Prezident İlham Əliyevin «İlin dövlət başçısı» seçilməsi ölkə

rəhbərinin həyata keçirdiyi daxili və xarici siyasətə verilən qiymətdir

 

2003-cü ildən Heydər Əliyev siyasi kursunu onun layiqli davamçısı - Prezident İlham Əliyev uğurla davam etdirir. Ötən 10 ildə cənab İlham Əliyev ümidləri tam doğrultdu, cəmiyyətin bütün gözləntilərini gerçəkləşdirməyə çalışdı. Xalqın maraq və mənafelərinə cavab verən çevik, qətiyyətli qərarlar qəbul etdi. Böyük uğurlara imza ataraq özünü ciddi siyasətçi kimi təsdiqlədi. Yüksək intellekti, işgüzarlığı, təvazökarlığı, mütərəqqi idarəçilik prinsipləri ilə cəmiyyətdə böyük nüfuz sahibinə çevrildi.

Ölkənin iqtisadi cəhətdən qüdrətlənməsi, Azərbaycanın qlobal layihələrin həyata keçirilməsində əsas tərəf kimi beynəlxalq iqtisadi-siyasi proseslərdə aparıcı qüvvəyə çevrilməsi rəsmi Bakının mövqelərinin güclənməsi ilə müşayiət olunur. Azərbaycan Prezidenti İlham Əliyev praqmatik, peşəkar siyasətçi olaraq əməli addımları ilə hər bir fərdin maraq və mənafelərinin qorunmasına dövlət təminatının olduğunu praktik surətdə təcəssüm etdirir. Azərbaycanın yaxın-uzaq ölkələrlə münasibətləri qarşılıqlı maraqlar, sivil birgəyaşayış prinsipləri əsasında inkişaf edir. Neftlə, qazla zəngin bir çox ölkələrdən fərqli olaraq, Azərbaycan daha çox demokratikləşmə yolunda qazandığı uğurlarla Avratlantik məkana inteqrasiya edir. Demokratik ideallara, liberal dəyərlərə, insan və vətəndaş hüquq və azadlıqlarına sadiqliyi ilə tanınmaq əzmini sübuta yetirir. Bərabərhüquqlu tərəfdaşlıq və tarazlı xarici siyasət prinsiplərinə sadiq olan rəsmi Bakı heç bir dövlətin Azərbaycanın daxili işlərinə qarışmasına qətiyyətlə yol vermir.

Bu gün Azərbaycan regionda hansısa ölkədən enerji asılılığı olmayan yeganə respublikadır. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri dünya miqyaslı layihələr olmaqla, Azərbaycanın enerji təhlükəsizliyinə geniş imkanlar açır. Bu layihələr, eyni zamanda, respublikamızın müstəqilliyini daha da möhkəmləndirir, regionda müstəqil siyasət aparmasını təmin edir. Ölkə həyatının bütün sahələrində əldə olunan uğurlar beynəlxalq təşkilatların hesabatlarında, nüfuzlu sosioloji mərkəzlər tərəfindən vaxtaşırı keçirilən rəy sorğularında təqdir olunur və respublikamızın davamlı inkişaf yolunda olduğu xüsusi  vurğulanır.

Böyük Britaniyanın nüfuzlu "The Business Year" jurnalı bir müddət əvvəl  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi dünyada "İlin adamı" elan etmişdi. Ölkə başçısı "İlin adamı" mükafatına son beş ildə Azərbaycanın dinamik inkişafına, dünyanın geosiyasi məkanda fəal iştirakına, BMT-nin Təhlükəsizlik Şurasının üzvü kimi qlobal arenada sülh və təhlükəsizliyin təmin olunmasına, "Azərspace" ilk telekommunikasiya peykinin orbitə buraxılması ilə Azərbaycanda, bölgədə və dünyada internetin, informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişafına verdiyi önəmli töhfələrə, habelə Azərbaycanın mühüm beynəlxalq ictimai, siyasi, iqtisadi, humanitar forumların, konfransların, idman yarışlarının keçirildiyi mərkəzə çevrilməsindəki xidmətlərinə görə layiq görülmüşdü.

2012-ci ilin sonuna Azərbaycan üzrə "Avropa Qonşuluğu Barometri" çərçivəsində keçirilən sorğunun nəticələri də böyük qürur hissi doğurmuşdu. Qeyd edək ki, sorğu Avropa Qonşuluq Siyasəti ölkələrində ictimai rəyin öyrənilməsi üzrə Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən layihə çərçivəsində 2012-ci ilin noyabr-dekabr aylarında 1000 respondent arasında keçirilmişdi. Rəyi soruşulanların 65 faizi öz həyatlarından razı olduqlarını bildirmişdilər. Həyatından məmnunluq səviyyəsi gənclər və təhsil alan respondentlər arasında daha yüksək olmuşdur. Rəyi soruşulanların böyük əksəriyyəti öz hökumətinə (92 faiz) və parlamentə (68 faiz) inandığını ifadə etmişdir.

