Gömrük tarifi haqqında
Azərbaycan
Respublikasının Qanunu
Bu qanun Azərbaycan Respublikasında gömrük tarifinin formalaşdırılması və tətbiqi, həmçinin Azərbaycan Respublikasının gömrük sərhədindən (bundan sonra - gömrük sərhədi) keçirilən mallardan gömrük rüsumlarının tutulması qaydalarını müəyyən edir.
Fəsil 1
Ümumi
müddəalar
Maddə 1. Əsas anlayışlar
1.1. Bu
qanunda istifadə olunan əsas anlayışlar
aşağıdakı mənaları ifadə edir:
1.1.1. gömrük tarifi - gömrük sərhədindən
keçirilən mallara tətbiq edilən və xarici iqtisadi fəaliyyətin
mal nomenklaturasına uyğun olaraq sistemləşdirilmiş
gömrük rüsumu dərəcələrinin məcmusu;
1.1.2. gömrük rüsumları - malların Azərbaycan
Respublikasının gömrük ərazisinə gətirilməsi
və bu ərazidən aparılması zamanı gömrük
orqanları tərəfindən alınan gömrük ödənişlərinin
bir növü;
1.1.3. xarici iqtisadi fəaliyyətin mal
nomenklaturası - müvafiq icra hakimiyyəti orqanı tərəfindən
təsdiq edilən, malların qrupunu, mövqeyini,
yardımçı mövqeyini, alt yardımçı
mövqeyini rəqəm işarəsi və ya rəqəm
işarələri qrupu (kodlar) şəklində özündə
birləşdirən təsnifatdır;
1.1.4. tarif kvotası - idxal edilən ayrı-ayrı
malların müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilmiş miqdarına (dəyərinə)
qanunvericilikdə nəzərdə tutulduğundan daha
aşağı idxal gömrük rüsumunun və həmin
miqdardan (dəyərdən) artıq olan hissəsinə daha
yüksək idxal gömrük rüsumunun tətbiqini nəzərdə
tutan müddətli tənzimlənmə üsulu;
1.1.5. malların gömrük dəyəri - advalor
gömrük rüsumu dərəcəsinin tətbiqi məqsədi
ilə malların dəyərinin müəyyən edilməsi;
1.1.6. eyni mallar - fiziki xassələri (malların dəyərinə
təsir etməyən kiçik fərqlər istisna olmaqla),
keyfiyyəti, həmçinin bazardakı nüfuzu da daxil
olmaqla, bütün xüsusiyyətləri eyni olan mallar;
1.1.7. eynicinsli mallar - bütün cəhətlərinə
görə oxşar olmasa da, eyni funksiyaların yerinə
yetirilməsini və kommersiya baxımından bir-biri ilə əvəz
olunmasını mümkün edən oxşar xüsusiyyətləri
və oxşar tərkib materialları olan mallar. Malların
keyfiyyəti, bazardakı nüfuzu və əmtəə
nişanının olması onların eynicinsliliyinin müəyyən
edilməsi üçün nəzərə alınan amillərdəndir;
1.1.8. eyni sinifdən və ya eyni növdən olan
mallar - eyni və ya eynicinsli malların da daxil olduğu müəyyən
mallar qrupunu və ya mövqeyini əhatə edən hər
hansı bir sənaye sahəsi və ya sektorunun istehsal etdiyi
mallar;
1.1.9. istehsal - yetişdirmə, hazırlama, hasil etmə;
1.1.10. birbaşa nəzarət - mənfəət əldə
etmək üçün müəssisənin əməliyyat
və maliyyə siyasətini
idarə etmək səlahiyyəti;
1.1.11. dolayı nəzarət - mənfəət əldə
etmək üçün müəssisənin maliyyə və
əməliyyat siyasəti ilə bağlı qərarların
verilməsinə əhəmiyyətli təsir göstərən,
lakin həmin siyasət üzərində birbaşa nəzarəti
təmin etməyən səlahiyyət;
1.1.12. alıcı - Azərbaycan Respublikasına ixrac
məqsədi ilə satılan malları alan şəxs;
1.1.13. satıcı - malları Azərbaycan
Respublikasına ixrac məqsədi ilə satan şəxs;
1.1.14. faktiki ödənilmiş və ya ödənilməli
olan qiymət - idxal edilən mallara görə
alıcının satıcı üçün və ya onun
xeyrinə həyata keçirdiyi və ya həyata keçirməli
olduğu tam ödəniş;
1.1.15. əlaqəli şəxslər - sövdələşmə
iştirakçıları yalnız aşağıdakı
hallarda əlaqəli şəxslər hesab edilirlər:
1.1.15.1. onlardan biri digərinin biznesində vəzifəli
şəxs olduqda;
1.1.15.2. onlar biznesdə tərəfdaş olduqda;
1.1.15.3. onlar bir-birinə münasibətdə işəgötürən
və işçi olduqda;
1.1.15.4. hər hansı şəxs onların hər
ikisinin nizamnamə kapitalındakı payının və ya
dövriyyəyə buraxılmış səs hüququ verən
səhmlərinin ən azı 5 (beş) faizinin birbaşa və
ya dolayı yolla sahibi olduqda;
1.1.15.5. onlardan biri birbaşa və ya dolayı yolla digərinə
nəzarət etdikdə;
1.1.15.6. onların hər ikisinə birbaşa və ya
dolayı yolla üçüncü şəxs tərəfindən
nəzarət edildikdə;
1.1.15.7. onlar birlikdə birbaşa və ya dolayı
yolla üçüncü şəxsə nəzarət etdikdə;
1.1.15.8. onlar yaxın qohum olduqda;
1.1.15.9. işgüzar fəaliyyətdə bir-biri ilə
bağlı olan şəxslərdən biri digərinin yeganə
nümayəndəsi, yeganə distribütoru və ya yeganə
konsessioneri olduqda, bunun təqdim edilməsi formasından
asılı olmayaraq, onlar yuxarıda göstərilən
asılılıq meyarlarına uyğun gəldikdə;
1.1.16. yaxın qohum - ata, ana, ər (arvad), övlad,
baba, nənə, nəvə, qardaş, bacı,
övladlığa götürən, övladlığa
götürülən, ərin (arvadın) valideyni,
qardaşı, bacısı.
