Acı sonluq
Represiya
qurbanları
Qanlı-qadalı 1937-1938-ci illərin repressiya qurbanları arasında jurnalistlər də olub. Onlardan biri sovet dövründə respublikanın əsas mətbu orqanı sayılan "Kommunist" qəzetində müxbir, müxtəlif illərdə kənd təsərrüfatı, partiya həyatı, fəhlə və kolxozçu məktubları şöbəsinin müdiri, məsul katib, redaksiya partiya təşkilatının katibi, 1933-cü ildən 1938-ci ilə kimi "Kirovabad bolşeviki" qəzetinin baş redaktoru işləmiş Cavad Fərhadovdur.
Cavad Kərbəlayi Əsəd oğlu Fərhadov 1900-cü ildə Yelizavetpol (Gəncə) quberniyasının Şəmkir dairəsinin, Zəyəm kəndində dünyaya göz açmışdı. Atası Kərbəlayi Əsəd əslən təbrizli olub. Təbrizdə dini təhsil alıb, həddi-buluğa çatandan sonra, XIX əsrin sonlarında qardaşı Əhədlə Gəncəyə gəlib, az sonra Şəmkir rayonunun Zəyəm kəndinə köçüb.
Kərbəlayi Əsədin beş övladı olmuşdur - qızı Səadət, oğlanları Cavad, Teymur, Nəcəf, Mehdi. Ruhani ailəsində böyüyən Kərbəlayi Əsəd böyük həvəslə oğlanlarının ilki olan Cavadın təhsil almasını istəyir, belə hesab edirdi ki, Cavad böyükdü, yaxşı oxusa, kiçik qardaşı Teymur da, Nəcəf də, Mehdi də ondan nümunə götürüb, kitab-dəftərə meyilli olacaqlar. Hətta qardaşları dərs hazırlayan zaman onlara müəyyən köməyi də dəyə bilər. Odur ki, Kərbəlayi Əsəd Cavadı altı yaşı tamam olanda Zəyəmdəki dördsinifli molla məktəbinə qoydu. Bununla yanaşı, Kərbəlayi Əsəd özü də evdə onunla ciddi məşğul olurdu. Cavad dünyəvi elmləri həvəslə öyrənir, tarixə, ədəbiyyata, astronomiyaya xüsusi maraq göstərirdi. Hətta hərdən də şeir yazıb tay-tuşlarına oxuyardı. Cavad ərəb, fars və rus dillərini də mükəmməl bilirdi. 16 yaşında olanda, şəxsi işində qeyd edildiyi kimi, 1917-1918-ci illərdə Zəyəmdə, eləcə də Zəyəmə çox da yaxın olmayan Yuxarı Ayıblı kəndində müəllim işləmiş, yaşca özündən böyüklərə bir neçə fəndən dərs demişdir. Beş ilə yaxın müəllim işləyən Cavad 1921-ci ildə Azərbaycan Xarici Ticarət İdarəsinin Tiflisdə nümayəndəsi olub. Bir il sonra isə Batumda Vilayət Xarici Ticarət İdarəsinə ekspeditor təyin edilib. Burada da bir il işlədikdən sonra Azərbaycana qayıdıb, iki ilə yaxın Nuxa (Şəki) Şəhər İşlər İdərəsinin işlər müdiri vəzifəsində çalışıb. Bir neçə dil bildiyinə, xüsusilə də rus dilində yazı-pozu işlərindəki səriştəsini nəzərə alıb 1924-cü ildə onu Nuxa (Şəki) Şəhər Qəza Komitəsinin ümumi şöbəsinin müdiri vəzifəsinə irəli çəkirlər. Tale elə gətirir ki, o, ailə xoşbəxtliyini də bu qədim şəhərdə tapır. Əslən şəkili olan Şəfiqə xanımla ailə həyatı qurur, övladı Rəna da elə bu şəhərdə dünyaya göz açır.
İki il yarımdan çox şöbə müdiri işləyən Cavad Fərhadov öz istəyi ilə Qəza Partiya və İcraiyyə Komitəsinin orqanı "Şəki fəhləsi" qəzetinin redaktoru təyin edilir. Qısa müddətdə təşkilati işləri yoluna qoyub, qəzetdə maraqlı yazılarla çıxış edir. Çox çəkmədən onu "Kommunist" qəzeti redaksiyasının kənd təsərrüfatı bölməsinə müxbir vəzifəsinə təyin edirlər.
