Prezident İlham Əliyevin «İlin dövlət başçısı» seçilməsi ölkədə bütün sahələrdə qazanılan uğurlara da verilən qiymətdir

 

İdmanın inkişafı sahəsində əldə olunan nailiyyətlər nüfuzlu beynəlxalq qurumlar tərəfindən etiraf edilir

 

 Dövlət başçısı cənab İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi 10 ilə yaxın müddətdə verdiyi sərəncamlarla imzaladığı qərarlarla, daim xalqın mənafeyindən çıxış etdiyini göstərmişdir. Ölkə həyatının bütün sahələrində əldə olunan uğurlar beynəlxalq təşkilatların hesabatlarında, nüfuzlu sosioloji mərkəzlər tərəfindən vaxtaşırı keçirilən rəy sorğularında dəyərləndirilir, eləcə də dünya mətbuatında işıqlandırılır.

Bu günlərdə isə daha bir xoş xəbərə sevindik. Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu İstanbulda dünyanın 40 ölkəsindən 50-dən artıq universiteti təmsil edən 170-dən çox gənc və 10 minə yaxın tələbə arasında aparılmış "onlayn" sorğuya əsasən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  İƏT coğrafiyasında "İlin dövlət başçısı" seçilmişdir.

"İlin dövlət başçısı" nominasiyasında iştirak etmiş və İƏT-nin 57 üzv ölkəsi sırasından seçilmiş dövlət başçılarının namizədlikləri islam irsinə göstərilən qayğı, İƏT ölkələri arasında həmrəyliyin möhkəmləndirilməsi, təşkilata üzv ölkələrin sosial-iqtisadi inkişafı və beynəlxalq mövqelərinin gücləndirilməsi sahəsində fəaliyyətləri kimi meyarlar üzrə qiymətləndirilmişdir.

Ümumiyyətlə, bu gün Azərbaycan dünyada təkcə siyasi, sosial-iqtisadi uğurları ilə deyil, eyni zamanda, idman sahəsində də əldə etdiyi nəticələrlə bütün diqqəti öz üzərinə çəkmişdir.

Məlumdur ki, müstəqilliyimizin bərpasının ilk illərində ölkəmizin düşdüyü böhranlı vəziyyət idmanı da tənəzzülə uğratmışdı. Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra idmana münasibət kökündən dəyişdi. Azərbaycan xaos və anarxiya girdabından çıxdığı zaman idmanın inkişafı dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrildi.

Ulu öndər Heydər Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət 1997-ci ildən yeni mərhələyə qədəm qoydu. Rəhbərlik etdiyi sahələrdə uğurlar qazanan cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi idman sahəsində həyata keçirilən dövlət siyasətinin yeni şəraitdə gerçəkləşməsinə böyük imkanlar açdı. İdmançılara dövlət qayğısı ilə yanaşı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlərə start verildi.

Bütövlükdə cənab İlham Əliyevin idmana qayğısından, bu sahənin inkişafındakı xidmətlərindən danışarkən, bu fəaliyyəti iki mərhələyə bölmək olar. İlk mərhələyə 1997-2003-cü illər daxildir ki, həmin dövrdə cənab İlham Əliyev Azərbaycan MOK-nın rəhbəri olaraq ölkəmizdə Olimpiya hərəkatının genişlənməsində, bədən tərbiyəsinin kütləviliyinə nail olunmasında böyük rol oynamışdır. Bundan başqa, beynəlxalq idman əlaqələrinin qurulması, idmançıların sosial müdafiəsinin gücləndirilməsi, eləcə də müasir Olimpiya komplekslərinin tikilməsi ilə idmanın maddi-texniki bazasının möhkəmləndirilməsində də qısa müddətdə görülən işlər öz bəhrəsini verdi. MOK prezidenti olaraq cənab

İlham Əliyevin gördüyü bütün işlər idman ictimaiyyəti, idmansevərlər tərəfindən rəğbətlə qarşılanmış, alqışlanmışdır.

İlk dəfə 2003-cü ilin prezident seçkilərində böyük üstünlüklə qələbə qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən cənab İlham Əliyevin ölkə rəhbəri olaraq idmanın inkişafına göstərdiyi diqqət isə idman fəaliyyətinin ikinci mərhələsi hesab olunur. Ölkə başçısı son 10 il ərzində həm Azərbaycan Respublikasının Prezidenti, həm də MOK rəhbəri olaraq ölkəmizdə idmanın inkişafına xüsusi qayğı ilə yanaşmışdır. Ötən on ildə Azərbaycan beynəlxalq Olimpiya hərəkatında ciddi tərəfdaşa çevrilmişdir. 2004-cü il Afina, 2008-ci il Pekin və 2012-ci il London Olimpiya oyunlarında qazanılmış uğurlar bunu deməyə əsas verir.

