Monumental heykəllər ustası

 

XX əsr Azərbaycan heykəltəraşlıq sənətinin inkişafında və onun yeni-yeni bədii-estetik məziyyətlərlə zənginləşməsində Cəlal Qaryağdının əvəzsiz rolu olmuşdur. Yurdumuzun dilbər guşələrindən birində - mədəniyyət beşiyimiz sayılan Şuşada dünyaya göz açan Cəlal Qaryağdının tarixən daşın müqəddəs sayıldığı bir torpaqda heykəltəraşlıq sənətinə  bağlanmasını, yəqin ki, təkanverici amil də saymaq olar. Azərbaycan Rəssamlıq Texnikumunda (1928-1932) və Tbilisi Rəssamlıq Akademiyasında (1932-1935) ixtisas təhsili alan tişə ustası uzun bir yaradıcılıq yolu keçmiş, özünü bənzərsiz bir sənətkar kimi təsdiqləməklə sələflərinin qazandıqları daşoyma sənətinin şöhrət saxlancına özünəməxsus töhfələr verməyi bacarmışdır. Onun bu yaradıcı səyləri elə zamanında da diqqətdən yayınmamışdır. Milli təsviri sənətimizin inkişafına verdiyi töhfələrə görə ona 1960-cı ildə "Azərbaycan SSR xalq rəssamı" fəxri adı verilmiş, ordenmedallarla təltif olunmuşdur.

Cəlal Qaryağdının plastika sənətinin müxtəlif janrlarında yaratdığı əsərlərlə incəsənət tariximizdə dərin iz saldığı danılmazdır. Bunu indi də monumentallığını itirməyən abidələri və portretləri də təsdiqləyir. Ömrünün yalnız ixtiyar çağı ölkəmizin müstəqillik dövrünə təsadüf etdiyindən, demək olar ki, məhsuldar yaradıcılığı bilavasitə Azərbaycanda kommunist ideologiyasının hakim mövqe tutduğu dövrə təsadüf etmişdi. Bununla belə, əsərlərində ideologiyaya xidmət edən siyasiləşmiş məqamlar görmək çətindir. Onun heykəllərinin yonulma manerasında, forma-biçim, mütənasiblik meyarında da tamaşaçını ovsunlaya biləcək bir məntiqə tapınan sənətkarlıq vardı. Bu "böyük sənət ölçüsü" o, bütün ömrü boyu ləyaqətlə qoruya bildi. Nəticədə Azərbaycan heykəltəraşlıq sənəti müxtəlif materiallara hopmuş böyük sənətkar təxəyyülünün onlarla bənzərsiz ifadəsini qazandı. Onların arasında Bakıda və rayon mərkəzlərində neçə-neçə abidə, portret, qorelyef və barelyeflər vardır.

Əgər heykəltəraşın yaradıcılıq yolunu xronoloji baxımdan izləməli olsaq, onda ilk növbədə onun Moskvada Ümumittifaq Kənd Təsərrüfatı Sərgisinin Azərbaycan pavilyonu üçün kənd təsərrüfatı mövzusunda yaratdığı barelyeflərin (1939) adını çəkməliyik. Gənc heykəltəraşın ən tələbkar mütəxəssisləri belə razı salan bu işindən sonra onu elə həmin ildə Samur-Dəvəçi kanalının bədii tərtibatına dəvət edirlər. Onun bura üçün işlədiyi "Kolxozçu" heykəli zamanında həmkarları tərəfindən yüksək dəyərləndirilir. Bundan sonra o, Nizami Gəncəvinin 800 illik yubileyinin qeyd olunmasına hazırlıqla bağlı şairin adı ilə bağlı muzeyin yeniləşdirilmiş fasadının tərtibatı prosesində iştirak edir. Ona muzeyin lociyasını-eyvanını bəzəyəcək şair Molla Pənah Vaqifin fiqurunu hazırlamaq tapşırılır. Bu günöz əvvəlki bədii-estetik tutumunu qoruyub saxlayan heykəldə müəllifin ehtiraslı şair qəlbinin incəliklərinə verdiyi plastik forma-biçimin cəlbediciliyi duyulmaqdadır.