Cavad Fərhadovun yeganə övladı, tanınmış musiqişünas, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, əməkdar mədəniyyət işçisi mərhum Rəna xanım Fərhadova 1990-cı ilin ortalarında kütləvi informasiya vasitələrinin yığıncağında mətbuat nümayəndələrinin suallarını cavablandıranda bu barədə demişdir: "O vaxtların hadisələrini yaxşı xatırlamıram. Azyaşlı olmuşam, yadımda qalan ancaq budur ki, evimizə tez-tez atamın dostları yığışardılar. Qulam Məmmədli, Şəmsəddin Abbasov, Qəzənfər Məmmədov və başqaları. O nəsildən sağ qalanlar indi azdır. Mən Qulam müəllimlə çox söhbət etmişəm. Dəfələrlə deyib ki, atam haqqında xatirələrini yazmaq istəyir. "Kommunist" qəzetinin o vaxtkı digər əməkdaşı - Qubad Qasımov atam haqqında rəğbətlə danışırdı. Hamı onu savadlı, səriştəli jurnalist kimi xatırlayır. Deyirlər ki, qəzet işini yaxşı bilirdi, çoxlu maraqlı məqalə, icmal yazır, nadir hadisələr haqqında materiallar dərc etdirir, aktual həyat hadisələrinə münasibətini dərhal bildirirdi. Yaxşı yumoru varmış. O zaman redaksiyanın ən cavan əməkdaşı olmuş Nəsir İmanquliyev bir dəfə atam haqqında xatirələrini danışarkən dedi ki, təcrübəli, ziyalı, qayğıkeş jurnalist idi. Cavanlara böyük qayğı göstərər, həmişə onların ehtiyacları ilə maraqlanardı".
Beş ilə yaxın müddətdə respublikanın baş qəzetində zəngin təcrübə toplayan, maraqlı yazılarla çıxış edən Cavad Fərhadov 1933-cü ildə Gəncəyə göndərilir, fəaliyyəti bir az məhdudlaşdırılan - ayda iki dəfə çıxan "Zərbə" qəzetinə redaktor təyin olunur.
Qarmaqarışıq dövrdə - Azərbaycan milli dövlətçiliyinin, Xalq Cümhuriyyətinin ilk pərvəriş tapdığı bu şəhərdə, ona bitişik ətraf rayonlarda bir çoxlarını pantürkist, müsavatçı, əksinqilabçı adı ilə tutub Gəncə türməsinə gətirir, işgəncə verəndən sonra Bakıya, Bayıl həbsxanasına - oradan da ya Sibirə sürgün edir, ya da Nargin adasında çox ağır şəraitdə saxlayırdılar. Hətta bəzilərini evində, çöldə-bayırda, dağda-dərədə, meşədə, çay qırağında, bir sözlə, harda rast gəlsələr, elə oradaca "bandit", "qaçaq", "qolçomaq", "yeni quruluşun düşməni" və s. bu kimi adlarla güllələyirdilər.
O qarışıq dövrdə bir-birinin işinə qarışanlar, inqilab və qəza komitələrində gedən çəkişmələr, ayrı-ayrı yerlərdə baş verən hərc-mərcliklər, kollektivləşmə və kolxoz quruculuğu adı altında edilən görünməmiş haqsızlıqlar, kəndli üsyanları qəzetin də işini çətinləşdirmişdi. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra işğalçı bolşevik rejiminin ərşə dirənən haqsızlıqları ucbatından həmin illərdə neçə-neçə elm xadimi, qələm sahibi ya məhv edilmiş, ya da Gəncədən didərgin salınmışdı. Qəzetin ilk redaktoru və yazarlarından olan Məmmədkazım Ələkbərli, Balabəy Həsənbəyli, Cahangir Hüseynov və dövrün tanınmış digər qələm sahibləri belə faciə ilə üzləşmişdilər. Həmin jurnalistlərin həbsindən və güllələnməsindən sonra, qısa fasilələrlə nəşri dayandırılan şəhər qəzetinin adı da repressiyaya məruz qalır. C.Fərhadovun redaktorluğu ilə ayda iki dəfə dövriliyi bərpa olunan "Zərbə" qəzetinin 1935-ci ildə adı dəyişdirilərək əvvəlcə "Kirovabad bolşeviki", sonra isə "Kirovabad fəhləsi" adlandırılmışdı.
Cavad Fərhadov Gəncəbasarda boya-başa çatdığından bu yerlərin adamlarına yaxşı bələd idi. Beş ilə yaxın üzdən sakit, daxilən mürəkkəb, gərgin olan bu şəhərdə yaşadı, ideoloji işə rəbərlik etdi. Şair və yazıçılarla, digər ziyalılarla yaxın münasibətdə oldu. Böyük nüfuz sahibi Əhməd Cavadla, folklorşünas alim Vəli Xuluflu ilə, şair Mikayıl Müşfiqlə tez-tez görüşər, onlarla sıx əlaqə saxlayardı. Aşıqlara, qələm əhlinə qayğı ilə yanaşar, onların yazılarına qəzet səhifələrində gen-bol yer ayırardı.
