Avropanın nüfuzlu Neurope.eu analitik resursunda «Ermənistanın törətdiyi
soyqırımına etiraz hələ
də davam edir» sərlövhəli məqalə yerləşdirilmişdir
Avropanın nüfuzlu Neurope.eu analitik resursunda Moldova ombudsmanı xanım Aureliya Qriqoriunun Ermənistanda keçirilən insan hüquqları üzrə konfransın təşkilatçıları tərəfindən məruz qaldığı hədə-qorxu və təqiblərdən bəhs edən "Ermənistanın törətdiyi soyqırımına etiraz hələ də davam edir" sərlövhəli məqalə yerləşdirilmişdir.
AzərTAc xəbər verir ki, yazının müəllifi Silan Doneli moldovalı ombudsmanın Ermənistanın 20 il əvvəl Azərbaycan torpaqlarını işğal etməsi və bu ölkənin vətəndaşlarına qarşı soyqırımı törətdiyini bildirməsi ilə başlanan qalmaqalın sonradan Yerevanda ona qarşı hədə-qorxu və təhdid kampaniyasının genişlənməsi ilə daha kəskin xarakter aldığını bildirmişdir.
Məqalədə deyilir: "İyulun 4-də Yerevanda keçirilən konfransda Aureliya Qriqoriu bəyan etmişdir ki, 1992-ci il fevralın 26-da keçmiş sovet hərbçiləri tərəfindən dəstəklənən Ermənistan silahlı qüvvələri Azərbaycan Respublikasının Xocalı şəhərinə hücum edərək 613 nəfər dinc sakini qətlə yetirmişlər. Bu şəhər Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə daxildir. Moldovalı ombudsman həmçinin Ermənistanın hazırda Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxladığını vurğulamışdır.
A.Qriqoriu bu çıxışından sonra təhdidlərə məruz qalmış və onun Ermənistanı tərk etməsinin qarşısı alınmışdır.
İyulun 8-də keçirilən mətbuat konfransında A.Qriqoriu qeyd etmişdir ki, onun Ermənistanın konstitusiya məhkəməsi tərəfindən təşkil edilmiş Avropa Şurasında hüququn aliliyi və rəsmi şəxslərin mülahizələrinə dair Avropa standartları üzrə konfransındakı çıxışının məqsədi beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə, həmçinin regionun digər münaqişələrinə, məsələn, Gürcüstanın Cənubi Osetiya, Abxaziya və ya Moldovanın Dnestryanı bölgələrindəki münaqişələrə cəlb etmək olmuşdur. Moldovalı ombudsman çıxışının səbəbi kimi dondurulmuş münaqişələrin əhatə etdiyi ərazilərdə insan hüquqlarının pozulmasını göstərmişdir".
Müəllif moldovalı ombudsmanın sözlərinə istinad edərək yazmışdır: "Öz çıxışımda mən yalnız Ermənistana müraciət etməmişdim, burada həmçinin Gürcüstan və Moldovadan da söhbət gedir. Ombudsmanlar siyasi oyunçu deyillər. Onlar öz nəticələrini insan hüquqlarının qorunmasına əsaslanaraq təqdim edən hüquq müdafiəçiləridir".
Daha sonra məqalədə deyilir: "Ermənistanda yaranan çaxnaşmaya baxmayaraq, moldovalı ombudsman öz çıxışında heç bir yeni məlumatın olmadığını qeyd etmişdir. O, çıxışının BMT-nin məlum qətnamələrində qeyd edilmiş faktlara əsaslandığını bildirmişdir".
Müəllif daha sonra A.Qriqoriunun sözlərini sitat gətirmişdir: "Mən yalnız münaqişəli ərazilərdə insan hüquqlarının pozulması hallarını beynəlxalq ictimaiyyətin nəzərinə çatdırmaq istədim. Öz çıxışımda Azərbaycanın Dağlıq Qarabağ regionunda insan hüquqlarının pozulması hallarından əlavə, həmçinin Gürcüstan və Moldovanın Dnestryanı ərazilərini nəzərdə tutmuşdum". A.Qriqoriu ermənilərin guya onun Azərbaycan dövləti ilə "maraqlarının ortaq olması" böhtanını da rədd etmişdir.
Müəllif bildirir ki, Azərbaycan hökuməti xanım A.Qriqoriunun müdafiəsinə qalxmışdır. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili Elmira Süleymanova iyulun 8-də yaydığı bəyanatda qeyd etmişdir ki, "hədə-qorxu, böhtan və təhqirlərlə qarşılaşan və ölkəni tərk etməsinə icazə verilməyən Aureliya Qriqoriunun hüquqları ciddi şəkildə pozulmuş, onun öz ölkəsinə qayıtmasına imkan verilməmişdir. İnsan hüquqlarının müdafiəsi ilə məşğul olan şəxsin, xüsusilə də xarici ölkənin rəsmi nümayəndəsinin sivil ölkələrdə azad fikir meydanı kimi qəbul edilən parlamentdə dünya birliyi, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş tarixi faktları, həqiqəti səsləndirdiyinə görə Ermənistanda təzyiqlərə məruz qalması və hüquqlarının məhdudlaşdırılması bu ölkənin hüquqi, demokratik dövlət olmadığını bir daha sübut etmişdir".
Məqalənin sonunda deyilir: "Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili moldovalı həmkarına qarşı Ermənistanda baş vermiş bu kobud hüquq pozuntusu halını qətiyyətlə pisləmişdir. Azərbaycan ombudsmanı beynəlxalq təşkilatları, o cümlədən bütün həmkarlarını Ermənistanda Moldova ombudsmanına qarşı törədilmiş yolverilməz hərəkətlərə laqeyd qalmamağa və münasibətlərini bildirməyə çağırmışdır".
Məqalənin tam mətni ilə
buradan tanış
olmaq olar:
(http://www.neurope.eu/article/fallout-continues-genocide-armenians-claims)
Azərbaycan.-2013.- 12 iyul.- S.5.