İcazə sahibi, prosedur sahibi, habelə sərbəst
zonada malların saxlancı, istehsalı,
emalı, alqı-satqısı ilə məşğul olan şəxslərin öz
əməliyyatlarının uçotunu
aparması qaydaları
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
2013-cü il 12 iyul tarixli 177 nömrəli qərarı ilə təsdiq
edilmişdir
1. Ümumi müddəa
1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 168.1-ci maddəsinə əsasən hazırlanmışdır və icazə sahibi, prosedur sahibi, habelə sərbəst zonada malların saxlancı, istehsalı, emalı, alqı-satqısı ilə məşğul olan şəxslərin öz əməliyyatlarının uçotunu aparması qaydalarını müəyyən edir.
2. Əsas anlayışlar
2.1. Bu Qaydaların məqsədləri üçün istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. icazə sahibi - gömrük qanunvericiliyi ilə müəyyən edilmiş qaydada malların emal və ya xüsusi istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsinə icazə almış şəxs;
2.1.2. prosedur sahibi - tranzit xüsusi gömrük proseduru istisna olmaqla, digər xüsusi gömrük prosedurunun sahibi.
3. Əməliyyatların uçotu
3.1. İcazə sahibi, prosedur sahibi, habelə sərbəst zonada malların saxlancı, istehsalı, emalı, alqı-satqısı ilə məşğul olan şəxslər öz əməliyyatlarının uçotunu aparırlar.
3.2. Aparılan uçot gömrük orqanları tərəfindən müvafiq gömrük proseduruna, o cümlədən həmin gömrük proseduru altında yerləşdirilmiş malların eyniləşdirilməsinə, onların gömrük statusunun müəyyənləşdiril-məsinə və daşınmasına nəzarətin həyata keçirilməsinə imkan yaratmalıdır.
3.3. Əməliyyatların uçotu kağız üzərində yazılı formada aparılır. Bu Qaydaların 3.4-cü bəndində müəyyən edilmiş uçot məlumatları əsasında tərtib edilən əməliyyatların uçotu formaları Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin rəsmi internet saytında yerləşdirilir.
3.4. Uçotun aparılması üçün icazə sahibi, prosedur sahibi, habelə sərbəst zonada malların saxlancı, istehsalı, emalı, alqı-satqısı ilə məşğul olan şəxslər tərəfindən bu Qaydaların 3.3-cü bəndində nəzərdə tutulan uçot formalarında əməliyyatın yeri, tarixi, təsviri və üzərində əməliyyat aparılmış mallar barədə (xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu, miqdarı, dəyəri, statusu) məlumatla yanaşı aşağıdakılar da göstərilir:
3.4.1. icazə sahibi tərəfindən aparılan əməliyyatlar üzrə icazənin nömrəsi və tarixi;
3.4.2. prosedur sahibi tərəfindən aparılan əməliyyatlar üzrə gömrük bəyannaməsinin nömrəsi, emal əməliyyatı aparıldıqda isə istifadə olunmuş ekvivalent malların, istehsalat tullantılarının, istehsal itkilərinin və mal qalığının miqdarı;
3.4.3. sərbəst zonada malların saxlancı, istehsalı, emalı, alqı-satqısı ilə məşğul olan şəxslər tərəfindən aparılan əməliyyatlar üzrə həmin şəxslər barədə məlumat, emal əməliyyatı aparıldıqda isə istifadə olunmuş ekvivalent malların, istehsalat tullantılarının, istehsal itkilərinin və mal qalığının miqdarı.
3.5. Uçot məlumatlarında qeyd olunan malların miqdarı xarici iqtisadi fəaliyyətin mal nomenklaturasında nəzərdə tutulan ölçü vahidində göstərilir.
3.6.
Bu Qaydaların 3.2-ci bəndində göstərilənləri
təmin etmək məqsədi ilə icazə sahibi, prosedur
sahibi və ya sərbəst zonada malların saxlancı,
istehsalı, emalı, alqı-satqısı ilə məşğul
olan şəxslər öz əməliyyatlarının
uçotunu onların həyata keçirilməsindən dərhal
sonra aparırlar.
Azərbaycan.-2013.- 14 iyul.- S.3.