Heykəltəraşın Böyük Vətən müharibəsi dövrü yaradıcılığı da yaddaqalan olmuşdur. Müharibə illərində daha çox cəbhə qəzetlərində siyasi karikaturalarla çıxış edən Cəlal Qaryağdı həm də arxa cəbhədə fırça və tişəsini döyüşkən ruha kökləməklə bir-neçə uğurlu heykəltəraşlıq nümunəsi də yaratmışdır. Onun ilk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədova həsr etdiyi "Zəmanəmizin Koroğlusu", "Fərhad dağı çapır" və "Köhnə neft mədənlərində" barelyefləri və "İgid təyyarəçi Adil Quliyevin büstü" əsəri dərin ifadəliliyi və dinamikliyi ilə seçilən belə təsirli plastika nümunələrindəndir.

Heykəltəraşın müharibədən sonrakı yaradıcılıq axtarışları əsasən müasirlərinin yaddaqalan obrazlarının yaradılmasına yönəldilir. Müəllifin bir-birinin ardınca ərsəyə gətirdiyi snayper Ziba Qəniyevanın, tank qoşunları general-mayoru Həzi Aslanovun, məşhur müğənnilər Bülbülün və Rəşid Behbudovun, görkəmli bəstəkarlardan Qara Qarayevin, Fikrət Əmirovun və Cahangir Cahangirovun, dirijor Niyazinin portretləri bu mənada xarakter etibarilə çox fərqli olan bu obrazların psixolji yaşantılarının zənginliyini bədii ifadə vasitələrinin özünəməxsus çeşidli formalarla təqdimatı ilə yadda qalır.

Müxtəlif heykəltəraşlıq materiallarını arzularına uyğun ram etməyi bacaran C.Qaryağdı 1949-cu ildə mərmərdən hazırladığı "Şairə Xurşudbanu Natəvanın portreti" əsəri ilə şairənin həm də incə lirik duyğular ifadəçisi olduğunu təsdiqləmişdir.

Görkəmli satirik şairimiz M.Ə.Sabirin Bakıda ucaldılan abidəsi heykəltəraşın yaradıcılığında xüsusi yer tutur. Yeri gəlmişkən qeyd edək ki, ötən əsrin iyirminci illərində indiki heykəlin yerində Bakıda tanınmış ilk azərbaycanlıya ucaldılan M.Ə.Sabirin birinci abidəsi (müəllifi Y.Keylixis) betondan hazırlandığından texniki baxımdan yararsız hala düşmüşdü. Odur ki, onun yenisi ilə əvəzlənməsi barədə qərar qəbul olunmuşdubu C.Qaryağdıya həvalə olunmuşdu. 1958-ci ildə duyulası dərəcədə yeniləşən həmin ərazidə heykəltəraş Cəlal Qaryağdının təxəyyülünün məhsulu olan yeni abidə qoyuldu. Sənətlərin özünəməxsus sintezini özündə əks etdirən bu heykəldə şair oturmuş halda, düşüncələrə qərq olmuş vəziyyətdə təsvir olunmuşdur. Əlində kitab xəyala dalmış mülayim, amma kədərli baxışlarında onun hələ də cəmiyyətdə yaşanan problemlərə sərt "bədii güzgü" tutmaq əzmi duyulmaqdadır. Bu gün onun bizimlə qoşa addımlayan poeziyasını yada salarkən istər-istəməz bu misraları da xatırlanır:

 

 

Nə qəm uğratsa da bir gün məni ifnayə zəman,

Mən gedərəmsə, məramim yenə dünyadə durar!