1.2. Eyni və
ya eynicinsli malların eyni şəxs tərəfindən
istehsal edildiyi hallar müəyyən edilmədikdə,
müxtəlif şəxslər tərəfindən istehsal
olunan və gömrük dəyərləndirilməsi məqsədi
ilə müqayisə edilən mallar eyni və ya eynicinsli
mallar kimi nəzərdən keçirilir.
1.3.
Gömrük dəyərləndirilməsi məqsədi ilə
müqayisə edilən mallar eyni ölkədə istehsal edilməmişdirsə,
eyni və ya eynicinsli mallar kimi nəzərdən keçirilə
bilməz.
1.4. Mallar
üzərində aparılan layihələndirmə, mühəndis,
təcrübi-konstruktor, bədii tərtibat, çertyoj və
eskiz işləri gömrük ərazisində yerinə
yetirilmişdirsə və bu qanunun 13.2.2.4-cü maddəsinə
əsasən müvafiq qiymət tənzimlənməsi
aparılmamışdırsa, belə mallar eyni və ya
eynicinsli mallar hesab edilə bilməz.
1.5. Bu
qanunda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının
Gömrük Məcəlləsində (bundan sonra -
Gömrük Məcəlləsi) həmin anlayışlara
verilmiş mənaları ifadə edir.
Maddə 2. Gömrük tarifinin əsas məqsədləri
2.1.
Gömrük tarifinin əsas məqsədləri
aşağıdakılardır:
2.1.1. idxalın əmtəə strukturunu tənzimləmək;
2.1.2. malların Azərbaycan Respublikasının
gömrük ərazisinə gətirilməsinin və bu ərazidən
aparılmasının, habelə valyuta gəlirlərinin və
xərclərinin əlverişli nisbətini təmin etmək;
2.1.3. Azərbaycan
Respublikasında malların istehsal və istehlak strukturunda
mütərəqqi dəyişikliklər üçün
şərait yaratmaq;
2.1.4. Azərbaycan
Respublikasının iqtisadiyyatını xarici rəqabətin
mənfi təsirindən qorumaq;
2.1.5. Azərbaycan Respublikasının
iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasına
şərait yaratmaq.
2.2. Bu
qanunun tətbiq sahəsi Azərbaycan Respublikasının
gömrük ərazisidir.
Maddə 3. Gömrük rüsumları və onların dərəcələrinin
müəyyən edilməsi qaydaları
3.1. Azərbaycan Respublikasında idxal gömrük
rüsumları və bəzi mallara ixrac gömrük
rüsumları tətbiq edilir.
3.2.
İdxal gömrük rüsumlarının dərəcələrini
müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
3.3.
İxrac gömrük rüsumlarının dərəcələrini
və onların tətbiq olunduğu malların
siyahısını müvafiq icra hakimiyyəti orqanı
müəyyən edir.
3.4. Bu
qanunun 5-ci və 6-cı maddələrində nəzərdə
tutulmuş hallarda mövsümi, xüsusi, antidempinq və ya
kompensasiya rüsumları tətbiq edilə bilər.
3.5.
Gömrük rüsumları üzrə gömrük borcunun məbləği
hesablanarkən Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin
mal nomenklaturasında əks olunmuş ölçü vahidi və
gömrük dəyəri əsas götürülür.
3.6. Bu
qanunun 20-ci maddəsində nəzərdə tutulmuş hallar
istisna olmaqla, gömrük rüsumunun dərəcələri
gömrük sərhədindən malları keçirən
hüquqi və fiziki şəxslərdən, sövdələşmə
növündən və digər amillərdən asılı
olaraq dəyişdirilə bilməz.
3.7.
Gömrük rüsumu dövlət büdcəsinə mədaxil
edilir.
Maddə 4. Gömrük rüsumu dərəcələrinin
növləri
4.1. Azərbaycan
Respublikasında gömrük rüsumu dərəcələrinin
aşağıdakı növləri tətbiq edilir:
4.1.1. advalor - malların gömrük dəyərinə
nisbətən faizlə hesablanan;
4.1.2. spesifik - mal vahidinə görə müəyyən
olunmuş məbləğlə hesablanan;
4.1.3. kombinə edilmiş - yuxarıda göstərilən
hər iki növün birləşdirilməsi yolu ilə
hesablanan.
Maddə 5. Mövsümi rüsumlar
Malların ixracını və idxalını operativ tənzimləmək
məqsədi ilə bəzi mallara dərəcələri
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilən mövsümi rüsumlar tətbiq
oluna bilər.
Bu halda gömrük tarifində nəzərdə
tutulmuş gömrük rüsumu dərəcələri tətbiq
edilmir. Mövsümi rüsumların qüvvədə
olduğu müddət bir ildə 6 (altı) aydan çox ola bilməz.
Maddə 6. Xüsusi, antidempinq və kompensasiya rüsumları
6.1. Azərbaycan
Respublikasının iqtisadi maraqlarını qorumaq məqsədi
ilə Azərbaycan
Respublikasının gömrük ərazisinə (bundan sonra -
gömrük ərazisi) idxal edilən mallara müvəqqəti
olaraq gömrük rüsumlarının
aşağıdakı növləri tətbiq oluna bilər:
6.1.1. xüsusi rüsumlar;
6.1.2. antidempinq rüsumları;
6.1.3. kompensasiya rüsumları.
6.2.
Xüsusi rüsumlar aşağıdakı hallarda tətbiq
edilir:
6.2.1. mallar gömrük ərazisinə eyni
malların yerli istehsalçılarına ziyan vuran və ya
ziyan vura biləcək kəmiyyətdə və şərtlərlə
gətirildikdə müdafiə tədbiri kimi;
6.2.2. digər dövlətlərin və ya
onların ittifaqlarının Azərbaycan Respublikasının
maraqlarına toxunan ayrı-seçkilik və digər hərəkətlərinə
cavab tədbiri kimi.
6.3.
Antidempinq rüsumları idxal olunan malların qiyməti
gömrük ərazisinə gətirildiyi anda ixrac olunduğu
ölkədəki real dəyərindən xeyli
aşağı olduqda və belə bir idxal eyni malların
yerli istehsalçılarına ziyan vurduqda və ya ziyan vurmaq
təhlükəsi yaratdıqda, Azərbaycan Respublikasında
onların istehsalının təşkilinə və ya
genişləndirilməsinə maneə törətdikdə tətbiq
edilir.
6.4.
