Milli Məclisdə görüş

 

İyulun 12-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 illiyi münasibəti ilə keçirilən tədbirlərdə iştirak etmək üçün ölkəmizdə səfərdə olan bir sıra xarici ölkələrin konstitusiya məhkəmələrinin sədr və hakimləri Milli Məclisdə oldular.

Qonaqlar öncə parlamentin inzibati binasında deputatlar üçün yaradılmış şəraiti ilə tanış oldular. Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev qonaqlara parlamentin binası, Heydər Əliyev Xatirə zalı, plenar və digər iclasların keçirildiyi zallar haqqında ətraflı məlumatlar verdi, onları maraqlandıran sualları cavablandırdı.

Sonra Milli Məclisin Sədri Oqtay Əsədovun qonaqlarla görüşü keçirildi. Parlamentin sədri xarici ölkələrin Konstitusiya məhkəmələri sədrlərini və hakimlərini salamlayaraq, onları Milli Məclisdə görməyindən məmnun olduğunu söylədi. Spiker qeyd etdi ki, bu cür görüşlər, müvafiq qurumlar arasındakı əlaqələr təcrübə və informasiya mübadiləsi baxımından çox əhəmiyyətlidir. Sədr ötən dövr ərzində Azərbaycan Konstitusiya Məhkəməsinin hüquqi, dünyəvi dövlət quruculuğu sahəsində oynadığı roldan söz açaraq, bu qurumla parlament arasında sıx əlaqələrin olduğuna diqqət çəkdi. Bildirildi ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Konstitusiya Məhkəməsi institutu fəaliyyət göstərdiyi dövrdə hüquqi dövlət quruculuğu sahəsində ona bəslənilən ümidləri doğrultmuşdur. Bu gün bu qurum hakimiyyətin mühüm qollarından biri olan məhkəmə hakimiyyəti sistemində özünəməxsus yer tutur. Biz dünya ölkələrinin bu sahədəki təcrübəsinə  böyük maraq göstərir, onlarla əlaqələrin gələcəkdə də dərinləşdirilməsini önəmli hesab edirik.

Görüşdə çıxış edən Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin sədri Haşim Kılıç, Avstriya Respublikası Konstitusiya Məhkəməsinin sədri Gerhart Holzinger, Qazaxıstan Respublikası Konstitusiya Şurasının sədri İqor Roqov, Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin hakimi Qadis Hacıyev Azərbaycan Konstitusiya Məhkəməsinin yubileyi ilə əlaqədar keçirilən tədbirlərdə iştiraklarından, səfər çərçivəsində baş tutan görüşlərdən söz açaraq, Azərbaycanda gördükləri inkişafdan məmnun qaldıqlarını ifadə etdilər. Qonaqlar Milli Məclisdə deputatlar üçün yaradılmış şəraiti və burada informasiya texnologiyalarının son nailiyyətlərinin tətbiqini yüksək dəyərləndirdilər. Onlar Azərbaycan Konstitusiya Məhkəməsi ilə gələcəkdə də əlaqələrini  inkişaf etdirmək niyyətində olduqlarını bildirərək, ölkəmizin hüquqi dövlət quruculuğu sahəsində əldə etdiyi nailiyyətləri müstəqil Azərbaycanın uğuru kimi səciyyə etdilər.

Söhbətdə məhkəmə orqanları arasında əməkdaşlıq, parlamentlərarası münasibətlərin inkişafı və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimi Xanlar Hacıyev və digər rəsmi şəxslər iştirak edirdilər.

 

 

 

Milli Məclisin mətbuat xidməti

 

Azərbaycan.-2013.- 13 iyul.- S.1.