Milli iqtisadi inkişaf konsepsiyasının banisi

 

Hər bir xalqın tarixdəki yeri və rolu hansısa mürəkkəb siyasi şəraitdə məsuliyyəti üzərinə götürərək onun taleyində misilsiz rol oynamış, mütərəqqi  ideyaları, qeyri-adi idarəçilik keyfiyyətləri ilə sabit dövlətçilik ənənələri formalaşdırmış dahi şəxsiyyətlərin fövqəladə missiyası ilə şərtlənir. Tanrının bəxş etdiyi belə seçilmiş şəxsiyyətlər xalqlarının əsrlər boyu cilalanmış dövlətçilik təfəkkürü, siyasi dünyagörüşü, milli dəyərləri əsasında optimal dövlət modeli və siyasi varislik ənənələri yaradırlar. Bu günün özündə də dünyanın bir çox nüfuzlu dövlətləri məhz fenomen liderlərinin müəyyənləşdirdiyi yolla irəliləyir, davamlı və sabit inkişafı bu uğur magistralından kənarda təsəvvür etmirlər.

Dünya miqyaslı ictimai-siyasi xadim, ümummilli lider Heydər Əliyev də belə liderlərdən biri olaraq müstəqil Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi, iqtisadi əsaslarını yaratmış, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu praktik şəkildə gerçəkləşdirmiş strateq kimi çağdaş tariximizdə əbədiyaşarlığını təmin etmiş, hələ sağlığında canlı əfsanəyə çevrilmişdir. Xalqımız tarix boyu qazandığı dövlətçilik ənənələrini, milli dəyərləri, nailiyyətləri, ali mənəvi keyfiyyətləri məhz Heydər Əliyev epoxasında təkmilləşdirərək dayanıqlı müstəqil dövlətini qurmuş, millət kimi mövcudluğunu, özünü idarə etmək bacarığını ən yüksək səviyyədə nümayiş etdirmişdir.

1969-cu il iyulun 14-də - keçmiş Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi plenumunun iclasında ümummilli liderin Azərbaycana rəhbərliyə seçilməsi respublikamızın tarixində yeni siyasi mərhələnin başlanğıcı olmuşdur. Dahi öndər ali kürsüyə yüksəldiyi ilk gündən bütün varlığı ilə sevdiyi xalqının intibahı və xoşbəxt gələcəyi naminə böyük fədakarlıqlar göstərmişdir. Çağdaş tariximizin 34 ili ümummilli liderin adı ilə bağlı olmaqla, xalqın taleyində şanlı və parlaq səhifəyə çevrilmişdir.

1969-cu il iyulun 14-də Azərbaycan KP MK-nın birinci katibi seçilən Heydər Əliyev elə ilk plenumda ana dilində nitq söyləməklə köhnə stereotipləri alt-üst etmiş, milli ideallara bağlı lider olduğunu yüksək kürsüdən nümayiş etdirmişdir. Zəngin təbii sərvətlərinə, istehsal potensialına baxmayaraq, Azərbaycanın keçmiş SSRİ-nin geridə qalmış respublikalar sırasına düşməsinin səbəblərini araşdıran Heydər Əliyev iqtisadi inkişafa xidmət edən kompleks tədbirlərin həyata keçirilməsini təmin etməklə peşəkar strateq və müdrik dövlət xadimi olduğunu sübuta yetirmişdir. Ümummilli lider respublikada, ilk növbədə, milli-mənəvi ruhu yüksəltməklə azərbaycanlıların öz tarixi ənənələrinə, köklərinə bağlılığı sürətləndirməyə çalışmış, xalqın müstəqil yaşaya bilməsi üçün lazım olan iqtisadi və maddi-texniki bazanın formalaşdırılmasına xüsusi diqqət yetirmişdir.

