Fransanın milli bayramı şərəfinə

 

İyulun 15-də Fransanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Bastiliyanın alınması günü münasibətilə rəsmi qəbul təşkil etmişdir.

AzərTAc xəbər verir ki, qəbulda Azərbaycanın dövlət və hökumət rəsmiləri, Bakıdakı diplomatik korpusun nümayəndələri, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Azərbaycanın və Fransanın dövlət himnləri səslənmişdir.

Fransanın Azərbaycandakı səfiri Paskal Mönye ölkəsinin inkişaf yolundan danışmış, iqtisadi və mədəni sahələrdə böyük tərəqqiyə nail olunduğunu vurğulamışdır.

Azərbaycanın dinamik inkişafını qeyd edən səfir ölkələrimiz arasında siyasi, iqtisadi münasibətlərin, habelə elm, təhsil və mədəniyyət sahəsində əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu demişdir.

P.Mönye bildirmişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasında ölkəniz Fransanın dəstəyinə arxalana bilər.

Səfir Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Azərbaycan-Fransa münasibətlərinin inkişafına verdiyi töhfələri minnətdarlıqla xatırlamışdır.

P.Mönye ölkələrimiz arasında ticari münasibətlərə də toxunmuşqeyd etmişdir ki, hazırkı rəqəmlər ölkələrimizin mövcud potensialını əks etdirmir. Səfir tezliklə Azərbaycan-Fransa Ticarət Palatasının yaradılacağına ümidvar olduğunu vurğulamışdır.

Diplomat dost ölkələr olan Azərbaycan və Fransa arasında getdikcə genişlənən əlaqələrdən məmnunluğunu bildirərək demişdir ki, qarşılıqlı səfərlər, yüksək səviyyəli görüşlər və danışıqlar ikitərəfli münasibətlərin inkişafına əlverişli zəmin yaradır.

Maliyyə naziri Samir Şərifov əlamətdar gün münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin təbrikini, fransız xalqına sülh, əmin-amanlıq və firavanlıq arzularını çatdırmışdır. Bildirmişdir ki, Azərbaycan ilə Fransa arasında əlaqələrin dərin tarixi kökləri vardır.

Dost ölkənin tarixinə toxunan nazir Avropa tarixinin və mədəniyyətinin formalaşmasında Fransanın vacib ölkələrdən biri olduğunu diqqətə çatdırmışdır.

Nazir iki ölkə arasında diplomatik münasibətlərin yaranması tarixinə də toxunmuş, ötən dövr ərzində əlaqələrimizin inkişafı üçün geniş hüquqi baza yaradıldığını demişdir. Qeyd etmişdir ki, indiyədək bu istiqamətdə 42 sənəd imzalanmışdır.

Azərbaycan Prezidenti

İlham Əliyevin Fransaya son səfərini xatırladan nazir onun Parisdə keçirdiyi görüşləri xatırlatmışdır.

Nazir "Azerispace-1" peykinin orbitə buraxılmasında fransız şirkətlərinin peşəkarlığından da məmnunluqla danışmışdır.

S.Şərifov ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrdə uğurla inkişaf etdiyini söyləmişdir. Ölkəmizin Fransa ilə əlaqələrin inkişafına xüsusi əhəmiyyət verdiyini vurğulayan S.Şərifov bu münasibətlərin inkişafında Prezident İlham Əliyevin əvəzsiz xidmətləri olduğunu bildirmişdir.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Azərbaycan-Fransa əlaqələrinin inkişafındakı böyük xidmətlərini diqqətə çatdıran S.Şərifov onun Azərbaycanın bu ölkədə tanıdılması istiqamətindəki gərgin əməyini də vurğulamışdır.

 

Azərbaycan.-2013.- 16 iyul.- S.2.