Azərbaycan jurnalistlərinin möhtəşəm qurultayı keçirildi

 

İyulun 11-də Azərbaycan Mətbuat Şurasının VI qurultayı keçirildi. Öncə qurultay iştirakçıları Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin məzarını ziyarət etdilər.

Sonra Rəşid Behbudov adına Mahnı Teatrında baş tutan ali məclis Dövlət himninin səsləndirilməsi ilə öz işinə başladı. Əvvəlcə iclas iştirakçıları ötən qurultaydan keçən dövr ərzində dünyasını dəyişmiş jurnalistlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Azərbaycan Prezidenti İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov diqqətə çatdırdı. Müraciətdə deyilirdi: "Azərbaycan Respublikasında siyasi plüralizmin təmin edilməsi, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinə əlverişli şərait yaradılması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. 1993-cü ildən sonra ölkədə həyata keçirilən ardıcıl islahatlar nəticəsində söz və məlumat azadlığını məhdudlaşdıran bütün süni maneələr aradan qaldırılmış, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik beynəlxalq standartlara uyğunlaşdırılmış və milli mətbuatın maddi-texniki bazası möhkəmləndirilmişdir". Müraciətdə dövlət başçısı eyni zamanda qeyd etmişdir ki, Azərbaycan jurnalistlərinin l qurultayında mətbuatın özünütənzimləmə orqanı kimi yaradılmış Mətbuat Şurası media-dövlət və media-cəmiyyət münasibətlərinin müasir beynəlxalq təcrübəyə uyğun nizamlanmasında əhəmiyyətli rol oynamışdır. Mətbuat Şurasının fəaliyyəti bütövlükdə Azərbaycan jurnalistikasının inkişafına, dövlət orqanları, vətəndaşlarla mətbuat arasında münasibətlərin tənzimlənməsinə, jurnalistlərin peşəkarlığının yüksəlməsinə, söz və məlumat azadlığından sui-istifadə hallarının qarşısının alınmasına xidmət etmişdir.

Prezident İlham Əliyev ümidvar olduğunu bildirmişdir ki, qurultayda qəbul olunacaq qərarlar Azərbaycan jurnalistikasına ölkə daxilində və xarici aləmdə öz missiyasını daha yüksək səviyyədə davam etdirməyə şərait yaradacaq, milli mətbuatımızın inkişafına müsbət təsir göstərəcəkdir.

 

 

 

Məktub və müraciətlər, onlar əsasında qəbul edilən qararlar

 

 Sonra Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov hesabat məruzəsi ilə çıxış etdi. Ə.Amaşov bildirdi ki, Azərbaycan jurnalistlərinin V qurultayından bu günədək MŞ-yə ümumilikdə 2871 müraciət daxil olub. Bunlardan 2143-ü kütləvi informasiya vasitələrində gedən materiallardan şikayətdir. İlkin mərhələdə baxılan 2871 məsələdən 1399-u katiblikdə həllini tapıb, tərəflər arasında anlaşma əldə olunub. Digər 744 halda şikayətçi və cavabdeh tərəf arasında razılığa gəlinmədiyindən məsələlər və onlarla bağlı toplanmış materiallar baxılmaq üçün şuranın müvafiq komissiyalarına təqdim edilib.

Ə.Amaşov müasir jurnalistikamızın problemlərinə də toxundu. Bildirdi ki, 2008-ci ildə adları "qara siyahı"ya salınan qəzet və jurnalların sayı 36 olduğu halda, 2009-cu ildə bu rəqəm 94-ə, 2010-cu ildə isə 110-a çatıb.

