Türkiyənin nüfuzlu
«Ekovitrin» jurnalının sorğusunun
nəticələrinə görə Prezident
İlham Əliyevin seçildiyi
«10 ilin dövlət adamı»
mükafatının İstanbulda təqdimat
mərasimi keçiriləcəkdir
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin nüfuzlu "Ekovitrin" jurnalı tərəfindən keçirilmiş rəy sorğusunun nəticələrinə görə türk dövlətləri, Orta Asiya və Cənubi Qafqazda seçildiyi "10 ilin dövlət adamı" mükafatının iyulun 13-də İstanbulda təqdimat mərasimi keçiriləcəkdir.
AzərTAc-ın bu barədə "Ekovitrin"də getmiş geniş məqaləyə istinadən xəbər verdiyi kimi, jurnalın keçirdiyi rəy sorğusunda 270 min 992 respondent iştirak etmişdir. Məqalədə İlham Əliyevin Azərbaycan Prezidenti vəzifəsində səmərəli fəaliyyəti, qazandığı uğurlar barədə ətraflı məlumat verilmişdir.
Qeyd edilmişdir ki, son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf etmiş və dünyanın nüfuzlu ölkələrindən birinə çevrilmişdir. Nəşrdə dövlət başçısının daxili və xarici siyasətinin uğurları geniş şərh olunmuşdur.
Bildirilmişdir ki, Azərbaycanın neft strategiyasının uğurla davam etdirilməsi, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərlərinin tikintisinin başa çatdırılması, enerji resurslarının dünya bazarına çıxarılması nəticəsində ölkənin büdcəsinə milyardlarla dollar vəsait daxil olmuşdur.
Azərbaycan iqtisadiyyatı şaxələndirilmiş, qeyri-enerji sektorunun sürətli inkişafı təmin edilmişdir. Azərbaycan Dövlət Neft Fondunda 30 milyard dollardan artıq vəsait toplanmışdır. Ölkənin strateji valyuta ehtiyatları isə 46 milyard dollara çatmışdır. Azərbaycan dünyanın 50 inkişaf etmiş iqtisadiyyatı sırasına daxil olmuşdur. Ölkədə yoxsulluğun səviyyəsi 6,2 faizə, işsizlik isə 5 faizə düşmüşdür. 2012-ci ilin nəticələrinə görə, ölkədə inflyasiya cəmi 1 faiz təşkil etmişdir. Son 10 ildə bir milyondan artıq yeni iş yeri yaradılmışdır.
İlk süni peykini fəzaya çıxarmaqla Azərbaycan kosmik ölkələr sırasına daxil olmuşdur. Ötən 10 ildə Azərbaycan iqtisadiyyatına 130 milyard dollar investisiya yatırılmışdır. Azərbaycan xarici ölkələrin iqtisadiyyatına sərmayə yatıran, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan dövlətə, sivilizasiyalararası dialoqun, qlobal siyasi, iqtisadi, mədəni problemlərin müzakirə olunduğu məkana çevrilmişdir.
Azərbaycan 2011-ci ildə 155 ölkənin səsini qazanaraq BMT Təhlükəsizlik Şurasının, həmçinin Qoşulmama Hərəkatının üzvü seçilmişdir. Dünya İqtisadi, Krans Montana, Cənubi Qafqaz, Humanitar, Mədəniyyətlərarası Dialoq forumlarına, "Eurovision" musiqi yarışmasına, Dini Liderlərin Ümumdünya Sammitinə və digər nüfuzlu tədbirlərə ev sahibliyi edən Bakı dünyanın artıq qlobal səciyyəli tədbirlərinin keçirildiyi mərkəzlərdən biri kimi qəbul olunur. Azərbaycan artıq idman ölkəsinə çevrilmişdir. Bunun nəticəsidir ki, Avropa Olimpiya Komitəsi 2015-ci il birinci Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul etmişdir.
Jurnalda
qeyd edilmişdir ki, Azərbaycan xalqı Prezident İlham
Əliyevin fəaliyyətini yüksək qiymətləndirir
və onu dəstəkləyir. Ölkədə
keçiriləcək növbəti prezident
seçkilərində İlham Əliyevə
rəqib ola biləcək şəxs yoxdur. Məhz bu uğurlara görə Prezident
İlham Əliyev "10 ilin
dövlət adamı" seçilmişdir.
Azərbaycan.-2013.- 12 iyul.- S.1.