Prezident İlham Əliyev bu yaxınlarda Türkiyənin nüfuzlu "Ekovitrin" jurnalı tərəfindən keçirilmiş rəy sorğusunun nəticəsinə görə, türk dövlətləri, Orta Asiya və Cənubi Qafqazda "10 ilin dövlət adamı" seçilmişdi. Qeyd edək ki, "Ekovitrin" jurnalı tərəfindən keçirilən rəy sorğusunda 270 min 992 respondent iştirak etmişdi. Jurnalda cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti vəzifəsində səmərəli fəaliyyəti, qazandığı uğurular barədə ətraflı məlumat verilmişdi. Qeyd edilmişdi ki, son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf etmiş və dünyanın nüfuzlu ölkələrindən birinə çevrilmişdir. Nəşrdə dövlət başçısının daxilixarici siyasətinin uğurlu nəticələri də geniş əks etdirilmişdi.  

Bu günlərdə isə Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu (DƏ-İKGF) İstanbulda dünyanın 40 ölkəsindən 50-dən artıq universiteti təmsil edən 170-dən çox gənc və 10 minə yaxın tələbə arasında "online" sorğu keçirib. Sorğuya əsasən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İƏT coğrafiyasında "İlin dövlət başçısı" seçilib. Bu barədə qərar iyulun 6-da DƏİKGF və Malayziya Beynəlxalq İslam Universitetinin (MBİS) təşkilatçılığı ilə Kuala Lumpur şəhərində keçirilən 3-cü Beynəlxalq İslam Əməkdaşlıq Təşkilatı Modelinin Sammitinin bağlanış mərasimində elan edilib.

"İlin dövlət başçısı" nominasiyasında iştirak etmiş və İƏT-in 57 üzv ölkəsi sırasından seçilmiş dövlət başçılarının namizədlikləri İslam irsinə göstərilən qayğı, İƏT ölkələri arasında həmrəyliyin möhkəmləndirilməsi, təşkilata üzv ölkələrin sosial-iqtisadi inkişafı və beynəlxalq mövqelərinin gücləndirilməsi sahəsində fəaliyyətləri kimi  meyarlar üzrə qiymətləndirilib. Dövlət başçısı bu nominasiyanın qalibi olub.

Prezident İlham Əliyev "İlin dövlət başçısı" seçilərkən Azərbaycan Prezidentinin rəhbərliyi altında əldə olunmuş nailiyyətlər, o cümlədən Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi və bu mövqedən İƏT ölkələrinin maraqlarının müdafiəsi, Fələstin dövlətinə yardım üzrə İslam Maliyyə Təhlükəsizliyi Şəbəkəsinin təsis konfransı və Qüds şəhərinin inkişafına yardım üzrə donor konfransına 2013-cü ilin iyununda Bakıda ev sahibliyinin edilməsi, bütövlükdə Azərbaycanın İƏT-in İslam həmrəyliyi istiqamətində fəaliyyətinə dəstəyi, həmçinin Cənubi Qafqazın ilk məscidi və İslam sivilizasiyasının incisi sayılan Şamaxı məscidinin bərpası təşəbbüsləri nəzərə alınıb.

Prezident İlham Əliyev ötən 10 illik fəaliyyəti dövründə məhz ölkə üçün taleyüklü, strateji əhəmiyyətli hadisələrin müəllifinə çevrilmiş, onun ardıcıl və sistemli surətdə həyata keçirdiyi islahatlar cəmiyyətin mənəvi yüksəlişinə və birliyinə xidmət etmişdir. Dövlət başçısının özünəməxsus liderlik keyfiyyətləri, siyasi prosesləri yönəltmək məharəti, cəmiyyətin maraq və mənafelərini ümumi bir nöqtədə birləşdirmək bacarığı Azərbaycan xalqının ona sonsuz etimadının əsas səbəblərindən biri kimi çıxış edir.