Prezident İlham Əliyev idman infrastrukturunun möhkəmləndirilməsi, genişləndirilməsi, yeniləşdirilməsi və bu sahənin inkişafına da xüsusi diqqət yetirir. Dövlət başçısı ölkənin hər bölgəsində idmanla məşğul olmaq üçün müasir tələblərə cavab verən idman infrastrukturunun formalaşdırılmasını mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Ötən illərdə Gəncə, Naxçıvan, Şəki, Quba, Ağdam, Şamaxı, Lənkəran, Qazax, Bərdə, Qobustan, Bakının Maştağa kəndi və digər bölgələrdə 36 Olimpiya idman kompleksi tikilmişdir. Prezidentin bölgələrə hər səfəri ya idman komplekslərinin açılışı, ya da təməlinin qoyulması ilə əlamətdar olur.

Fərəhli haldır ki, dövlət başçısı bədən tərbiyəsi və idmanın inkişafı naminə bir sıra sərəncam və fərmanlar imzalamışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2006-cı il yanvarın 30-da Gənclər, İdman və Turizm Nazirliyi ləğv edilərək Gənclər və İdman Nazirliyi yaradılmışdır. 2004-cü ildə "Azərbaycan Respublikasında 2004-2008-ci illər ərzində bədən tərbiyəsi və idmanın inkişafı" Dövlət Proqramı qəbul edilmişdir. Respublika Prezidentinin 4 mart 2005-ci il tarixli fərmanı ilə "Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adı və "Bədən tərbiyəsi və idman günü" təsis edilmiş, 10 oktyabr 2005-ci il tarixli fərmanı ilə "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı" təsdiq edilmişdir.

Çox sevindirici  haldır ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Milli Olimpiya Komitəsinin qazandığı nüfuz, göstərdiyi fəaliyyət, beynəlxalq idman təşkilatları tərəfindən dəstəklənir və ən yüksək qiymətə layiq görülür.  Futbol üzrə 2020-ci il Avropa çempionatının, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi üçün Bakının namizədliyinin irəli sürülməsi, FİDE-nin qərarına əsasən ölkəmizin Dünya Kuboku-2015 və Şahmat Olimpiadasının 2016-cı ildə Bakıda keçirilməsi hüququnu əldə etməsi dünya idman və Olimpiya aləminin Azərbaycana olan marağını daha da artırmışdır. Ona görə də ötən ilin dekabr ayının 8-də Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında 2015-ci ildə ilk Avropa Olimpiya Oyunlarının paytaxtımızda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi təsadüfi deyil.

Məlumat üçün qeyd edək ki, Birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi 49 milli Olimpiya komitəsindən 48-nin iştirakı ilə keçirilmiş gizli səsvermədə 38 ölkə lehinə, 8 ölkə əleyhinə, 2 ölkə bitərəf olmaqla təsdiqlənmişdir.

Regionun lider dövlətinə çevrilən ölkəmizin sürətli inkişafı, dünya birliyində tutduğu mövqe Azərbaycanın bu mötəbər tədbirə uğurla ev sahibliyi edəcəyini göstərir. Avropa qitəsində ilk dəfə təşkil olunan bu mötəbər idman yarışının məhz Azərbaycana həvalə edilməsi Beynəlxalq və Avropa Olimpiya hərəkatı tərəfindən ölkəmizdə görülən bütün işlərə, o cümlədən idman və bədən tərbiyəsi sahəsində əldə edilən nailiyyətlərə verilən yüksək qiymətdir. Bununla bağlı Prezidenti İlham Əliyev demişdir: "Bu gün Azərbaycanın mötəbər beynəlxalq tədbirlərin keçirilməsində gözəl təcrübəsi var. Azərbaycanda mütəmadi qaydada dünya, Avropa çempionatları keçirilmişdir. Keçən il ilk dəfə olaraq futbol üzrə qızlar arasında dünya çempionatı yüksək səviyyədə keçirilmişdir. İki həftədən çox bir müddətdə bütün idmançılar və şəhərimizin qonaqları Azərbaycan xalqının qonaqpərvərliyini hiss etmiş və ölkəmizdə gedən sürətli inkişaf prosesini izləmişlər. FİFA və UEFA rəhbərliyi tərəfindən bu çempionatın keçirilməsinə və bizim təşkilatçılıq qabiliyyətimizə çox yüksək qiymət verilmişdir. Yəni, biz bu tədbirləri keçirməklə və öz təşkilatçılıq qabiliyyətimizi göstərməklə bir növ, yeni standartlar tətbiq edirik. Bu, artıq Azərbaycan standartlarıdır. Çünki istənilən beynəlxalq tədbir Azərbaycanda, Bakıda yüksək səviyyədə keçirilir və hesab edirəm ki, Avropa oyunları da yüksək səviyyədə keçiriləcəkdir".