Kompensasiya rüsumları gömrük ərazisinə gətirilən
malların ixrac ölkəsində istehsalı və ya həmin
ölkədən ixracı zamanı birbaşa və dolayı
subsidiyalardan istifadə olunduqda və belə idxal bu cür
malların yerli istehsalçılarına ziyan vurduqda və ya
ziyan vurmaq təhlükəsi yaratdıqda, bu malların
istehsalının təşkilinə və genişləndirilməsinə
maneə törətdikdə tətbiq edilir.
6.5.
Xüsusi, antidempinq və ya kompensasiya rüsumlarının
formalaşdırılması və tətbiqi qaydası
müvafiq qanunla müəyyən olunur.
Fəsil
2
Malın
gömrük dəyəri
Maddə 7. G
ömrük dəyərinin müəyyən edilməsi
7.1.
Malın gömrük dəyərinin müəyyən edilməsi
(gömrük dəyərləndirilməsi) sistemi beynəlxalq
təcrübədə qəbul olunmuş ümumi prinsiplərə
(1994-cü il Tariflər və Ticarət
üzrə Baş Sazişin (GATT) VII maddəsinə,
GATT-ın VII maddəsinin Tətbiq edilməsinə dair
Razılaşmaya və onun əlavələrinə) əsaslanır
və gömrük ərazisinə gətirilən mallara
şamil edilir.
7.2.
Gömrük tarifinin tətbiqi məqsədi ilə
malların gömrük dəyərləndirilməsi
qaydaları Gömrük Məcəlləsinə uyğun
olaraq bu qanunla müəyyən edilir.
7.3. Məlumat
daşıyıcısı vasitələrinin gömrük dəyərləndirilməsi
qaydalarını bu qanunun müddəaları nəzərə
alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən
edir.
Maddə 8. Malın gömrük dəyərinin bəyan edilməsi
8.1. Mal
gömrük sərhədindən keçirilərkən
gömrük dəyəri bəyannaməçi tərəfindən
Azərbaycan Respublikasının gömrük orqanına
(bundan sonra - gömrük orqanı) bəyan edilir.
8.2.
Gömrük sərhədindən keçirilən malların
bəyan edilməsi qaydalarını müvafiq icra hakimiyyəti
orqanı müəyyən edir.
8.3.
Gömrük dəyərinin bəyannaməçi tərəfindən
müəyyən edilməsi bu qanunda nəzərdə
tutulmuş üsullara uyğun həyata keçirilir.
8.4.
Gömrük dəyərinin müəyyən edilməsinin
düzgünlüyünə gömrük orqanı nəzarət
edir.
Maddə 9. Məlumatın məxfiliyinin qorunması
9.1.
Gömrük orqanının malın gömrük dəyəri
bəyan edilərkən təqdim edilmiş məxfi və
konfidensial məlumatlardan gömrük dəyərləndirilməsinin
məqsədləri üçün istifadə etmək
hüququ vardır. Məhkəmə qərarının
qəbul edildiyi hallar istisna olmaqla, məlumatı təqdim edən
dövlət orqanının və ya şəxsin icazəsi
olmadan bu məlumat, digər dövlət orqanları da daxil
olmaqla, üçüncü şəxsə verilə bilməz.
9.2.
Dövlət və ya kommersiya sirri
nin,
yaxud qanunla qorunan digər konfidensial məlumatların
yayılmasına görə gömrük orqanının vəzifəli
şəxsləri qanunla müəyyən edilmiş qaydada məsuliyyət
daşıyırlar.
Maddə 10. Bəyannaməçinin hüquq və vəzif
ələri
10.1. Bəyannaməçi
tərəfindən bəyan edilmiş gömrük dəyəri
və onun müəyyən edilməsi ilə bağlı məlumatlar
dəqiq, kəmiyyəti müəyyən oluna bilən və
sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslanmalıdır.
10.2. Bəyan
edilmiş malın gömrük dəyərini dəqiqləşdirmək
zərurəti yarandıqda, bəyannaməçi yarana biləcək
gömrük borcunun ödənilməsi üçün
Gömrük Məcəlləsində nəzərdə
tutulan təminat növlərindən istifadə etməklə,
bəyan edilən malın istifadə üçün ona
verilməsi barədə gömrük orqanına müraciət
edə bilər.
Maddə 11. Gömrük orqanının hüquq və vəzifələri
11.1.
Gömrük orqanının gömrük dəyərləndirilməsi
məqsədi ilə ona təqdim edilən hər hansı məlumatın,
sənədin və ya bəyannamənin
düzgünlüyünü araşdırmaq hüququ
vardır.
11.2.
Aparılmış yoxlama, gömrük auditi və ya
araşdırma nəticəsində dəyərləndirmənin
bu qanuna uyğun olmadığı, yaxud digər səbəblərdən
düzgün olmadığı qənaətinə gəldikdə
gömrük orqanının vəzifəli şəxsi bu
qanunun tələbləri nəzərə alınmaqla
gömrük dəyərinə müvafiq düzəlişlər
edilməsi üçün bəyannaməçiyə
yazılı bildiriş təqdim edir. Həmin
bildirişdə gömrük dəyərinə təklif
olunan düzəlişlər göstərilməli və
onların edilməsi zərurəti əsaslandırılmalıdır.
11.3. Bəyannaməçi
bu qanunun 11.2-ci maddəsinə uyğun olaraq ona təqdim
edilmiş bildirişdə göstərilən gömrük dəyərinə
təklif olunan düzəlişlə razılaşmadıqda,
yuxarı gömrük orqanına və (və ya) məhkəməyə
müraciət edə bilər. Yuxarı
gömrük orqanı və ya məhkəmə həmin
müraciətə ən geci 10 (on) gün müddətində
baxır. Bu barədə müraciətə
baxılma müddətində dəbbə pulu hesablanmır.
11.4.
Yuxarı gömrük orqanı və ya məhkəmə bəyannaməçinin
müəyyən etdiyi gömrük dəyərini
düzgün hesab etdikdə, malların saxlancı ilə
bağlı xərclər bu qanunun 11.2-ci maddəsinə əsasən
gömrük dəyərinə düzəlişlər təklif
etmiş vəzifəli şəxsdən tutulur və həmin
vəzifəli şəxs intizam məsuliyyətinə cəlb
olunur.
