Fermerlərin ən yaxın dostu və
himayədarı Prezident İlham Əliyevdir
Son illər ölkəmizdə iqtisadiyyatın neftdən asılılığını aradan qaldırmaq üçün qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişafı istiqamətində mühüm addımlar atılır. Bu məqsədlə dövlət aqrar sektorun inkişafı üçün böyük həcmdə sərmayə yatırır. Təkcə ötən il Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli kreditlərlə maliyyələşdirilən 94 istehsal, emal və infrastruktur müəssisələrindən 84-ü aqrar sənaye kompleksinə aid olub. Hazırda aqrar sektordakı vəziyyət və qarşıda duran vəzifələr barədə kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanova müraciət etdik.
Nazir müaivni qeyd etdi ki, aqrar sektorda inkişafın təməli ulu öndər Heydər Əliyevin bu sahədə həyata keçirdiyi islahatlarla qoyulub: "Keçmiş SSRİ məkanında torpaq islahatı ilk dəfə Azərbaycanda həyata keçirilib. Bu islahatlar nəticəsində torpaq özünün həqiqi sahibi olan kəndliyə verilib. Qeyd edək ki, bu, zamanında atılan cəsarətli addım idi. Həmin dövrdə bizimlə eyni ictimai-siyasi inkişaf yolu keçən keçmiş sovet respublikalarında torpaq islahatı aparılmamışdı. Yəni, bu sahədə öyrəniləsi bir təcrübə yox idi! Odur ki, torpaq islahatı keçirmək o dövrdə həm də böyük risk sayılırdı! Lakin ulu öndər belə bir cəsarətli addım atmaqla hamıya nümunə göstərdi. Ötən dövr ərzində qazanılan uğurlar sübut etdi ki, vaxtında aqrar islahatları aparmaq ən doğru yol olub".
A.Aslanov həmçinin bildirdi ki, uğurla həyata keçirilən islahatlara baxmayaraq, neft və qeyri-neft sənayesi ilə müqayisədə aqrar sektor məhsul istehsalında hələ xeyli geridə qalırdı. Aqrar sahə özünün xarakterinə görə istər yerli, istərsə də xarici sahibkarlar üçün bir o qədər cəlbedici deyildi. Əsas səbəb isə bu sahəyə qoyulan vəsaitin geri qayıtma müddətinin uzun və gəlirin iqtisadiyyatın digər sahələrinə nisbətən az olması idi. Bunu nəzərə alan Prezident İlham Əliyev aqrar sektorun dövlət tərəfindən maliyyələşdirilməsinə xüsusi önəm verir. Eyni zamanda xarici sahibkarların da bu işə cəlb olunmasını stimullaşdırmaq üçün bir sıra qərarlar qəbul edilir.
Hazırda aqrar sektorda çalışan sahibkarlar torpaq vergisindən savayı, bütün növ vergilərdən azaddırlar. Dünyanın heç bir ölkəsində fermerlərin xeyrinə belə bir əlverişli qərar qəbul olunmayıb. Bundan əlavə, əkinlə məşğul olan hər bir fermerə istifadə etdiyi yanacaq və sürtkü yağlarına görə dövlət kompensasiya ödəyir. Eyni zamanda, fermerlər istifadə etdikləri gübrəni bazar qiymətlərindən ucuz alırlar. Yaranan qiymət fərqini isə dövlət büdcə hesabına ödəyir. Fermerlərə qayğı bununla da bitmir. Onlara toxum, kənd təsərrüfatı texnikası və cins mal-qara da güzəştli qiymətlərlə satılır.