Ümummilli lider Heydər Əliyev Azərbaycan KP MK-nın 1969-cu il 5 avqust tarixli plenumunda çıxış edərkən respublika iqtisadiyyatının inkişafında müəyyən çətinliklərin, problemlərin olduğunu vurğulamış, xalq təsərrüfatının bir çox sahələrinin geri qaldığını qeyd etmişdir. Həmçinin vurğulamışdır ki, yeni mərhələdə qarşıda dayanan başlıca vəzifə səhiyyədə, tikintidə və kənd təsərrüfatında yaranmış vəziyyətin müfəssəl təhlili əsasında bütün zəhmətkeşləri vəzifələrinin yerinə yetirilməsindən ötrü səfərbərliyə almaqdan ibarətdir. Heydər Əliyevin bu cəsarətli fikirləri, əslində, həmin plenuma qədər sovet dövlətində guya heç bir problemin olmaması, milli respublikaların "böyük addımlarla irəliləməsi" ilə bağlı qulaqları yağır etmiş gurultulu şüarların təkzibi idi. Ümummilli lider qətiyyətli mövqeyi ilə sovet cəmiyyətinin bəzi naqisliklərini üzə çıxarmış, ictimailəşdirmişdi. Mərkəzin icazəsi olmadan hansısa sahədəki vəziyyətin təhlili, zəhmətkeşlərin hansısa vəzifələr ətrafında səfərbərliyə alınması kommunist mənafeyini xalqa, milli dövlətə bağlılıq hissindən daha yüksəkdə tutan insanlar üçün, sözün əsl mənasında, möcüzə kimi görünürdü. Belələri heç cür inana bilmirdilər ki, Azərbaycanın birinci şəxsi belə açıq tənqidi fikirlərdən çıxış edə bilər. Heydər Əliyevin çıxışında sovet təbliğat maşını tərəfindən formalaşdırılan yanlış təsəvvürün tamam əksi vurğulanırdı: "Azərbaycanın bütün ittifaq göstəricilərindən və digər respublikaların göstəricilərindən geri qalması ciddi təşviş hissi doğurur. Bunu nə ilə izah etmək olar? Aydındır ki, hər bir sahədəki çatışmazlıqların öz xüsusi səbəbləri vardır. Lakin təhlil göstərir ki, bir çox sahələr üçün səciyyəvi olan ümumi səbəblər də az deyildir. Bu, hər şeydən əvvəl, etibar edilən iş sahəsi üçün bəzi rəhbərlərin məsuliyyət hissini itirməsindən ibarətdir. Odur ki, müəssisələrə rəhbərliyin səviyyəsi çox aşağıdır, lazımi tələbkarlıq və intizam yoxdur".

60-cı illərin sonlarına doğru sosial-iqtisadi həyatın bütün sahələrinin gerilədiyi, mənfi meyillərin güclənərək getdikcə daha dərin kök saldığı Azərbaycanda siyasi rəhbərliyə seçilən yeni rəhbərin birinci işi respublikada iqtisadi potensialın dağılmasının, ictimai-siyasi həyatda yaranmış tənəzzülün xalqın mənəvi-psixoloji vəziyyətinə mənfi təsir göstərə bilməsinin qarşısını almaqdan ibarət oldu. Ümummilli lider qısa müddətdə respublika iqtisadiyyatında ciddi keyfiyyət dəyişikliklərinə nail olmaqla, Azərbaycanı xammal istehsalçısından qabaqcıl, müasir texnika və texnologiya ilə təchiz olunmuş sənaye bazasına çevirə bildi. Keçmiş Sovet İttifaqı kimi böyük bir dövlətin zəngin iqtisadi potensialından və geniş imkanlarından istifadə edərək respublikanı tərəqqi yoluna çıxaran Heydər Əliyev yeni və mütərəqqi sənaye sahələrinin yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirdi. Sənayenin inkişaf səviyyəsinə görə respublikanın bütün bölgələrinin proporsional inkişafı yönümündə ardıcıl addımlar atıldı, istehsalla bilavasitə bağlı elmi-tədqiqat sahələrinin inkişafında kompleks tədbirlər görüldü. Elmi-texniki tərəqqinin nailiyyətlərinin, mütərəqqi texnologiyaların istehsalatda tətbiqi Azərbaycanın bütün SSRİ-də qabaqcıl mövqelərə çıxmasına, ölkənin sosial-iqtisadi həyatında yüksəlişə rəvac verdi.