Fəsil
3
Gömrük
tarifinin tətbiqi məqsədi ilə
malların gömrük dəyərləndirilməsi
Maddə 12. Gömrük dəyərinin müəyyən edilməsi
üsulları
12.1.
Gömrük ərazisinə gətirilən malların
gömrük dəyəri aşağıdakı üsullarla
müəyyən edilir:
12.1.1. malların sövdələşmə qiyməti
ilə;
12.1.2. eyni malların sövdələşmə qiyməti
ilə;
12.1.3. eynicinsli malların sövdələşmə
qiyməti ilə;
12.1.4. dəyərin çıxılması üsulu
ilə;
12.1.5. dəyərin toplanması üsulu ilə;
12.1.6. ehtiyat üsulu ilə.
12.2.
Malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi
gömrük dəyərinin müəyyən edilməsinin əsas
üsuludur. Əsas üsuldan istifadə etmək
mümkün olmadıqda, bu qanunun 12.1-ci maddəsində
göstərilən üsullardan hər biri ardıcıl
olaraq tətbiq edilir. Bu zaman hər bir
sonrakı üsul gömrük dəyərini əvvəlki
üsulla təyin etmək mümkün olmadıqda tətbiq
edilir.
12.3. Bəyannaməçinin
seçimi əsasında dəyərin
çıxılması üsulu və dəyərin
toplanması üsulu istənilən ardıcıllıqla tətbiq
edilir.
Maddə 13. Malların sövdələşmə qiyməti
üsulu
13.1.
Gömrük ərazisinə gətirilən malların
gömrük dəyəri, bu qanunun 13.2-ci maddəsinə
müvafiq qiymət tənzimlənməsi aparılmaqla, Azərbaycan
Respublikasına ixrac məqsədi ilə satılan mallar
üçün faktiki ödənilmiş və ya ödənilməli
olan qiymət sövdələşmə qiyməti hesab olunur,
bu şərtlə ki:
13.1.1. alıcının dəyərləndirilən
mallara dair sərəncam və ya istifadə hüququna məhdudiyyətlər
nəzərdə tutulmasın (qanunvericilikdə nəzərdə
tutulmuş məhdudiyyətlər, malların təkrar
satıla biləcəyi coğrafi ərazi məhdudiyyətləri,
malların dəyərinə əhəmiyyətli dərəcədə
təsir etməyən məhdudiyyətlər istisna olmaqla);
13.1.2. satış və ya malların qiyməti həmin
mallara münasibətdə dəyəri müəyyən edilə
bilməyən hər hansı şərt və öhdəliklərdən
asılı olmasın;
13.1.3. alıcı tərəfindən mallara dair sərəncam
verilməsindən və ya onların istifadəsindən
satıcı birbaşa və ya dolayı yolla mənfəət
əldə etməsin, əgər bu qanunun 13.2-ci maddəsinə
müvafiq qiymət tənzimlənməsinin aparılması
mümkün deyilsə;
13.1.4. bu qanunun 13.1.5-ci maddəsinin tələbləri
nəzərə alınmaqla, malların alıcısı və
satıcısı əlaqəli şəxslər
olmasınlar;
13.1.5. alıcı ilə satıcı əlaqəli
şəxslər olduğu halda, onlar arasındakı
münasibətlər mallar üçün faktiki ödənilmiş
və ya ödənilməli olan qiymətə təsir etməsin
və ya idxalatçı malların sövdələşmə
qiymətinin bu qanunun 13.7-ci maddəsinin tələblərinə
cavab verdiyini sübut etsin.
13.2.
Malların gömrük dəyəri malların sövdələşmə
qiyməti üsulu ilə müəyyənləşdirilərkən,
mallar üçün faktiki olaraq ödənilmiş və ya
ödənilməli olan qiymətə
aşağıdakılar əlavə edilir:
13.2.1. alıcı tərəfindən çəkilmiş,
lakin mallara görə faktiki ödənilmiş və ya
ödənilməli olan qiymətə daxil edilməmiş
aşağıdakı xərclər:
13.2.1.1. alıcı tərəfindən malların
satın alınması ilə bağlı onu təmsil edən
nümayəndəsinə malın alınması ilə əlaqədar
təmsilçilik xidmətinə görə ödənilmiş
və ya ödənilməli xərclər istisna olmaqla, digər
komisyon və broker mükafatlandırılmaları üzrə
xərclər;
13.2.1.2. idxal edilmiş malların gömrük məqsədləri
üçün bir hissəsi hesab edilən konteynerlərin dəyəri;
13.2.1.3. qablaşdırma materiallarının və
qablaşdırma ilə əlaqədar işlərin dəyəri daxil olmaqla, alıcının
çəkdiyi qablaşdırma xərcləri;
13.2.2. idxal edilən malların istehsalı və ixrac
üçün satılması məqsədi ilə
alıcı tərəfindən satıcıya birbaşa və
ya dolayısı ilə pulsuz və ya aşağı qiymətlə
verilmiş aşağıdakı hər hansı malın və
xidmətin faktiki ödənilmiş və ya ödənilməli
olan qiymətə daxil edilməmiş dəyəri:
13.2.2.1. idxal edilən malların tərkib hissəsi
olan materialların, komplektləşdirici hissələrin və
digər məmulatların dəyəri;
13.2.2.2. idxal edilən malların istehsalında istifadə
edilmiş alətlərin, ştampların, qəliblərin və
digər analoji ləvazimatların dəyəri;
13.2.2.3. idxal edilən malların istehsalında sərf
edilmiş sürtkü yağları, yanacaq və digər
materialların dəyəri;
13.2.2.4. gömrük ərazisindən kənarda həyata
keçirilmiş və idxal edilən malların istehsalı
üçün zəruri olan layihələndirmə, mühəndis,
təcrübi-konstruktor, bədii tərtibat, çertyoj və
eskiz işlərinin dəyəri;
13.2.3. patentlər, ticarət nişanları və
müəlliflik hüquqları üçün ödənişlər
də daxil olmaqla, dəyərləndirilən malların
satışı ilə əlaqədar alıcının
birbaşa və ya dolayısı ilə ödəməli
olduğu royalti və lisenziya haqqı, əgər bunlar faktiki
olaraq ödənilmiş və ya ödənilməli olan qiymətə
daxil edilməmişdirsə;
13.2.4. alıcı tərəfindən mallar barədə
sərəncam verilməsindən və ya onların istifadəsindən
satıcıya birbaşa və ya dolayısı ilə
çatan və ya çatmalı olan hər hansı gəlir
hissəsinin dəyəri;
13.2.5. idxal olunan malların sığorta xərcləri,
həmçinin hava və dəniz limanınadək, yaxud
gömrük ərazisinə daxil olduğu digər hər
hansı yerədək nəqliyyat xərcləri, həmin yerədək
malın yüklənmə və boşaldılma xərcləri.
