Daha bir «tarix», daha bir yalan

 

Hər hansı erməni "tarixçi"sinin türklərin, o cümlədən Azərbaycan türklərinin (ümumən Azərbaycan  xalqının) soykökü (etnogenezi)  haqqında "tədqiqat" aparıb "kitab" yazması, xüsusilə bugünkü münaqişəli şəraitdə, ən azı, ədəbsizlikdir. Və həmin   "tarixçi"nin  öz çərənləmələrində tamamilə obyektiv  olduğunu iddia etməsi isə nə  az, nə çox, sadəcə, əxlaqsızlıqdır!

Söhbət tarix elmləri namizədi, Yerevan Dövlət Universitetinin Siyasi elmlərin nəzəriyyəsi və tarixi kafedrasının mühazirəçisi Tamara Razmikovna Vardanyanın "Azərbaycanlılar: bitməmiş bir etnolayihənin tarixi" (Moskva, "Russkaya  panorama" nəş., 2012) kitabından gedir... O kitabdan ki,  məhdud (və xəstə!) erməni təfəkkürü (və dünyagörüşü) ilə heç bir məsuliyyət duymadan Azərbaycan xalqını, onun zəngin (və təbii!) etnotarixi yaddaşını inkar edir.

Əgər barəsində söhbət gedən kitab yalnız Tamara Vardanyanın qeyri-mükəmməl  beyninin məhsulu olmuş olsaydı, uzaq başı "ermənidi də!" deyib ciddiyə  almamaq olardı. Ancaq məsələ burasındadır ki,  bu tərbiyəsiz "inşa" üzərində Yerevandan Moskvaya  qədər xeyli siyasi-ideoloji marağı olan "mütəxəssis" işləmişdir.

Kitabı nəşr etmiş Qara dəniz - Xəzər Siyasi və Sosial Araşdırmalar İnstitutunun (Moskva) direktoru V.A.Zaxarov "Naşirin ön söz"ündə bütün Azərbaycan tarixçilərini yalançılıqda günahlandırdıqdan sonra Tamara Vardanyanın təhqir - sayıqlamalarını "gözəl əsaslandırılmış sübutlar" elan edir. Və ağlına da gətirmir ki, bu cür "sübutlar"ı erməni  "tarixçi"ləri on illərdir ki, təkrar edirlər. Ona görə də Tamaranın başını bəzəyib təzədən ortaya çıxarmağa ehtiyac yox idi... V.A.Zaxarov haradansa belə bir "məlumat" da alıb ki, azərbaycanlılar neft dollarları ilə, özlərində qabiliyyət çatmadığına görə, başqa millətlərdən olan qabiliyyətli müəlliflərə tarix yazdırırlar.  Və belə çıxır ki, nə nefti, nə də dolları olan bədbəxt ermənilərə tarixi Moskvada V.A.Zaxarov kimiləri pulsuz yazmaq və ya yazdırıb nəşr etdirmək məcburiyyətində qalmışlar. Lakin onların xidmətləri yalnız bununla bitmir,  irəli gedib  azərbaycanlıların da "tarix"ini  qələmə alırlar...

Kitabın elmi redaktoru Armen Ayvazyan ona ikinci bir "Ön söz" yazmışdır. Armen Ayvazyan moskvalı "məsləkdaş"ından fərqli olaraq hadisələrin içindədir. Və heç obyektiv görünmək mədəniyyəti də yoxdur.

Tarix elmləri namizədi, siyasi elmlər doktoru, "Ararat"  Strateji Araşdırmalar Mərkəzinin  direktoru, Mesrop Maştos adına "Matenadaran" qədim əlyazmalar institutunun böyük elmi  işçisi Armen Ayvazyanın  "Ön söz"ündən belə çıxır ki,  dünyada yalnız bir mükəmməl  etnogenetik tarix yaşamış  millət varsa, o da ermənilərdir...

Azərbaycanlılara, ümumən türklərə gəldikdə isə... Armen Ayvazyan, daşıdığı elmi titulların məsuliyyətini belə, nəzərə almadan yazır:

"Heç şübhəsiz, Tamara Vardanyanın oçerki uzun zaman Azərbaycan etnosunun bütün araşdırıcılarının stolüstü  kitabı olacaqdır. O etnosun ki, öz  formalaşmasının yekun mərhələlərindədir və həqiqət naminə  onu da əlavə edək ki, tarix hələ yaxın on illərdə regionun geosiyasi  xəritəsində əsaslı düzəlişlər etməyəcək..."

