Prezident İlham Əliyevin 10 illik fəaliyyəti dövründə Azərbaycan dünyanın inkişaf edən ölkələri arasında özünə layiqli yer tutmuşdur

 

İyulun 12-də Göyçay şəhərindəki Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının fəalları ilə görüş keçirilmişdir.

AzərTAc xəbər verir ki, toplantıda YAP rayon təşkilatının sədr müavini Sahib Şükürov 7401 üzvü və 88 ərazi ilk partiya təşkilatını özündə birləşdirən bu siyasi qurumun rayonun ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatında fəal iştirak etdiyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, YAP üzvlərindən 4228 nəfərini qadınlar, 2846 nəfərini isə gənclər təşkil edir. Təkcə son 6 ayda partiya sıralarına 104 nəfər üzv qəbul edilmişdir.

Bu il ölkəmizdə keçiriləcək növbəti prezident seçkilərinə hazırlıqla bağlı görülən işlərdən danışan Sahib Şükürov bildirmişdir ki, qarşıda duran əsas vəzifə YAP üzvlərinin bu mühüm siyasi kampaniyada fəallıq nümayiş etdirməsidir. O, rayonda gedən quruculuq işlərindən bəhs edərək bu tədbirlərdə YAP üzvlərinin fəallığını diqqətə çatdırmışdır.

S.Şükürov bu ilin oktyabr ayında keçiriləcək prezident seçkilərinə hazırlıq məsələlərindən, partiya üzvləri arasında aparılan iş bölgüsündən və digər məsələlərdən də danışmışdır.

Görüşdə çıxış edən YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov bildirmişdir ki, bu ilin oktyabr ayında ölkəmizdə keçiriləcək prezident seçkilərində partiya üzvləri hamılıqla Yeni Azərbaycan Partiyasının sədri, dövlətimizin başçısı İlham Əliyevin namizədliyini dəstəkləyəcəklər. Prezident İlham Əliyevin 10 illik fəaliyyəti dövründə Azərbaycan dünyanın inkişaf edən ölkələri arasında özünə layiqli yer tutmuşdur. Ölkəmiz yaşadığımız bölgənin lider dövlətinə çevrilmişdir. Ötən dövr ərzində Azərbaycanda 1 milyon 200 min yeni iş yeri açılmış, yoxsulluğun səviyyəsi 50 faizdən 6 faizə enmişdir.

Əli Əhmədov qeyd etmişdir ki, xalqımız ötən 10 ilin nailiyyətlərinə qiymət verərək və gələcək 5 ildə Azərbaycanın daha da inkişaf edəcəyinə inanaraq YAP-ın sədri İlham Əliyevin namizədliyini irəli sürmüş və seçkilərdə fəal iştirak edərək yalnız onu dəstəkləyəcəkdir.

YAP sədrinin müavini respublikada aparılan geniş abadlıq və quruculuq işlərinə toxunmuş, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın qüdrətli dövlətə çevrildiyini, ölkə əhalisinin rifah halının gündən-günə yaxşılaşdığını diqqətə çatdırmışdır. Ölkəmizdə ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş müdrik siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən sədr müavini bu siyasətin davamlı olması üçün oktyabrda keçiriləcək seçkilərdə yenidən İlham Əliyevin prezidentliyə namizədliyinin dəstəklənməsinin vacibliyini xüsusi vurğulamışdır.

Daha sonra YAP sədrinin müavini gənclərin, qadınların, böyük nüfuza malik rayon sakinlərinin təbliğat işlərində fəal iştirakının təmin olunmasının vacibliyini tövsiyə etmişdir. Natiq ümid etdiyini bildirmişdir ki, həmişə olduğu kimi, göyçaylılar qarşıdakı prezident seçkilərində də hamılıqla YAP-ın sədri, dövlətimizin başçısı İlham Əliyevin namizədliyini dəstəkləyəcəklər.

Əli Əhmədov partiya fəallarını ayıq-sayıq olmağa, xırda nöqsanları şişirdərək siyasi xal qazanmaq istəyən qüvvələrə qarşı tutarlı faktlarla fəal mübarizə aparmağa çağırmışdır. Bildirmişdir ki, Azərbaycanda müxalifətə cəmiyyət tərəfindən ciddi dəstək yoxdur və "Milli şura" adlı qurumu yaradanlar da bu reallığı dərk etməlidirlər. "Milli şura"nın siyasi perspektivlərinə və taleyinə gəldikdə isə, birmənalı şəkildə deyə bilərəm ki, bu gün kənar qüvvələrin diktəsi ilə yaradılan bu qurumu Azərbaycan xalqı dəstəkləmir. Buna görə də xalqa söykənməyən qurumun heç bir ciddi siyasi şansı yoxdur.

Görüşdə Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev, YAP fəalları çıxış edərək xalqımızın yalnız Azərbaycanı qısa müddətdə regionun lider dövlətinə çevirən Prezident İlham Əliyevə səs verəcəklərinə əmin olduqlarını bildirmişlər.

Toplantıda YAP-ın üzvü olan fəal gənclər çıxış edərək bildirmişlər ki, Göyçay rayonunun əhalisinin 60 faizini gənclər təşkil edir. Rayonda gənclərin məşğulluğunun təmin edilməsi, onların asudə vaxtlarının səmərəli təşkili sahəsində ardıcıl tədbirlər həyata keçirilir.

Görüşə yekun vuran YAP sədrinin müavini-icra katibi Əli Əhmədov bildirmişdir ki, Azərbaycanın gələcəyi gənclərin fəaliyyətindən çox asılıdır. Sosial şəbəkələrdə gənclərimiz xüsusi fəallıq nümayiş etdirməli, Azərbaycan reallıqlarını, həqiqəti təhrif edənlərə qarşı ciddi mübarizə aparmalıdırlar.

 

Azərbaycan.- 2013.- 13 iyul.- S.2.