13.3.
Mallar üçün ödənilmiş və ya ödənilməli
olan qiymətdən ayrı müəyyənləşdirilmiş
aşağıdakı xərclər gömrük dəyərinə
daxil edilmir:
13.3.1. sənaye qurğuları, maşın və
avadanlıq kimi mallar idxal edildikdən sonra həmin mallarla əlaqədar
tikinti-inşaat, yığılma, quraşdırma, istismar və
texniki yardım xərcləri;
13.3.2. malların gömrük ərazisində
daşınması ilə əlaqədar yaranan əsaslandırılmış
xərclər;
13.3.3. gömrük ərazisində ödənilməli
olan rüsum və digər ödənişlər;
13.3.4. aşağıdakı şərtlər
daxilində malın alınması ilə əlaqədar maliyyələşmə
razılaşması çərçivəsində
alıcının faiz ödəmələri:
13.3.4.1. maliyyələşmə razılaşması
yazılı formada bağlanmalıdır;
13.3.4.2. gömrük orqanı tələb etdikdə
maliyyələşmə razılaşması çərçivəsində
tətbiq edilən faiz dərəcəsi səviyyəsinin
maliyyələşmənin təmin edildiyi ölkədə və
həmin vaxtda belə sövdələşmələr
üçün mövcud olan səviyyədən artıq
olmadığını alıcı sübut etməlidir.
13.4.
İdxal olunan malların gömrük rəsmiləşdirilməsi
başa çatmamışdan əvvəl onlarda itkilər və
ya qüsurlar aşkar edilərsə, sövdələşmə
qiymətinə müvafiq düzəlişlər edilir.
13.5.
Mallara dair bəyannamənin təsdiq edildiyi gündən 1
(bir) il müddətində
idxalatçı malların qüsurlu olması ilə əlaqədar
sövdələşmə qiymətinə düzəlişlər
etmək tələbini irəli sürdükdə həmin
qiymətə müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi hallarda düzəlişlər edilir.
13.6.
Alıcı və satıcının əlaqəli şəxslər
olması faktı özü-özlüyündə
malların sövdələşmə qiymətinin
gömrük orqanının vəzifəli şəxsi tərəfindən
qəbul edilməməsi üçün əsas deyil. Bu faktın qiymətə təsir etmədiyi hallarda
malların sövdələşmə qiyməti gömrük
orqanının vəzifəli şəxsi tərəfindən
qəbul edilir. Lakin gömrük
orqanının vəzifəli şəxsi alıcı və
satıcının əlaqəli şəxslər
olmasının mallar üçün faktiki ödənilmiş
və ya ödənilməli olan qiymətə təsir etdiyi qənaətinə
gələrsə, əsaslandırılmış
iradını yazılı surətdə idxalatçıya
bildirməli və həmin əlaqələrin sövdələşmə
qiymətinə təsir etmədiyini və ya bu qanunun 13.7-ci
maddəsinə uyğun olaraq sövdələşmə dəyərinin
məqbul hesab edildiyini sübut etməsi üçün
idxalatçıya şərait yaratmalıdır.
13.7.
Əlaqəli şəxslər arasında sövdələşmə
qiymətinin məqbul hesab edilməsi üçün, bu qiymətin
eyni vaxtda və ya təqribən eyni vaxtda həyata
keçirilən sövdələşmələr üzrə
aşağıdakılardan birinə yaxın olduğu
idxalatçı tərəfindən sübut edilməlidir:
13.7.1. eyni və ya eynicinsli malların Azərbaycan
Respublikasına ixrac edilməsi üçün əlaqəli
olmayan şəxslər arasında satış məqsədi
ilə sövdələşmə qiymətinə;
13.7.2. eyni və ya eynicinsli malların bu qanunun
16-cı maddəsinə uyğun olaraq müəyyən edilən
çıxılmış dəyərinə;
13.7.3. eyni və ya eynicinsli malların bu qanunun 17-ci
maddəsinə uyğun olaraq müəyyən edilən
toplanmış dəyərinə.
13.8. Bu
qanunun 13.7-ci maddəsində nəzərdə tutulmuş
hallar müəyyən edilərkən
aşağıdakılar nəzərə
alınmalıdır:
13.8.1. şəxslər arasındakı ticarət əməliyyatlarının
səviyyəsindəki fərqlər;
13.8.2. bu qanunun 13.2-ci maddəsində göstərilənlərdə
olan fərqlər;
13.8.3. alıcı və satıcı əlaqəli
şəxslər olduğu halda satıcının çəkdiyi
xərclərlə onlar əlaqəli şəxslər
olmadığı hallarla müqayisədə çəkilən
xərclər arasındakı fərqlər.
13.9. Bu
qanunun 13.8.1-ci-13.8.3-cü maddələrində nəzərdə
tutulan məlumatlardan
bəyannaməçinin təşəbbüsü ilə və
yalnız müqayisə məqsədi üçün istifadə
olunur.
Maddə 14. Eyni malların sövdələşmə qiyməti
14.1.
Malların gömrük dəyərini bu qanunun 13-cü maddəsində
göstərilən qaydada müəyyənləşdirmək
mümkün olmadıqda dəyərləndirilən mallarla
eyni və ya təqribən eyni vaxtda Azərbaycan
Respublikasına ixrac məqsədi ilə satılan eyni
malların sövdələşmə qiyməti qəbul
edilir.
14.2.
Malların gömrük dəyəri bu maddəyə əsasən
müəyyən edilərkən dəyərləndirilən
mallarla eyni kommersiya səviyyəsində və eyni və ya təqribən
eyni miqdarda satılan eyni malların sövdələşmə
qiymətindən istifadə olunur.
