Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin tribunasından Ermənistanın işğalçılıq siyasəti bir daha ifşa olunmuşdur

 

Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) sədr müavini Asəf Hacıyev, deputatlar Mübariz Qurbanlı və Jalə Əliyeva Bolqarıstanın paytaxtı Sofiyada keçirilən QDİƏT PM Baş Assambleyasının 41-ci plenar iclasında iştirak edirlər.

AzərTAc Yeni Azərbaycan Partiyasının rəsmi saytına istinadla xəbər verir ki, toplantıda "Turizm iqtisadi inkişafın mühüm amili kimi: QDİƏT regionunda əməkdaşlıq" mövzusunda müzakirələr aparılmışdır. Müzakirələrdə çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri A.Hacıyev ölkəmizdə turizmin vəziyyəti ilə bağlı məlumat vermişdir. O bildirmişdir ki, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini hələ də işğal altında saxlaması ölkəmizdə turizmin sürətli inkişafına mane olur. Buna baxmayaraq, Azərbaycanda bu sahə inkişaf etməkdədir. Amma işğal faktı turizm potensialından tam istifadə olunmasına imkan vermir.

A.Hacıyev Ermənistanın işğalçı ölkə olduğunu digər dövlətlərin nümayəndələri tərəfindən də faktlarla sübut edildiyini vurğulamışdır. Buna misal kimi o, Moldova ombudsmanı xanım Aureliya Qriqoriunun Ermənistan parlamentində çıxışını xatırlatmışdır. "Həmin çıxışında A.Qriqoriu işğalın törətdiyi ağır nəticələri faktlarla sadalamışdır. Amma bundan sonra Moldova ombudsmanı Ermənistanda təzyiqlərə və təhdidlərə məruz qalmış, ölümlə hədələnmişdir. Ombudsman iki gün qaldığı oteldən çıxa bilməmişdir. Yalnız digər dövlətlərin diplomatik nümayəndəliklərinin səyləri ilə o, öz ölkəsinə yola salınmışdır", - deyə A.Hacıyev qeyd etmişdir.

Ermənistan nümayəndə heyətinin isə bu faktları gizlətməyə çalışdığını vurğulayan A.Hacıyev bildirmişdir ki, toplantıda iştirak edən erməni deputatlar belə bir hadisənin olmadığını iddia etmişlər. Amma Moldova ombudsmanının Kişinyovda keçirdiyi mətbuat konfransında bütün faktlar bir daha səsləndirilmiş, Ermənistanda ona qarşı edilən təzyiqlər haqqında məlumatlar verilmişdir.

"Eyni zamanda, tədbirdə Ermənistanın işğalçılıq siyasətinin nəticələri haqqında digər faktlar da Azərbaycan nümayəndələri tərəfindən diqqətə çatdırılmışdır. Bildirilmişdir ki, Ermənistan beynəlxalq hüququn normalarına və prinsiplərinə məhəl qoymur, Azərbaycanın 20 faiz ərazilərini işğal altında saxlayır, bunun nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Beynəlxalq birlik bu işğalçılıq siyasətinə son qoyulması üçün qətiyyətli addımlar atmalıdır. Ermənilər isə çox gülünc arqumentlərlə cavab verməyə çalışırdılar. Deyirdilər ki, həmin torpaqlar işğal edilməmişdir. Onlar "geriyə qaytarılmış" torpaqlardır. BMT Təhlükəsizlik Şurasının qətnamələri, digər beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər onların diqqətinə bir daha çatdırılmışdır. Həmin sənədlərə əsasən, Azərbaycanın ərazi bütövlüyü tanınır və orada torpaqlarımızın işğal olunması faktları da əksini tapır. Yəni ermənilərin fikirləri cəfəngiyatdan başqa bir şey deyil. Beləliklə, Azərbaycan nümayəndə heyəti 12 dövlətin təmsil olunduğu QDİƏT PM-nin tribunasından Ermənistanın yalan üzərində qurulmuş siyasətini bir daha ifşa etmişdir", - deyə QDİƏT PM-nin sədr müavini bildirmişdir.

A.Hacıyev qeyd etmişdir ki, QDİƏT PM-nin toplantısında İstanbulun 2020-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarına ev sahibliyi etməsi məsələsi də müzakirə olunmuşdur. Bu təşəbbüsü Ermənistan istisna olmaqla qurumun üzvü olan digər dövlətlərin nümayəndələri də dəstəkləmişlər. Ermənistan isə hər zaman olduğu  kimi qeyri-konstruktiv mövqe tutmuşdur. Bu, Ermənistanın beynəlxalq birliyinin əleyhinə getməsinin bariz sübutudur.

QDİƏT PM Baş Assambleyasının 41-ci plenar iclası işini davam etdirir.

 

Azərbaycan.-2013.- 12 iyul.- S.6.