Bu sahədə qəbul edilən ən önəmli qərarlardan biri də aqrar sektorda çalışan fermerlərə uzunmüddətli və güzəştli kreditlərin verilməsidir. Artıq güzəştli kreditlər almaq imkanı olan fermerlərin maliyyə problemləri yoxdur. İndiyəcən dövlətin ayırdığı güzəştli kreditlər hesabına 13 quşçuluq fabriki, 2 heyvandarlıq kompleksi, 12 soyuducu və taxıl anbarı, 8 istixana kompleksi, 3 ət emalı, 2 konserv, 7 çörək zavodu tikilib. Bu müəssisələrin hamısı iri istehsal obyektləridir. Bununla yanaşı, regiondakı sahibkarlar aldıqları güzəştli kreditlər hesabına minlərlə kiçik və orta həcmli fermer təsərrüfatlarını inkişaf etdirirlər. Məsələn, ötən il Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 2419 sahibkarlıq subyektinə 218 milyon manat güzəştli kredit verilib. Həmin kreditlərin 83 faizini regionlarda fəaliyyət göstərən sahibkarlar alıblar. Bununla yanaşı, 2007-2012-ci illərdə dövlət tərəfindən kəndli-fermer təsərrüfatlarına ayrılmış 572,7 milyon manat vəsait hesabına yanacaq və motor yağlarına, buğda və çəltik səpininə, mineral gübrələrin güzəştli satışına, 1-ci və 2-ci reproduksiyalı toxumun və tingin satışına, orijinal, superelit və elit toxumların istehsalına görə subsidiyalar ödənilmişdir. Göründüyü kimi, dövlətin verdiyi güzəştli kreditlərdən və subsidiyalardan ən çox faydalanan aqrar sektorda çalışanlardır.
Hazırda ölkə əhalisinin 48 faizi regionlarda
yaşayır.
Deməli, əhalinin böyük əksəriyyəti
bu və ya digər dərəcədə aqrar sektorla
bağlıdır. Aqrar sektorun
inkişafı ölkəmiz üçün ərzaq təhlükəsizliyinin
təminatı ilə yanaşı, həm də bölgədə
yaşayan əhalinin məşğulluğunun və sosial
rifahının yaxşılaşması deməkdir.
Kənd təsərrüfatının inkişafında
dövlətin bu istiqamətdə qəbul etdiyi qanun və qərarların
əhəmiyyəti danılmazdır. "Aqrar bölmədə idarəetmənin
təkmilləşdirilməsi tədbirləri
haqqında", "Aqrar bölmədə lizinqin genişləndirilməsi
sahəsində əlavə tədbirlər haqqında",
"2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin
ərzaq məhsulları ilə etibarlı təminatına
dair Dövlət Proqramı", "Ekoloji təmiz kənd təsərrüfatı
məhsulları haqqında" və digər qanunların
aqrar sektorda idarəetmənin yüksək səviyyəyə
qaldırılmasında mühüm rolu var. Qəbul olunan
qanunların nəticəsidir ki, 2003-cü ilə nisbətən
2012-cü ildə taxıl istehsalı 36,2, kartof 25,9, tərəvəz
16,2, bostan 20, meyvə 41,6 faiz, üzüm istehsalı isə
2,3 dəfə artmışdır. Ümumiyyətlə,
2003-cü illə müqayisədə 2012-ci ildə ümumi məhsul
istehsalı 3,3 dəfə artaraq təxminən
4,8 milyard manata çatmışdır.