Ümummilli liderin böyük qətiyyət və iradə əsasında formalaşdırmağa başladığı sənaye potensialı əsasında respublikamız 70-ci illərdə neft maşınqayırması, məişət kondisionerləri, elektrik mühərrikləri, elektromaqnit avadanlığı, soyuducular, sintetik kauçuk, boru-prokat, şüşə və şüşə qablar və s. istehsalına görə ittifaq miqyasında qabaqcıl mövqelərə çıxmışdır. Həmin illərdə Bakıda, Sumqayıtda, Gəncədə və digər şəhərlərdə inşa olunan iri müəssisələr bu günün özündə də milli iqtisadiyyatımızın güclü sənaye kompleksinin formalaşmasına zəmin yaradan möhkəm təməldir. Yeri gəlmişkən, 1963-cü ildə bünövrəsi qoyulan, bu gün "Xəzər" Səhmdar Cəmiyyətinin mühüm istehsal obyekti kimi müstəqil respublikamızda sənaye potensialının formalaşmasına töhfə verən Sumqayıt şüşə zavodunun intibah dövrü də məhz ümummilli liderin birinci rəhbərlik dövrünə təsadüf edir. Heydər Əliyev hələ o dövrdən bu müəssisənin problemlərini diqqət mərkəzində saxlamış, onun inkişafı, yüksək səviyyədə məhsul istehsalı üçün lazımi köməyi əsirgəməmişdir.

Ümummilli liderin qətiyyəti, iradəsi və təşəbbüskarlığı ilə keçmiş SSRİ-nin bir sıra strateji əhəmiyyətli müəssisələri məhz Azərbaycanda inşa olunmuş, bununla da respublikamızın gələcək müstəqilliyinin iqtisadi əsası formalaşdırılmışdır. Heydər Əliyev bu məsələdə daim qətiyyətli mövqe tutmuş, keçmiş ittifaqın rəhbərliyi qarşısında israrlı tələblərlə çıxış etmiş, prinsipiallıq göstərmişdir. Bu nöqteyi-nəzərdən dahi öndərimizin Bakı Məişət Kondisionerləri Zavodunun inşası ilə bağlı göstərdiyi əzmkarlığı xüsusi qeyd etmək lazımdır. 70-ci illərin əvvəllərində ittifaq rəhbərliyi bu zavodun Zaporojye şəhərində inşa olunmasına qərar versə də, şəxsi nüfuzundan istifadə edən Heydər Əliyev  Brejnevlə görüşərək həmin müəssisənin məhz Bakıda tikilməsi vacibliyini konkret dəlillərlə əsaslandıraraq son nəticədə istəyinə nail oldu. 1975-ci ilin dekabrında Bakı Məişət Kondisionerləri Zavodunun işə düşməsi məhz dahi öndərin böyük vətənpərvərliklə həyata keçirdiyi əzmkar fəaliyyətin məntiqi nəticəsi idi.

Müdrik liderin təkidi qarşısında keçmiş ittifaq rəhbərliyi respublikamızda bir sıra iri müasir maşınqayırma, kimya, neft-kimyası, elektron sənayesi, əlvan və qara metallurgiya, tekstil, yeyinti, emal müəssisələrinin tikintisinə razılıq vermiş, paralel olaraq energetika və nəqliyyat kompleksi sürətlə inkişaf etmişdir. Həmin dövrdə sənayenin inkişafını müəyyənləşdirən tamamilə yeni sahələr meydana gəlmiş, müxtəlif elektrik cihazları istehsal edən zavodlar inşa olunmuşdur. Ümumilikdə 1970-1982-ci illərdə Heydər Əliyevin təşəbbüsü və ciddi səyləri nəticəsində Azərbaycanda onlarca zavod, fabrik, istehsalat sahələri yaradılmış, 250-dən artıq sənaye müəssisəsi fəaliyyətə salınmışdır.

Həmin dövrün statistik məlumatları da təsdiqləyir ki, Heydər Əliyevin gərgin əməyi, qətiyyəti, fitri idarəçilik qabiliyyəti, vətənpərvərliyi sayəsində Azərbaycan keçmiş ittifaqın geridə qalmış əyalətindən bütün sahələrdə sürətlə inkişaf edən, yüksələn, özünü iqtisadi cəhətdən təmin edən qabaqcıl respublikaya çevrilmişdir. 1969-1982-ci illərdə xalq təsərrüfatının artım sürəti orta ittifaq səviyyəsini xeyli qabaqlamış, istehsal edilən milli gəlir 2,6, sənaye məhsulunun həcmi 2,7, kənd təsərrüfatı məhsulları 2,3 dəfə artmışdır. 15 il ərzində miqyasına görə respublikamızda bütün keçmiş tarixi boyu yaradılmış potensialla müqayisə edilə biləcək güclü sənaye potensialı yaradılmışdır. Eyni zamanda, ittifaq miqyasında istehsal olunan neft-mədən avadanlığının 70, elektrik mühərriklərinin 12,2, elektrik qaynaq avadanlığının 10,5, məişət kondisionerlərinin 100, soyuducuların 5,7, pambıq ipliyinin 9,6, ipək xammalının 11,7 faizi və s. məhz Azərbaycanın payına düşmüşdür.          

