Səngər poeziyası

 

Azərbaycan xalqının taleyində dərin və ağır iz buraxmış Qarabağ müharibəsinin ədəbiyyatımızda layiqincə əksini tapması və  bu mövzuda sanballı əsərlərin ortaya çıxması tənqidçiləri və ədəbiyyatsevərləri son illərdə haqlı olaraq bir problem kimi düşündürən, narahat edən məsələdir. Əslində, bütün sahələrdə olduğu kimi, ədəbiyyatda da cəmiyyətin ovqatından doğan zərurət, ehtiyac yazarları yaradıcılıq axtarışlarına, yeni və sanballı əsərlər yaratmağa sövq edir.

Qarabağ döyüşlərinin iştirakçısı kimi məni, müharibə illərində döyüşlərdə iştirak edən gənclərin yaradıcılığında cəbhə lirikası, onun məzmunu və bədii təsir qüvvəsi daha çox maraqlandırıb. Görünür, bu da həmin mənəvi ehtiyacın bir təzahürüdür. Görəsən, Azərbaycan əsgərlərindən istedadı olanlar Laçında, Kəlbəcərdə, Ağdamda, digər bölgələrdə ön sıralarda olarkən cəbhə təəssüratlarını necə qələmə alıblar?  Sərt sınaqlarla üz-üzə  qalarkən duyğularını, şahidi olduqları hadisələrin doğurduğu yaşantıları bədii fakta çevirə biliblərmi, daxili aləmlərini misralarda necə əks etdiriblər və ortada hazırda qiymətli nəsə varmı?

Atəşkəs illərində cəbhə bölgəsində xidmət etmiş Zahir Əzəmətin bir müddət öncə oxuduğum bir neçə şeiri məndə bədii təxəyyülün məhsulu kimi xoş duyğular oyatdı. Nəhayət, bu yaxınlarda Daxili Qoşunların tərkibində Qarabağ döyüşlərində iştirak etmiş Elxan Xəzərin "Vuruşaq ki, zəfər çalaq" şeirlər kitabı əlimə keçdi.

Hər şeydən öncə, onu qeyd edim ki, Elxan Xəzər Qarabağ döyüşlərində könüllü iştirak etmiş və ağır yaralanaraq ordu sıralarından tərxis olunmuşdur. Onu sinəsində, sözün həqiqi mənasında, Vətənə qırılmaz tellərlə bağlı böyük ürək gəzdirən bir insan kimi xeyli vaxtdır tanıyıram. Ancaq cəbhə şeirləri yazdığını bilmirdim. Elxanın kitabında ötən əsrin 70-ci illərindən bəri yazılmış müxtəlif mövzuda poetik nümunələr toplanıb. Burada onun cəbhə şeirləri də öz əksini tapıb və bu şeirlərin içərisində insanın duyğularını oynadan misraların, poetik deyimlərin yer alması ürəyimcə oldu. Əslində, o, kitabın sərlövhəsində Qarabağ müharibəsi, düşmən tapdağında olan torpaqlarımızın işğaldan azad edilməsilə bağlı birbaşa sərt mövqeyini ortaya qoyur. Doğrudan da, vuruşmasan, yalnız " atlı oğlanın" gəlişinə ümid bağlasan, qələbə gözləməyə dəyməz!

Elxanın şeirlərində diqqətimi çəkən başlıca məqam ilk növbədə, şairin Azərbaycan əsgərinin mənəvi simasını, hərbçisayağı desək, döyüşçünün şərəf kodeksini ustalıqla qələmə almasıdır. "Erməni əsgərləri gözümün qarşısında uşağımı doğradılar" - deyən  didərgin qadına "Belə öyrənmişik" şeirilə münasibət bildirir:

 

 

Yaxşılıq bəzəkdir bu yurda, elə -

Adəti dəyişmək asan gəlməsin.

Babamız Xan Qazan, Koroğlu belə

Boynunu vurmayıb basdığı kəsin.

 

 

 

Müharibə getdiyi dövrdə, şahidiyəm ki, cəbhədən qısamüddətli məzuniyyətə gedən əsgərlər tamamilə ayrı əhval-ruhiyyə ilə, yetərincə acı təəssüratla qayıdırdılar ki, paytaxtımızda müharibə hiss olunmur, yəni, çoxları öz keflərindədir. Belə halda cəbhədəki döyüşçülərin ovqatı necə olmalıydı? Bütünlükdə xalqın qələbəyə köklənməli olduğu bir vaxtda bu, olduqca məyusedici təsir göstərirdi. Müharibədəki uğursuzluqlarımızın bir kökübunda, lazımınca təşkilatlana bilməməyimizdə deyildimi?! Ona  görə Elxan Xəzər bununla bağlı yazırdı:

 

 

Şərqi oxumasın qoy müğənnilər,

Döyüş nəğmələri gərəkdir indi.

