Azərbaycan jurnalistlərinin VI
qurultayının iştirakçıları Fəxri xiyabanda ulu öndər
Heydər Əliyevin məzarını ziyarət etmişlər
Azərbaycan jurnalistlərinin VI qurultayının iştirakçıları iyulun 11-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.
Dövlət müstəqilliyinin əldə edilməsindən sonra Azərbaycanda söz və məlumat azadlığının təmin olunması, demokratik, azad mətbuatın formalaşması, onun hüquqi-normativ bazasının qurulması, iqtisadi müstəqilliyinin təmin edilməsi üçün geniş imkanlar yaranmışdır.
1993-cü ildə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin siyasi iradəsi və böyük səyləri nəticəsində plüralizmi, söz və məlumat azadlığını məhdudlaşdıran maneələr aradan qaldırılmış, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 6 avqust tarixli fərmanı ilə Nazirlər Kabineti nəzdində mətbuatda və digər kütləvi informasiya vasitələrində dövlət sirlərini mühafizə edən baş idarə ləğv edilmiş, bununla da mətbuata tətbiq edilən senzura aradan qaldırılmış, milli mətbuatın inkişafı yolunda yeni perspektivlər açılmışdır. Bu siyasətin ardıcıllığını təmin etmək məqsədi ilə 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyi ləğv olunmuş və dövlətin mətbuat üzərində nəzarət funksiyasından imtina edilmişdir. 2003-cü ildə Azərbaycan jurnalistlərinin birinci qurultayında mətbuatın özünütənzimləmə orqanı və dövlət qurumları ilə mətbuat arasında münasibətlərin nizamlanması funksiyalarını yerinə yetirən Mətbuat Şurası yaranmışdır.
Daha sonra qurultay iştirakçıları "Əkinçi" qəzetinin yaradıcısı, Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin məzarı önünə əklil qoymuş, böyük mütəfəkkirin xatirəsini anmışlar.
Azərbaycan
milli mətbuatı çox çətin, eyni zamanda, zəngin
və şərəfli inkişaf yolu keçmişdir. 1875-ci ildə maarifçi və
publisist Həsən bəy Zərdabi tərəfindən
nəşr olunmağa başlayan
"Əkinçi" qəzeti iki ilə
yaxın fəaliyyəti dövründə mütərəqqi fikirli ziyalıları öz ətrafında birləşdirmiş, elm, maarif, mədəniyyət,
incəsənət və kənd təsərrüfatının
inkişafı ilə bağlı məqalələr dərc etmiş, xalqın mədəni tərəqqisi
uğrunda mübarizə aparmış, dini mövhumata və cəhalətə
qarşı kəskin çıxışlar etmişdir.
Azərbaycan.-2013.- 12 iyul.- S.2.