 Neft sənayesinin iqtisadi inkişafdakı rolunu müdrikliklə nəzərə alan Heydər Əliyev 70-ci illərdə bu sahənin dinamik inkişafına nail olmuş, neft-kimya sənayesinin tamamilə modernləşdirilməsini təmin etmişdir. Həmin dövrdə neft sənayesinin inkişafında tamamilə yeni mərhələ başlamış, bu zəngin milli sərvətin Azərbaycanın rifahına xidmət edən vasitəyə çevrilməsi prosesinin əsası qoyulmuşdur. Yeni yataqların kəşfiyyatı, qazılması, işlənməsi, mütərəqqi texnologiyalardan və üsullardan istifadədə yeniliklər də məhz Heydər Əliyevin təşəbbüskarlığı nəticəsində mümkün olmuşdur. Ümummilli liderin qətiyyətli addımları nəticəsində ölkədə neft sənayesi konsepsiyasının nəzəri inkişafını təmin edən elmi-tədqiqat institutları, istehsalat birlikləri və digər müəssisələr yaradılmışdır. Heydər Əliyevin müəllifliyi ilə tərtib olunan "Azərbaycanda neftayırma sənayesinin yenidən qurulması" planı əsasında bu tipli müəssisələrin, iri komplekslərin tikilməsi və yeni fəaliyyət prinsiplərinə keçməsi prosesi sürətlə başa çatdırılmışdır. Azərbaycan məhz Heydər Əliyevin fədakarlığı nəticəsində keçmiş SSRİ-də neft hasilatı, emalı, geologiyası, kəşfiyyatı ilə məşğul olan aparıcı dövlətlərdən birinə çevrilmiş, əldə olunan uğurlar isə bilavasitə respublikamızın inkişafına yönəldilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin də bəyan etdiyi kimi, əgər 70-ci illərdə Azərbaycanın təkmil neft sənayesi kompleksi formalaşmasaydı, müstəqillik dövründə yeni neft strategiyasını uğurla həyata keçirmək də çətin olacaqdı. Keçmiş imperiya daxilində hansı qlobal proseslərin getdiyini daha dərindən müşahidə etmək imkanına malik olan Heydər Əliyev Azərbaycanın nə vaxtsa müstəqillik əldə edəcəyini öncədən görərək bunun üçün iqtisadi-siyasi, intellektual baza formalaşdırmışdır. Həmin illərdə ulu öndərimiz milli kadr hazırlığına da xüsusi diqqətlə yanaşmış, dövlət idarəçiliyində azərbaycanlıların sayı artmış, onların xaricdə təhsil almasına yaxşı imkanlar yaranmışdır. Məhz o dövrdə xaricdə yüksək təhsil almış kadrlar bu gün də dövlət quruculuğu prosesinə öz töhfəsini verirlər.  

Həmin illərdə formalaşdırılmış böyük iqtisadi potensial 90-cı illərin sonlarına doğru dünyada cərəyan edən mürəkkəb proseslərin nəticəsi kimi istiqlaliyyət qazanmış Azərbaycanın sonrakı mərhələdə müstəqil yaşamasını təmin etmişdir. Müdrik xalqımızın XX əsrdə dünya siyasi arenasına bəxş etdiyi nadir şəxsiyyət kimi ümummilli liderlik zirvəsinə ucalmış Heydər Əliyev bu gün həm də müstəqil respublikamızın milli inkişaf modelinin banisi kimi böyük ehtiram və rəğbətlə xatırlanır. Heydər Əliyev özünün dərin iqtisadi bilik və təcrübəsi əsasında Azərbaycanın yeni dövr üçün iqtisadi inkişaf prioritetlərini müəyyənləşdirmiş, bu sahədə mövcud problemlərin həlli yollarını elmi-nəzəri və praktiki əsasda göstərmişdir. Ümummilli liderimiz mərkəzi planlaşdırma və bölgü prinsiplərinin hakim olduğu bir ictimai-iqtisadi formasiyadan azad bazar iqtisadiyyatına optimal keçid modelini irəli sürərək onun həyata keçirilməsinə çalışmışdır. İqtisadi sahədə həyata keçirilən islahatların əsasında bazar iqtisadiyyatının formalaşdırılması yolu ilə ümumi daxili məhsul istehsalını artırmaq, qeyri-neft sektorunun sürətli inkişafını təmin etmək məqsədi dayanmışdır.