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" bölgələrin davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, milli iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun tərəqqisi hesabına aradan qaldırılması üçün geniş imkanlar açmışdır. Regional inkişaf proqramlarının icrasının başlanmasından, yəni 2004-cü ilin fevralından bu günə qədər ölkəmizdə bir milyondan artıq yeni yeri açılmışdır. Bununla bərabər, yeni müəssisələrin işə salınması nəticəsində ölkə daxilində istehsal olunan malların sayı artır, ixracdan asılılıq azalır. Ötən dövrün sosial-iqtisadi göstəriciləri Avratlantik məkana inteqrasiya kursunu əzmlə davam etdirən, transmilli enerjikommunikasiya layihələrinin lokomotivinə çevrilərək Cənubi Qafqazın ən nüfuzlu ölkəsi kimi tanınan müstəqil respublikamızın sosial-iqtisadi sahədəki uğurlarının ardıcıl xarakter daşıdığını sübuta yetirir. Bütün bunlar həm də ölkə başçısının müəyyənləşdirdiyi iqtisadi prioritetlərin dayanıqlı əsaslara söykəndiyini, respublikanın gerçək potensialı ilə uzlaşdığını təsdiq edir. Ölkə başçısı bildirmişdir: "Biz regionun bir hissəsiyik və əlbəttə ki, istər-istməz regionda baş verən proseslər bizə təsir edir. Amma Prezident kimi mənim vəzifəm region xarakterli hadisələrin Azərbaycana təsirini azaltmaq və əksinə, Azərbaycanın regional proseslərə təsir imkanlarını maksimum dərəcədə artırmaqdır. İqtisadiyyata gəlincə, Azərbaycanın iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 83 faizini təşkil edir. Gələcəkdə də bu rəqəm yalnız artacaqdır. Bu gün Azərbaycanın iştirakı olmadan heç bir layihə mümkün deyildir. Nə enerji, nə nəqliyyat, nə də xarici siyasət".

Xarici siyasətdə varisliyin qorunub saxlanılması hər bir dövlətin beynəlxalq miqyasda layiqli yerini tutması, maraq və mənafelərini təmin etməsi baxımından son dərəcə vacibdir. Ulu öndərin balanslı xarici siyasət kursunu inamla davam etdirən dövlət başçısı İlham Əliyev ötən illərdə dünya siyasətinə əsaslı təsir imkanları olan dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, inkişaf etdirmək, beynəlxalq təşkilatlarda Azərbaycanın mövqelərini gücləndirmək istiqamətində sistemli fəaliyyət göstərir. "Azərbaycanın coğrafi mövqeyinin özü onun xarici siyasətini müəyyən edir" - deyən dövlət başçısı respublikamızın necə həssas və mürəkkəb geosiyasi məkanda yerləşməsinin fərqindədir və özünün xarici siyasət doktrinasında bölgənin özəlliklərini nəzərə alır.

Azərbaycanın 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini Təhlükəsizlik Şurasında təmisil edən yeni qeyri-daimi üzv seçilməsi də böyük diplomatik uğur sayıla bilər. BMT Nizamnaməsinin 23-cü maddəsinə əsasən, Təhlükəsizlik Şurası 5 daimi (Çin, Rusiya, ABŞ, FransaBöyük Britaniya), 10 qeyri-daimi üzvdən ibarətdir. Qeyri-daimi üzvlərin seçimində seçkiyə qoşulan ölkələrin beynəlxalq sülhün, təhlükəsizliyin qorunmasına, habelə BMT-nin digər məqsədlərinə nail olunmasına dəstəyi əsas götürülür. Eyni zamanda, dövlətlərin beynəlxalq münasibətlər sistemində yerirolu, sülhün və təhlükəsizliyin qorunmasına töhfələri həlledici amillər kimi nəzərə alınır. Şübhəsiz, BMT-dəki parlaq qələbəmiz son illərdə müstəqil respublikamızın beynəlxalq təşkilatlar daxilində əldə etdiyi ilk diplomatik nailiyyət deyildir. Cənab İlham Əliyevin xarici siyasətini "Ən yaxşı müdafiə hücumdur!" taktikası üzərində qurması nəticəsində Azərbaycan Avropa Şurası, ATƏT, Avropa Birliyi, İslam Əməkdaşlıq Təşkilatı, NATO Parlament Assambleyası və digər mötəbər beynəlxalq təşkilatlarda Ermənistanın təcavüzkar dövlət kimi tanınmasına və ifşasına nail olmuşdur.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyasını Prezident İlham Əliyevin yeni mərhələdə uğurla davam etdirməsi bu gün müstəqil Azərbaycanı regionun ən güclü və qüdrətli dövlətinə çevirmişdir. Bütün bunların nəticəsi olaraq Azərbaycan hazırda daha geniş geosiyasi arealda sülh, tərəqqi və sabitlik, iqtisadi əməkdaşlıq mərkəzi kimi tanınır. Azərbaycanın xarici siyasət kursu milli maraqların prioritetliyi şərti ilə respublikamızın beynəlxalq miqyasda özünütəsdiqləməsinə, iqtisadi-siyasi potensialını effektiv surətdə reallaşdırmasına və təhlükəsizliyini hərtərəfli təmin etməsinə şərait yaradır.

 

 

 

Havar MƏMMƏDOV,

Azərbaycan Texniki Universitetinin rektoru, Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti, texnika elmləri doktoru, professor

Azərbaycan.-2013.- 12 iyul.- S.1,3.