İraq komandası Bakıda
keçirilən hərbçilər arasında
Birinci Dünya Futbol Kuboku
yarışının qalibi olmuşdur
İyulun 14-də Bakıda Beynəlxalq Hərbi İdman Şurasının hərbçilər arasında Birinci Dünya Futbol Kuboku yarışının final oyunu keçirilmişdir.
AzərTAc xəbər verir ki, "Dalğa Arena"da keçirilən oyunda Oman və İraq yığmaları birincilik uğrunda mübarizə aparmışlar.
Maraqlı idman mübarizəsi şəraitində keçən oyunda İraq millisi rəqibinə 3:2 hesabı ilə qalib gəlmiş və yarışın kubokunun və qızıl medalının sahibi olmuşdur.
Qarşılaşmanı azərbaycanlı baş hakim Rəhim Həsənov idarə etmişdir. Ona həmyerlisi Zeynal Zeynalov və Birləşmiş Ərəb Əmirliklərindən Saleh Al-Marzouqi kömək etmişlər.
Oyun "İdman-Azərbaycan" kanalı və çempionatın rəsmi internet səhifəsində (www.cism-wft2013.az) canlı yayımlanmışdır.
Sonda turnirin qaliblərinin təltif olunması mərasimi keçirilmişdir.
Əvvəlcə final oyunun hakimləri mükafatlandırılmışlar.
Sonra yarışın kubokları və qızıl, gümüş, bürünc medalları, müvafiq olaraq İraq, Oman və Kot-Divuar komandalarına təqdim edilmişdir.
Mükafatları Azərbaycan Respublikası müdafiə nazirinin müavini, general-leytenant Çingiz Məmmədov, Beynəlxalq Hərbi İdman Şurasının prezidenti Hamad Kalkaba, Mərkəzi Ordu İdman Klubunun rəisi Natiq Əliyev, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, AFFA-nın baş katibi Elxan Məmmədov, AFFA-nın üzvü, futbol veteranı İsgəndər Cavadov və başqaları təqdim etmişlər.
Ədalətli Oyun Kuboku Hərbçilər arasında 1-ci Dünya Futbol Kuboku turnirini dördüncü yerdə başa vuran Azərbaycan komandasına təqdim olunmuşdur.
Ən yaxşı qapıçı nominasiyasının qalibi Azərbaycan milli komandasının qapıçısı Aqil Məmmədov, ədalətli oyunçu nominasiyasının qalibi isə Nodar Məmmədov seçilmişlər.
Beynəlxalq
Hərbi İdman Şurasının hərbçilər
arasında Birinci Dünya Futbol kuboku yarışında,
ümumilikdə, 16 dövlətin futbol komandası mübarizə
aparmışdır.
Azərbaycan.-2013.- 16 iyul.- S.7.