Böyük müdriklik və iqtisadi hesablama əsasında müəyyənləşdirilmiş bu  iqtisadi inkişaf konsepsiyasının özəyini üç mərhələdə həyata keçirilməsi nəzərdə tutulan islahatlar təşkil etmişdir: birinci mərhələdə güclü dövlət tənzimlənməsi ilə böhrandan çıxmaq, ikinci mərhələdə iqtisadiyyatın sabitliyini təmin etmək, üçüncü mərhələdə isə  iqtisadi dirçəlişə nail olmaq. Hər bir mərhələyə uyğun həyata keçirilən iqtisadi islahatlar nəticəsində 1996-cı ildə respublika iqtisadiyyatında sabitlik təmin edilmiş, 1997-ci ildən sosial-iqtisadi inkişafda müsbət meyillər özünü göstərməyə başlamışdır. Dövlət mülkiyyətinin xalqın mənafeyinə uyğun formada özəlləşdirilməsi sərbəst bazar rəqabəti prinsiplərinin, xüsusi mülkiyyətçiliyin bərqərar olmasına, habelə milli iqtisadiyyatın dünya iqtisadi sisteminə inteqrasiyasına, insanların şüurunda, həyat tərzində əsaslı dəyişikliklərin baş verməsinə səbəb olmuşdur. Ölkədə həyata keçirilmiş özəlləşdirmə prosesi hər bir vətəndaşın iqtisadi islahatlarda şəxsi marağını təmin etmək, əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq, sağlam rəqabətə əsaslanan istehsal üçün şərait yaratmaq niyyətinə xidmət etmişdir. İqtisadiyyatın bütün sahələrini əhatə edən özəlləşdirmə prosesi müstəqil respublikamızda bazar iqtisadiyyatı meyarlarının sürətlə formalaşmasına, ölkənin xarici iqtisadi əlaqələrinin yüksəlməsinə, dünya təsərrüfat sisteminə inteqrasiyasına etibarlı zəmin yaratmışdır.

Ümummilli lider respublika iqtisadiyyatının keyfiyyətcə yeni mərhələsində  özəl sektoru sosial-iqtisadi inkişafın başlıca təminatçısı kimi dəyərləndirmiş, güclü sahibkarlar təbəqəsinin formalaşmasına, onların cəmiyyətdəki mövqelərinin güclənməsinə çalışmışdır. 1997-2002-ci illərdə respublikada sahibkarlığın inkişafı üçün zəruri maliyyə təminatı yaradılmış, süni maneələrin aradan qaldırılması üçün mükəmməl qanunvericilik bazası formalaşdırılmış, fəaliyyətin bu növü ilə məşğul olanların hərtərəfli stimullaşdırılması məsələsi diqqət mərkəzində saxlanılmışdır. İnvestisiyaların təşviqi üçün respublikada daha münbit şərait yaratmaq, daxili və xarici sərmayəni stimullaşdıran səmərəli metodlardan istifadə etmək, xarici kapital qoyuluşunun başlıca istiqamətini regionların, qeyri-neft sektorunun inkişafına yönəltmək, habelə maddiləşən işgüzar fəallığı gücləndirmək üçün kompleks tədbirlər həyata keçirilmişdir.

Azərbaycanın dinamik sosial-iqtisadi inkişafına təkan verən islahatlar 2003-cü ilin 15 oktyabrından ümummilli liderin layiqli siyasi davamçısı - Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Dövlət başçısının böyük əzmkarlıqla davam etdirdiyi çoxşaxəli islahatlar kursu respublikamızın yeni sosial-iqtisadi təmayüllərini dəqiq şəkildə müəyyənləşdirməklə yanaşı, böyük uğurlara zəmin yaratmış, hər bir vətəndaşın həyatında nəzərəçarpacaq irəliləyişlərə səbəb olmuşdur. Prezident İlham Əliyevin 10 illik fəaliyyətinin təhlili göstərir ki, bu müddətdə konturları hələ Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş bütün konsepsiyalar uğurla davam etdirilmiş, zəruri hallarda məhz onun təşəbbüsü ilə dövrün tələblərinə uyğun olaraq keyfiyyət dəyişikliklərini özündə əks etdirmişdir.