Nazir
müavini vurğuladı ki, aqrar sektorda islahatlar həyata
keçirildikdən sonra ölkədə yeni iqtisadi şərait
yaranıb, kənd təsərrüfatının idarə
edilməsi və məhsul istehsalının tənzimlənməsi
kimi məsul vəzifə Kənd Təsərrüfatı
Nazirliyinin üzərinə qoyulub: "Nazirlik də öz
işini yeni yaranan
iqtisadi münasibətlərə uyğun qurur. Biz
hazırda bu vəzifənin məsuliyyətlə həyata
keçirilməsi üçün səylə
çalışırıq. Aqrar
islahatlardan sonra bu sektorda müxtəlif növ təsərrüfat
formaları yaradılıb. Yeni təsərrüfat
subyektləri arasında ən çox üstünlük veriləni
fərdi sahibkar, ailə-kəndli və ev
təsərrüfatlarıdır. Son illər bu
növ təsərrüfat subyektləri daha çox
inkişaf edərək öz maddi-texniki bazasını xeyli
möhkəmləndirir. İnkişaf
prosesində təsərrüfatların formalaşması və
maliyyə imkanlarının dəyişməsi birbaşa
onların fəaliyyətinə təsir edir. Bununla belə,
bir çox təsərrüfatlar aqrar sahədə yeni
yarandığından və kifayət qədər təcrübəyə
malik olmadıqlarına görə bazar prinsiplərinə uyğun yeni təsərrüfat
formalarına keçir. Ona görə də
hazırda Milli Məclisdə müzakirə edilən
"Kooperasiya haqqında" qanunun qəbul olunması
vacibdir. Bu qanun qəbul edildikdən sonra
kiçik təsərrüfatlar birləşərək daha səmərəli
fəaliyyət göstərmək imkanı qazanacaq. Yeni
qanun qəbul olunduqdan sonra kiçik sahibkarlıq subyektləri
könüllülük əsasında pay torpaqlarının
birləşdirilməsi nəticəsində torpaqdan daha səmərəli
istifadə, növbəli əkinin tətbiqi, istehsal olunan məhsulların
bazara çıxarılmasında mövcud olan problemlərin
həlli, maliyyə-kredit mənbələrindən
düzgün bəhrələnmək üçün daha
geniş imkanlar yaranacaq. Xırda təsərrüfatların,
kiçik torpaq sahiblərinin torpaqlarının kooperasiya və
assosiasiyalarda birləşdirilməsi onlara iri
taxılçılıq və digər aqrar komplekslər
yaratmaq imkanı verəcək".
Həqiqətən, bu gün Azərbaycanda taxılçılığın
inkişafı üçün iri aqrar komplekslərinin
yaradılmasına ehtiyac var. Prezident İlham Əliyev dövlət
torpaq fondu hesabına iri özəl taxılçılıq
təsərrüfatlarının yaradılması ilə
bağlı tövsiyələr də vermişdir. Hazırda bir
neçə rayonda bu istiqamət üzrə kompleks işlər
həyata keçirilir. Artıq bu məqsəd
üçün 200 min hektar torpaq sahəsi müəyyənləşdirilib.
Beyləqan, Ağcabədi rayonlarının ərazisində
isə belə təsərrüfatlardan sayılan
"Qarabağ-Taxıl" MMC fəaliyyətə
başlayıb. Burada 4000 hektara yaxın sahədə meliorasiya
işləri görülüb və ABŞ-ın müasir
suvarma sistemi əsasında 6 RİVOD qurulub, "Con Der"
texnikaları alınıb. Təsərrüfatda cari ildə
1875 hektar sahədə payızlıq buğda, 1390 hektarda
qarğıdalı, 30 hektarda günəbaxan və 5 hektarda
soya əkilib. Hazırda taxıl biçilir və
hər hektardan 55-60 sentner məhsul götürülür ki,
bu da ölkə üzrə ən yüksək göstəricidir.
Taxıl yığıldıqdan sonra
RİVOD-lardan minimal qaydada becərmə aparmaqla təkrar
qarğıdalı, soya bitkiləri əkilir. Ən önəmlisi isə təsərrüfatda
istifadə edilən yeni texnologiya bir ildə iki dəfə məhsul
yığılmasına imkan verir.
Aslan
Aslanovun sözlərinə görə, yüksək məhsul
əldə etmək üçün məhsuldar toxum
sortları xüsusi önəm daşıyır:
"Hazırda nazirlik əsasən aqrar elm, bitki
sortlarının yaradılması, rayonlaşdırılıması
və ilkin toxumçuluğu inkişaf etdirmək
üçün bir sıra layihələr həyata
keçirir. Toxumçuluq təsərrüfatlarında
ölkənin tələbatına uyğun növlər və
sortlar üzrə orijinal, superelit və elit toxum istehsalı
müəyyənləşdirilir və dövlət tərəfindən
onun istehsalına çəkilən xərclər
kvotalaşdırılır. İndiyəcən
torpaq-iqlim şəaritinə uyğun təkcə dənli
bitkilər üzrə yumşaq buğdanın 29, bərk
buğdanın 9, yazlıq buğdanın 1, payızlıq
arpanın 8, yazlıq arpanın 1 sortu öyrənilərək
rayonlaşdırılmışdır. Onlardan
28-i istehsalata tətbiq edilmişdir.