 

 Bəs cəbhədə sözün həqiqi mənasında, həmin dövrdə nələr baş verirdi, döyüşlərarası sakitlikdə Elxan hansı ovqatdan doğan düşüncələrini  "ipə-sapa" düzürdü?  Müharibə ölüm-itim yeridir. Bu, hamıya məlum olan həqiqətdir. O da həqiqətdir ki, "səngərləri qəbirdən dərin olan ön mövqelərdə" Vətənin ən layiqli oğulları döyüşə girirşairin təbirincə desək:

 

 Elə mərd igidlər şəhid olur ki,

Diri qaldıgına adam utanır.

 

 

Sözü ilə əməli bütöv, misraları ilə hərəkəti eynilik təşkil edən vətənpərvər Azərbaycan oğlu kimi Elxan Xəzəri Qarabağ cəbhələrində baş verən uğursuzluqlar daha çox narahat edirdi bu narahatlıq boğazdan yuxarı deyilmiş sözlər kimi yox, qəlb yanğısı ilə təbdən süzülmüş barıt qoxulu misralar kimi vərəqlərdə sıralanırdı. "Qoy hamı bilsin ki..." şeirində üzünü Vətənin müdafiəsinə qalxmış döyüşçülərə tutur:

 

 

İrəli türk oğlu, yalnız irəli!

Yoxsa tapdalanar, keçilər Vətən.

İrəli yerisən, bir az böyüyər,

Geriyə çəkilsən, kiçilər Vətən.

 

 

Poeziya, poetik mətnlər hər şeydən öncə, ovqat deməkdir yaxşı şeirdə müəllif, zənnimcə, insanın duyğularının  bədii lövhələrini yaradır, bəlkə hamının hiss etdiyi, lakin dillə deyə bilmədiyi əhval-ruhiyyənin obrazlı təsvirini verir. Məsələn, söz vaxtına çəkər deyiblər, hamı bilir ki, baharın gəlişini torpaqla təmasda olanlar daha tez duyar. Elxan isə bir döyüşçü kimi baharın gəlişini belə qələmə alıb:

 

 

Bu il cəbhədə keçirdik qışı,

Novruzu səngərdə qarşıladıq biz.

Yenə doğmaları təbrik etməyə

səsimiz çatdı, əlimiz.

 

 

Yenə biz duyduq hamıdan əvvəl

Torpağın isinib oyandığını.

Birinci biz gördük göyün, səmanın

Günəşdən rəng alıb boyandığını.

 

 

 

Hər bir  hərbçı peşəsinin özünəməxsus çətinliyi eyni zamanda, şərəfli cəhətləri var. Bu peşələrin sahibləri cəbhə şeirlərində Elxanın silahdaş kimi gözündən yayınmayıb. Döyüş meydanında yeriyib-yüyürən, "tərindən paltarı cana yapışan", igid oğullardan geri qalmayan, "hər yara alanla bir yara alan" yıxılıb-qalana kömək etməklə "yana-yana yanğı söndürən" hərbi həkim olmaq da cəbhədə asan deyil:

 

 

Keçmir boğazından su, çörək,

Daim üzür onu fikir, düşüncə,

Döyüşən dəstədə həkim işləmək

Döyüşçü olmaqdan çətindir, məncə!

 

 

 

Ümumiyyətlə, bəzən harada yaşamasından asılı olmayaraq, insanlara adi görünən şeylər cəbhə şeirlərində Elxan Xəzərin diqqətindən yayınmayıb. Xüsusilə, agaclara onun münasibəti fərqlidir. Yayın istisində kölgəsini döyüşçülərin üzərinə salan, "oğullarını qoruyaraq güllə yarası alan" ağacların həzin xışıltısı ana laylasına bənzədilir:

 

 

Anatək dayanıb başımız üstdə

Gecə laylamızı çaldı ağaclar.

 

 

 

Döyüşlərdə itirilmiş ayaq üçün qoltuq ağacı da obrazlı ifadə edilərək, şairin gözlərində qardaşı əvəz edir:

 

 

Onlara adicə ağac demə sən,

Tək qalan ayağa qardaşdır onlar.

 

 

 

Beləcə döyüşçülərin səmimi həssas duyğularının bədii təcəssümünə çevrilmiş şeirləri özünəməxsus poetik tapıntılarla yadda qalır. Ancaq bu o demək deyil ki, kitabda Elxan Xəzərin bütün şeirləri eyni dərəcədə uğurlu yaddaqalandır. Cəbhəçi dostum buna görə məndən inciməz: bu şeirlərin içində bədii cəhətdən sönük mətnlərə rast gəldim. Onlar gözəl şeirlərdən alınan ovqata, doğrudan da, xələl gətirir. Eyni zamanda, belə bir deyim var ki, yazarlar üçün əsərlər övlad kimidir, yaxşısı-pisi yoxdur. Görünür, Elxan kitabı çapa hazırlayarkən bu meyardan yanaşıb. Hər halda, hesab edirəm ki, Elxan Xəzərin barıt qoxulu cəbhə şeirləri bədii zövqü olan oxucuların nəzər-diqqətindən kənarda qalmayacaq.

 

 

Əbülfət QASIMOV,

Qarabağ müharibəsi iştirakçısı

Azərbaycan.-2013.- 12 iyul.- S.7.