balalarımız üçün də yazmağı, yaratmağı unutmamışdı. O, təkcə əbədiyyat nəzəriyyəçisi və tənqidçisi deyildi, həm də uşaqlar üçün bir-birindən maraqlı, dəyərli müxtəlif janrda əsərlər yazan ədib, şair və tərcüməçi idi. Kitabın "Balalara hədiyyə" bölümündə 60-dan artıq əsər toplanıb. Burada şifahi xalq nümunələrindən tutmuş, yazılı ədəbi növləri də öz əksini tapmışdır.
Böyük
vətəndaş və milli duyğulara sahib bir fədai kimi
adını tarixə silinməz hərflərlə həkk
etdirən Firidun bəy Köçərli ana dilimizin aşiqi
idi. Onun 1913-cü ildə qələmə aldığı
"Ana dili" məqaləsi o dövr üçün
çox böyük əhəmiyyət kəsb etdi. O dilimizin
şirinliyini korlayanlara qarşı amansız idi. Qələm
dostlarına tövsiyə edərdi: "Sadə,
anlaşıqlı yazın. Dildə əllaməlik etmək
yaramaz. Bu oxucu ilə yazıçı arasında keçilməz
sədd yaradır". O dövrdə Firidun bəy
Köçərlinin bu məqaləsi "Molla Nəsrəddin"
jurnalında çap olunmuşdur. Maraqlıdır ki, Firidun bəyin
ana dili barəsindəki fikirləri yüz ildən sonra - bu
gün də böyük əhəmiyyətə malikdir:
"Ana dili millətin mənəvi diriliyidir, həyatının
mayəsi mənziləsindədir. Ananın südü bədənin
mayəsi olduğu kimi, ananın dili də ruhun
qidasıdır. Hər kəs öz anasını və vətənini
sevdiyi kimi, ana dilini də sevir". Bu cür dərin düşüncəyə,
amala və millət sevgisinə malik olan ədəbiyyat
tarixçisi, nəzəriyyəçisi, tərcüməçisi,
mətbuat və teatr qurucusu, maarifçi, ən
başlıcası da böyük vətəndaş olmuş
Firidun bəy Köçərlinin əsərlərinin
latın qrafikası ilə çap edilib belə nəfis
şəkildə oxuculara çatdırılması təqdirəlayiqdir.
Flora XƏLİLOVA
Azərbaycan.-2013.- 11 iyul.- S.10.