Sönməyən işıq

 

Heydər Əliyev mənim həyatımda

 

Mən ilk dəfə Heydər Əliyevin adını 1969-cu ilin yayında eşitdim! Bütün respublikamız Mərkəzi Komitənin plenumunda Heydər Əliyevin tarixi çıxışından şoka düşmüş və Azərbaycana yeni rəhbər təyin edilmiş insanın adı dillər əzbəri olmuşdu. Mən, cəmi beş il teatrda çalışan gənc aktrisa, o ildən Heydər Əliyevin bütün çıxışlarını böyük maraqla izləməyə başladım. İlk dəfə isə bu böyük şəxsiyyətlə görüşüm Milli Akademik Dram Teatrında - Nodar Dumbadzenin "Darıxma ana" tamaşasının premyerasında oldu... Səhərdən bütün teatr arı pətəyini xatırladırdı, hamının dilində bir söz var idi, axşam tamaşaya Birinci katibin özü - respublikamızın rəhbəri baxacaq!

Axşam teatra gəldim və gözlərimə inanmadım, - hökümət lojasında üzü gülər, yaraşıqlı Heydər Əliyev həmkarlarıyla tamaşaya baxıb heyranlığını gizlətmədən, duyğularını ifadə edirdi... Tamaşa, səhnə yadımdan çıxdı, gözüm lojadaydı, rəhbərə marağım, hüsni-rəğbətim getdikcə artırdı. Zaman keçdi.

1971-ci ildə İlyas Əfəndiyevin "Mahnı dağlarda qaldı" tamaşasının premyerasına MK-nın bütün büro üzvləriylə bərabər Mərkəzi Komitənin Birinci katibi Heydər Əliyev də gəldi... Mən baş rolda - Şahnaz rolunda çıxış edirdim. Həyəcanımdan özümə yer tapmırdım, lakin səhnəyə çıxan kimi hər şey öz yerini tutdutamaşa böyük uğurla qarşılandı. Heydər Əliyev tamaşadan sonra pərdə arxasına gəlib yaradıcı heyətlə görüşdü, öz müsbət rəyini bildirdi və mən ilk dəfə yaxından böyük şəxsiyyətlə üzbə-üz dayanıb söhbətinə heyranlıqla qulaq asdım. O il ilk Respublika Dövlət Mükafatı təsis edildi və mədəniyyət-incəsənət sahəsində təqdim olunan əsərlər sırasında "Mahnı dağlarda qaldı" tamaşası da var idi. Dövlət Mükafatı təqdim edən komissiya üzvləri hər dəfə tamaşaya baxmaq istədiyi vaxtda elə olurdu ki, tamaşada iştirak edən, artıq bütün fəxri adları olan, sənətkarlardan gah biri, gah da o birisi xəstələnirdi və tamaşaya baxış təxirə salınırdı... Beləliklə də komissiya üzvləri tamaşaya məxsusi baxa bilmirdilər. Dövlət mükafatına təqdim olunan əsərlərin müzakirəsində komissiya sədri Heydər Əliyev maraqlananda ki, niyə başqa teatrların tamaşaları sırasında Akademik Dram Teatrının "Mahnı dağlarda qaldı" tamaşası yoxdur, ona cavab verirlər ki, komissiya üzvləri məxsusi təyin olunan gündə tamaşa təxirə salındığından ona baxa bilməyiblər. Onda rəhbər üzünü iclas iştirakçılarına tutub: "Mən tamaşaya baxanda Siz hamınız orada deyildinizmi? Kim tamaşaya baxmayıbsa söyləsin!"... Hamı bir ağızdan, tamaşanı gördüklərini söyləyir...

Beləliklə, səs verildi və İ.Əfəndiyevin  "Mahnı dağlarda qaldı" tamaşasının yaradıcı heyəti və baş rolların ifaçıları ilk Dövlət mükafatına layiq görüldülər. Mən, 25 yaşlı gənc aktrisa Dövlət mükafatı laureatı oldum! Görkəmli siyasətçi və dövlət xadimi Heydər Əliyevin elə böyük zəhmi, elə böyük cazibə qüvvəsi vardı ki, bütün xalq çalışdığı sahəsindən asılı olmayaraq öz işində səfərbər idi, işində qabaqcıl olmaq istəyirdi. Sovet hakimiyyəti dövründə Heydər Əliyevin respublikaya rəhbərliyi Azərbaycanımızı sovetlər ittifaqında tanıtdı, onun sənətkarlarını yüksəklərə qaldırdı. Təsadüfi deyildi ki, o illərdə (1979-1980) sosialist əməyi qəhrəmanları, SSRİ deputatları, SSRİ xalq artistləri, SSRİ dövlət mükafatları laureatları sırasında Azərbaycanın qabaqcıl insanları və böyük sənətkarları da var idi. Mən də həmişə çalışırdım ki, yüksək sənət nümunələri yaradım. 1973- ildə Azərbaycan Teatrının 100 illiyi idi. Təntənəli yubiley gecəsi 1974-cü ilin may ayında Respublika sarayında keçirildi. Heydər Əliyev tarixi, unudulmaz bir məruzə etdi. Belə bir məruzəni heç bir teatrşünas alim, tənqidçi bu dərəcədə mükəmməl hazırlaya bilməzdi. Çox məzmunlu çıxış gürultulu alqışlarla qarşılandı. Mən bir çox mədəniyyət incəsənət xadimləriylə bərabər prezidiumda əyləşərək, ulu öndəri seyr edib, dinləyirdim. Keçici qırmızı bayrağa orden taxan Heydər Əliyev bir çox fəxri adlarla sənətkarları sevindirdi. O gün mən əməkdar atrist fəxri adına layiq görüldüm!