Sirr deyil
ki, Azərbaycanda toxumçuluğun inkişafında akademik Cəlal
Əliyevin müstəsna rolu var. Hazırda yerli buğda
sortları kimi istifadə olunan "Əzəmətli-95",
"Azəri", "Nurlu-99", "Qobustan",
"Şəki-1", "Ruzi-84" və s. növlər görkəmli
akademikin apardığı elmi araşdırmaların nəticəsidir.
Bundan başqa, fermerlərimiz xarici sortlardan olan məhsuldar
"Pamyat", "Moskviç", "Tanya",
"Nota", "Batko", "Krasnodar-99",
"Faktor", "Kroşka" toxum növlərindən də
geniş istifadə edirlər.
Nazir
müavini bu məsələ ilə bağlı dedi ki, son illər
toxuma olan tələbat yerli istehsal hesabına əksər
bitkilər üzrə təmin edilir: "Reproduksiyalı toxum
həmçinin dövlət mülkiyyətli kənd təsərrüfatı
istehsalı müəssisələrində və 350-yə
yaxın hüquqi və fiziki şəxslərdən ibarət
özəl toxumçuluq subyektlərində istehsal olunur.
2012-2013-cü ilin əkini üçün dövlət və
özəl toxumçuluq təsərrüfatları üzrə
184,6 min ton taxıl toxumu istehsal edilərək
səpin tələbatı ödənilib. Bu dövrdə
istehsal edilən taxıl toxumunun 142,7 min tonu buğda, 41,8 min
tonu arpa toxumu olmaqla 40 tonunu orijinal, 240 tonunu superelit, 1250 tonunu
elit, 37440 tonunu birinci reproduksiyalı, 76433 tonunu ikinci
reproduksiyalı və 69195 tonunu üçüncü
reproduksiyalı toxumlar təşkil edib. Toxumun 65,3 faizi özəl toxumçuluq təsərrüfatları
tərəfindən istehsal olunub. Gələn il
də yüksək məhsul əldə etmək
üçün indidən hazırlıq işləri
görülür. Hazırda toxumçuluq sahələrində
aprobasiya işləri tamamlanıb, toxumun tədarükü, tənzimlənməsi
və sertifikatlaşdırılması işlərinə
başlanılıb".
A.Aslanov onu da söylədi ki, Azərbaycanda son illər
aqrar elmdə bir çox elmi kəşflərə imza
atılıb.
Aqrar elm sahəsində Kənd Təsərrüfatı
Nazirliyi, "AZAL" QSC-nin Milli Aviasiya Akademiyası və
AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun alim və mütəxəssisləri
tərəfindən bir neçə il ərzində ölkəmizdə
innovasiya texnologiyası - ozonlaşmanın kənd təsərrüfatı
sistemində tətbiqi üzrə kompleks tədbirlərin həyata
keçirilməsi əsasında taxıl istehsalının az
məsrəf və ekoloji təmiz üsullarla artırılması,
eyni zamanda, toplanmış məhsulun ekoloji təmiz, itkisiz
saxlanması üsulları üzrə elmi-tədqiqat və
sınaq işləri aparılıb, mühüm nəticələr
əldə edilib. Taxıl toxumlarının həm
səpindən qabaq işlənilməsində, həm də
genbank tədqiqatlarında çox ciddi elmi axtarışlar
aparılıb, ozonlaşmanın optimal dozalarının və
bu dozaları əldə etməyə imkan verən
qurğuların və texnologiyaların hazırlanmasına
nail olunub. Bu sahədə aparılan elmi-tədqiqat
işləri məhsuldarlığın 7,2
sentner artımına imkan yaradır.