"Əsas müəllif" isə bu fikirdədir ki, onun "mötəbər" "Ön söz"lərlə müdafiə olunan çərənləmələrinə "cari erməni-Azərbaycan siyasi münaqişəsi heç bir təsir göstərməmişdir".

Nə istifadə etdiyi mənbələr, nə tədqiqat metodologiyası, nə də təhkiyə-üslubu baxımından, bütün "elmilik" iddialarına rəğmən, elmidən çox-çox uzaq  olan kitabın (və müəllifin)  dediyi, nə az, nə çox, bundan ibarətdir ki, Azərbaycan xalqı türk, İran və Qafqaz  etnoslarının qarışığından ibarət süni (və təsadüfi)  sosial-siyasi birlikdir. Yalnız Azərbaycan Respublikası formalaşdıqdan sonra bu birlik etnik müəyyənləşmə yoluna düşmüşdür...

Tamara Vardanyan (və onun ideoloji "elmi" məsləkdaşları) anlamırlar ki, türk  xalqlarının, o cümlədən Azərbaycan xalqının möhtəşəm tarixinə erməni "tarixşünaslığ"ı ədaları ilə yanaşanda olduqca  gülünc görünürlər.  Hər şeydən əvvəl ona görə ki, türklərin etnik tarixi geniş bir coğrafiyada min illərlə davam etmiş, elə bir miqyaslı (və əlaqəli!) prosesdir ki, onu mexaniki şəkildə parçalayıb "öyrənmək", üzvi tərkib hissələrini bir-birindən təcrid etmək mümkün deyil. Türklər  mifoloji, dil, sosial-siyasi, kulturoloji və s.  göstəriciləri etibarilə dünyanın roman, german,  slavyan, İran və b. xalqları ilə müqayisə olunurlar. Və  onlar özlərinin etnik müəyyənliklərini (və etnik adlarını!)  tarixə ən geci e. ə. I minilliyin ortalarında  təqdim etmişlər. O dövrdən  etibarən müxtəlif mərhələlərlə müxtəlif tayfalara (nəticə etibarilə, xalqlara) bölünən türk etnosunun elə  bir təbii (və mükəmməl) tarixi və  ya şəcərəsi vardır ki, yalnız peşəkar tarixçi yox, hətta az-çox düşüncəli adam bunu orta əsrlərin məşhur müsəlman-türk tarix kitablarında görə bilər.  Azərbaycan türklərinə və ya Azərbaycan xalqına gəldikdə isə, Tamara Vardanyan məsələni məqsədli olaraq mürəkkəbləşdirməyə  çalışsa da,  mübahisəsiz aydındır ki, bu xalq  türk mənşəlidir, türk etnosunun coğrafi- siyasi  (yenə də tamamilə təbii!)  bölünməsinin nəticəsidir. Və Azərbaycan türklərinin bir millət  olaraq formalaşmağa başladığı  orta əsrlərin sonu yeni dövrün əvvəllərindən bir sıra yerli Qafqaz, İran mənşəli tayfaları  və ya xalqları da özündə ehtiva edirsə, bunun nəyi erməni "tarixçi"lərinin xoşuna gəlmir?! Bu ki tarixdir!.. Azərbaycan  xalqının və ya millətinin taleyidir ki,  bir tərəfdən böyük türk dünyası ilə bağlıdır, digər tərəfdən regionun qeyri-türk mənşəli  etnosları ilə əlaqədardır.

 Beş yüz min kvadratkilometrə qədər böyük bir coğrafiyanı əhatə edən tarixi Azərbaycan, tarixə münasibətdə bu   toponim nə qədər şərti işlənsə də,  sözdə deyil, gerçəklikdə  mövcud olmuşdur. Və ağlı başında olan  hər bir kəs dünya xəritəsini  qarşısına qoyub Azərbaycan  türklərinin kompakt yaşadıqları coğrafiyanı  nəzərdən keçirsə, görər ki, bu gün də mövcuddur.

