Tarixi şəkillər

 

Heydər Əliyev mənim həyatımda

 

Vaxtilə Qurban Qurbanov Goran torpağının ən öndə gedən təsərrüfat başçılarından biri olub. Uzun müddət Karl Marks adına kolxoza rəhbərlik edib. Sonra rayon icraiyyə komitəsinə sədr seçilib. Lenin, Oktyabr inqilabı və Qırmızı Əmək Bayrağı ordenləri ilə təltif olunub. Ən ali məclislərdə iştirak edib. Dəfələrlə ulu öndər Heydər Əliyevlə görüşüb. Qurban Qurbanov o dahi insanla olan iki görüşü isə xüsusi ehtiramla xatırlayır.

İlk görüş 1978-ci ilin sentyabr ayında olub. İl çox xoş gəlmişdi. Məhsul yığımının qızğın çağı idi.

Bir eşitdik ki, Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev rayonumuza gəlir. Bizim rayonda partiya-təsərrüfat fəalları yığıncağının keçirilməsi nəzərdə tutulub.

Sədr olduğum Karl Marks adına kolxozun adı həmişə qabaqcıllar sırasında çəkilirdi. Ona görə mənə məsləhət gördülər ki, çıxışa hazırlaşım. Əlbəttə bu, çox məsul bir tapşırıq idi. Faktları, rəqəmləri cəmlədim. Bir daha götür-qoy etdim. Təsərrüfatda görülən işlərdən, əhalinin güzəranından danışdım. Heydər Əliyev diqqətlə dinləyib qəfildən sual verdi. "Görürəm işləriniz pis getmir - dedi. - Bəs başqa rayonlara necə, kömək edirsinizmi?" Cavab verdim ki, "Bəli, yoldaş Əliyev! Nazirlər Sovetinin qərarına əsasən Daşkəsən rayonu ilə qarşılıqlı əlaqələrimiz var. Həm Daşkəsənə, həm Qazax rayonuna kömək göstəririk".

- Bəs pambığı necə yekunlaşdıracaqsız?

- Yoldaş Əliyev - azı 1900 ton olacaq.

- Bəlkə iki min ton.

- Sizin kənd əməkçilərinə göstərdiyiniz qayğıya diqqətə  cavab olaraq çalışacağıq ki, məhsulu vaxtında itkisiz yığaraq iki min tona çatdıraq.

Həqiqətən həmin il hər hektardan 35 sentner " qızıl" götürdük   dövlətə iki min ton məhsul verdik.

İkinci görüşümüz 1982-ci ilin iyulun 14-də oldu. Rayonumuza təbii fəlakət üz vermiş, leysan yağışlar, sel-su ictimai fərdi təsərrüfatlara, yaşayış binalarına xeyli ziyan vurmuşdu. Səfikürd Rəhimli kəndlərində isə vəziyyət daha çətin idi.

Onda mən rayon icraiyyə komitəsinin sədri idim. Mövcud vəziyyət barədə Bakıya - Mərkəzi Komitəyə məlumat verilən kimi Heydər Əliyev rayona zəng vurdu. Təbii fəlakətlə bağlı vəziyyətlə ətraflı maraqlandı. Dedik ki, dağıntı, ziyan var, amma ölüm-itim yoxdur. Daxili imkanlar hesabına müəyyən tədbirlər görürük. Respublikanın köməyinə ehtiyacımız var. Telefon söhbətindən bir qədər keçən kimi bir-bir aidiyyatı nazirliklərin zəngləri oldu. Çox çəkmədən xeyli tikinti materialı, texnika, işçi qüvvəsi aldıq.

Həmin vaxtlar Heydər Əliyev rayona gəldi. Su basmış həyətləri, sahələri gəzdi, zərərçəkənlərə qayğı ilə yanaşdı, aidiyyatı nazirlərə və idarə rəhbərlərinə konkret tapşırıqlar verdi.

Sonra ayrı-ayrı təsərrüfatların sahələrini gəzdi. Əməkçilərlə görüşdü. İşlərin gedişi ilə tanış oldu. Kirov adına kolxozda ilk təcrübə olaraq soya əkilərdi.  Sapsarı güllərə bürünən sahələrə diqqətlə baxdı. Bir soyanı qıraraq dedi ki, "Qurbanov, soya yeməli şeydir, bunu yemisən?" Mən gülümsədim... Dedim ki, gələn ildən sahələri genişləndirmək istəyirik. "Lazımdı - dedi - nə qədər çox əksəniz bir o qədər yaxşı olar. Bilirsiz ki, qənnadı fabrikləri bununla işləyir və Azərbaycanda bu bitkinin geniş yayılması vacibdir".

Heydər Əliyev təbii fəlakətin ziyan vurduğu ərazilərə baxdı. Dərəbağça deyilən yerdəki həyətlərdə oldu, zərərçəkən ailələrlə görüşdü. Təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən tədbirlərlə maraqlandı. Aidiyyatı şəxslərə göstərişlər verdi.

Heydər Əliyevin tapşırığı ilə Dövlət Plan Komitəsinə getdim. Mərkəzi xəstəxananı, bir neçə məktəbin binasını ulu öndərin göstərişi ilə plana saldılar. Bizim üçün xeyli miqdarda tikinti materialı və maliyyə vəsaiti ayrıldı. Rayonu təbii fəlakətdən qorumaq üçün Su Təsərrüfatı Nazirliyinin Sabirabaddan gələn briqadası ulu öndərin tapşırığı ilə mühafizə kanalı çəkdi, bənd düzəltdi.

Rayonumuz həmişə su sarıdan qıtlıq çəkirdi. Bu işin nizama salınması üçün Heydər Əliyev müvafiq təşkilatlara lazımi göstərişlər verdi. Qısa müddət ərzində rayonun suya olan tələbatının ödənilməsinə kömək  məqsədilə 15 kiçik suvarma kompleksi yaradıldı. Yuxarı Qarabağ kanalında magistral su kəməri və nasos stansiyası işə salındı. Digər tədbirlər də görüldü. Bir sözlə, Heydər Əliyevin hər gəlişi, hər sözü rayonumuzun tarixində silinməz iz buraxırdı.

Heydər Əliyevin dəqiqliyi, həssaslığı, insanları tanımaq və yadda saxlamaq qabiliyyəti məni heyran edirdi. Moskvaya - kolxozçuların III Ümumittifaq qurultayına gedirdik. Heydər Əliyev Xaçmazda bizimlə görüşdü. Ali Sovetin sədri Qurban Xəlilov məni təqdim edərkən dedi ki, bu da K.Marks kolxozunun mexanizatoru Mansır Kərimovdur. Heydər Əliyev "Kişi, çaşma - dedi, - bu K.Marks kolxozunun sədri Qurban Qurbanovdur".

Moskvada neçə gün dalbadal qurultayın işində iştirak etdik, Heydər Əliyev Azərbaycandan olan nümayəndələrlə birlikdə şəkil çəkdirdi. Bir də Qırmızı Əmək Bayrağı ordeni təqdim olunanda mən o dahi insanla şəkil çəkdirmək şərəfinə nail oldum. İndi həmin tarixi şəkilləri o illərin əvəzsiz yadigarları kimi qoruyub saxlayıram.

 

 

Qurban QURBANOV,

Goranboy rayonu, əmək veteranı

Azərbaycan.-2013.- 14 iyul.- S.6.