Geriyə baxdıqca...

 

İnsanlıq və talelər

 

 

Həyatın hər üzü

 

 

 

Özün bir anasan -  ata qeyrətli,

Şücayətin ismətinə yaraşır.

Təsadüf deyilmir - Vətən anadır,

Qəhrəmanlıq zəhmətinə yaraşır.

 

 

Ona həyatın hər üzünü görən insan demək daha doğru olar. Hər şey elə dünyaya göz açdığı gündən başlayıb. Hamının yaxşı tanıdığı, indi də hörmətlə, ehtiramla yada saldığı Tamara Hümbətovanın sanki heç uşaqlığı olmayıb! Oyunları, oyuncaqları demirik, onlar bir yana. Uşaqlığın mütləq atası və anası olmalıdır. Onunsa atası həm olub, həm olmayıb. Həlak olmamışdan bir az əvvəl -  1929-cu ildə o, bir-iki günlük Tamaranı qucağına alıb: "Vaxt olacaq, qızım deyəcək ki, mənim də atam varmış". Bu sözlərlə yola düşüb və bir də geri dönməyib.

- Elə həmin gün Goranboy ərazisində atamı güllə ilə vurublar, - deyə Tamara xanım söhbətə başlayır: - Lap elə "Axırıncı aşırım" filmindəki kimi! Kolxoz quruluşuna etiraz edərək qiyam qaldıran insanların üstünə atamı bir dəstə adamla göndəriblər. Onu Gəncəbasarda hamı yaxşı tanıyırdı. O vaxt Gəncə quberniyasında səhiyyə şöbəsinin müdiri idi. Şəhərdə o zaman beş-altı nəfərdə telefon vardısa, biri bizdə idi. Atamın o vaxt hətta xidməti maşını da olub...

Qiyam qaldıranlar onu tanıyıb: "Əhməd, gəlmə, səni vuracağıq" - deyiblər. O isə: "Məni vurmazsınız" - deyərək qabağa yeriyib. Onlar atamı güllə ilə vurublar. Anam danışardı ki, onu necə təntənə ilə dəfn ediblər, tabutunu bir neçə gün Gəncə Dövlət Dram Teatrının səhnəsində qoyublar ki,  gəlib-gedənlər görüşə bilsinlər. Həm də o vaxt üçün bu, bir təbliğat vasitəsi idi.

Elə onun dəfnindən sonra bizim ailənin bütün problemləri başlayıb. Anam savadsız bir qadın idi və bu hadisədən sonra nə edəcəyini, bizi necə saxlayacağını bilmirdi. Nənəmin iki sözü var, heç vaxt unutmamışam. Deyərdi ki, insan narahat yaşasa da, rahat ölməlidir: "Az ağrı, asan ölüm" - deyərdi. Bir də "Qonşudan gələn paydan doymaq olmaz" - deyərdi. Bunların hamısı acı bir həqiqətdir.

 

 

 

Gəncədən uzaqlarda, amma həmişə Gəncə ilə

 

 

 

- Təhsil illərimiz müharibə dövrünə düşdü. Bir gün məktəbimizi hospitala çevirdilər. Əvəzinə Ozan məhləsində varlı bir kişinin evini məktəb etdilər - orada oxumalı olduq. Səmimi sözümdür: oxumaqdan, məktəbə getməkdən ötrü ölürdüm. Amma üst-başım bir yana, heç ayaqqabım da yox idi! Hər gün xəlvəti qonşumuz Cəvahir xalanın qaloşlarını geyib məktəbə qaçardım. Arada vəziyyət o qədər ağırlaşdı ki, hətta iki il məktəbə gedə bilmədim. Müharibənin sonlarına yaxın - 44-cü ildən birtəhər dərslərimə davam edə bildim.

Orta məktəbi qurtaran ili Tamara xanım Kənd Təsərrüfatı İnstitutuna daxil oldu. İnstitutu qurtaranda onu İqtisadiyyat kafedrasında assistent vəzifəsində saxlasalar da, ürəyində daha böyük  arzuları vardı - oxumaq, irəli getmək. Elə bu niyyətlə iki il sonra Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunda aspiranturaya qəbul oldu. Tamara xanım Bakıya ilk gəlişini və hansı çətinliklərlə Əkinçilik İnstitutunu axtarıb tapdığını, oradakı insanların ona olan təmənnasız qayğısını, köməyini indi də qəribə bir həsrətlə, minnətdarlıqla yada salır. Evdən, ailədən bir köməyi yox idi! Üstəlik, onun Bakıya getməsi ilə anasından fərqli olaraq, qardaşı heç cür razılaşa bilmirdi...

İlk elmi rəhbəri Kolpakov familiyalı bir rus alimi idi, Moskvada yaşayırdı. Həmin alim elmi rəhbər kimi razılaşdırıldıqdan üç ay keçməmiş dünyasını dəyişdi və bu da həyatın bütün çətinliklərini görə-görə gələn gənc Tamara üçün növbəti bir zərbə oldu. Amma tezliklə yaxşı, xeyirxah bir insanın - şöbə müdiri Hüsü Mamayevin sayəsində ona başqa bir elmi rəhbər təyin olundu, bu dəfə Tbilisidən. İ.L.Çarşi köhnə gürcü knyazlarının nəslindən idi, onun və həyat yoldaşının köməyini, yardımını Tamara xanım indiyə kimi unutmur, minnətdarlıqla xatırlayır.