Azərbaycanın sosial-iqtisadi inkişafının yeni mərhələsi sahibkarlar ordusunun milli iqtisadiyyatın aparıcı təbəqəsi kimi önə çıxması ilə səciyyəvidir. Bu da  təsadüfi olmayıb, dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsindən irəli gəlir. Sərbəst bazar iqtisadiyyatı münasibətlərinin fəal tərəfdarı kimi çıxış edən cənab İlham Əliyev iqtisadi inkişaf prosesində sahibkarlığın rolu barədə əsaslı konsepsiyaya malikdir. Ölkə rəhbərliyinə gəlişinin ilk günlərindən Azərbaycandakı yerli və xarici sahibkarların qüdrətli hamisinə çevrilmiş dövlət rəhbərimizin həyata keçirdiyi məqsədyönlü siyasət hesabına Azərbaycanda özəl sektor yeni inkişaf dönəminə qədəm qoymuş, sahibkarlığın inkişafına diqqət daha da artırılmışdır.

Bu günlərdə Milli Məclisdə qəbul olunmuş "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanun ölkə başçısının sahibkarların qanuni mənafelərinin təminatçısı olduğunu bir daha təsdiqləyir. Yeni qanun sahibkarlıq fəaliyyəti sahəsində yoxlamaların vahid qaydalarının müəyyən edilməsini və yoxlamaların aparılması zamanı sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısının alınmasını nəzərdə tutur. Qanunda sahibkarlıqla məşğul olan insanların fəaliyyətinə əngəl törədən neqativ halların aradan qaldırılması ilə bağlı təsirli və operativ tədbirlərin görülməsinə dair müddəalar əksini tapmışdır. Sənəddə sahibkarlıq fəaliyyəti ilə bağlı tələb olunan icazə xarakterli sənədlərin azaldılması, yoxlayıcı orqanların səlahiyyətləri, eləcə də yoxlamaların sayının azaldılması, sahibkarların fəaliyyətinə mane olan icra orqanlarının məsuliyyəti və cəzalandırılması məsələləri yer almışdır.

Yeni qanun sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların müdafiəsi ilə bağlı daha təkmil mexanizmləri özündə birləşdirir. Qanun birbaşa sahibkarların etibarlı müdafiəsi, azad biznesin inkişafı üçün geniş fəaliyyət meydanının yaradılması, ictimai münasibətlər sistemində dövlət-sahibkar münasibətlərinin yeni tələblərə uyğun qurulması baxımından mühüm əhəmiyyət kəsb edir. Sənədin əsas istiqamətlərindən biri də kiçik və orta sahibkarlığı inkişaf etdirməyə, investisiya mühitinin daha da yaxşılaşdırılmağa, sahibkarlıq sektorunda şəffaflığı artırmağa xidmət edir.

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanunun qəbulundan bir müddət əvvəl sahibkarların müdafiəsinə xidmət edən yeni qaydalar da qüvvəyə minmişdir. Qaydalarda yoxlamaların bütün təfərrüatlarının vahid reyestrdə qeydiyyata alınması, yoxlama aparan dövlət orqanı  nümayəndəsinin qanunvericiliyin tələblərini pozaraq sahibkarlıq fəaliyyətinə əngəl törətmək istədiyi halda, məsuliyyətə cəlb olunması və digər məsələlər nəzərdə tutulmuşdur. Yeni qaydaların əsas məğzini yoxlamalarda şəffaflığın artırılması, biznes mühitinin daha da yaxşılaşdırılması təşkil edir.

Hazırkı islahatların əsas istiqamətləri sahibkarlığın inkişafının sürətləndirilməsi, biznes mühitinin əlverişliliyinin daha da artırılması və biznesə başlama prosedurlarının sadələşdirilməsi üçün zəruri olan tədbirləri əhatə edir. Son illər sahibkarlıq fəaliyyəti növlərinin lisenziyalaşdırılmasının təkmilləşdirilməsi, sahibkarlığın inkişafına mane olan halların aradan qaldırılması üçün addımlar atılmış, bürokratik əngəllərə son qoyulmuşdur. Sahibkarlığın inkişafına dövlət qayğısının artırılması məqsədilə xüsusi icazə tələb edən fəaliyyət növlərinin sayı kəskin surətdə azaldılmış, lisenziya müddəti uzadılmış, lisenziya verilməsi prosesində dövlət orqanları tərəfindən sui-istifadə hallarına yol verməyən və bu sahədə şəffaflığı təmin edən qaydalar tətbiq edilmişdir.