Şura sədri bildirdi ki, MŞ etik prinsiplərə hörmətsiz yanaşan, peşə fəaliyyəti ilə bir araya sığmayan hallara mütəmadi yol verən mətbu orqanlarla bağlı məsələləri yalnız onların adlarının "qara siyahı"ya salınması ilə yetərli saymayıb. Şuranın tərkibində yaradılan "Apelyasiya qrupu"nun apardığı araşdırmalar əsasında düz yola qayıtmaq istəyənlərin müraciətlərinə baxılıb. Milli mətbuatımızın 135 illik yubileyi münasibətilə "qara siyahı"dan 26 qəzet və jurnalın adının çıxarılması barədə qərar qəbul edilib. Sonrakı illərdə daha 14 qəzet siyahıdan çıxarılıb. Hazırda "qara siyahı"da 84 KİV-in adı yer alır.

 

 

 

Azərbaycanda praktiki olaraq heç bir jurnalist yazısına görə azadlıqdan məhrum edilmir

 

 

 

Ə.Amaşov onu da diqqətə çatdırdı ki, indiki dövrdə Azərbaycanda praktiki olaraq heç bir jurnalist yazısına görə azadlıqdan məhrum edilmir: "Ancaq biz yazdığımız yazıya görə azadlıqdan məhrum ediləbilmə ehtimalının nəzəri aspektlərindən də uzaqlaşmalıyıq. Ümid edirəm ki, məsələ tezliklə müsbət həllini tapacaqdır".

Şura sədri qeyd etdi ki, Azərbaycanda "Diffamasiya haqqında" qanunun olması zərurəti istər ictimai, istərsə də rəsmi səviyyədə kifayət qədər dərk edilir. Lakin müzakirələrdə cəmiyyətin qanunun qəbuluna hazır olmadığı ilə bağlı fikirlər də səslənir. Əksini iddia edənlər də vardır. Mövcud durumda hər iki qütbün düşüncələrinin geniş və sistemli şəkildə ifadə olunmasına, onların bütövlükdə cəmiyyətin mənafeləri nöqteyi-nəzərindən uzlaşdırılmasına ehtiyac duyulur.

Ə.Amaşovun sözlərinə görə "Diffamasiyadan müdafiə haqqında" qanun layihəsi ətrafında gedən müzakirələr onun beynəlxalq standartlara cavab verməsi barədə rəy yaradıb. Şura sədrinin fikrincə, həmin layihə hazırda müvafiq qurumlarda araşdırılmaqdadır: "Demokratik dövlət quruculuğu yolunu tutan Azərbaycanda bu yolda başlıca dəyər olan söz və ifadə azadlığı üçün hətta nəzəri maneə belə olmamalıdır. Bu cəhətdən diffamasiyanın cinayət müstəvisindən mülki müstəviyə keçirilməsi jurnalistikamız üçün prinsipial əhəmiyyət daşımaqdadır. Yəni, qanunun qəbulu bizim üçün gedilməsi vacib olan yoldur".

Nəzarət-Təftiş Komissiyasının sədri Qadir İbrahimlinin hesabatı da dinlənildikdən sonra müzakirələr başlandı.

 

 

 

Hazırda Azərbaycana sosial məsuliyyəti öhdəsinə götürən jurnalist ordusu lazımdır

 

 

İlk çıxış edən Bakı Dövlət Universitetinin (BDU) professoru Şirməmməd Hüseynov vətəndaş-cəmiyyət münasibətlərinə toxunaraq qeyd etdi ki, hər bir dövlətdə hakimiyyətin üç əsas qolu cəmiyyət qarşısında nə dərəcədə məsuliyyət daşıyırsa, dördüncü hakimiyyətin nümayəndələri olan jurnalistlər də bir o qədər məsuliyyət daşıyırlar: "Bu Vətən də bizimdir, bu millət də bizimdir, bu dövlət də bizimdir. Bizim əsas işimiz dövləti, milləti, Vətəni yaşatmaqdır". Ş.Hüseynovun fikrincə, hazırda Azərbaycana sosial məsuliyyəti öhdəsinə götürən jurnalist ordusu lazımdır.