Artıq üç ildən sonra  "Əməyin təşkili"nə dair elmi işi müdafiəyə tam hazır idi:

- Aspirant olduğum həmin illərdə tələbə təqaüdü də alırdım. Həmin pulla ev də kirayə eləmişdim, anama da kömək edə bilirdim...

Söhbətin bu yerində Tamara xanımın gözləri dolur. Anasını 1985-ci ildə itirsə də, özünü bu müddət ərzində bir dəqiqə də olsa, ondan kənarda hiss etməyib:

- Bir dəfə onu Qubaya gəzməyə aparmışdım. Qayıdanda Xırdalan qəbiristanlığındakı təpəyə baxıb: "Məni orada basdırarsınız" - dedi. Nə qədər çətin olsa da, anamın bu arzusuna da əməl etdim. Ata nə olduğunu bilmirdim, anamı da belə itirdim... İndi həftədə heç olmasa bir-iki dəfə ona baş çəkməsəm, sakitləşib özümə yer tapa bilmərəm.

Yenə söhbət ötən əsrin 50-ci illərinə qayıdır. Bir müddət Gəncə (o vaxtkı Kirovabad) Şəhər Partiya Komitəsinin Təşkilat şöbəsində kənd təsərrüfatı üzrə müavin vəzifəsində çalışıb, maddi vəziyyəti xeyli yaxşılaşıb. Sonra elmi iş onu yenidən özünə çəkib və ona görə dissertasiya müdafiəsindən sonra Bakıya köçüb, Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunda şöbə müdiri kimi fəaliyyətini davam etdirib. Az keçməmiş Mərkəzi Komitəyə inspektor vəzifəsinə dəvət ediblər. Ev söz verdikləri üçün bu təkliflə razılaşıb. Beləliklə, onun partiya-dövlət işində ikinci fəaliyyət dövrü başlayıb. 1974-cü ilə kimi həmin vəzifəni yerinə yetirib.

Artıq həmin dövrdə Heydər Əliyev Mərkəzi Komitənin birinci katibi idi. Hər yerdə quruculuq işləri gedir, Bakı gündən-günə gözəlləşirdi. Amma bəzi rayonlarda vəziyyət o qədər də ürəkaçan deyildi:

- Heydər Əliyev kim nəyə qadirdisə, onu çox gözəl bilirdi, intuisiyası çox güclü idi. 1974-cü ilin əvvəlində gözləmədiyim halda mənə İsmayıllı rayonunda birinci katib işləməyi təklif etdi. Bunun üçün nə özüm xahişə getmişdim, nə xahişə gedənim olmuşdu, nə də o, xahiş eşidən idi! Birdən-birə belə bir məsul vəzifədə çalışmaq asan deyildi. Həm də Bakıda xəstə anamı və onun ümidinə körpə qızımı qoyub gəlmişdim.

İki il bu çətinliyə dözdü və İsmayıllıda hamının sevimlisinə çevrildi. O yaxşı bilirdi ki, adamların arasında olmaq, onların dərd-sərini bilmək lazımdır. Çünki kabinetlərdə pambıq əkilmir, tütün yetişdirilmir, heyvan bəslənilmir. Onu rayonun hər bir kəndində görmək olardı - uzaq Lahıcda da, İvanovkada da hamı Tamara xanımı eyni hörmətlə, ehtiramla qarşılayırdı. İndinin özündə də həmin bölgədən gəlib Tamara xanıma baş çəkənlər az deyil. Gərgin fəaliyyətinə görə Tamara Hümbətova ilk yüksək mükafatını - Qırmızı Əmək Bayrağı ordenini də İsmayıllıda alır.

Tamara Hümbətovanın fəaliyyətinin ən qızğın dövrü isə Abşeronla bağlıdır. 1975-ci ilin axırlarında Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev işgüzarlığını, təşkilatçılıq bacarığını görərək onu Abşeron rayonuna birinci katib vəzifəsinə gətirir.

- O vaxt rayonda tam təsərrüfatsızlıq hökm sürürdü. İşə başlamazdan əvvəl Abşeronun bütün kəndlərini, torpaq sahələrini, üzüm, zeytun, badam bağlarını gəzdim. Camaatın yaşayış şəraitini öyrəndim, inəklərin axurlarına kimi özüm yoxladım. Xəstəxanaların, məktəblərin vəziyyəti ilə tanış oldum. Sonra rayon fəallarının iclasını çağırdım və işə başladıq.

O dövrün - 1975-1983-cü illərin mətbuatı Tamara Hümbətovanın iş üslubundan, nailiyyətlərindən gen-bol yazılar dərc edirdi. Bu xidmətlərinə görə 1980-ci ildə ona Sosialist Əməyi Qəhrəmanı adı verildi. Tamara Hümbətovanın üç çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı kimi fəaliyyəti də bu illərə təsadüf edir.