Daha yüksək məhsuldarlığın əldə
olunmasında və hazır məhsulun itkisiz
yığılmasında kənd təsərrüfatı
texnikasının xüsusi rolu var. Bu məqsədlə
Prezident tərəfindən 2004-cü ildə
"Aqrolizinq" ASC-nin yaradılması barədə sərəncam
imzalanmışdır. ASC-nin fəaliyyəti dövründə dövlət
büdcəsindən və digər
mənbələrdən, o cümlədən təkrar istifadədən
yaranmış 119,49 milyon manat vəsait də nəzərə
alınmaqla 493,32 milyon manat vəsaitdən 190,72 milyon
manatlıq kənd təsərrüfatı texnikası, 113,79
milyon manatlıq texnoloji avadanlıq, 114,55 milyon manatlıq
mineral gübrələr, 22,86 milyon manatlıq damazlıq
heyvanlar alınmışdır. Yerlərdə
"Aqrolizinq" ASC-nin 54 aqroservis filialı fəaliyyət
göstərir. 34 filialın müasir
maddi-texniki bazası yaradılıb və tutumu 68 min ton olan 6
lagistik gübrə bazası tikilərək istifadəyə
verilib.
Bu ilki
taxıl biçimindən danışan A.Aslanov məhsulun
optimal müddətdə biçilib yığılması
üçün ölkə üzrə 2660
taxılyığan kombaynın biçində iştirak
etdiyini bildirdi: "Onların 1298-i yenidir, o cümlədən
400-ü son dərəcə məhsuldar olan "Sampo"
markalı müasir kombaynlardır. Bundan başqa, cari il əlavə 100 yeni kombayn alınıb. Lakin ölkədə əkin sahələrinin ildən-ilə
genişlənməsi ilə bağlı yerlərdə kombayn
çatışmazlığı var idi. Taxılsa
vaxtında yığılmadıqda itkiyə gedir.
Dövlət başçısı həmişə
olduğu kimi, bu dəfə də fermerlərin harayına səs
verdi. Ümumiyyətlə,
Prezident kənd təsərrüfatı işlərinin hər
bir problemini həll etmək üçün vaxtında
lazım olan qərarları qəbul edir. Dövlət
başçısının 4 iyul 2013-cü il
tarixli "Kənd təsərrüfatı məhsulları
istehsalçılarının kənd təsərrüfatı
texnikası ilə təminatına əlavə dəstək
haqqında" sərəncamı bütün kənd təsərrüfatı
əməkçilərini sevindirdi. Bu sərəncamla
yeni taxılyığan kombaynların alınması
üçün 15 milyon manat vəsait
ayrılmışdır.
İşimlə əlaqədar tez-tez bölgələrdə oluram və kəndlilərlə görüşürəm. Fermerlərimiz hər görüşdə Prezidentin onlara göstərdiyi qayğıdan son dərəcə razı olduqlarını bildirirlər. Belə görüşlərdə fermerlər bir qayda olaraq vurğulayırlar ki, növbəti prezident seçkilərində də cənab İlham Əliyevə səs verəcəklər. Çünki dövlət başçısının fermerlərə göstərdiyi qayğının analoqu dünyanın heç bir yerində yoxdur".
Sonda onu da qeyd edək ki, cari ildə 1032,3 min hektar sahədə payızlıq və yazlıq dənli və dənli paxlalılar (qarğıdalısız) əkini aparılıb. İyulun 8-ə olan məlumata görə 751,2 min hektar sahə (73 faizi) biçilib ki, bu da keçən ilki səviyyədən 30 min hektar çoxdur. Göstərilən dövrəcən 1 milyon 990,4 min ton məhsul istehsal olunub. Orta məhsuldarlıq 27,7 sentnerə çataraq ötən ilki səviyyəni ötüb. Hazırda 11 rayonda biçin başa çatıb, 25 rayonda isə biçinin 75-98 faizi yerinə yetirilib. Orta məhsuldarlıq üzrə göstəricilər Saatlı, Şəmkir, Sabirabad, Bərdə, Ağdam, Salyan, Samux, Tərtər, Yevlax, Ağcabədi və Beyləqan rayonlarında daha yüksəkdir.
Sahələrdə hələ yığılmamış məhsul çoxdur. Mütəxəssislərin hesablamalarına görə, təqribən 2 milyon 906,7 min ton məhsul, o cümlədən 1 milyon 904,7 min ton buğdanın yığılması gözlənilir.
Rüstəm
KAMAL,
Azərbaycan.-2013.- 12 iyul.- S.4.