Bakıda xalq rəssamı
Toğrul Nərimanbəyovun
xatirəsinə
həsr olunmuş sərgi
açılmışdır
İyulun 11-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli fırça ustası, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, xalq rəssamı, "İstiqlal" və "Şərəf" ordenli Toğrul Nərimanbəyovun vəfatının 40-cı gününə həsr olunmuş "Toğrulu xatırlayaraq" adlı sərgi açılmışdır.
AzərTAc xəbər verir ki, tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, tanınmış ziyalılar, ictimaiyyətin nümayəndələri, görkəmli fırça ustasının həmkarları iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev xalq rəssamı Toğrul Nərimanbəyovun özünəməxsus yaradıcılıq axtarışlarından geniş söz açmışdır.
Bildirmişdir ki, dünyanın onlarca məşhur muzey, qalereya və şəxsi kolleksiyalarını bəzəyən təkrarolunmaz rəngkarlıq, qrafika, teatr-dekorasiya və s. əsərləri Toğrul Nərimanbəyova böyük şöhrət qazandırmışdır. Doğma Vətənə məhəbbət, onun gözəlliklərinin və milli ənənələrinin tərənnümü görkəmli fırça ustasının 60 ilə yaxın bir dövrü əhatə edən yaradıcılığının əsas leytmotivini təşkil edir.
Nazir xüsusi vurğulamışdır ki, ulu öndər Heydər Əliyev görkəmli fırça ustasının yaradıcılığını həmişə yaxından izləmiş və onun sənətinə böyük qiymət vermişdir.
Vurğulanmışdır ki, Parisin mərkəzində yerləşən Passi qəbiristanlığında dəfn olunan Toğrul Nərimanbəyovun məzarı Fransaya səfər edəcək hər bir soydaşımız tərəfindən müqəddəs bir məkan kimi ziyarət olunacaqdır.
Toğrul Nərimanbəyovun yaxınlarına, eləcə də Azərbaycan xalqına başsağlığı verən Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə böyük sənətkarın keçdiyi çətin, eyni zamanda, şərəfli ömür yoluna bir daha nəzər salmışdır.
Bildirmişdir ki, atası azərbaycanlı, anası isə fransız olan T.Nərimanbəyov hələ uşaqlıqdan sənətə böyük maraq göstərmiş və özünü təsdiqləyə bilmişdir. Toğrul Nərimanbəyovun qüdrətli sənətkar kimi yüksəlməsində Azərbaycan incəsənətinin zəngin ənənələri, qədim miniatür və xalçaçılıq nümunələri böyük rol oynamışdır. Onun fərdi üslubunu müəyyən edən başlıca xüsusiyyətlər dekorativ sənətimizə xas rəng harmoniyası və müasir dünya incəsənətinin yeni istiqamətləri ilə sıx bağlıdır. Rəssamın yaradıcılıq yolu Azərbaycanın milli mədəniyyət salnaməsində müstəsna yer tutur və rəssamlıq tariximizin parlaq səhifələrindən birini təşkil edir.
F.Abdullazadə demişdir: "Rəssam çoxdur, lakin hər rəssam özünəməxsus sənət dünyası yaratmaq qüdrətinə malik deyildir. Toğrul Nərimanbəyov bu gün bizim aramızda olmasa da, onun yaratdığı sənət dünyası daim bizimlə olacaqdır. Zaman keçəcək, nəsillər dəyişəcək, amma Toğrul Nərimanbəyovun yaratdıqları bütün dövrlərdə öz orijinallığı ilə diqqəti cəlb edəcəkdir. Qədirbilən xalqımız heç zaman bu böyük sənətkarı unutmayacaq və onun adı əbədiləşdiriləcəkdir".
İştirakçıları Azərbaycan dilində salamlayan Fransanın ölkəmizdəki səfiri Paskal Mönye Toğrul Nərimanbəyovun bəşəri bir sənətkar olmasından, onun bənzərsiz sənət dünyasından söz açmışdır.
Daha sonra Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı, akademik Ömər Eldarov, xalq yazıçısı Çingiz Abdulayev və Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev çıxış edərək bildirmişlər ki, XX əsrin 50-ci illərindən etibarən yaradıcılıq aləminə qədəm qoyan Toğrul Nərimanbəyov hələ gənclik dövründə öz fitri istedadı sayəsində böyük ad-san qazanmış, ölkəmizdə və onun hüdudlarından kənarda tanınmışdır. Yüksək peşəkarlığa malik görkəmli rəssam təsviri sənətin bütün janrlarında uğurla çalışaraq uzun illər ərzində dolğun və səmərəli fəaliyyət göstərmişdir. Onun mənzərə, portret, monumental boyakarlıq, illüstrasiya və teatr rəssamlığı kimi müxtəlif sahələrdə yaratdığı parlaq əsərlər mövzu və janr rəngarəngliyi, estetik kamilliyi və özünəməxsus üslubu ilə səciyyələnmişdir.
Toğrul Nərimanbəyov dünyasını təcəssüm etdirən bənzərsiz lövhələr Azərbaycan müasir təsviri sənətinin simasını formalaşdıraraq mədəniyyətimizin nadir inciləri xəzinəsinə daxil olmuşdur.
Görkəmli fırça ustası ayrı-ayrı tamaşalara verdiyi bədii tərtibatlarla Azərbaycan teatr rəssamlığının dəyərli nümunələrini yaratmışdır. Onun monumental boyakarlıq və divar rəssamlığı janrında işlənmiş tabloları xəlqilik ruhu ilə seçilərək böyük estetik təsir qüvvəsinə malikdir.
Görkəmli sənətkarın qızı, əməkdar rəssam Əsmər Nərimanbəyova atasının xatirəsinə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirmişdir.
Sonda
mərasim iştirakçıları rəssamın Azərbaycan
Milli İncəsənət Muzeyi və Azərbaycan Dövlət
Rəsm Qalereyasında saxlanılan əsərləri ilə
yaxından tanış olmuşlar.
Azərbaycan.-2013.- 12 iyul.- S.6.