Bakıda Beynəlxalq Hərbi İdman Şurasının hərbçilər
arasında
Birinci Dünya Futbol Kuboku
yarışının təntənəli bağlanış
mərasimi keçirilmişdir
İyulun 15-də Bakıda Beynəlxalq Hərbi İdman Şurasının hərbçiləri arasında Birinci Dünya Futbol Kuboku yarışının təntənəli bağlanış mərasimi keçirilmişdir.
AzərTAc xəbər verir ki, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində keçirilən mərasimdə əvvəlcə Dünya Futbol Kuboku yarışını idarə edən hakimlərə xatirə medalları təqdim olunmuşdur.
Sonra hərbçilər arasında Birinci Dünya Futbol Kuboku yarışının təşkilat komitəsinin sədri, Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev qalib komanda olan İraq yığmasına yarışın keçici kubokunu vermişdir.
Mərasimdə çıxış edən Beynəlxalq Hərbi İdman Şurasının prezidenti Hamad Kalkaba Malboum çempionata göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığını bildirmişdir.
Hamad Kalkaba Malboum demişdir ki, Bakıda hərbçilər arasında Birinci Dünya Futbol Kuboku yarışı yüksək səviyyədə təşkil olunmuşdur və uğurla başa çatmışdır. Bunu yarışların gedişi də göstərmişdir. Azərbaycan tərəfi hərbçilər arasında Birinci Dünya Futbol Kuboku yarışının təşkili ilə bağlı böyük hazırlıq işləri görmüşdür. Turnirdə layiqli komanda qalib olmuşdur.
Azərbaycan xalqına da təşəkkürünü bildirən Hamad Kalkaba Malboum növbəti kubok yarışına ev sahibliyi edəcək ölkənin adının yaxın aylarda bəlli olacağını söyləmişdir.
Yarışın təşkilat komitəsinin sədri, Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev bildirmişdir ki, beynəlxalq idman yarışlarının keçirilməsində böyük təşkilatçılıq təcrübəsi olan Azərbaycan Birinci Dünya Futbol Kuboku yarışlarına da yüksək səviyyədə ev sahibliyi etmişdir. Əminəm ki, Beynəlxalq Hərbi İdman Şurası kubok yarışlarına hazırlıq dövründə və gedişində Azərbaycanda qazanılan təcrübədən gələcək fəaliyyətində istifadə edəcəkdir.
Nazir Birinci Dünya Futbol Kuboku yarışının uğurla keçirilməsinə, bütövlükdə Azərbaycanın ordu idmançılarına göstərdiyi diqqət və qayğıya görə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə Silahlı Qüvvələrin şəxsi heyəti və yarışın təşkilat komitəsi adından minnətdarlığını bildirmişdir.
S.Əbiyev demişdir ki, işğalçı Ermənistan ilə müharibə şəraitində olan Azərbaycanın ordu idmançıları bu yarışda nailiyyət əldə etməklə Silahlı Qüvvələrimizin şəxsi heyətinin mənəvi-psixoloji durumunun və qələbə ruhunun yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirmişlər.
Nazir qalib komandaları təbrik etmiş, onlara uğurlar arzulamışdır.
Sonra Beynəlxalq Hərbi İdman Şurasının bayrağı endirilmişdir.
Bayraq Beynəlxalq Hərbi İdman Şurasının prezidenti Hamad Kalkaba Malbouma təqdim olunmuşdur.
Beynəlxalq
Hərbi İdman Şurasının Bakıda keçirilən
hərbçilər arasında Birinci Dünya Futbol Kuboku
yarışında, ümumilikdə, 16 dövlətin futbol
komandası mübarizə aparmışdır.
Azərbaycan.-2013.- 16 iyul.- S.7.