14.3. Eyni
malların bu qanunun 14.2-ci maddəsində göstərildiyi
kimi eyni kommersiya səviyyəsində və eyni və ya təqribən
eyni miqdarda satışı müəyyən edilmədikdə
bu qanunun 14.4-cü və 14.5-ci maddələri nəzərə
alınmaqla aşağıdakı şərtlərdən
birinə cavab verən eyni malların satışının
sövdələşmə qiymətindən istifadə olunur:
14.3.1. eyni kommersiya səviyyəsində, lakin dəyərləndirilən
malların satıldığı miqdardan fərqli miqdarda
satış;
14.3.2. fərqli kommersiya səviyyəsində, lakin dəyərləndirilən
malların satıldığı eyni və ya təqribən eyni miqdarda
satış;
14.3.3. fərqli kommersiya səviyyəsində və fərqli
miqdarda satış.
14.4. Bu qanunun
14.3-cü maddəsi tətbiq edilərkən, kommersiya və
(və ya) miqdar səviyyəsindəki fərqlər nəzərə
alınmaqla, eyni malların sövdələşmə qiymətinə
müvafiq düzəlişlər edilir.
14.5. Bu qanunun
14.4-cü maddəsində göstərilən düzəlişlər,
malların dəyərinin aşağı düşməsi və
ya yüksəlməsi ilə nəticələnməsindən
asılı olmayaraq, müvafiq sübutlarla əsaslandırılmalıdır.
14.6. Bu
qanunun 13.2.5-ci maddəsində göstərilən, idxal olunan
və eyni mallar üçün çəkilmiş xərclərdə
məsafədən və nəqliyyat vasitəsinin
növündən irəli gələn əhəmiyyətli fərqləri
nəzərə almaq məqsədi ilə sövdələşmə
qiymətində müvafiq düzəlişlər
aparılır.
14.7. Dəyərləndirilən
mallarla eyni və ya təqribən eyni vaxtda Azərbaycan
Respublikasına ixrac məqsədi ilə satılan eyni mallarla
əlaqədar bu qanunun 14.1-14.6-cı maddələrində
göstərilən tələblərə cavab verən iki və
ya daha çox sövdələşmə dəyəri
olduğu hallarda dəyərləndirilən malların
gömrük dəyəri belə sövdələşmə
dəyərlərinin ən aşağı olanı əsasında
müəyyənləşdirilir.
Maddə 15. Eynicinsli malların sövdələşmə qiyməti
15.1.
Malların gömrük dəyərini bu qanunun 13-cü və
14-cü maddələrində göstərilən qaydada
müəyyənləşdirmək mümkün olmadıqda,
dəyərləndirilən mallarla eyni və təqribən
eyni vaxtda Azərbaycan Respublikasına ixrac məqsədi ilə
satılan eynicinsli malların sövdələşmə qiyməti
qəbul edilir.
15.2.
Malların gömrük dəyəri eynicinsli malların
sövdələşmə qiyməti üsulundan istifadə
olunmaqla müəyyən edilərkən, bu qanunun 14.2-14.7-ci
maddələrinin müddəaları tətbiq edilir.
Maddə 16. Çıxılmış dəyər
16.1.
Malların gömrük dəyərini bu qanunun 13-15-ci maddələrində
göstərilən qaydada müəyyənləşdirmək
mümkün olmadıqda gömrük ərazisinə idxal edilən
malların gömrük dəyəri
çıxılmış (deduktiv) dəyər üsulu ilə
müəyyənləşdirilir. Bəyannaməçinin
seçimi əsasında bu qanunun 16-cı və 17-ci maddələri
istənilən ardıcıllıqla tətbiq edilir.
16.2. Dəyərləndirilən
malın çıxılmış dəyərini müəyyən
edərkən bu mallarla eyni və ya təqribən eyni vaxtda
idxal olunmuş və ən böyük həcmdə, idxal
olunduğu vəziyyətdə və əlaqəli olmayan
şəxsə satılmış eyni və ya eynicinsli
malların bir vahidinin Azərbaycan Respublikasındakı
satış qiyməti müqayisə üçün əsas
kimi götürülür və həmin qiymətdən
aşağıdakı məbləğlər
çıxılır:
16.2.1. idxal edilmiş eyni sinif və ya növ
malların gömrük ərazisində satışı ilə
əlaqədar ödənilən və ya ödənilməli
olan komissiya haqları və ya həmin malların satışı
ilə əlaqədar gəlir götürmək və
ümumi xərcləri ödəmək üçün adətən
edilən əlavələr;
16.2.2. gömrük ərazisində daşınma,
yüklənmə, boşaldılma işlərinə və
sığortaya adətən sərf olunan xərclər;
16.2.3. malların
idxalı və satışı ilə əlaqədar
gömrük ərazisində ödənilməli olan
gömrük rüsumlarının, vergilərin və digər
ödənişlərin məbləği.
16.3. Dəyərləndirilən
malların idxalı ilə eyni və ya təqribən eyni
vaxtda bu qanunun 16.2-ci maddəsində nəzərdə tutulan
satış həyata keçirilməmişdirsə,
gömrük dəyəri idxal olunan mallarla eyni və ya
eynicinsli malların gömrük ərazisinə 90 (doxsan)
gündən gec olmamaq şərtilə ən yaxın vaxtda
satıldığı satış qiymətinə əsasən
müəyyən olunur.
16.4. Dəyərləndirilən
mallarla eyni və ya təqribən eyni vaxtda, eyni və ya
eynicinsli malların gömrük ərazisində idxal
olunduğu vəziyyətdə satışı olmadıqda,
idxalatçının xahişi ilə eyni və ya təqribən
eyni vaxtda idxal olunmuş və ən böyük həcmdə,
emal olunmuş vəziyyətdə və əlaqəli olmayan
şəxsə satılmış eyni və ya eynicinsli
malların bir vahidinin Azərbaycan Respublikasında
satış qiyməti əsas götürülür. Bu halda dəyərləndirilən malların
gömrük ərazisində sonradan yığılması,
qablaşdırılması və növbəti emalı ilə
əlaqədar xərclər, həmçinin bu qanunun
16.2.1-ci-16.2.3-cü maddələrində nəzərdə
tutulan məbləğlər həmin qiymətdən
çıxılır.
16.5.
İdxalatçı tərəfindən təqdim edilən məlumatlarda
uyğunsuzluq aşkar edildikdə, gömrük
orqanının rəyinə əsasən mənfəətin
və ümumi xərclərin məbləği təqdim
olunan məlumatlardan fərqli məlumatlara əsasən müəyyən
olunur.