1978-ci ildə "Azərbaycanfilm" kinostudiyasında Ənvər Məmmədxanlının ssenarisi əsasında rejissor Eldar Quliyev "Babək" filminin çəkilişinə başladı. Bir çox aktrisalar Zərnisə rolunun sınağından keçə bilmədilər, hətta söhbət gedirdi ki, həmin rola Türkiyədən Türkan Şoray dəvət olunub. Ən sonda növbə mənə gəlib çatdı mən çəkiliş sınağından qalib çıxdım. Rejissor məni filmdə çəkmək üçün bir çox maneələrdən keçməli oldu. Mən böyük şövqlə filmə çəkilməyə başladım. İki aydan artıq idi ki, çəkilişlər gedirdi səhnələrin əksəriyyətinə artıq çəkilmişdim. Qəfildən hər şey dayandırıldı düz on gün çəkilişlər olmadı. Bütün yaradıcı qrup dilxor idi. Heç kəs, heç bilmirdi. Rejissor gözə görünmürdü... On gündən sonra yenə çəkilişlərə başladıq. Filmin çəkilişləri bitdikdən sonra isə bəlli oldu ki, sən demə, Babəkin yubileyini keçirəcək komissiyanın sədri ( o vaxtlar Babək hərəkatının yubileyini keçirmək üçün komissiya yaranmışdı), qonşuluqda yaşayan bir aktrisanın xahişini yerə salmamaq üçün, çəkilişləri dayandırıb təkidlə məni Zərnisə rolundan kənarlaşdırmaq üçün rejissora təzyiq etmişdir. Bu məsələ böyüyüb Heydər Əliyevə çatmış o, Eldar Quliyevi yanına çağırıb məsələylə maraqlanmışdı. Ulu öndərin müdaxiləsindən sonra mən Zərnisə rolunun çəkilişinə davam etdim. Bu da ulu öndərin diqqəti uzaqgörənliyi nəticəsində oldu. Film başa çatdıqdan  sonra Nizami adına kinoteatrda, başda ulu öndər Heydər Əliyev, həyat yoldaşı akademik Zərifə xanım Babək komissiyasının üzvləri olmaqla baxış keçirildi.

Bu hadisə əslində məni sənətdə həmişəlik saxladı. Bir anlığa təsəvvür etdim ki, əgər məni filmin çəkilişindən uzaqlaşdırıb, başqa aktrisanı çəksəydilər, heç vaxt sənətdə qalmazdım, kim bilir, bəlkə respublikadan gedərdim... Beləliklə, Heydər Əliyevin insanlığı, ədalətli qərarı, prinsipiallığı məni xilas etdi...

Dəfələrlə rəhbərimizi tamaşalarımda görürdüm. "Oqonyok" jurnalının baş redaktoru Anatoliy Safronov Sovetlər İttifaqında çox böyük nüfuza malik idi ulu öndərlə dost idi... Teatrımızda Safronovun Mirzə İbrahimovun tərcüməsində "Za srokom davnosti" - "Gecənin sirri" adıyla tamaşası hazırlandı. Baş rolda - Zina rolunda mən çıxış edirdim. Bu çox mürəkkəb bir rol idi, 15 yaşlı qızın ta böyüyüb 50 yaşlı qadın olan dövrü əhatə olunurdu. Hadisələr çox gərgin şəraitdə - ikinci cahan müharibəsi zamanı cərəyan edirdi. İlk tamaşanın nümayişində ulu öndər onun dəvətiylə Bakıya gələn Safronov, iştirak etdikdən sonra səhnə arxasına keçdilər sənətkarlarla görüşüb, xoş təəssuratlarını bildirdilər. Heydər Əliyev qonağın məmnunluğundan, heyranlığından razı qalıb, böyük şövqlə bizi qonağa təqdim etdi. Biz bu məqamda ulu öndərin necə qürurlandığının, sənətkarlarla necə fəxr etdiyinin şahidi olduq.

