Mədəniyyət və turizm
naziri Qubada vətəndaşları
qəbul etmişdir
İyulun 10-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Quba şəhərindəki Bəşir Səfəroğlu adına mədəniyyət evində Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarından olan vətəndaşları qəbul etmişdir.
Qəbulda Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri, şöbə müdirləri və digər məsul işçiləri iştirak etmişlər.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, ölkənin şimal bölgəsinin əhatə olunduğu rayonlardan vətəndaşlar əvvəlcədən mct@mct.gov.az elektron poçt ünvanı, e-services.mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt - 147) vasitəsilə nazirliyə, eləcə də rayon mədəniyyət və turizm şöbələrinə müraciət etməklə qəbula yazılmışlar.
Vətəndaşların nazirlə görüşündə mədəniyyət və turizmlə bağlı bir sıra məsələlər qaldırılmışdır. Müraciətlərin əsasını təşkil edən mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, tarixi abidələrin bərpası, yerlərdəki uşaq və incəsənət məktəblərində yeni ixtisasların açılması, məktəblərə əlavə dərs vəsaitlərinin verilməsi, bölgədə turizmin inkişafı, xalçaçılıq sənətinin təşviqi ilə bağlı xahiş və təkliflər nazir tərəfindən müsbət qarşılanmışdır. Qeyd olunmuşdur ki, vətəndaşların bu cür əhəmiyyətli mövzularda həssaslıq nümayiş etdirmələri təqdirəlayiq haldır.
Qəbuldan
sonra Əbülfəs Qarayev mətbuata
açıqlamasında bildirmişdir ki, qeyd olunan məsələlərin
həlli istiqamətində lazımi tədbirlər
görüləcəkdir. Nazir
sözünə davam edərək demişdir: "Burada bir çox mövzularda müraciətlər edildi. Xalçaçılığın
inkişafı, tarixi abidələrimizin təmiri
və bərpası, turizm sahəsi və
s. məsələlərlə
bağlı maraqlı təkliflər irəli sürüldü.
Bütün bu məsələlər
nazirliyin daim diqqət
mərkəzindədir. Nazirlik tərəfindən
yerlərdə bir çox
abidələr təmir və bərpa olunmuşdur.
Hazırda bu proses davam edir. Regionların
gələcək inkişafı ilə bağlı mədəniyyət
və turizm sahəsində bir çox işlər nəzərdə
tutulmuşdur. İşlə təmin olunma və digər məsələlərlə
bağlı müraciətlər də nəzərdən
keçiriləcək və çalışacağıq
ki, həmin şəxslərə müvafiq köməklik göstərilsin".
Azərbaycan.-2013.- 11 iyul.- S.11.