Türkiyənin Bayburt
şəhərində XIX Beynəlxalq Dədə Qorqud mədəniyyət və sənət
festivalı başa çatmışdır
Türkiyənin
Bayburt şəhərində XIX Beynəlxalq Dədə Qorqud
mədəniyyət və sənət festivalı başa
çatmışdır.
"Miras"
Mədəni İrsin Öyrənilməsinə Kömək
İctimai Birliyindən (İB) AzərTAc-a bildirmişlər
ki, festival çərçivəsində Azərbaycan Mədəniyyəti
Günləri keçirilmiş, Bayburt qonaq evində ziyafət
verilmişdir.
Ziyafətdə Azərbaycan nümayəndə heyəti ilə yanaşı, Bayburt valisi Həsən İpək, Bayburt bələdiyyəsinin sədri Hacı Ali Polat, "Bekder" dərnəyinin sədri Mete Emir, şəhər ictimaiyyətinin nümayəndələri, eləcə də Off road və yamac paraşütü yarışlarına qatılmaq üçün Bayburta gəlmiş idmançılar iştirak etmişlər.
"Bekder"in sədri Mete Emir, Bayburt bələdiyyəsinin sədri Hacı Ali Polat, Bayburt valisi Həsən İpək mərasimdə çıxış etmişlər.
"Miras" İB-nin sədri Fariz Xəlilli XXI Beynəlxalq Dədə Qorqud mədəniyyət və sənət festivalının 2015-ci ildə Azərbaycanda keçirilməsi ilə bağlı festivalın təşkilat komitəsinə müraciət etmişdir.
Azərbaycanlı aşpaz Ziya Şahbazovun hazırladığı milli mətbəximizin nümunələri və şirniyyatlar qonaqlara təqdim olunmuşdur.
Tədbirdə Azərbaycanın aşıq və muğam sənəti ifaçılarının, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının rəqs qrupunun çıxışları maraqla qarşılanmışdır.
Festivalın
son günündə nümayəndə heyəti Aydıntəpə
yeraltı şəhər abidəsini ziyarət etmiş,
Aydıntəpə yaylasına çıxmışdır.
Yaylada festivalın yekun tədbiri keçirilmişdir.
Azərbaycan.- 2013.- 13 iyul.- S.8.