Daha sonra Milli Məclisin deputatı, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov çıxış edərək bildirdi ki, bu il avqustun 6-da ulu öndər Heydər Əliyev tərəfindən mətbuat üzərində senzuranın ləğvinin 15 ili tamam olur. Azərbaycan tarixində indiki qədər mətbu orqan olmayıb. Bu da ölkədə mətbuatın inkişafı üçün yaradılan şəraitin nəticəsidir. B.Sadıqov eyni zamanda diqqətə çatdırdı ki, Mətbuat Şurası Azərbaycanda söz və mətbuat azadlığının inkişafına xidmət edən qərarlar qəbul edib, bu iş ictimaiyyət və mətbuat, dövlət-media münasibətlərinin tənzimlənməsində özünü göstərib.

 

 

 

Bəzi qəzetlər hakimiyyətlə dövlətin maraqlarını bir-birindən ayırd edə bilmirlər

 

 

 

Qurultayda çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirdi ki, cəmiyyətdə bəziləri ölkədə yaxşı nə varsa öz adına çıxmağa çalışır, pis olanları isə dövlətə aid edirlər. Bəzən hakimiyyəti tənqid etmək əvəzinə, dövləti tənqid edirlər, hakimiyyətə qarşı mübarizə aparmaq fonunda dövlətə qarşı mübarizə aparırlar.

Onun sözlərinə görə, jurnalistin ilk vəzifəsi insanları məlumatla təmin etməkdir. Amma jurnalist, eyni zamanda, bir ölkənin vətəndaşı, sosial təbəqənin nümayəndəsidir. Məgər biz peşəmizi milli dəyərlərimizdən üstünmü tutmalıyıq? Təəssüflər olsun ki, Azərbaycan jurnalistikasında çatışmayan cəhətlərdən biri də hakimiyyətlə dövlətin maraqlarının bir-birindən ayırd edilməməsidir. Bunun nəticəsi olaraq erməni mətbuatı ölkəmizdəki bəzi qəzetlərin yazılarını, sadəcə, tərcümə edərək dünyaya yayır. Əli Həsənov onu da qeyd etdi  ki, dövlətin Azərbaycan jurnalistikasından gözləntisi var: "Hökuməti, icra strukturlarını, məmurların fəaliyyətini tənqid etmək olar. Dəfələrlə ölkə Prezidenti məmurları müxalifət mətbuatından da sərt tənqid edib. Amma Azərbaycan Prezidenti bütün addımlarında dövlətin maraqlarından çıxış edir, onu rəhbər tutur. Buna görə də jurnalistlər vətənpərvərlik hissini, məsuliyyətlərini unutmamalıdırlar".

Mətbuat Şurasının fəaliyyətindən danışan Ə.Həsənov diqqətə çatdırdı ki, şura bütün ölkə mətbuatının seçimi əsasında formalaşan yeganə seçkili qurumdur: "Biz də, mətbuat da, cəmiyyət də bu qurumu tanıyır. Jurnalistlərlə bağlı qərarları mətbuatı təmsil edən şura üzvləri verir, dövlət olaraq biz də buna sayğı ilə yanaşırıq. Dövlət də Mətbuat Şurasının müraciət etdiyi bütün məsələlərə diqqətlə yanaşır. Məsələn, dünən jurnalist Nicat Dağların səhhətindəki problemlə bağlı MŞ-nin müraciəti dərhal diqqətə alınmış və cənab Prezidentin tapşırığı ilə müsbət həll edilmişdir. Bundan başqa, dəfələrlə həbsdə olan, problemlərlə qarşılaşan jurnalistlərin müraciətləri müsbət həll olunub.