Vaxtilə Tamara xanımla birlikdə çalışan Adil Nağıyev o günləri belə xatırlayır: "Tamara xanım Abşeron rayonuna birinci katib göndəriləndə istehsalat idarəsində baş aqronom idim. Rayonda Türkan sovxozu vardı, batıb-gedirdi. Bir gün Tamara xanım məni çağırıb ora sovxoz direktoru göndərdi. Demək olar ki, sovxoz dağılmışdı. Ot yox, yem yox, mal-qara ac! Düzü, bir az qorxdum. Zəng etdim, dedim, mal-qara qırılacaq, məni tutacaqlar. Dedi, darıxma, səbrli ol. Get Qubanın "Şəfəq 2" sovxozuna, 7 maşın saman verəcəklər. Getdim, sağ olsunlar, verdilər, vəziyyəti bir az düzəltdim".

Tamara xanımın bu qayğısını hiss edən  İsmayıllı, Abşeron sakinləri çoxdur. Özü dediyi kimi, o, imkansız, amma bacarıqlı, qabiliyyətli insanları həmişə axtarıb tapar, onlara arxa olardı. Onun xeyirxahlığı və təmənnasız fəaliyyəti ümummilli liderin diqqətini xüsusi cəlb etmişdi: "Niyə səndən yazmırlar", - deyə soruşardı və əlavə edərdi ki, sən artıq tarixə düşmüsən. Çünki o boyda SSRİ-də Sosialist Əməyi Qəhrəmanı adına, Lenin ordeninə layiq görülən, birinci katib vəzifəsində çalışan ilk qadınsan". Çünki o vaxtın tələblərinə uyğun olaraq bu adı ancaq sıravi fəhlələr, kolxozçular ala bilərdi.

Ümumiyyətlə, birincilərdən olmaq elə uşaqlıqdan Tamara xanım üçün bir alın yazısına çevrilib. Harada çalışıbsa, orada birincilik qazanıb, birinci olub. İqtisadiyyat üzrə ilk elmi işin müəllifi də odur.

- Onunla görüşmək heç vaxt problem deyildi! Qəbuluna düşmək də çətin deyildi. Problemimiz olanda şəxsən hər birimizi qəbul edirdi. Əslində, özü imkan yaradırdı ki, biz səmimi olaq, fikirlərimizi onunla bölüşək.

Tamara xanım ulu öndəri belə xatırlayır.

Amma Heydər Əliyev Siyasi Büro üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyinatı ilə Moskvaya gedəndən sonra bir çoxu kimi, Tamara Hümbətova üçün də ağır günlər başladı. Tezliklə Abşeronda tutduğu vəzifədən getməli oldu. Ürəyindən olmasa da, bir müddət respublika Kənd Təsərrüfatı İşçiləri Həmkarlar Komitəsinin sədri kimi çalışdı. 1989-cu ildə bu vəzifədən də uzaqlaşdırıldı.

 

 

 

Geriyə baxmaq daha asandır

 

 

 İndi Tamara xanım üçün dönüb geriyə baxmaq daha asandır. Çünki arxada heç vaxt üzünü görmədiyi atası və görüb doymadığı anası var. Qardaşlı günləri də geridədir. Ömrün-günün ən qaynar, ən bəxtəvər anları da oradadır. Həyat yoldaşı Rəfail müəllimlə ilk tanışlığı da o illərə gedib çıxır, qızı Fəridənin arzuları, istəkləri də.

Tamara xanımın qızı Fəridə ailəsi ilə birlikdə İstanbulda yaşayır. İndi onları az-az görsə də, həm kürəkənindən, həm qızından, həm də nəvələrindən çox razıdır. Belə vaxtlarda anasının sözlərini tez-tez yada salır: "Kürəkən yaxşıdırsa, sənə oğuldur. Pisdirsə, hesab elə ki, qızını da itirmisən".

Sonda "Bir də bu həyatı yaşamaq, bu yolu keçmək istərdinizmi, - sualına belə cavab verir:

- Həyatda kimsə varlı doğulub, kimsə kasıb. Mən isə bu gün nəyə çatmışamsa, öz halal zəhmətimin nəticəsidir. Hamısını özüm qazanmışam.

Elə bu xüsusiyyətləri ilə yaddaşlarda qalan Tamara Hümbətovaya el məhəbbətinin ən parlaq nümunəsi tovuzlu Aşıq İmranın 1980-ci ildə qələmə aldığı misralardır. Tamara xanım üçün ötən illər sanki o sözlərdəki həqiqəti bir daha təsdiqləmək üçündür:

 

 

Nəfəsin istidir, planın qəti,

Çalışıb yaratdın birlik, vəhdəti.

Doğru yola dəvət etmək milləti

İrəhbərlik diqqətinə yaraşır.

 

 

Şöhrətin tutubdur Azərbaycanı,

Asanlıqla kim qazanar ad-sanı?

Hümbətova, sən bağışla İmranı,

Tərif sənin xilqətinə yaraşır.

 

 

 

Bəxtiyar QARACA,

Azərbaycan.-2013.- 14 iyul.- S.7.