Sahibkarlığın inkişafında ən mühüm rol oynayan amillərdən biri də sahibkarlıq sektorunda strateji inkişaf konsepsiyası kimi qiymətləndirilən regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarıdır. Regional inkişaf proqramları çərçivəsində həyata keçirilən tədbirlər sayəsində bölgələrdə yeni iş yerlərinin yaradılması, əhalinin məşğulluğunun təmin edilməsi birbaşa azad biznesin rolunun artmasının nəticəsidir. Bu gün sahibkarlara verilən kreditlərin 95 faizi regionların payına düşür ki, bu da bölgələrdə sahibkarlıq fəaliyyətinin daha da inkişafına geniş imkan yaradır.

Yeni qanunun qəbul olunması sahibkarların iqtisadi inkişafda rolunun daha da artmasına və azad biznesə əlverişli şərait yaratdığı üçün Azərbaycanın  Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan növbəti "Doing Business" hesabatında biznesin idarə edilməsi, sahibkarlıq mühitinin vəziyyəti, rəqabətqabiliyyətlilik, investorların hüquq və maraqlarının qorunması və digər göstəricilər üzrə mövqeyinin daha da yaxşılaşmasına səbəb olacaqdır.

Azərbaycan bu gün daha çox qeyri-neft sektoruna əsaslanan iqtisadi inkişaf modelini prioritet seçmişdir. Ölkəmizdə qeyri-neft sektorunun inkişafı, sənaye müəssisələrinin yaradılması, Azərbaycanın xammal ixrac edən respublikadan elmtutumlu sənaye və informasiya texnologiyaları istehsalçısına, münbit turizm məkanına çevrilməsi məqsədinin reallığa çevrilməsi üçün bütün imkanlar səfərbərliyə alınmışdır. Azərbaycanda yeni, müasir dünya standartlarına cavab verən sənaye müəssisələrinin yaradılması bu gün hökumət qarşısında dayanan əsas prioritetlərdən biridir. Xüsusən də regionların sosial-iqtisadi inkişafı tədbirlərinin genişlənməsi ölkəmizin sənaye potensialının gücləndirilməsi zərurətini də ön plana çıxarmış, cənab İlham Əliyevin tapşırığı ilə 2006-2013-cü illərdə bu istiqamətdə müəyyən addımlar atılmışdır.

Dövlət başçısı İlham Əliyev son 10 ildə Azərbaycanın bölgələri ilə yanaşı, paytaxt Bakının və iri şəhərlərin problemlərinin həllinə də həssaslıqla yanaşmış, eləcə də Azərbaycanın mühüm sənaye mərkəzlərindən olan Sumqayıt şəhərinin problemlərinin həlli üçün kompleks tədbirlər görmüşdür. Tərəqqi və inkişafa təkan verən dövlət proqramları çərçivəsində, xüsusən də son iki ildə Sumqayıtda tikinti-quruculuq, abadlıq işləri daha ünvanlı, konkret və məqsədyönlü xarakter almışdır. Şəhərin yeni rəhbərliyi qısa müddətdə daxili resursları inkişaf məqsədilə səfərbər etmiş, çevik və mükəmməl idarəetmə sistemi yaratmaqla şəhərin inkişaf və tərəqqisinə xidmət edən mühüm layihələrin reallaşdırılmasını təmin etmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin bu layihələrin reallaşdırılmasında şəhər rəhbərliyinə daimi dəstək verməsi, zəruri maliyyə vəsaitlərinin ayrılması qısa müddətdə görülən işlərin uğurlu nəticələr verməsinə və bu nəticələrin hər bir şəhər sakininin həyatında daha qabarıq hiss olunmasına imkan yaratmışdır.

Ümumilikdə son 2 ilin reallıqları göstərir ki, möhtərəm Prezidentimiz Sumqayıt şəhərinin məhz Bakı şəhərinin standartları əsasında inkişafına çalışır və bunu qarşıda mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Dövlət başçısı 2011-ci ilin iyulunda Sumqayıtda səfərdə olarkən bununla bağlı demişdir: "Sumqayıtla Bakı, demək olar ki, artıq birləşir. Çünki ölkəmizdə inkişaf o qədər sürətlə gedir və bu yolboyu tikintilər, yeni binalar, sənaye müəssisələri ona gətirib çıxaracaq ki, Bakıda yaşayanlar da gəlib Sumqayıtda işləyəcəklər. Ona görə Sumqayıt paytaxt standartlarına tam şəkildə uyğunlaşdırılmalıdır. Mənim məqsədim bundan ibarətdir və bunu etmək üçün artıq biz konkret layihələrə başlamışıq".

