ATƏT-in Minsk qrupunun həmsədrləri son
həftələrdəki fəaliyyətinə
dair bəyanat yaymışdır
ATƏT-in Minsk qrupunun həmsədrləri iyun və iyul aylarında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün keçirdikləri görüşlərin nəticələri ilə bağlı birgə bəyanat yaymışlar.
Bəyanatda bildirilir ki, həmsədrlər iyunun 6-da Londonda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla, həmin ayın 28-də Parisdə isə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşmüşlər. Görüşlərdə həmsədrlər və nazirlər tərəflər arasında gərginliyi azaltmaq və bu il ərzində yüksək səviyyəli görüşün keçirilməsi üçün zəmin yaratmağı diqqətdə saxlamaqla sülh prosesinin mahiyyəti üzrə fikir mübadiləsi aparmışlar.
İyulun 12-də Vyanada həmsədrlərlə keçirilmiş birgə görüşdə hər iki xarici işlər naziri bu məqsədlər üçün səy göstərəcəklərini bir daha təsdiqləmiş və gələn aylarda növbəti görüşlərin planını müzakirə etmişlər.
İyulun 13-də isə həmsədrlər Minsk qrupunun üzvü olan ölkələrin ATƏT yanında daimi nümayəndələri üçün brifinq keçirmişlər.
Bəyanatın
yekununda bildirilir ki, həmsədrlər növbəti
addımların reallaşdırılması üçün
tərəflərlə sıx şəkildə əlaqələndirilmiş
iş aparacaqlar.
Elgün NİFTƏLİYEV,
AzərTAc-ın xüsusi müxbiri
Vyana
Azərbaycan.-2013.- 14 iyul.- S.1.