Maddə 17.
Toplanmış dəyər
17.1.
İdxal edilən malların gömrük dəyərini bu
qanunun 13-16-cı maddələrinə əsasən müəyyənləşdirmək
mümkün olmadıqda malların gömrük dəyəri
toplanmış dəyər kimi müəyyənləşdirilir.
17.2.
Malların toplanmış dəyəri
aşağıdakı məbləğlərin toplanması
yolu ilə hesablanır:
17.2.1. idxal edilən malların hazırlanmasında
istifadə edilən materiallara, həmin malların
istehsalına və ya emalına çəkilən xərclər
və ya bunların dəyəri;
17.2.2. Azərbaycan
Respublikasına ixrac etmək məqsədi ilə ixrac ölkəsində
istehsalçılar tərəfindən hazırlanan və dəyərləndirilən
mallarla eyni sinif və ya növdən olan malların
satışı zamanı adətən nəzərə
alınan mənfəətə və ümumi xərclərə
bərabər mənfəət və ümumi xərclərin
həcmi;
17.2.3. idxal olunan malların sığorta xərcləri,
həmçinin hava və dəniz limanınadək, yaxud
gömrük ərazisinə daxil olduğu digər yerədək
nəqliyyat xərcləri, həmin yerədək malın
yüklənmə, boşaldılma xərcləri.
17.3. Azərbaycan Respublikasının rezidenti olmayan şəxsdən
toplanmış dəyərin müəyyən edilməsi
üçün hesabat sənədləri tələb edilə
bilməz. Lakin gömrük dəyərinin bu maddənin tələblərinə
uyğun olaraq müəyyən edilməsi üçün
gömrük orqanına malların istehsalçısı tərəfindən
təqdim edilən məlumatlar istehsalçının
razılığı ilə və müvafiq ölkənin
aidiyyəti orqanlarına əvvəlcədən bildirişin
verilməsi və həmin orqanların araşdırmaya etiraz
etməməsi şərtilə, həmin ölkədə
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
yoxlanıla bilər.
Maddə 18.
Ehtiyat üsul
18.1.
İdxal olunan malların gömrük dəyərini bu qanunun
13-17-ci maddələrinə əsasən müəyyənləşdirmək
mümkün olmadıqda, gömrük dəyəri bu qanunun
7.1-ci maddəsinə uyğun olaraq, beynəlxalq təcrübədə
qəbul edilmiş ümumi prinsiplərə, habelə bu
qanunun gömrük dəyərləndirilməsinə dair
müddəalarına uyğun vasitələrdən istifadə
etməklə və gömrük ərazisində mövcud
olan məlumatlar əsasında müəyyən edilir.
18.2. Bu
qanunun 18.1-ci maddəsinə müvafiq olaraq malların
gömrük dəyəri aşağıdakılar əsasında
müəyyən edilə bilməz:
18.2.1. gömrük ərazisində istehsal edilən
malların həmin ərazidəki satış qiyməti;
18.2.2. müqayisə üçün seçilən
iki alternativ dəyərdən gömrük məqsədləri
üçün ən yüksək olanının qəbul
edilməsini nəzərdə tutan sistem;
18.2.3. malların ixrac ölkəsinin daxili
bazarındakı qiyməti;
18.2.4. bu qanunun 17-ci maddəsinə uyğun olaraq eyni
və ya eynicinsli mallar üçün müəyyənləşdirilmiş
xərclərdən fərqli istehsal xərcləri;
18.2.5. gömrük ərazisindən fərqli hər
hansı ölkəyə ixrac üçün nəzərdə
tutulan malların qiyməti;
18.2.6. minimum gömrük dəyəri;
18.2.7. kortəbii müəyyən edilən və ya
saxta dəyərlər.
18.3.
İdxalatçı tələb etdiyi halda o, gömrük
orqanları tərəfindən bu qanunun 18.1-ci maddəsinə
əsasən müəyyən edilmiş gömrük dəyəri
və bu dəyərin müəyyən edilməsi
üçün istifadə olunan üsul barədə
yazılı formada məlumatlandırılmalıdır.
Fəsil
4
Gömrük
rüsumları üzrə güzəştlər
Maddə 19. Tarif
güzəştləri və preferensiyaları
19.1. Tarif
güzəştləri və preferensiyaları gömrük sərhədindən
keçirilən mallar üzrə gömrük rüsumundan
azadetmə və gömrük rüsumu dərəcələrinin
aşağı salınması, malın preferensial şərtlərlə
gətirilməsi üçün tarif kvotaları şəklində
verilən güzəştlərdir.
19.2.
Mallar üzrə tarif güzəştlərinin verilməsi
halları və qaydaları Gömrük Məcəlləsinə,
bu qanuna və müvafiq icra hakimiyyəti orqanının
normativ hüquqi aktlarına uyğun olaraq tənzimlənir.
19.3.
İstehsal ehtiyaclarını yerli xammal hesabına ödəmək
mümkün olmadıqda müvafiq icra hakimiyyəti orqanı
konkret sahənin inkişafını təmin etmək məqsədi
ilə istehsal təyinatlı xammalın və müasir
texnologiyanı təmin edən avadanlığın
idxalına konkret dövr üçün nəzərdə
tutulan tarif güzəştləri tətbiq edə bilər.
19.4.
Mallar üzrə tarif preferensiyaları qanunvericilikdə və
Azərbaycan Respublikasının xarici ölkələrlə
və ya beynəlxalq təşkilatlarla
bağladığı beynəlxalq müqavilələrdə
nəzərdə tutulduğu hallarda həmin ölkələrə,
yaxud beynəlxalq təşkilatın üzv ölkələrinə
münasibətdə qarşılıqlı və ya birtərəfli
qaydada tətbiq edilir.
19.5.
Mallar üzrə tarif güzəştləri və
preferensiyaları bu qanunun 20-ci maddəsində nəzərdə
tutulmuş hallar istisna olmaqla, fərdi xarakter daşıya bilməz.
19.6.
Malların preferensial və qeyri-preferensial mənşəyinin
müəyyən edilməsi qaydalarını müvafiq icra
hakimiyyəti orqanı müəyyən edir.
Maddə 20.
Gömrük rüsumlarından azad etmə
20.0.