1981-ci ildə İ.Əfəndiyevin "Xurşudbanu Natəvan" tamaşasına baxaraq, yüksək dəyərləndirdi. Bir cümləsi heç yadımdan çıxmır: "Siz Natəvana bəraət qazandırdınız..." Bir neçə aydan sonra Ağdamda Natəvanın qəbri bərpa olundu az keçmədi ziyalılar - başda ulu öndər, hörmətli Zərifə xanım Moskvadan gəlmiş gənc tələbə - bugünkü bizim möhtərəm Prezident İlham Əliyev olmaqla Şuşada Xurşudbanu Natəvanın heykəlinin açılışına getdik. Mən həmin tədbirə dəvətli olduğumdan qürurlanırdım. Həmin günlərdə Zərifə xanımla tanış olub, dostlaşdım.

Ulu öndər ailəsini, həyat yoldaşı Zərifə xanımı çox sevirdi... Onun itkisi ilə heç barışa bilmirdi. Ulu öndərin iki dəfə göz yaşlarının şahidi oldum, bu mənə çox güclü təsir etdi...

Zaman, dövran dəyişdi... Doxsanıncı illərin əvvəlləri idi, ulu öndər Naxçıvanda yaşayırdı. Onunla görüşdük, hal-əhval tutduq, uzun-uzadı söhbət etdik. Birdən teatrdakı durumdan, ordakı yaradıcılıqdan soruşanda mən qiley-qüzar edib teatrdan getmək istədiyimi söylədim.

Heydər Əliyev çox nikbin halda:  "Sen niyə fikir edirsən, biz müstəqillik əldə etdik, sən yeni teatr , müstəqil bir teatr", - dedi. Bu ideya məni çox düşündürdü. Mən bir ilə yaxın yeni teatr açmaq təklifi ilə çox qapılar döydüm, heç kəs eşitmək istəmirdiE

Növbəti görüşümüzdə ulu öndərə çətinliklərdən söyləyəndə o telefonla Bakı İcra Hakimiyyətinin o vaxtki başçısı Rauf Gülməmmədovla danışdı yarım aydan sonra Bakı Bələdiyyə Teatrının açılması haqqında sərəncam imzalandı...

Bu gün Bakı Bələdiyyə Teatrının 20 yaşı var.

Ulu öndər, Heydər Əliyevin hakimiyyətə ikinci qayıdışından sonra hansı tədbirdə görüşürdüksə, teatrın fəaliyyəti, durumu ilə maraqlanırdı. Teatrın 5 illiyində isə ona aparıcı statusu verib, məvaciblərimizi 50 faiz artırdı. Bələdiyyə Teatrının 10 illik yubileyində isə teatrın 23 əməkdaşını yüksək fəxri adlara layiq gördü.

Ulu öndərlə bağlı xatirələrim çoxdur. Onun müdrik söhbətləri həmişəlik hafizəmə həkk olunub. Mən ilk və yeganə aktrisayam ki, Heydər Əliyev yubileyimi Respublika (indiki Heydər Əliyev) sarayında böyük təmtəraqla qeyd etdi. "Şöhrət" ordeninə layiq bildi. "Gülüstan" sarayında ziyafətimi təşkil edərək "Mersedes" markalı avtomobil hədiyyə verdi. Ulu öndər həmişə mənə diqqət və qayğı göstərib. Milli Məclisin deputatı olan vaxtda, elə sonralarda da həmişə inanır, ehtimad göstərirdi.

Heydər Əliyev çox həssas və dərin şəxsiyyət idi. Bizi yaşadan, bizi yeni zirvələrə doğru inamla addımlamağa sövq edən də məhz ulu öndərin himayəsi və müdrikliyi idi.  

Dahilər zaman-zaman gəlir zaman-zaman da gedirlər. Lakin onların qoyduğu iz - kameta izidir, daim ulduz kimi işıq saçır.

 Heydər Əliyev  böyük siyasətçi, dahi insan olaraq Azərbaycan tarixində iz qoyduğu kimi, mənim həyatımda həlledici işıqlı bir iz qoyub. Onun mənim taleyimdə yandırdığı işıq heç zaman sönməyəcəkdir!

 

 

Amaliya PƏNAHOVA,

Bakı Bələdiyyə Teatrının bədii rəhbəri direktoru,

 xalq artisti, Dövlət mükafatları laureatı, sənətşünaslıq doktoru, professor

Azərbaycan.-2013.- 14 iyul.- S.6.