1937-ci ilin iyul ayının son günlərindən biri
idi. Cavad müəllim adəti üzrə tezdən
işə gedirdi. Dünən iş yoldaşlarına
dedyi fikirləri xəyalında götür-qoy edirdi: "Rəna
da məktəbdən yay tətilinə buraxılıb, onu da
götürüb məzuniyyətə gedəcəm, qoy bir
balaca uşaq da dincəlsin, havasın dəyişsin. İş çox olsa, gəl desələr
özüm qayıdaram, o, anası ilə qalar Bakıda, bir də
dərs başlayana yaxın gətirərəm".
Həmin günə Şəhər Partiya Komitəsinin
büro iclası da təyin edilmişdi. Amma bilmirdi ki,
büroda onun "məsələsinə" baxılacaq.
Kirovabad Şəhər Partiya Komitəsinin
birinci katibi İbrahim Tağıyevin sədrliyi ilə
keçən iclasının gündəliyi elan olunandan sonra
Cavad Fərhadova qarşı ittihamlar dolu kimi
yağdırıldı. Onu "ifşa edilmiş əksinqilabçılarla"
- "trotskçi millətçilər"lə sıx əlaqə
saxlamaqda, bolşevik mətbuatının yayılmasına mane
olmaq məqsədilə
"Kirovabad bolşeviki" qəzetinin tirajını qəsdən
azaltmaqda, Yazıçılar İttifaqının
keçmiş sədri Seyfulla Şamilovun itirdiyi partiya
biletinin cinayətkar ünsürlər vasitəsi ilə
axtarılmasını təşkil etməkdə, ən nəhayət,
tapılan bileti bitərəflər vasitəsilə Bakıya,
sahibinə göndərməkdə, redaksiya aparatını
yabançı, düşmən ünsürlərlə
(Baxşəli Axundov, Böyükbəy Həsənbəyov
kimi) doldurmaqda və digər bir çox ağlagəlməz əməllərdə
ittiham etdilər.
Cavad Fərhadov
ünvanına səslənən ittihamların əsassız
və böhtan olduğunu sübut etməyə
çalışsa da, ona danışmağa imkan verməyib,
ÜK(b)P-sı üzvlüyündən xaric edilməsi barədə
qərar çıxartdılar. Düşdüyü vəziyyətdən
özünü itirməyən Cavad Fərhadov "Mən
Bakıya, Moskvaya müraciət edəcəm, sizin iç
üzünüzü açacam, yalan və
bohtanlarınızı hamıya bildirəcəm! Moskva hər şeyi ayırd edər!" - deyib, büro iclasını əsəbi halda tərk
edir. Dilxor vəziyyətdə birbaşa
vağzala gəlib, Bakı qatarına bilet alır.
Bakıya çatanda özünü pis hiss edir, Aziatskaya
(indiki Əlövsət Quliyev) küçəsindəki 53
nömrəli köhnə mənzilində ağır ürək
tutması ilə yatağa düşür. Böyük
bacısı Səadətin köməyi ilə özünə
gələn Cavad səhərisi Moskvaya getməyi qərara
alır. Səfərə hazırlıq
görəndə mənzilin qapısı döyülür.
Qapını açanda məlum olur ki, Kirovabaddan xüsusi
tapşırıqla göndərilən
"çağırılmamış qonaqlar" onu
aparmağa gəliblər...
Bu xəbəri
eşidən qohumlar, qonşular, qələm dostları
deyirdilər ki, deyəsən, ünvanı səhv
salıblar, Cavad elə adam deyil, bu
gün-sabah mütləq buraxarlar. Amma bilmirdilər ki, Cavad Fərhadov
milis idarəsinə aparılanda artıq onun həbsi barədə
331 N-li order, Gəncədən çıxan gün - 28 iyul
1937-ci il tarixdə Kirovabad NKVD-sinin rəisi ermənipərəst
Lixaçev tərəfindən imzalanmışdır.
Özünü başıalovlu Gəncədən
Bakıya çatdıran Şəfiqə xanım
soraqlaya-soraqlaya bir neçə gün sonra ərini NKVD-nin
zirzəmisində tapdı. Tapdığına
sevinsə də, bu qəfil həbsə görə xiffətdən
heydən düşmüşdü. Maraqlananlara
"anlaşılmazlıq olub, yaxın günlərdə hər
şey aydınlaşacaq və tezliklə buraxacaqlar"
deyirdi. Əri ilə görüşə
icazə verməsələr də, ayda bir dəfə ona yemək,
dəyişək pal-paltar gətirməyə qoyurdular. Buna da şükr edən Şəfiqə xanım
ayda bir dəfə "görüşdən" qayıdanda
gətirdiyi çirkli və qanlı alt paltarlarını
görəndə onların insan əynindən
çıxdığına inana bilmirdi. Bir
neçə ay davam edən bu get-gəl ərəfəsində
ailənin çətin günləri başladı.
