Azərbaycan Dünya Turizm Təşkilatının «UNWTO Tourism Highlights,

 2013 edition» nəşrində layiqli yer tutmuşdur

 

Dünya Turizm Təşkilatının cari ilin iyul ayında çap olunan "UNWTO Tourism Highlights, 2013 edition" nəşrində 2011-ci ilə nisbətdə 2012-ci ilin Avropa regionu üzrə beynəlxalq turist sayının artma faizi qeyd edilmişdir.

Mədəniyyət Turizm Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, nəşrdə göstəricilərə əsasən, artım templərinə görə MDB ölkələri liderlik edir. 2012-ci ildə Azərbaycana gələn turistlərin sayı 1,986 milyon təşkil edərək, 2011-ci ildəki müvafiq göstəricidən (1,562 milyon) 27 faiz  artıq olub. Bu isə Azərbaycan üçün hətta digər ölkələrlə müqayisədə belə kifayət qədər yüksək göstəricidir.

Avropa ölkələri (MDB ölkələri daxil olmaqla) üzrə turist sayının artım faizinə görə top 5 ölkə  siyahısına Gürcüstan (36 faiz), Azərbaycan (27 faiz),  Moldova (19 faiz), Andorra (15 faiz)   Rusiya (13 faiz) daxildirlər.

Eyni zamanda, turizm sahəsində əldə olunan ümumi gəlir göstəricilərini nəzərdən keçirsək, görərik ki, Azərbaycan 2011-ci ildə 1,287 milyon ABŞ dolları, 2012-ci ildə isə 2,433 milyon ABŞ dolları ümumi gəlir əldə etmişdir. Bu da 89  faiz  artıma nail olunması deməkdir.

 

Azərbaycan.-2013.- 12 iyul.- S.6.