 

 

Heykəltəraşın bir neçə il sonra yenidən M.Ə.Sabir mövzusuna qayıtmsının nəticəsi olan "M.Ə.Sabir" portret əsəri də özünəməxsus məziyyətlərə malikdir. Burada müəllifin forma dəqiqliyini obrazın daxili gərginliyinin ifadəsinə yönəltməsinin nəticəsində kifayət qədər monumental tutuma bələnmiş bir kompozisiya yaranmışdır.

Paytaxtımızı bəzəyən Nəriman Nərimanovun tunc abidəsinin müəllifi də Cəlal Qaryağdıdır. Sovet dönəmində ermənilərin şovinist donosbazlığına tuş gələn bu abidə o vaxtlar götürülməsə də (ermənilər abidənin kürsüsü ilə birlikdə Kirovun Dağüstü parkdakı heykəlindən uca olduğunu vurqulayaraq onun hündürlüyünün azaldılmasını istəyirdilər. Amma artıq heykəl tuncdan hazır olduğundan Moskvanın onun ancaq kürsüsünün kiçildilməsinə gücləri çatmışdı), kürsü-heykəl nisbətinin pozulduğuna görə kompozisiya əvvəlcədən düşünülən monumentallığını itirmiş oldu.

"Bütün Qafqazın konservatoriyası" ayaması qazanan Şuşada doğulan və məşhur xanəndə Cabbar Qaryağdı oğlu ilə qohumluq əlaqələri olan heykəltəraşın öz yaradıcılığında xalq musiqisinə geniş yer ayırmasını təbii saymaq olar. Görkəmli tişə ustasının 1967-ci ildə ərsəyə gətirdiyi "Xanəndə", "Tarzən" və "Kamançaçı" fiqurlarını da elə onun muğam sənətinə olan sevgisinin ifadəsi saymaq olar. Yığcam bədii ifadə vasitələri ilə gerçəkləşən bu obrazlarda milli mənəvi dəyərlərimizin qabardılması duyulandır.

Cəlal Qaryağdının respublikanın müxtəlif şəhər və rayon mərkəzlərini bəzəyən heykəlləri də özündə sənətlərin sintezinin vəhdətini hifz edən yüksək bədii-estetik keyfiyyətləri daşımaqdadır. Bu mənada görkəmli söz xiridarı Səməd Vurğunun Qazaxda, məşhur kimyaçı alim Yusif Məmmədəliyevin isə Ordubadda ucaldılmış abidələrinin adını çəkmək olar.

Cəlal Qaryağdı Azərbaycan təsvri sənətində həm də xatirə-memorial heykəl nümunələrinin ən yaxşı ustalarından sayılır. Xalq şairi S.Vurğunun Fəxri xiyabandakı məzarüstü abidəsi belə nümunələrdəndir.

Cəlal Qaryağdının yarım əsrdən çox dövrü əhatə edən yaradıcılığı ən müxtəlif mövzu və janrlardan, ən fərqli materiallardan "keçsə" də, onun zəngin bədii axtarışlarını bütövləşdirən, əsərlərinə hakim kəsilən çeşidli lirik duyğuları klassik biçimli təqdimatla qovuşdura bilməsidir. Bütün sənət növlərində olduğu kimi, Cəlal Qaryağdının da əsərlərindən qırmızı xətt kimi keçən bu məziyyət qabarıq olduğundan, görkəmli tişə ustasının onları özündə yaşadan hər bir əsəri yaradıldığı gündən indiyə kimi tamaşaçı üçün heyrət qaynağı olaraq qalmaqdadır. Onların zəngin bədii-estetik və bəşəri dəyərlər tutumu Cəlal Qaryağdı sənətinin şöhrətini gələcəyə də daşıyacağına əsas verir...   

 

 

 

Ziyadxan ƏLİYEV,

sənətşünas, əməkdar incəsənət xadimi

Azərbaycan.-2013.- 14 iyul.- S.9.