Cavadı nəinki azadlığa buraxdılar, əksinə,
Bakıdakı və Gəncədəki evini, iş yerini axtarıb
ələk-vələk etdilər. Şəfiqə
xanım gecələr 10 yaşlı Rəna ilə mənzildə
qalmağa da qorxurdu. Məcbur olub
qaranlıq düşəndə qızını da
götürüb qohumlarının evinə gedib orada gecələyirdi.
Səhər də elə çıxardı ki,
onları görən olmasın.
Qohumlar da qorxurdular. Odur ki, Şəfiqə xanım
ünvanı tez-tez dəyişirdi ki, ona sığınacaq
verənlərə xətər dəyməsin.
Şəfiqə xanımın dəfələrlə
yazdığı ərizə-müraciətlərə baxan
da yox idi. Həbsxanada isə Cavad Fərhadovu məcbur edirdilər
ki, "1935-ci ildən Azərbaycanda fəaliyyət göstərən
burjua millətçilərinin antisovet
üsyançı-terrorçu və təxribatçı-ziyankar
təşkilatın üzvü olduğunu boynuna alsın.
Həmçinin üzv olduğu bu təşkilatın
məqsədini - Azərbaycanda Sovet hakimiyyətini devirib yerində
burjua-millətçi dövlət yaratmaq olduğunu səmimi
etiraf etsin".
Hətta
məcbur edirdilər ki, desin ki, üzvü olduğu antisovet təşkilata
rəhbərliyi onu Kommunist partiyası sıralarından
çıxaran, tutulmasına bais olan Kirovabad Şəhər
Partiya Komitəsinin birinci katibi İbrahim Tağıyev
başçılıq edirmiş. Müstəntiq
bu yolla İbrahim Tağıyevin özünə də quyu
qazmaq istəyirdi. Amma bu
alınmadı, Cavad Fərhadov işgəncələrin və
ölümün gözünə dik baxdı, yalan və böhtanı qəbul
etmədi. O, İbrahim Tağıyevin əli ilə partiyadan və
işdən qovulmasına, NKVD zirzəmisində
ölüm-dirim savaşına çıxmasına baxmayaraq, sözünün
üstündə durdu - yalan və bohtan dolu təklifləri rədd
edib, İbrahim Tağıyevin müdafiəsinə qalxdı.
Dörd ay on gündən sonra müstəntiq məcbur
olub Cavad Fərhadovun Kirovabadda əksinqilabi təşkilatın
üzvü olduğunu ənənəvi üsulla
sübüta yetirdi. Hətta müstəntiq bu "araşdırmalarda"
istintaq işinə onu da əlavə etdi ki, Cavad Fərhadov
baş redaktoru olduğu "Kirovabad bolşeviki" vasitəsi
ilə əksinqilabçıların
tapşırıqlarını təbliğ etməklə, kollektivləşməyə
və kolxoz quruculuğuna ziyan vurmuşdur.
SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyası səyyar sessiyası istintaqın yekun arayışı ilə tanış olar-olmaz - 1938-ci il 7 yanvar tarixli hökmü ilə Cavad Fərhadovu ən ağır cəzaya - əmlakı müsadirə olunmaqla güllələnməyə məhkum etdi. Hökm həmin gün yanvarın 7-dən 8-nə keçən gecə icra olundu.
Cavad Fərhadovun güllələnməsi uzun müddət ailəsindən və yaxınlarından gizlədildi. Şəfiqə xanım hara müraciət etdisə, bildirdilər ki, əri yazışma hüququndan məhrum edilməklə 10 il müddətinə azadlıqdan məhrum olunub.
Cavad Fərhadovun ailəsi və yaxınları çox sonralar - 1953-cü ildə Stalin öləndən sonra bildilər ki, onu əksinqilabçı adı ilə güllələyiblər. Qızı Rəna Fərhadova atasının haqsız həbs edilməsi barədə dəfələrlə respublika və SSRİ rəhbərliyinə, məhkəmə və prokurorluq orqanlarına müraciətlər etsə də, uzun müddət nəticəsi olmamışdır. Yalnız 1957-cı ildə onun təkrar müraciətindən sonra atasının adına açılmış 026523/56 N-li cinayət işinə yenidən baxılmışdır. Azərbaycan SSR Ali Məhkəməsinin 1957-ci il 25 may tarixli qərarı ilə SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyası səyyar sessiyasının "xalq düşməni" Fərhadov Cavad Kərbəlayi Əsəd oğlu barədə 7 yanvar 1938-ci il tarixli hökmü ləğv edilmiş, işi sübuta yetirilmədiyinə görə ona bəraət verilmişdir.
Rəhman SALMANLI,
Azərbaycan $g 2013.- 14 iyul.- S.9.