Bu gün ümumiyyətlə, cənab Prezidentin rəhbərliyi altında aparılan düşünülmüş siyasət, ardıcıl və məqsədyönlü fəaliyyət Azərbaycanda idmanın kütləviliyini təmin etmiş, ölkəmizin idman şöhrətini yüksəklərə qaldırmışdır. Son on il ərzində Azərbaycanda 300-ə yaxın beynəlxalq səviyyəli idman tədbiri yüksək səviyyədə keçirilmişdir. Bu tədbirlərin, o cümlədən  bir çox idman növləri üzrə dünya və Avropa çempionatlarının Bakı şəhərində təşkilinin ənənəvi hal alması, ölkəmizdə yüksək səviyyədə yarışların keçirilməsi AOK-da inam yaratmışdır.

Müstəqillik dövründə idmançılarımızın Olimpiya oyunlarında qazandıqları uğurlu nəticələrin də belə nüfuzlu tədbirlərin Azərbaycanda keçirilməsinə böyük imkanlar yaratdığını həmişə qeyd edən cənab İlham Əliyev Avropa idman ailəsinin bizə göstərdiyi etimadın təməlində, eyni zamanda, idmançılarımızın uğurlarının da böyük rol oynadığını vurğulamış və 2012-ci ilin "İdman ili" elan olunması haqqında sərəncam imzalamışdır. Bununla bağlı dövlət başçısı İlham Əliyev demişdir: "Çünki Azərbaycan bu gün dünyada və Avropada idman dövləti kimi tanınır. İdmançılarımızın uğurları həm Avropa, həm dünya çempionatlarında, həm də Olimpiya oyunlarında özünü göstərir. London Yay Olimpiya oyunlarında Azərbaycan tarixi qələbə - 10 medal qazanmışdır və Avropa ölkələri arasında 15-ci yerə layiq görülmüşdür. Əlbəttə ki, idmançıların uğurlu çıxışları bu oyunların Bakıda keçirilməsinə müsbət təsir göstərmişdir. Əlbəttə ki, digər amillər də öz rolunu oynamışdır. Ancaq əsas amillər bunlardan ibarətdir. İndi isə hazırlıq dövrü başlayır. Bu, çox məsuliyyətli bir dövr olacaqdır. Çünki Yay Olimpiya Oyunlarından fərqli olaraq bizim hazırlıq üçün cəmi iki il vaxtımız vardır".

"FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012"  kimi nüfuzlu turnirin də ölkəmizdə təşkili səviyyəsi beynəlxalq futbol təşkilatı tərəfindən yüksək qiymətləndirilmişdir.  Dövlət başçısı cənab İlham Əliyev tərəfindən futbolun inkişafı və təbliği məqsədi ilə 2020-ci ildə futbol üzrə Avropa çempionatının keçirilməsi üçün Bakı şəhərinin namizədliyi irəli sürülməsi isə bu idman növünə diqqət və qayğının çox yüksək səviyyədə olduğunu göstərir.

Bu gün uğurlu idman siyasətinin nəticəsi olaraq Azərbaycan dünya idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş kimi qəbul olunur. Eyni zamanda, Azərbaycan beynəlxalq miqyaslı turnirlərə ev sahibliyi edərək idman ölkəsi kimi tanınır. Bütün bunlar son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın əldə etdiyi uğurların nəticəsidir. Tam əminliklə söyləmək olar ki, cənab

İlham Əliyevin rəhbərliyi altında Azərbaycanı hələ çox yüksəlişlər gözləyir.

 

 

 

Elçin CƏFƏROV

 

Azərbaycan.-2013.- 13 iyul.- S.1.