Tamara Vardanyan boğazını cıra-cıra "köhnə mahnılar"la zəhlə tökür. Guya Azərbaycan xalqı milli kimliyini "ermənilərlə  münaqişədə" dərk etmişdir.  Azərbaycan xalqının formalaşmağa başladığı ilk əsrlərdən  onun siyasi-ictimai, mədəni-etnoqrafik təsir altında olan  (və bu təsir altında özlərini kifayət qədər rahat hiss edən!) ermənilər "havadarlar"ının təhriki ilə "münaqişə"yə  cəlb edilməsəydilər, artıq Azərbaycan  xalqının və ya millətinin növbəti qeyri-türk mənşəli tərkib hissəsi idilər. Tamara Vardanyana xatırladım ki, ermənilər məclislərində Azərbaycan-türk dastanlarını söyləyir, Azərbaycan türkcəsində şeirlər  yazır, kilsədən kənarda bu dildə danışırdılar. Və günü bu gün erməni soyadlarının böyük bir hissəsi  Azərbaycan türkcəsindədirsə, bu, Tamara Vardanyana - "etnos tarixçisi"nə heç nə demir?.. Türk mənşəli  (və əlavə edək ki, həm də mənfi məna nüansı olan) "erməni" etnonimi bütün dünya dillərinə hansı dildən keçmişdir?.. Ermənilərin tarixən o nüfuzu olsaydı, onlara öz dillərində "hay" deyərdilər...

Ermənistan dövlətinin məhz tarixi Azərbaycan ərazisində yaradılması o qədər də keçmiş dövrlərdə baş verməmişdir ki, erməni tarixçiləri, yaxud siyasətçiləri bunu inkar edə bilsinlər.  Paytaxt Yerevan (və onun ətrafı) da daxil olmaqla bütün Ermənistan Respublikası ərazisi türk-Azərbaycan toponimiyası,  o cümlədən etnotoponimiyası ilə örtülmüşdür. Və Ermənistan hakimiyyəti  toponimiyanı dəyişdirmək - erməniləşdirmək üçün nə qədər cəhd etsə də, tarixi unutdurmaq mümkün deyil, çünki onlarla, hətta yüzlərlə yazılı mənbələr, xəritələr var ki, onlara göz yummaq bu gün mümkün olmadığı kimi, sabah da mümkün olmayacaq.

Tamara Vardanyan da bir sıra saxtakar  sələflərinin arxasınca dahi Azərbaycan - türk şairi Nizami Gəncəvini fars mənşəli hesab edir,  Azərbaycan tarixşünaslığının banisi Abbasqulu ağa Bakıxanovu azərbaycanlı saymır, akademik Ziya Bünyadovu tarixi saxtalaşdırmaqda ittiham etməyə  cəhd göstərir.  Yəni, elə gülünc iddialarla çıxış edir ki, adam kitabın hər vərəqini oxuyub axıra çıxdıqca cırıb  atmaqdan özünü güclə saxlayır.

Etnos nəzəriyyəsinin əlifbasını belə, bilməyən müəllif həmin nəzəriyyəni öz aləmində bu cür "zənginləşdirir": "Deməli, Azərbaycan hadisəsi - etnosun  millətləşməsi yox, əksinə,  millətin  etnoslaşmasıdır". Və bu axmaq söz oyunundan sonra "narahat olur" ki, Azərbaycan xalqının tərkibində qeyri-türk mənşəli etnoslar, görəsən, özlərini rahat hiss edirlərmi?..

Göründüyü kimi, Tamara Vardanyan yalnız saxtakar deyil, həm də provokatordur.

Bu gün dünyanın gözü qarşısında görünməmiş bir sürətlə (və inamla!) inkişaf edən güclü bir Azərbaycan, sağlam, mütəşəkkil və mütərəqqi milli ruha malik Azərbaycan xalqı var ki, onun tarixini saxtalaşdırmaq, mənliyini ləkələmək heç bir provokatorun imkanları daxilində deyil. İt hürər, karvan keçər...

 

 

 

Nizami CƏFƏROV,

Professor

Azərbaycan.-2013.- 13 iyul.- S.5.