Aşağıdakılar gömrük rüsumlarından azad
edilirlər:
20.0.1. yüklərin, baqajın və sərnişinlərin
beynəlxalq daşımalarını həyata keçirən
nəqliyyat vasitələri, habelə onların yolboyu,
dayanacaqlararası məntəqələrdə normal
istismarı üçün zəruri olan və ya həmin nəqliyyat
vasitələrinin qəzasının (sınmasının) nəticələrini
aradan qaldırmaq məqsədi ilə xaricdən
alınmış maddi-texniki təchizat və tədarük
malları, yanacaq, ərzaq, dərman vasitələri və digər
əmlak;
20.0.2. dənizdə
balıq ovlayan Azərbaycan Respublikası gəmilərinin və
Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri
tərəfindən icarəyə (fraxta)
götürülmüş gəmilərin fəaliyyətini
təmin etmək üçün gömrük ərazisindən
çıxarılan maddi-texniki təchizat və tədarük
malları, yanacaq, ərzaq, dərman vasitələri və digər
əmlak, habelə həmin gəmilərdə gömrük ərazisinə
gətirilən vətəgəçilik məhsulları;
20.0.3. xarici dövlətlərin nümayəndəlikləri
və onların əməkdaşları, habelə digər
qeyri-rezidentlər üçün Gömrük Məcəlləsində
müəyyən edilmiş gömrük güzəştləri
çərçivəsində gömrük sərhədindən
keçirilən mallar;
20.0.4. gömrük ərazisindən
çıxarılan və bu əraziyə gətirilən Azərbaycan
Respublikasının milli valyutası, xarici valyuta və qiymətli
kağızlar;
20.0.5. qanunla müəyyən edilmiş hallarda
dövlətin mülkiyyətinə keçirilməli olan
mallar;
20.0.6.
yardım yükü kimi gətirilən, təbii fəlakət
zonalarında zərərçəkmiş əhaliyə
yardım göstərilməsi üçün göndərilən
ərzaq məhsulları, mallar
və nəqliyyat vasitələri,
habelə müvafiq orqanların təbii fəlakətin nəticələrinin
ləğvi ilə məşğul olan şəxsi heyəti
üçün nəzərdə tutulmuş avadanlıq, xüsusi nəqliyyat
vasitələri, ehtiyat hissələri, şəxsi əşyalar
və digər mallar, habelə məktəblər, məktəbəqədər
təhsil müəssisələri və müalicə
ocaqları üçün pulsuz dərs vəsaitləri;
20.0.7. texniki yardım da daxil olmaqla, təmənnasız
yardım və xeyriyyəçilik məqsədi ilə
dövlətlərin və ya beynəlxalq təşkilatların
xətti ilə gömrük ərazisinə gətirilən və
ya bu ərazidən aparılan mallar, habelə qrant haqqında
müqaviləyə və ya qərara əsasən qrant kimi
alınan pul və (və ya) digər maddi yardımlar;
20.0.8. üçüncü ölkələr
üçün nəzərdə tutulan və gömrük ərazisindən
gömrük nəzarəti ilə tranzit xüsusi
gömrük proseduru altında keçən mallar;
20.0.9. müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi qaydada fiziki şəxslər tərəfindən
gömrük sərhədindən keçirilən istehsal,
yaxud kommersiya məqsədləri üçün nəzərdə
tutulmayan mallar;
20.0.10. gömrük ərazisinə qaytarılan milli mədəniyyət
sərvətləri;
20.0.11. yığma idman komandalarının
hazırlığı ilə bağlı müvafiq icra
hakimiyyəti orqanı tərəfindən ölkəyə gətirilən
idman avadanlığı və malları;
20.0.12. əcnəbi
əməkçi miqrant Azərbaycan Respublikasında, Azərbaycan
Respublikasının vətəndaşı olan əməkçi
miqrant xarici ölkədə əmək fəaliyyətinə
başlamaq və əmək fəaliyyətini başa vurduqdan
sonra qayıtmaq üçün gömrük sərhədini
keçərkən onun şəxsi əşyaları, məişət
avadanlıqları, əmək fəaliyyəti
üçün zəruri olan alətlər;
20.0.13. mallar (aksizli mallar istisna olmaqla) gömrük ərazisi
xaricindən xüsusi iqtisadi zonaya idxal edildikdə, habelə
gömrük ərazisi xaricindən xüsusi iqtisadi zonaya idxal
olunmuş mallar xüsusi iqtisadi zonadan gömrük ərazisi
xaricinə ixrac edildikdə;
20.0.14. xüsusi iqtisadi zonada istehsal və ya emal
olunmuş mallar gömrük ərazisi xaricinə ixrac edildikdə,
xüsusi iqtisadi zonada istehsal və ya emal olunmuş mallar təmir,
yekun-tamamlama işləri, nümunələrin sərgisi və
digər bu kimi məqsədlərlə gömrük ərazisinə
müvəqqəti idxal edildikdə;
20.0.15. gömrük ərazisində mallar xüsusi
iqtisadi zonalar arasında idxal və ixrac edildikdə;
20.0.16. Gömrük Məcəlləsi ilə müəyyən
edilmiş müvafiq gömrük prosedurlarına əsasən
gömrük rüsumundan azad və ya qismən azad olunmuş
mallar.
Fəsil
5
Yekun
müddəalar
Maddə 21. Beynəlxalq müqavilələr
Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində
bu qanunla müəyyən edilmiş normalardan fərqli normalar
olduqda beynəlxalq müqavilələrdə nəzərdə
tutulan normalar tətbiq edilir.
Maddə 22. Qanunun pozulmasına görə məsuliyyət
Bu qanunun tələblərinin pozulması qanunla müəyyən
edilmiş qaydada məsuliyyətə səbəb olur.
Maddə 23. Qanunun qüvvəyə minməsi
23.1. Bu qanun dərc edildiyi gündən 90 gün sonra qüvvəyə minir.
23.2. "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının 1995-ci il 20 iyun tarixli 1064 nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, ¹22, maddə 352; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹12, maddə 742; 1999, ¹4, maddə 225; 2001, ¹3, maddələr 145, 151, ¹5, maddələr 296, 299; 2009, ¹2, maddə 57, ¹12, maddə 967; 2010, ¹8, maddə 712; 2011, ¹4, maddə 256) bu qanun qüvvəyə mindiyi gündən ləğv edilir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
13 iyun 2013-cü il
Azərbaycan.-2013.- 14 iyul.- S.2,3.