Cənab İlham Əliyevin 2013-cü ilin mayında Sumqayıta növbəti səfərini şəhər sakinləri hələ də yüksək əhval-ruhiyyə və xoş təəssüratla xatırlayırlar. Əminliklə demək olar ki, bu səfər şəhərin qayğılarının, vətəndaşları narahat edən problemlərinin həllində keyfiyyətcə yeni mərhələ açmışdır. Dövlət başçısı İlham Əliyev səfər müddətində Sumqayıtda bir sıra obyektlərin açılış mərasimində iştirak etmiş, şəhərin müxtəlif yerlərində - park və xiyabanlarda, küçələrdə, o cümlədən dənizkənarı bulvarda başlanmış əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə yaxından tanış olmuş, bu işlərin zövqlə aparılması üçün dəyərli tövsiyələrini vermişdir. Bu səfər həm də göstərir ki, cənab İlham Əliyev Sumqayıt sakinlərinin hansı qayğılarla yaşadığını çox yaxşı bilir və onların tez zamanda aradan qaldırılmasını şəhərin yeni rəhbərliyi qarşısında vacib məsələlərdən biri kimi müəyyənləşdirmişdir. Ümumilikdə son aylarda şəhərdə aparılan abadlıq, quruculuq işləri mahiyyətcə kampaniyaçılıqdan, kosmetik dəyişikliklərdən uzaq olub, şəhərin uzun illərdən bəri həllini gözləyən problemlərinin əsaslı yerinə yetirilməsinə xidmət edir. Ölkə Prezidentinin son səfəri zamanı Sumqayıt sakinləri ilə keçirdiyi görüşlər, şəhər infrastrukturunun və sənayesinin yeniləşməsi vacibliyi ilə bağlı söylədiyi dəyərli fikirlər deməyə əsas verir ki, bundan sonrakı mərhələdə Sumqayıtın inkişafı məqsədilə atılan addımlar daha sistemli, ünvanlı, ardıcıl xarakter daşıyacaqdır.

Sumqayıtın tarixən mövcud olduğu sənaye potensialının bərpa edilməsi, şəhərdə mövcud olmuş bir sıra sənaye müəssisələrinin işə salınması bu baxımdan xüsusi vurğulanmalıdır. Elmtutumlu bir sıra müəssisələrin işə salınması, eyni zamanda, şəhərin ümumi iqtisadi inkişafına, yeni iş yerlərinin yaradılmasına imkan yaradır. İnanırıq ki, bu müasirləşdirmə tədbirləri çərçivəsində "Xəzər" Səhmdar Cəmiyyətinin strateji əhəmiyyətli şüşə zavodu da yenidən qurulacaq, ölkəmiz şüşə istehsalı sahəsində tarixi ənənələrini bərpa edəcəkdir.

Dövlət başçısı İlham Əliyevin sərəncamı ilə hazırlanmış "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası isə respublikanın yaxın gələcək üçün inkişaf perspektivlərinin, habelə qarşıya qoyulmuş bu və digər məqsədlərin mükəmməl icra mexanizmlərinin dərin elmi əsaslarla müəyyənləşdirilməsi baxımından strateji əhəmiyyətə malikdir. Ümidvarıq ki, sözügedən konsepsiyada dayanıqlı milli inkişafın təmini, ölkənin istehsal potensialının gücləndirilməsi, daxili bazarın idxaldan asılılığının aradan qaldırılması baxımından sənaye müəssisələrinin canlandırılması məsələsi də xüsusi əksini tapacaqdır. Xüsusən də Sumqayıt və Gəncə kimi ənənələri olan böyük şəhərlərdə mövcud sənaye müəssisələrinin yenidən qurularaq işə salınması Azərbaycanın iqtisadi sahədə inkişaf etmiş dövlətə çevrilməsi prosesinə ciddi təkan verəcəkdir.

 

 

Qüdrət KƏRİMOV,

"Xəzər" ASC-nin sədri, iqtisad elmləri doktoru

Azərbaycan.-2013.- 14 iyul.- S.5.