Moskva Dövlət Universitetinin Bakı filialında növbəti

 məzun buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilmişdir

 

İyulun 13-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialında növbəti məzun buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilmişdir.

AzərTAc xəbər verir ki, mərasimdə Rusiyanın  ölkəmizdəki səfiri Vladimir Doroxin, M.V.Lomonosov adına MDU-nun  təmsilçiləri,  Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndələri, nazirlər, ali məktəblərin rektorları, deputatlar, valideynlər iştirak etmişlər.

Tədbirdə Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz PAŞAYEVA mərasim iştirakçılarını salamlayaraq demişdir ki, bu gün MDU-nun Bakı filialının həyatında əlamətdar gündür. Biz universitetimizlə fəxr edirik. Bu ali məktəb dövlətlərarası münasibətlərin möhkəmlənməsinə, humanitar məqsədlərə, hər iki ölkənin vətəndaş cəmiyyətinin yaxınlaşmasına  xidmət etmişdirbundan sonra da bu fəaliyyətini davam etdirəcəkdir. Bütün ən yaxşı ali məktəblər kimi Moskva Dövlət Universitetinin Bakı filialı da gəncləri ən gözəl ideallar - humanizm, insanpərvərlik, azadlıq ruhunda tərbiyə edir.

Professor  demişdir ki, Moskva Dövlət Universiteti həmişə bizim flaqmanımız, bütün istiqamətlərdə bələdçimiz olmuşdur. Bu nüfuzlu ali məktəbin müəllimlərinin nəcib və misilsiz əməyi, böyük qayğısı sayəsində biz belə yüksək nəticələrə nail ola bilmişik. Bizim üçün gördükləri nəcib işlərə görə onlara ən dərin təşəkkürümüzü bildiririk.

Nərgiz Paşayeva M.V.Lomonosov adına MDU-nun rektoru, akademik Viktor Sadovniçiyə xüsusi minnətdarlığını ifadə etmiş, Bakı filialına, buradakı hər kəsə,  hər bir tələbəyə onun xeyirxah, səmimi münasibət  göstərdiyini vurğulamışdır.

İnsanların daim daha yaxşı yaşamağa can atdıqların qeyd edən professor N.Paşayeva bildirmişdir ki, bu məqsədlərə çatmaq üçün müxtəlif yollar vardır. Əminəm ki, universitet bu yollardan biridir. Universitetdə təhsil alanlar xoşbəxt cəmiyyət qurmağa qadir insanlardır. Cəmiyyətin xoşbəxtliyi və rifahı heçiqtisadi təmələ söykənmir. O, insan təməli üzərində qurulmuşdur. Bu  təməl nə qədər sağlam və möhkəm olarsa, cəmiyyət və bütövlükdə dövlət də o qədər möhkəm və sağlam olar.   

Ali məktəbin  məzunlarını təbrik edən rektor onlara həyatda böyük uğurlar arzulamış, çətinlikdən qorxmamağı, mətin, dözümlü olmağı  tövsiyə etmişdir.

Alim bildirmişdir ki, bu il ölkənin tarixində ilk dəfə olaraq   M.V.Lomonosov adına MDU-nun Bakı filialında peşəkar psixoloqlar həyata vəsiqə alırlar. Əminəm ki, onlar ölkənin həyatında layiqli və lazımlı mütəxəssislər kimi yer tutacaqlar.

Sonra Nərgiz Paşayeva valideynlərə minnətdarlığını bildirmişdir.

M.V.Lomonosov adına MDU-nun psixologiya fakültəsinin dekanı, Rusiya Psixologiya Cəmiyyətinin prezidenti, Rusiya Təhsil  Akademiyasının müxbir üzvü Yuri Zinçenko MDU-nun rektoru, akademik Viktor Sadovniçinin təbrik məktubunu oxumuşdur.

Y.Zinçenko professor Nərgiz Paşayevaya Rusiya Psixologiya Cəmiyyətinin diplomunu təqdim etmişdir.

Sonra N.Paşayeva, AMEA-nın prezidenti, akademik  Akif Əlizadə, səfir V.Doroxin, MDU-nun professorları Y.Zinçenko, Vladimir Zlomanov, Yuri Sadovniçi məzunlara diplomları təqdim etmişlər. Onlar MDU-nun diplomunu aldıqlarına görə məzunları təbrik etmiş, böyük uğurlar, təhsil illərində qazandıqları bilikləri həyatda tətbiq etməyi arzulamışlar.

 Vurğulanmışdır ki, Moskva Dövlət Universiteti təkcə Azərbaycanda və Rusiyada deyil, bütün dünyada tanınan və dəyərləndirilən nüfuzlu ali məktəbdir. Belə mötəbər bir ali məktəbin  Bakı filialının məzunu adını daşımaq şərəfli olmaqla yanaşı, həm də məsuliyyətlidir. Ona görə də bu ali məktəbin məzunu adını daim uca tutmaq lazımdır.

Natiqlər məzunlara  Rusiya ilə Azərbaycan arasında dostluğun  daha da  möhkəmlənməsi üçün səylərini əsirgəməməyi tövsiyə etmişlər.

Bildirilmişdir ki, bu gün müstəqil həyata qədəm qoyan məzunları qarşıda çətinliklər, sınaqlar, qələbələr, sevinclər və uğurlar gözləyir. Bu gənclər müstəqil qərarlar qəbul etməyə, çalışmağa, yeni uğurlar qazanmağa, mürəkkəb həyat pillələrində qəti addımlar atmağa hazır olmalıdırlar. Çünki  bu ali məktəbdə çətin təhsil illəri bunu onlara öyrətmişdir.

Məzunlar çıxış edərək mərasim iştirakçılarına, müəllimlərə və valideynlərinə minnətdarlıqlarını bildirmişlər. Onlar Vətənə layiqli övladlar olacaqlarına, doğma universiteti, əziz müəllimlərini unutmayacaqlarına söz vermişlər.

Diplom alanlar məzun andı içmişlər.

Təntənəli mərasim maraqlı konsert proqramı ilə başa çatmışdır.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.- 14 iyul.- S.8.