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri jurnalistlər üçün inşa edilmiş binada mənzillərin paylanması məsələsinə də toxundu. Onun fikrincə, bu binadan ən çox haqqı, xidməti olan jurnalistlər növbəlik əsasında ev alacaqlar: "Bu evlərin sizlərə cənab Prezident tərəfindən verilməsi peşənizə məsuliyyətli olmaqdan başqa, üzərinizə heç bir digər öhdəlik qoymur. Ev verdiyimiz jurnalistdən tələb olunmayacaq ki, sizə mənzil verildiyinə görə hakimiyyəti tərifləyin, müxalifəti pisləyin. Jurnalist missiyasını sizə biz verməmişik və biz də müəyyən etmirik. Biz hakimiyyət olaraq medianın inkişafına hər cür dəstək verəcəyik, amma hər şey sizin özünüzdən asılıdır. Cənab Prezidentin bu xoş missiyası da jurnalistikamızın inkişafı və media işçilərinin sosial şəraitinin yaxşılaşdırılmasına xidmət edir".

Müzakirələrdən sonra "Azərbaycan Mətbuat Şurasının Nizamnaməsi"nə və "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"na əlavə və dəyişikliklər edildi. Edilən dəyişikliklərə əsasən, əgər qurum indiyədək təkcə qəzet, jurnal və informasiya agentlikləri ilə bağlı şikayətləri araşdırırdısa, Nizamnamə dəyişikliyi internet media vasitələrinin fəaliyyətindəki narazılıq doğuran məqamları da nəzərdən keçirməyə zəmin yaradacaq.

"Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"na edilən dəyişikliklərə isə "həqiqətə xidmət", "dəqiqlik və obyektivlik", "informasiya qaynaqlarına sayğılı yanaşma", "şərəf və ləyaqətin qorunması", "şəxsi həyatın toxunulmazlığı" və "jurnalistin özünün və çalışdığı orqanın reputasiyasının qorunması" prinsipləri daxildir.

Dəyişikliklərdən sonra qurultayda fasilə elan edildi və nümayəndələr səsvermə hüquqlarından istifadə etdilər.

Fasilədən sonra Azərbaycan jurnalistlərinin VI qurultayının iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciəti oxundu və səsvermənin nəticəsi açıqlandı. Azərbaycan jurnalistlərinin VI qurultayı nümayəndələrinin yekdil səsverməsi nəticəsində Əflatun Amaşov yenidən Azərbaycan Mətbuat Şurasının sədri seçildi.

Qurultayda MŞ-nin İdarə Heyətinin 17 həqiqi və 5 ehtiyat üzvdən ibarət yeni heyəti formalaşdırıldı. Həqiqi üzvlərin 8-i mətbu nəşrləri, 3-ü internet xəbər portallarını, 6-sı isə ictimaiyyəti təmsil etdilər. Ehtiyat üzvlərdən 2-si mətbu nəşrlərdən, 1-i internet xəbər portallarından, 2-si isə ictimaiyyətdən oldu.

Qurultayda çıxış edənlər  - Milli Məclisin deputatı Aqil Abbas, BDU-nın jurnalistika fakültəsinin dekanı Şamil Vəliyev, BDU-nun kafedra müdiri Cahangir Məmmədli, "Xalq qəzeti"nin baş redaktoru Həsən Həsənov, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı, "Kür" qəzetinin baş redaktoru Əminə Yusifqızı, "Yeni Gün" qəzetinin baş redaktoru Böyükxan Bağırlı, əməkdar jurnalist Yusif Kərimov,  "Addım" qəzetinin baş redaktoru Anar Vəziroğlu, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı  və digərləri Azərbaycan mətbuatının mövcud durumu, problemlər və qarşıda duran vəzifələrlə bağlı fikir və təkliflərini irəli sürdülər.

Beləliklə, Azərbaycan jurnalistlərinin VI qurultayı başa çatdı. Ancaq bəzi KİV nümayəndələri yenə də ənənəvi ampluada çıxış edərək qurultayın işinə kölgə salmağa çalışırlar. Görünür, həmin "jurnalistlər" ya ümumiyyətlə, qurultayda iştirak etməyiblər, yaxud da ki, fasiləyə qədər tədbirdə olublar. Onların hansı mövqedə olmasından asılı olmayaraq, jurnalistlərin son qurultayı öz işini ən yüksək səviyyədə başa çatdırdı.

 

 

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2013.- 14 iyul.- S.1.